Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-594/2024 27.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və ödənilməmiş alimentin tutulması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(125)- 6856/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2015-cı təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən onun xeyrinə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-789/2019 nömrəli qətnaməsinə əsasən sabit pul məbləğində tutulan 150 manat alimentin miqdarının artırılaraq hər ay üçün 220 manat sabit pul məbləğində müəyyən edilməsi, mediasiya xərcinin əvəzi qismində 55 manat pulun və vəkil sorğusu üçün ödənilmiş 41 manat pulun cavabdehdən tutularaq ona verilməsinə və tərəflər arasında bağlanmış 22 mart 2022-ci il tarixli MŞG/1-00406 nömrəli barışıq sazişinə əsasən razılaşdırılmış xx.xx.2022-ci il tarixdən hesablanan 180 manat alimentin, yəni hər ay 30 manat miqdarında artırılmış alimentin 1 il 6 ay ödənilməmiş hissəsinin, yəni cəmi 540 manat alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, birgə nikahdan doğulmuş xx.xx.2015-cı təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən onun xeyrinə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)- 789/2019 nömrəli qətnaməsinə əsasən sabit pul məbləğində tutulan 150 manat alimentin miqdarının artırılaraq hər ay üçün 300 manat sabit pul məbləğində müəyyən edilməsi, mediasiya xərcinin əvəzi qismində 55 manat pulun və vəkil sorğusu üçün ödənilmiş 41 manat pulun cavabdehdən tutularaq ona verilməsinə və tərəflər arasında bağlanmış 22 mart 2022-ci il tarixli MŞG/1-00406 nömrəli barışıq sazişinə əsasən razılaşdırılmış xx.xx.2022-ci il tarixdən hesablanan 180 manat alimentin, yəni hər ay 30 manat miqdarında artırılmış alimentin 1 il 7 ay ödənilməmiş hissəsinin, yəni cəmi 570 manat alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(125)-6856/2023 nömrəli qətnaməsi ilə (hakim Fuad Fərhadov) İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və ödənilməmiş aliment” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bir uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hazırda qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən hər ay 150 manat sabit pul məbləğində aliment tutulur. Bununla belə, cavabdehlə aralarında bağlanmış 22 mart 2022-ci il tarixli MŞG/1-00406 nömrəli “Barışıq Sazişi”nə əsasən cavabdeh aliment məbləğini artıraraq hər ay 180 manat ödəməyi öz üzərinə götürmüşdür. Lakin 1 il 7 aydır ki, yəni hər ay 30 manat miqdarında artırılmış cəmi 570 manat pulu cavabdeh ödəmir. Bu il uşağın 8 yaşı tamam olacaqdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 150 manat aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehyiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(043)- 789/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 10 noyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir; Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2164/2019 nömrəli 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(043)-789/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Tərəflər arasında Gəncə 1 saylı Mediasiya təşkilatında mediasiya prosesi zamanı bağlanmış 22 mart 2022-ci il tarixli MŞG/1-00406 nömrəli “Barışıq Sazişi”nin 2-ci maddəsinə əsasən tərəflər tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il tarixdə doğulmuş X1 üçün alimentin artırılması ilə bağlı,1-ci tərəfin, yəni anası İddiaçı, 2-ci tərəf yəni Atası Cavabdeh onların birgə nikahlarından xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment məbləğini artıraraq hər ay 180 (yüz səksən) manat olmaqla xx.xx.2022-ci il tarixdən ödəməyi öz üzərinə götürür. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birləri ilə bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada - məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir; Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 106 nömrəli və 107 nömrəli arayışlardan görünür ki, cavabdeh həqiqətən xx.xx.2019-cu ildən hazıradək N nömrəli hərbi hissədə tibb qardaşı vəzifəsində işləyir və onun orta aylıq əməkhaqqısı vergilər çıxıldıqdan sonra 378,59 manat təşkil edir; Vəkil sorğusuna cavab məktubundan görünür ki, cavabdehin aylıq pensiya məbləği 687,84 manat təşkil edir; Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-351/2007 nömrəli, xx.xx.2007-c il tarixli qiyabi qətnaməsi ilə iddiaçı Cavabdeh X3 qarşı nikahın pozulmasına dair iddiası təmin edilmiş, boşanmadan sonra tərəflərin birgə nikahından doğulmuş uşaqları – 23 fevral 2004-cü il təvəllüdlü X5 atası Cavabdeh himayəsində qalması müəyyən edilmişdir; AZ-İİİ seriyalı, 184508 nömrəli, xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur, atası X7, anası X4r; Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına təqdim edilmiş Gəncə Şəhər Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 2(125)-1163/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesində bağlanmış alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi təmin edilərək, İddiaçı və Cavabdeh arasında 22 mart 2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin “1. Tərəflərin birgə nikahından 10 noyabr 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun; 2. Alimentin tutulması 22 mart 2022-ci il tarixdən başlayaraq X2 yetkinlik yaşına çatana qədər müəyyən edilsin” məzmunda təsdiq edilməsi; Qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh 180 manat aliment verə biləcəyini etiraf etsə də, iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 22 mart 2022-ci il tarixdə mediasiya prosesi nəticəsində cavabdehlə aralarında barışıq sazişi bağlanmış və həmin sazişə görə cavabdeh birgə nikahlarından anadan olmuş uşağın saxlanılması üçün müəyyən olunmuş 150 manat alimentin 180 manata artırılmasına razılıq vermişdir. Cavabdeh aliment borcunu vaxtıvaxtında ödəmir. Halbuki o, pensiya alır. Özü isə satıcı işləyir və aylıq 345 manat əməkhaqqı alır. Uşaq azyaşlıdır və onun tələbatını ödəməkdə çətinlik çəkir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, aliment məbləğinin artırılması barədə mediasiya prosesində iddiaçı ilə barışıq sazişi bağlamışlar və aliment məbləğinin artırılaraq 180 manat müəyyən edilməsinə razı olmuşdur. İddiaçı həmin sazişin təsdiq olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmənin müvafiq qətnaməsi ilə barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişi ilə müəyyən olunmuş 180 manat aliment məbləğini ödəyə bilər, bundan artıq məbləği ödəməyə imkanı yoxdur. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahlarından 10 noyabr 2015-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Məhkəmə qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuşdur və birgə nikahlarından anadan olmuş 10 noyabr 2015-ci il təvəllüdlü Sevgi adlı uşaq İddiaçı himayəsində qalmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(043)-789/2019 nömrəli qətnaməsi ilə 10 noyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bununla yanaşı müəyyən olunur ki, Gəncə Şəhər Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 2(125)-1163/2024 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesində bağlanmış alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi təmin edilərək, İddiaçı və Cavabdeh arasında 22 mart 2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin “1. Tərəflərin birgə nikahından 10 noyabr 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun; 2. Alimentin tutulması 22 mart 2022-ci il tarixdən başlayaraq X2 yetkinlik yaşına çatana qədər müəyyən edilsin” məzmunda təsdiq edilməsi; Qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Beləliklə tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanılması üçün 180 manat aliment məbləği müəyyən olunmuşdur. İddiaçı həmin məbləğin uşağın saxlanılması üçün kifayət etmədiyini bildirir və alimentin hər ay 300 manat məbləğində müəyyən olunmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinəəsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görəəsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü bu hallar alimentin məbləğinin artırılması üçün əsas ola bilməz; çünkü alimentin 150 manat həcmində müəyyənləşdirilməsi ilə bağlı yuxarıda qeyd olunan qətnamədən və hazırkı işin materiallarından, cavabdehin həmin işə baxıldığı zamankı vəziyyəti ilə indiki vəziyyəti arasında alimentin məbləğinin artırılmasına əsas verəcək dəyişiklik olmadığı aydın olur. Bu zaman həm də nəzərə alınmalıdır ki, Gəncə Şəhər Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 2(125)-1163/2024 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesində bağlanmış alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinin təmin edildiyi, tərəflərin birgə nikahından 10 noyabr 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması aydın olur. Bu səbəblə kollegiyanın qənaətinə görə, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin miqdarının artırılmasını zəruri edən dəyişiklik kimi qəbul edilə bilməz. Qeyd olunmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun müəyyən olunmuş miqdarının dəyişdirilməsi zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Beləliklə, məhkəmə kollegiyası tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının 180 manat məbləğində müəyyən edilməsini uşağın mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış 22 mart 2022-ci il tarixli MŞG/1-00406 nömrəli barışıq sazişinə əsasən razılaşdırılmış 22 mart 2022-ci il tarixdən hesablanan180 manat alimentin, yəni hər ay 30 manat miqdarında artırılmış alimentin 1 il 7 ay ödənilməmiş hissəsinin, yəni cəmi 570 manat alimentin cavabdehdən tutulması hissədə iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni əsaslara söykənir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. MPM-in 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsində isə göstərilir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı birinci instansiya məhhkəməsində icraat zamanı mediasiya prosesində bağlanmış barışıq sazişi üzrə qanunla müəyyən edilmiş prosedura riayət etməmişdir. İddiaçı yalnız işə baxan birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunduqdan sonra hazırkı tələblə məhkəməyə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 2(125)- 1163/2024 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesində bağlanmış alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi təmin edilərək, tərəflərin birgə nikahından 10 noyabr 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün və əsaslı sayır. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün əsas deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. İşə baxan məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, artırılması tələb olunan aliment məbləğinin bir illik məcmusu 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(125)-6856/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul olunduğu andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-594/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-594/2024
27.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver