Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-589/2024 01.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər İsgəndərova Sədaqət İbrahim qızı və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2(023)-1190/2022 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər İsgəndərova Sədaqət İbrahim qızı və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər İsgəndərova Sədaqət İbrahim qızı və Cavabdeh2 müştərək qaydada iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borcu üzrə 1006.82 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 1680.75 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 306.46 ABŞ dolları faiz borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1175.62 ABŞ dolları cərimə borcunun, cəmi isə 4169.65 ABŞ dolları borcun və ödənilmiş 91 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsgəndərova Sədaqət İbrahim qızı ilə Ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli İKM 02 saylı kredit müqaviləsinə əsasən ona illik 30 faiz olmaqla 12 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu İsgəndərova Sədaqət İbrahim qızı ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Öhdəliyin yerinə yetirilməməsi nəticəsində İsgəndərova Sədaqət İbrahim qızının kredit üzrə banka əsas borcu 1006.82 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 1680.75 ABŞ dolları faiz borcu, müqaqvilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 306.46 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1175.62 ABŞ dolları cərimə borcu, cəmi isə 4169.65 ABŞ dolları təşkil edir. Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2(023)-1190/2022 nömrəli qətnaməsi ilə (hakim F. Məmmədov) iddianın rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşdə olan sübutlar: Ləğv prosesində olan İddiaçı ASC ilə borcalan İsgəndərova Sədaqət İbrahim qızı arasında xx.xx.2015-ci il tarixli, İKM 02 saylı kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən, İsgəndərova Sədaqət İbrahim qızına 12 ay müddətinə illik 30 faiz hesablanmaqla 2000 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh isə kredit məbləğini müəyyən olunmuş müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 (zamin) müqavilə üzrə borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İsgəndərova Sədaqət İbrahim qızının əsas borcu 1006.82 ABŞ dolları, faiz borcu 1680.75 ABŞ dolları, cərimə borcu 1175.62 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 306.46 ABŞ dolları faiz borcu olmaqla 4169.65 ABŞ dolları məbləğində kredit borcu mövcuddur. Cavabdeh2 ərizəsindən görünür ki, o, iddia müddətinin keçməsinə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(023)-1190/2022 saylı qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2(023)-1190/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli İKM 02 saylı kredit müqaviləsinə əsasən İsgəndərova Sədaqət İbrahim qızına illik 30% olmaqla, 18 ay müddətinə 2000 (iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixində zaminlik müqaviləsi imzalanmışdır. Digər tarəfdən tərəflər arasında bağlanmış 25 iyun 2015-ci il tarixli kredit müqaviləsində ayrıayrılıqda kredit müqaviləsinin qüvvədə olma mddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilmişdir. Belə ki, kredit müqaviləsinə əsasən kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti 12 ay müəyyən edilsə də, həmin müqaviləyə əsasən kredit müqaviləsinin qüvvədə olma müddəti kreditin və onun faizlərinin tam ödənilməsi və digər şərtlərin yerinə yetirilməsinədək müəyyən edilmişdir. Cavabdeh tərəfdən kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və kredit müqaviləsinin şərtləri pozulmuşdur. Nəticədə cavabdehin müqavilə üzrə 4169,65 ABŞ dolları borcu qalmışdır. Belə olan təqdirdə tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəti bitməmişdir. Buna görə də iddia müddətinin tətbiq edilməsi əsassızdır. Apellyasiya instansiyasında birinci icraat: Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-912/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-912/2023 nömrəli, 5 aprel 2023-cü il tarixli qətnaməsinən narazı qalan iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Kassasiya instaniyasında icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(102)- 3614/2023 saylı qətnaməsi ilə kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2023-cü il tarixli 2(104)-912/2023 saylı qətnaməsi ləğv edilmiş və iş yeni baxışa göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(102)- 3614/2023 saylı qətnaməsində qeyd olunmuşdur ki, baxılan işdə məhkəmələr hər iki cavabdehə qarşı yönəlmiş iddia tələblərini zamin Cavabdeh2 verdiyi ərizə əsasında iddia müddətinin keçməsi ilə əlaqədar rədd etmişlər. Qeyd olunmalıdır ki, əsas tələb üzrə üç illik iddia müddəti keçmişdirsə, zaminə münasibətdə bundan qabaq bir illik kəsici müddətin (zaminliyə xitam verilməsi müddətinin) keçib-keçmədiyinə hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Normanın məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət qayda olaraq müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılması və məhkəmə qərarının çıxarılması tələb olunmur. Zaminliyə qanuna əsasən xitam verilməsi zaminə qarşı tələb hüququnun aradan qalxmasına, buna müvafiq olaraq zaminin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmasına dəlalət edir. Cavabdehin olmayan öhdəlikdən iddia müddətinin keçməsi ilə müdafiə olunmasına isə hüquqi baxımdan gərək qalmır. Baxılan işdə isə məhkəmlər hər bir cavabdehə yönəlmiş tələb üzrə sözügedən müddətlərin keçib-keçmədiyinə lazımi şəkildə hüquqi qiymət verməmiş, iddianı zamin Cavabdeh2 ərizəsi əsasında iddia müddətinin keçməsinə görə rədd edərkən həmin ərizənin nəinki digər cavabdehə, hətta Cavabdeh2 özünə münasibətdə hüquqi əhəmiyyətini müzakirə etməmişlər. O da nəzərə alınmalıdır ki, iddianın cavabdehlərdən birinin ərizəsi əsasında digər(lər)inə qarşı da rədd edilməsi iddia müddətinin mahiyyəti və təyinatı ilə uzlaşmır. Nəzərə alınmalıdır ki, iddia müddətinin keçməsi iddiaçı (və onun tələb hüququnun varlığı) baxımından bir dəyişiklik yaratmır. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Hər hansı borclu (cavabdehlərdən biri) bu hüququndan istifadə (özünü müdafiə) etmədikdə tələbin bu səbəbdən rəddi üçün əsas yaranmır, dolayısı ilə o, üzərinə götürdüyü öhdəliyə görə ümumi qaydada məsuliyyət daşıyır. Qeyd edilənlər ona dəlalət edir ki, iddia müddətinin keçməsindən istifadə etmək hər borclunun (cavabdehin) ona qarşı irəli sürülmüş tələbdən fərdi müdafiə vasitəsidir. Belə olan halda, bir neçə cavabdehə qarşı yönəlmiş iddia üzrə iddia müddətinin tətbiqi və ya hesablanması məsələsi hər cavabdehə münasibətdə fərdi olaraq yoxlanılmalı və həll edilməlidir. Bu səbəbdən Mülki Məcəllədə nəzərdə tutulmuşdur ki, öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Kollegiya onu da vurğulayır ki, zaminin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürmək imkanına dair Mülki Məcəllənin 474.1-ci maddəsi bu mövqeyi istisna edən müddəa kimi qiymətləndirilə bilməz. Ona görə ki, əvvəla, MM-in 474.1-ci maddəsində zaminin irəli sürə biləcəyi etirazlardan söhbət gedir. İddia müddəti isə dar (maddi) anlamda iddiaya qarşı etiraz olmayıb, bir müdafiə vasitəsidir. Kollegiya vurğulayır ki, cavabdehin iddiaya qarşı etirazı prosessual mənada müdafiə vasitələrindən istifadə imkanlarını ehtiva etsə də, maddi hüquqi mənada etira la müdafiə vasitəsi” birbirindən fərqli institutlardır. Mülki Məcəllənin 474-cü maddəsindəki “etiraz” ifadəsi geniş mənada iddia müddətinin tətbiqini də ehtiva edən anlayış kimi qəbul edildikdə nəzərə alınmalıdır ki, normanın birinci cümləsindəki müddəanın məqsədi əsas borclunun irəli sürə biləcəyi etirazlardan zaminin də yararlana biləcəyini göstərməkdir. Odur ki, həmin qayda məqsədi xaricində, yəni zaminin əsas borclunun əvəzinə də iddia müddəti tətbiq etmək səlahiyyəti kimi təfsir və tətbiq oluna bilməz. Kollegiya təkrarən qeyd etməkdə yarar görür ki, mülki qanunvericiliyimiz baxımından kredit müqavilələri üzrə bir qayda olaraq, zaminin iddia müddətini tətbiq etmək ehtiyacı yaranmır. Ona görə ki, müqavilədən irəli gələn üç illik iddia müddətinin axımı başlandığı vaxtdan həm də zaminliyə xitam verilməsi üçün qanunla müəyyən edilmiş (MM, maddə 477.0.4) bir və ya iki illik müddətin axımı hesablanır. Dolayısı ilə, (əgər tərəflər başqa qayda razılaşdırmamışlarsa) iddia müddəti keçənədək zaminliyə kəsici müddətin bitməsinə görə xitam verilir və ona münasibətdə kreditorun tələb hüququ aradan qalxır. Cavabdeh (zamin) bu halı iddiaya qarşı etiraz kimi irəli sürmək imkanına malik olduğu halda, onun müdafiə vasitəsi kimi iddia müddətindən istifadə etməsinin hüquqi baxımdan əhəmiyyəti qalmır. Beləliklə, yuxarıda göstərilənləri birlikdə qiymətləndirdikdə bu qənaət hasil olur ki, iddia müddəti birgə borclular üçün ortaq müdafiə vasitəsi deyil. Bu imkandan sadəcə müddətin tətbiqi haqqında ərizə vermiş cavabdeh yararlana bilər. Odur ki, cavabdehlərdən birinin iddia müddətini tətbiq etməsi, bu barədə ərizə verməmiş cavabdehə qarşı iddianın rədd edilməsinə əsas ola bilməz. Hazırkı işdə isə əsas borcalan Sədaqət İsgəndərova, ona qarşı yönəlmiş tələbdən özünümüdafiə vasitəsi olan iddia müddətinin tətbiqinə dair ərizə verməmişdir. Buna baxmayaraq, ona qarşı iddia da digər cavabdeh (zamin) Cavabdeh2 həmin müddətin keçməsi haqqında ərizəsi əsasında rədd edilmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(102)-3614/2023 saylı qətnaməsində göstərilən göstərişə uyğun olaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məhkəmə bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(102)-3614/2023 saylı qətnaməsində göstərilən göstərişə uyğun qətnamə çıxarılmasına etiraz etmədiyini, lakin hesablanmış faiz və cərmə məbləğlərinin çox olmasının nəzərə alınaraq, azaldılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1. ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur. 30. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2(023)-1190/2022 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi cavabdeh İsgəndərova Sədaqət İbrahim qızına münasibətdə qismən təmin edilməli, Cavabdeh2 münasibətdə isə rədd edilməlidir. Məhkəmə kollegiyası Cavabdeh2 münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göğründüyü kimi Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbinə əsasən zaminliyə xitam verilməsinin əsaslarından biri zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddətinin qurtarmasıdır. Hazırkı iş üzrə iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinin 6.1-ci bəndinə əsasən bu müqavilə öhdəliklər tam icra olunduğu ana kimi qüvvədədir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, müqavilənin həmin bəndi Mülki Məcəllədə nəzərdə tutulan müddət anlayışına uyğun gəlməmişdir. Belə ki, Mülki Məcəllənin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 367.3-cü maddəsinə əsasən müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi mülki qanunvericiliyə əsasən müddət təqvim tarixi ilə və ya hökmən baş verməli olan hadisə ilə müəyyənləşdirilir ki, müqavilənin 6.1-ci bəndində göstərilən müqavilənin öhdəliklərin tam icra olunduğu ana kimi qüvvədə olması ifadəsi qeyrimüəyyən olmaqla, mülki qanunvericilkdə nəzərdə tutulan müddət anlayışına cavab verməməklə, iddiaçı tərəfindən müqaviləyə standart şərt kimi daxil edilsə də, qeyd olunan şərt müfəssəl müəyyənləşdirilmədiyindən etibarsız olmuşdur. Belə ki, Mülki Məcəllənin 420.1.2-ci maddəsinə əsasən təklif etmiş tərəfin öz öhdəliklərinin icrası üçün əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən, tənasübsüz surətdə uzun və ya kifayət qədər aydın olmayan müddətlər (öhdəliklərin pozulması zamanı müddətlər) müəyyənləşdirdiyini ifadə edən müddəalar etibarsız sayılır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.3-cü bəndindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir. Zaminliyin verilməsi müddəti isə göstərilməmiş hesab olunur ki, bununla da Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminliyə xitam verilməklə, ona münasibətdə kreditorun tələb hüququ aradan qalxmışdır. Bu mənada zaminin müdafiə vasitəsi kimi iddia müddətindən istifadə etməsinin hüquqi baxımdan əhəmiyyəti də qalmamışdır ki, bununla da birinci instansiya məhkəməsi zaminin iddia müddətinin tətbiqi barədə ərizəsinə əsasən ona münasibətdə iddianı rədd etməsi də düzgün olmamışdır. Məhkəmə kollegiyası cavabdeh İsgəndərova Sədaqət İbrahim qızına münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(102)-3614/2023 saylı qətnaməsində də qeyd olunduğu kimi iddia müddəti birgə borclular üçün ortaq müdafiə vasitəsi deyildir. Bu imkandan sadəcə müddətin tətbiqi haqqında ərizə vermiş cavabdeh yararlana bilər. Odur ki, cavabdehlərdən birinin iddia müddətini tətbiq etməsi, bu barədə ərizə verməmiş cavabdehə qarşı iddianın rədd edilməsinə əsas ola bilməz. Hazırkı işdə isə əsas borcalan Sədaqət İsgəndərova, ona qarşı yönəlmiş tələbdən özünümüdafiə vasitəsi olan iddia müddətinin tətbiqinə dair ərizə verməmişdir. Buna baxmayaraq, ona qarşı iddia da digər Cavabdeh2 həmin müddətin keçməsi haqqında ərizəsi əsasında rədd edilmişdir ki, bununla da birinci instansiya məhkəməsinin iddianı cavabdeh İsgəndərova Sədaqət İbrahim qızına münasibətdə də iddia müddətinin keçməsi ilə rədd etməsi düzgün olmamışdır. Bundan başqa məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçının kredit müqaviləsi üzrə borc məbləği Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və problemli kreditlərin kompensasiyasına dair elektron informasiya sistemindən çıxarışa əsasən cavabdeh İsgəndərova Sədaqət İbrahim qızının 01 mart 2019-cu il tairxə əsas kredit borcu 2645,2 manat təşkil etmiş, borcun azaldılmasına yönələn məbləğ 933,6 manat olmaqla, qalıq borcun və təklif olunan restrukturizasiya məbləği də 1711,6 manat təşkil etmişdir. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq hesablanmış faizlərin silinməsi nəzərədə tutulsa da, iddiaçı bank tərəfindən borc üzrə cərimə və faizlərin silinməsi təmin edilməyərək, həmin məbləğlər də əsassız olaraq cavabdehdən tələb edilmişdir. Müqavilə üzrə öhdəliyin icrasının bitdiyi xx.xx.2016-cı il tarixdən maliyyə arayışına əsasən borcun tələb edildiyi müddətədək 6 il müddətin keçməsi nəzərə alındıqda, 1711,6 manat əsas borc məbləğinə Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz məbləğ 513,48 manat təşkil edir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(023)-1190/2022 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi cavabdeh İsgəndərova Sədaqət İbrahim qızına münasibətdə qismən təmin edilərək, ondan 1711,6 manat əsas borc məbləği və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış 513,48 manat faiz məbləği tutularaq iddiaçıya ödənilməli, zaminliyə xitam verildiyi üçün isə iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(023)-1190/2022 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(023)-1190/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia Cavabdeh2 münasibətdə təmin edilməsin. İddia cavabdeh İsgəndərova Sədaqət İbrahim qızına münasibətdə qismən təmin edilsin. Cavabdeh İsgəndərova Sədaqət İbrahim qızından 1711,6 manat əsas borc, öhdəliyin icrasının gecikdirilməsinə görə 513,48 manat faiz məbləği və ödənilmiş dövlət rüsumunun 30 manatı olmaqla, cəmi 2255,08 (iki min iki yüz əlli beş manat, 08 qəpik) tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.