Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-598/2024 16.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 2(040)-894/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 6508 (altı min beş yüz səkkiz) manat vəsaitin Cavabdeh alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 2(040)-894/2023 nömrəli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddia tələbi təmin edilməmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 16 sentyabr 2021-ci il tarixdə müqavilə əsasında 4500 manat borc vermişdir. Hazırda həmin borcun ümumi məbləği 6508. Borclu müqavilə üzrə ona verilmiş borcu ödəməkdən yayınır, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə borcunu ödəməyi məhkəmədən kənar qaydada təklif etsə də, lakin müsbət nəticə olmamışdır. Mülki iş materiallarında olan: “İddiaçı” MMC-nin direktoru İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 sentyabr 2021-ci il tarixli 1130 nömrəli “Təminatlı ssuda borcu və saxlanc girovu haqqında” müqavilədən görünür ki, “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, “İddiaçı” MMC (“Borc verən”) tərəfindən Cavabdeh (“Borc alan”a) 4500 (dörd min beş yüz) manat məbləğində illik 48 faiz olmaqla təminatlı ssuda borcu verməyi, borcalan isə 18 ay müddətində hazırkı müqaviləyə müvafiq olaraq alınmış ssuda borcunu qaytarmağı, borc məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür (müqaviləyə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü vurulmuşdur); “İddiaçı” MMC-nin direktoru İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 sentyabr 2021-ci il tarixli 1130 nömrəli “Təminatlı ssuda borcu və saxlanc girovu haqqında” müqaviləyə əlavə olan “Ssuda üzrə ödəniş cədvəli”ndən görünür ki, borcalan Cavabdeh 16 oktyabr 2021-ci il tarixdən başlanılmaqla 18 ay müddətində (son tarix 16 mart 2023-cü il tarixi olmaqla) aylıq 355,47 manat ödəniş etməsi şərtləndirilmişdir (həmin cədvələ də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü vurulmuşdur); Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cаvаbdеh Cavabdeh 16 sеntyаbr 2021-ci il tаriхdə 4500 mаnаt məbləğində müqavilə əsasında borc vеrmişdir. Hazırda həmin borcun ümümi məbləği faizlə birlikdə 6508 manatdır. Bоrclu оnа vеrilmiş müqavilə üzrə bоrcunu ödəməkdən yаyınır. Üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Cаvаbdеh оnun tərəfindən pul götürməməsini bildirsə də, lakin müqаvilədəki və qəbzdə imzаnın оnа məхsus оlduğunu bildirmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştitrak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, “İddiaçı” MMC ona məxsusdur və lombard kimi fəaliyyət göstərir. Mülkiyyətində olan avtomobili kreditlə Cavabdeh satmışdır. Aralarında tərtib edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində borcunu ödəyib bitirməyi öhdəsinə götürmüşdür. Avtomobilin dəyərininin 4500 manat müəyyən olunmasına dair öz aralarında razılığa gəlmişlər, lakin avtomobil kreditlə satıldığına görə faiz borcunu da hesablanmaqla cavabdeh ona 6398 manat borc qaytarmalı olmuşdur. Bundan başqa, cavabdehə satdığı avtomobillə qəza törədilmiş və sonradan avtomobil ona geri qaytarılmışdır. Avtomobili qəzalı vəziyyətdə 1200 manata satmışdır. Cavabdeh nə avtomobilin ödənişlərini ödədi nə də ki, avtomobili təmir etdi. Hazırda mən kredit borcunu deyil maşına dəyən zərərin əvəzini tələb edirə. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirdi ki, 1800 manat ona verilən pulu cavabdeh ilkin ödəniş olaraq vermişdir. Həmçinin bildirdi ki, cavabdeh tərəfindən ona 2300 manat pul hissə-hissə ödənilməyib, həmin məbləğ ilkin ödənişlə birlikdə ödənilən məbləğdir. Məhkəmə kollegiyasının iclasında iştitrak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı kreditlə maşın almışdır. İddiaçıdan heç vaxt borc almamış, nə də ki, aralarında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı ona borca pul verməmişdir. İddiaçılə razılaşmışlar ki, alınmış avtomobilə görə ödənilməli olan 6500 manat borcu 18 ay müddətində ödəsin. Avtomobilə görə ilkin olaraq 1700 manat, sonradan isə hissə-hissə 2300 manat vəsait ödənilmişdir. Əslində, həmin əməliyyatları o icra etmiş olsa da, lakin iddiaçıdan avtomobili alan şəxs onun xalası oğlu Azər olmuşdur. Xalası oğlu Azərin sürücülük hüququ olmadığından avtomobili onun adına rəsmiləşdirmişlər. Hazırda avtomobil iddiaçının sahibliyindədir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, “İddiaçı” MMC-nin direktoru İddiaçı ilə Cavabdeh arasında 16 sentyabr 2021-ci il tarixli 1130 nömrəli “Təminatlı ssuda borcu və saxlanc girovu haqqında” müqavilə bağlanmış və həmin müqavilədə göstərilmişdir ki, “İddiaçı” MMC tərəfindən Cavabdeh 4500 manat məbləğində illik 48 faiz olmaqla təminatlı ssuda borcu verməyi, borcalan isə 18 ay müddətində hazırkı müqaviləyə müvafiq olaraq alınmış ssuda borcunu qaytarmağı, borc məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən icra olunmamasını əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisəyə mülki qanunvericiliyin aşağıdakı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdlərə verilən tərifə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddia tələbinin əsaslığını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədləri-“İddiaçı” MMC-nin direktoru İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 sentyabr 2021-ci il tarixli 1130 nömrəli “Təminatlı ssuda borcu və saxlanc girovu haqqında” müqaviləni və həmin müqaviləyə əlavə olan “Ssuda üzrə ödəniş cədvəli”ni iddianın təmin edilməsinə əsas ola biləcək mötəbər sübut kimi qəbul edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan sənədlərə nəzər saldıqda görünür ki, İddiaçı” MMC-nin direktoru İddiaçı ilə Cavabdeh arasında 16 sentyabr 2021-ci il tarixli 1130 nömrəli “Təminatlı ssuda borcu və saxlanc girovu haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilədə göstərilmişdir ki, “İddiaçı” MMC tərəfindən Cavabdeh 4500 manat məbləğində illik 48 faiz olmaqla təminatlı ssuda borcu verməyi, borcalan isə 18 ay müddətində hazırkı müqaviləyə müvafiq olaraq alınmış ssuda borcunu qaytarmağı, borc məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 16 sentyabr 2021-ci il tarixli 1130 nömrəli “Təminatlı ssuda borcu və saxlanc girovu haqqında” müqaviləsi əsasında Cavabdeh 6508 manat borcun ödənilməsini tələb edir. Qeyd edilməlidir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. MPM-nin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Bu kontekstdə araşdırma aparan məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış olsa da, əslində onlar arasında kredit (borc) öhdəlik hüquq münasibətləri yaranmamışdır. Belə ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, mülkiyyətində olan avtomobili kreditlə Cavabdeh satmışdır. Aralarında tərtib edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində borcunu ödəyib bitirməyi öhdəsinə götürmüşdür. Avtomobilin dəyərininin 4500 manat müəyyən olunmasına dair öz aralarında razılığa gəlmişlər, lakin avtomobil kreditlə satıldığına görə faiz borcunu da hesablanmaqla cavabdeh ona 6398 manat borc qaytarmalı olmuşdur. Bundan başqa, cavabdehə satdığı avtomobillə qəza törədilmiş və sonradan avtomobil ona geri qaytarılmışdır. Avtomobili qəzalı vəziyyətdə 1200 manata satmışdır. Cavabdeh nə avtomobilin ödənişlərini ödədi nə də ki, avtomobili təmir etdi. Hazırda mən kredit borcunu deyil maşına dəyən zərərin əvəzini tələb edir. 1800 manat ona verilən pulu cavabdeh ilkin ödəniş olaraq vermişdir. Cavabdeh tərəfindən ona 2300 manat pul hissə-hissə ödənilməyib, həmin məbləğ ilkin ödənişlə birlikdə ödənilən məbləğdir. Həmçinin apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında cavabdeh Rəşad Aslanzadə vermiş olduğu izahatında bildirmişdir ki, İddiaçı kreditlə maşın almışdır. İddiaçıdan heç vaxt borc almamış, nə də ki, aralarında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı ona borca pul verməmişdir. İddiaçılə razılaşmışlar ki, alınmış avtomobilə görə ödənilməli olan 6500 manat borcu 18 ay müddətində ödəsin. Avtomobilə görə ilkin olaraq 1700 manat, sonradan isə hissə-hissə 2300 manat vəsait ödənilmişdir. Hazırda avtomobil iddiaçının sahibliyindədir. Nəzərə almaq lazımdır ki, MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ilə bağlı kollegiya qeyd edir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin izahatı sistemli şəkildə tədqiq edilməklə işin həqiqi və faktiki halları olaraq müəyyən edilmişdir ki, İddiaçı ilkin ödəniş etmək və qalan məbləği hissə-hissə qaytarmaq şərti ilə özünə məxsus avtomobili Cavabdeh satmış, sonuncu isə həmin avtomobilə görə öz aralarında razılaşdırılmış məbləğdə iddiaçıya ilkin ödəniş etmiş, qalıq məbləği isə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsində borc müqaviləsinin anlayışı açıqlanaraq göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırkı işin halları bu aspektdə araşdırıldıqda müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış olsa da, əslində iddiaçı kredit müqaviləsində göstərilən məbləği cavabdehə borc olaraq verməmişdir. Bunun nəticəsi olaraq da tərəflər arasında borc (kredit) öhdəlik hüquq münasibətləri yaranmamışdır. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış həqiqi və faktiki hüquq münasibətləri öz-özlüyündə mülki qanunvericiliyin nisyə alqı-satqı münasibətlərinin ünsürlərini əhatə edir. Belə ki, Mülki Məcəllənin nisyə satılmış əşyanın ödənilməsindən bəhs edən 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göründüyü kimi, tərəflər öz aralarındakı nisyə alqı-satqı hüquq münasibətlərini kredit müqaviləsi ilə, yəni başqa yalan əqdlə rəsmiləşdirmişlər ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən də həmin əqd əhəmiyyətsiz əqd sayılır. Çünki, qeyd olunan maddəyə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. İşin sadalanan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış 16 sentyabr 2021-ci il tarixli 1130 nömrəli “Təminatlı ssuda borcu və saxlanc girovu haqqında” müqavilə üzrə cavabdehdən kredit borcunun tutulması yolverilməzdir. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi tərəflər arasındakı alqısatqı münasibətlərinin predmeti olmuş avtomobil İddiaçı sahibliyinə geri qaytarılmışdır. Eyni zaman da tərəflər avtomobilin nisyə alqı-satqısına görə ödənilmiş məbləğlərlə bağlı bir-biri ilə ziddiyyət təşkil edən arqumentlər irəli sürmüşlər. Məhkəmə kollegiyası hesab edir ki, avtomobilin alqı-satqısı ilə bağlı ödənilmiş vəsait barədə tərəflər arasında mübahisə olduğundan hazırkı mərhələdə Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq cavabdehə münasibətdə restitusiyanın həyata keçirilməsi mümkün deyildir. Odur ki, cavabdehə izah olunur ki, alqı-satqının predmeti olan avtomobilə görə ödədiyi pul məbləğinin qaytarılması tələbi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. İşə baxan birinci instansiya məhkəməsi isə işin hallarına dzgün hüquqi qiymət vermədən mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansia məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 2(040)-894/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-598/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-598/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver