Məhkəmə qərarları › İş №2(104)-594/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-594/2025

04.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-594/2025 04.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: Aliment tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İlkin iddia üzrə İddiaçı və Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli 2(125)-6395/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZ-İİ 288651 nömrəli, AZ-İİ 796218 nömrəli və AZ-İİİ 184708 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə Ercan, xx.xx.2012-ci ildə Leyla və xx.xx.2013-cü ildə Ayla adlı uşaqları anadan olmuşdur;

2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)- 1091/2022 nömrəli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir;

3. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır;

4. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023 - xx.xx.2024-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh hesabına xx.xx.2024-cü il tarixdə 342,13 manat, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixlərdə isə 407,75 manat əmək haqqı mədaxil edilmişdir;

5. Gəncə şəhəri üzrə icra idarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, hazırda aliment borcunun 2024-cü ilin noyabr ayı da daxil olmaqla 1200 manat təşkil etməsi və icra sənədi üzrə tələbi könüllü şəkildə icra etmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərinin tətbiq olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir;

6. “X10 X9” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 274 nömrəli arayışdan görünür ki, Cavabdeh X8 “Əczaçılıq” ixtisası üzrə İ kurs tələbəsidir. Ödənişli əsaslarla təhsil alır və təhsil haqqı 800 manatdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər uşağa hər ay 300 manat olmaqla, cəmi 900 manat sabit pul məbləğində müəyyən edilməsi, həmçinin mediasiya təşkilatına ödədiyi 55 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh da qarşılıqlı iddia ərizəsi verərək, cavabdeh İddiaçı ilə birgə nikahlarından doğulmuş Ercan, Leyla və Ayla adlı uşaqları üçün Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər uşaq üçün təyin olunmuş 100 manat, cəmi 300 manat alimentin miqdarının azaldılaraq hər uşaq üçün hər ay 70 manat, cəmi 210 manat təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İlkin iddia üzrə İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü Ercan, xx.xx.2012-ci il təvəllüdlü Leyla və xx.xx.2013-cü il təvəllüdlü Ayla adlı uşaqlar onun himayəsində qalmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. 4 ildən sonra birinci dəfədir ki, aliment artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, uşaqlar böyümüş, ehtiyacları da artmışdır. Cavabdehin gəlirində də artım olmuşdur. Apteklə yanaşı başqa şirkət və firmalarla da işləməklə gəliri kifayət qədər yaxşıdır. Əvvəl ofisi də olmuş, daha sonra səyyar qaydada işləmişdir. Qeyri-rəsmi olaraq işlədiyindən məhkəməyə hər hansı sənəd təqdim edə bilmir. Heç yerdə işləmir, bəzən borular aparıb satır. Uşaqların tələbatlarını ödəməkdə maddi baxımdan çətinlik çəkir.

10. Gəncə Şəhər Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli 2(125)-6395/2024 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) hər iki iddia tələbinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

12. İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı həddində indeksasiya olunmasını xahiş etmişdir.

13. İlkin iddia üzrə İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə qətnamə qəbul edərkən onun hal-hazırda aldığı alimentin çox az olmasını, uşaqlar böyüdükcə maddi ehtiyacları artmasını, uşaqların ehtiyacları artdığından maddi vəziyyətinə görə onların tələbatlarını ödəməkdə çətinlik çəkməyini, maddi imkanının aşağı olmasını və bu səbəbdən alimentin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmağını nəzərə almayaraq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququndan məhrum etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən nəzərə alınmamışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa 100 manat olmaqla cəmi 300 manat alimentin alınıb ona verilməsi qət edilsə də, həmin tarixdən indiyə kimi cavabdeh 300 manat alimentdən başqa ona heç bir maddi köməklik göstərməmişdir, uşaqlar isə günü-gündən böyüyür və təbii ki, ehtiyacları və saxlama xərcləri də artır. Hazırkı şəraitdə 300 manat pulla uşaqlara nəyinki bir ay, heç 10 gün də baxmaq mümkün deyil. Hazırda maddi cəhətdən imkanı çöx aşağıdır, başqa yerdən gəliri və ya qazancı yoxdur. Lakin, cavabdehin maddi cəhətdən imkanı yaxşı olmasına baxmayaraq alimentdən əlavə uşağın saxlanılması üçün hər hansı bir köməklik etmir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, uşaqların ehtiyacları artmışdır. Özü sürücü işləyir, aylıq qazancı 300-350 manat civarındadır. Uşaqlara təkbaşına baxdığı üçün başqa işlə məşğul ola bilmir. Cavabdehin isə rəsmi işi olmasa da, “Herbalife” firmasında satış meneceri işləyir, bildiyinə görə cavabdehin aylıq 1500-2000 manat qazancı olur. İlkin İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməməsi hissədə ləğv edilməsini və aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı həddində indeksasiya olunmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, tələbədir, səhərlər dərsə, günortadan sonra işə gedir, axşam saat 10-da işdən çıxır. Belə ki, aptekdə əczaçı işləyir, ayda 407 manat əməkhaqqı alır. Həmin puldan hər ay 300 manat aliment, 50 manat isə alimentə görə əvvəlcədən yaranmış borcdan ödəniş edir. Əgər iddiaçı uşaqlara baxa bilmirsə, uşaqları ona versin, valideynlərinin köməkliyi ilə uşaqlara baxa bilər. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, 2020-ci ilin dekabr ayında iddiaçı ilə ayrılmışlar. İlkin iddiaçının şəxsi biznesi var, qazancı da kifayət qədərdir. Sadəcə olaraq öz adına heç bir əməliyyat aparmadığına, adına heç bir əmlak olmadığına görə gəliri barədə məhkəməyə heç bir sübut təqdim edə bilmir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

17. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

18. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

19. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaq üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

29. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, ilkin və qarşılıqlı iddia təmin edilməmiş və qarşılıqlı iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız ilkin iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni ilkin iddiaya aid hissədə mübahisələndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni ilkin iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər nikaha daxil olaraq ailə qurmuşlar və onların birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Ercan, xx.xx.2012-ci il təvəllüdlü Leyla və xx.xx.2013-cü il təvəllüdlü Ayla adlı uşaqları doğulmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar və məhkəmə qətnaməsinə əsasən onların nikahı pozulmuş, azyaşlı uşaqlar iddiaçı (ata) İddiaçı himayəsində saxlanılmış, eləcə də uşaqların yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün 100 manat sabit məbləğdə aliment təyin edilmişdir. İlkin İddiaçı müəyyən edilmiş aliment məbləğinin uşaqların saxlanılması üçün kifayət etmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

32. Məhkəmə kollegiyası ilkin iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

33. Ailə qanunvericiliyinin tələblərindən göründüyü kimi, valideyn uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə aliment tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu halı müəyyən etmişdir.

34. Alimentin miqdarının təyin olunması üçün əsas meyarları müəyyən edən Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

35. Tərəflərin maddi vəziyyəti onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sairlə qanunvericiliyə müvafiq olaraq müəyyən edilir.

36. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir.

37. Diqqətəlayiq digər hallar dedikdə isə tərəflərin əmək qabiliyyəti və sağlamlıq vəziyyəti, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmaması və s. məsələlər başa düşülür.

38. Bu baxımdan işin halları təhlil olunduqda müəyyən olunur ki, həm iddiaçı, həm də cavabdeh əmək qabiliyyətlidir və işləməklə müəyyən dərəcədə qazanca malikdir. Belə ki, ilkin İddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında sürücü işlədiyini və aylıq 300-350 manat civarında gəliri olduğunu bildirmişdir. Bununla belə, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, son dövrlər üzrə Cavabdeh gəliri 342-407 manat aralığında dəyişmişdir. İlkin İddiaçı cavabdehin gəlirinin yüksək olduğunu iddia etsə də, lakin bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, habelə iddiaçı tərəfindən də bunu təsdiq edəcək sübut məhkəməyə təqdim edilməmişdir.

39. Bu səbəblə kollegiyanın qənaətinə görə, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin miqdarının artırılmasını zəruri edən dəyişiklik kimi qəbul edilə bilməz. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun müəyyən olunmuş miqdarının dəyişdirilməsi zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir.

40. Beləliklə, ilkin iddianın təmin edilməsi üçün Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan işin faktiki hallarına istinadən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız sayılmışdır.

41. Şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə yoxlanılan hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli 2(125)-6395/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni ilkin iddiaya aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar