Məhkəmə qərarları › İş №2(104)-596/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-596/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-596/2023 16.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2221/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4600 (dörd min altı yüz) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Ağdam rayonundan məcburi köçkün olmaqla, ailəsi ilə birlikdə Ağdam rayonu, İmamqulubəyli kəndində məskunlaşmış və Ağdam rayon Təhsil Şöbəsində işləyir. Cavabdeh uzun müddətdir tanıyır və münasibətləri normal olmuşdur. Təxminən 2016-cı ildən başlayaraq müxtəlif vaxtlarda Cavabdeh ondan müxtəlif məbləğlərdə borc pul almış və bu barədə Cavabdeh yazdığı və imzaladığı qəbzlər də vardır. O, dəfələrlə Cavabdeh borc aldığı pulları tələb etsə də, cavabdeh ona olan borcunu ödəməkdən imtina etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2221/2022 nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia tələbi təmin edilmiş, Cavabdeh 4600 (dörd min altı yüz) manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2221/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar arasında razılaşma 2016-cı ildə olmuş və hesabına 180, sonra isə 240 manat köçürülən əmək haqqı kartını Həmzə Niftəliyevə vermişdir. Həmzə Niftəliyevlə həmin kartlar vasitəsi ilə onun hesabından 2 il ərzində 5000 manatdan artıq pul çıxartmışdır. Hazırda onun cavabdehə heç bir borcu qalmamışdır. İddiaçının ondan tələb etdiyi pul faiz kimi tələb olunur. Ancaq razılaşma zamanı borc üzrə faiz ödənilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, borc üzrə öhdəliklər 2 il ərzində, yəni 2018-ci ilədək yerinə yetirilməli olduğundan, iddiaçı iddia müddətini də ötürmüşdür. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, onlar arasında razılaşma 2016-cı ildə olmuşdur. O, müəllim işləmiş, iddiaçı isə təhsil şöbəsində xəzinədar işləmişdir. O, çörək pulu kartını və əmək haqqı kartını, həmçinin pensiya kartını cavabdehə vermiş və 2 il müddətində iddiaçıya olan borcunu tam ödəmişdir. Bundan başqa, iş üzrə iddia müddəti ötürülmüş və bu səbəbdən birinci instansiya məhkəməsinə mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərmişdir. Lakin birinci instansiya məhkəməsi həmin halı nəzərə alamamış və qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də, iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, cavabdehə 2016-cı ildə 1 il müddətinə cəmi 4600 manat borc pul vermiş, lakin cavabdeh borcunu qaytarmamışdır. Düzdür, cavababdehin əmək haqqı kartı bir müddət onda olmuş, lakin iddia etdiyi məbləğlə bağlı həmin kartdan ödəmə edilməmiş və qısa müddətdən sonra cavabdeh işdən çıxmışdır. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2221/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2221/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 3 ədəd əlyazma qəbzdən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2016-cı il tarixdə 3740 manat, xx.xx.2017-ci il tarixdə 1.000 manat, xx.xx.2017-ci il tarixdə 600 manat borc pul almış və həmin qəbzdə qeyd etmişdir ki, onun cəmi 4600 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi öz qətnaməsində hesab etmişdir ki, 4600 manat pulun cavabdehə məhz borc kimi verilməsi məhkəmədə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan qəbzlərin surətindən görünür ki, Cavabdeh İddiaçı 2016-2017-ci illərdə ərzində müxtəlif vaxtlarda ümumi məbləği 4600 manat olmaqla borc pul almışdır. Məhkəmə tərəflər arasındakı mübahisəli hüquq münasibətlərini borc müqaviləsindən irəli gələn münasibətlər kimi qiymətləndirməklə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşmır və hesab edir ki, iddiaçı ilə cavabdeh arasında pul verilməsi ilə bağlı borc münasibətləri mövcud olmuşdur. Belə ki, cavabdeh iddiaçıdan 4600 manat pul aldığını etiraf etmiş, lakin bu pulu özünə məxsus əmək haqqı kartları vasitəsilə İddiaçı qaytardığını bildirsə də, həmin hal məhkəmə kollegiyasında öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşakarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formadabağlanır. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğində asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi yazılı ərizəsində hazırda iddiaçıya heç bir borcunun olmadığını, buna baxmayaraq iddiaçı onunla borc münasibətlərinin 2016-2017-ci illərdə yaranmasına istinad etdiyindən, pul tələblərinə dair iddia müddəti isə 3 il təşkil etdiyindən iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmiş, məhkəmə isə heç bir əsaslandırma olmadan, iddia müddətini tətbiq etməmişdir. Cavabdeh həmçinin apellyasiya şikayətində də göstərmişdir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Çünki onlar arasında razılaşma 2016-cı ildə olmuş, borc üzrə öhdəliklər 2018-ci ilədək yerinə yetirilməsi razılaşdırılmış, bu hadisənin baş verməsi ilə iddia ərizəsi ilə məhkəmə müraciət etmək arasında isə 5 ildən artıq müddət keçmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlilləri əsaslı hesab edir. Belə ki, işin müəyyən olunmuş faktiki hallarından da göründüyü kimi, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri şifahi borc müqaviləsindən irəli gələn münasibətlər olduğundan, hazırkı tələbə 3 illik iddia müddəti şamil olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər borc müqaviləsi bağlayarkən borcun qaytarılma müddətinin razılaşdırması halı öz təsdiqini tapmamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında borc müqaviləsinin 1 il müddətinə bağlandığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Göründüyü kimi, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni xx.xx.2018-ci il tarixdən hazırkı mübahisənin həll edilməsi üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddətini keçirmiş, hazırkı iddia ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun MM-in 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Həmin Qərarda qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “MM-in 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı hazırkı tələblə bağlı müvafiq subyektiv hüquqa malik olmuş və cavabdeh tərəfindən həmin hüququ pozulmuşdur. Bunula belə, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti heç bir üzrlü səbəblər olmadan ötürüldüyündən, hazırkı mübahisəyə cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməlidir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2221/2022 nömrəli ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-2221/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 4600 manat pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar