Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-588/2023 08.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 14 noyabr 2022-cı il tarixli, 2(066)-588/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh X1 qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9027.95 əsas, 2382.29 faiz, 154.18 manat cərimə borcunun, cəmi 11564.42 manat borcun və 125 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 14 noyabr 2022-cı il tarixli, 2(066)-588/2023 saylı qətnaməsi ilə (hakim Q.Abbasov) iddianın qismən təmin edilməsi, Cavabdeh 9027.95 əsas, 2382.29 faiz, 15 manat cərimə, cəmi 11425.24 manat və dövlət rüsumu qismində ödənilmiş 125 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin 14 noyabr 2022-cı il tarixli, 2(066)-588/2023 saylı qətnaməsinin iddia tələbinin təmin edilmiş faiz borcu hissəsində məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməklə baxılmasını və müvafiq qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətində illik 28 faiz olmaqla 10.000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə faiz borcu hissəsində razı deyil. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixdə bağlanılmış, iddiaçı isə xx.xx.2022-ci il tarixdən sonra müraciət etmişdir. İddiaçı tərəfin uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etməkdə məqsədi ondan ibarət olmuşdur ki, cavabdehdən daha çox məbləğdə faiz alınsın. Hesab edir ki, 2382.29 manat faizin hesablanması düzgün deyildir. Qeyd olunan hal üzrə həqiqətin müəyyən edilməsinin yeganə yolu məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsindən keçir. Çünki burada xüsusi bilik tələb edilir. Birinci instansiya məhkəməsində iştirak edərkən cavabdeh iddia tələbini faizlə bağlı hissəsi ilə razı olmadıgını bildirmişdir. Məhkəmə isə iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışını əsas götürərək iddia tələbinin faizlə bağlı hissəsini qəbul etmişdir. Əslində isə ekspert rəyinə əsasən iddia tələbinin faiz hissəsi ilə bağlı qətnamə qəbul etməli idi. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 iyun 2021-ci il tarixli, № CC/93848/80/29 nömrəli Kredit sazişi müqaviləsindən görünür ki, illik 28% olmaqla, cəmi 10 000 (on min) manat məbləğində kredit 36 (otuz altı) ay müddətinə ödəmək şərti ilə borcluya verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASCyə 9027.95 əsas, 2382.29 faiz və 154.18 manat cərimə borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh borcun gecikdirilməsi və 3 gün ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətində illik 28 faiz olmaqla 10 000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış, müqavilə şərtlərinə əməl etməyərək öhdəliyi pozmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərini bаnk qarşısında tam icra etməyən cavabdehin İddiaçı ASC-yə kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarındakı sübutlarla Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada icra etmədiyi sübuta yetdiyinə görə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməməsinə dair dəlilinə gəldikdə isə işdən göründüyü kimi cavabdeh hansı ödənişinin nəzərə alınmaması, iddiaçı tərəfindən tələb olunan qalıq borcun hansı hissədə düzgün hesablanmaması barədə məhkəməyə sübut təqdim etməmişdir. Digər tərəfdən cavabdeh birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmiş və kredit borcunun məbləğini mübahisələndirməmişdir. Ona görə də kollegiya apellyasiya şikayətinin dəlillərini cavabdehin formal mülahizəsi, işə baxılmasının yubadılması üçün edilmiş cəhd kimi qiymətləndirir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcələnin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, Göygöl Rayon Məhkəməsinin 14 noyabr 2022-cı il tarixli, 2(066)-588/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 14 noyabr 2022-cı il tarixli, 2(066)-588/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-588/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-588/2023
08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver