Məhkəmə qərarları › İş №2(104)-601/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-601/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-601/2024 12.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı MMQBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(013)-2831/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMQBKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2618,16 manat əsas, 149,60 manat faiz cəmi 2767,76 manat və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı MMQBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Ağdam Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(013)-2831/2023 nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2618,16 manat əsas, 149,60 manat faiz cəmi 2767 (iki min yeddi yüz altmış yeddi) manat 76 (yetmiş altı) qəpik və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq İddiaçı MMQBKT-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı MMQBKT tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 15 noyabr 2013-cü il tarixli **********3004-1 saylı kredit müqaviləsi bağlanaraq sonunculara 12 ay müddətinə, illik 32 faizlə 5800 manat məbləğində kredit verilmişdir. Buna baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişlər. Nəticədə onların iddia ərizəsində göstərilən məbləğdə borcları yaranmışdır. İş materiallarında olan: Kreditor İddiaçı MMQBKT ilə borcalanlar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 15 noyabr 2013-cü il tarixli **********3004-1 saylı kredit müqaviləsindən görünür ki, borcalanlara 12 ay müddətinə, illik 32 faizlə 5800 manat məbləğində kredit verilmişdir; İddiaçı MMQBKT-nin təqdim etdiyi maliyyə arayışından görünür ki, 11 avqust 2014-cü il tarixə borcalanlar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əsas kredit borcu 2618,16 manat, faiz borcu 149,60 manat təşkil edir. Xəbərdarlıqlardan görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə kreditor tərəfindən borcalanlara xəbərdarlıq edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işə baxılmasının yeri və vaxtı barədə ona məlumat verilməmişdir. İştirakı olmadan işə baxılması ilə tərəflər arasındakı çəkişmə və bərabərlik prinsipi pozulmuşdur. Banka 4000 manatdan artıq pul ödəmişlər, ancaq işə baxan birinci instansiya məhkəməsi mühasibatlıq ekspertizası təyin etməli olduğu halda, bunu etməmişdir. Hansı ki, ödədiyi məbləğlər çıxarılmaqla banka olan borcun dəqiq məbləği müəyyən edilməli idi. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, xəstəliyi ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Digər tərəflər isə məhkəmə iclasına gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh2 borcunun tutulması hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 şikayət vermədiyindən qətnamə onlara münasibətdə yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla). Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borclulara qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, əsas borclu Cavabdeh2 verdiyi şikayətə əsasən qətnamənin bütünlüklə və digər şəxslərə münasibətdə yoxlanılması sonuncuların hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Beləliklə qətnamə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla) Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı MMQBKT ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 15 noyabr 2013-cü il tarixli **********3004-1 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonunculara 12 ay müddətinə, illik 32 faizlə 5800 manat məbləğində kredit verilmişdir. Buna baxmayaraq, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Onlara borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş lakin müsbət nəticə olmamışdır. Ona görə də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Borcalan Cavabdeh2 bildirir ki, banka 4000 manatdan artıq pul ödəmişlər, lakin nəzərə alınmamışdır. Ona görə də iş üzrə mühasibatlıq ekspertizası təyin edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri kredit ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit və bank hesabı müqaviləsinə, habelə qanunvericiliyin faiz borcu ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə, Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin kökündə tələb etmənin əsası 15 noyabr 2013-cü il tarixli **********3004-1 saylı kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqavilələri rəhbər tutaraq hazırda cavabdehlərdən əsas və ona hesablanmış faiz borcu tələb edir və əsas kimi göstərir ki, borcalanlar kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişlər, apellyator isə kredit borcunun mövcudluğunu inkar etməyərək yalnız borcun düzgün hesablanmadığını mübahisələndirmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Bu qənaətinə uyğun olaraq kollegiya apellyatorların borcun düzgün hesablanmaması və ekspertiza təyin edilməsi barədə vəsatəti ilə bağlı məhkəmə kollegiyası göstərir ki, bu dəlil formal mülahizə olmaqla cavabdehlərin subyektiv mülahizəsinə söykənir. Məhkəmə kollegiyasının bu nəticəyə gəlməsinə əsas Mülki Prosessual Məcəllənin 77.1-ci və Mülki Məcəllənin 433.3-cü maddəsidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. (Mülki Məcəllənin 433.3-cü maddəsi). Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh tərəfindən edilmiş ödənişlər barədə apellyasiya şikayətinə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) təqdim edilməmişdir. Əksinə iş materiallarında olan maliyyə arayışı ilə borc məbləği dəqiqliklə göstərilmişdir. Həmin arayışın şübhə altına alacaq hər hansı əsas olmamaqla hər hansı xüsusi biliyin tətbiqinə zərurət yoxdur. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə müəyyən olunmuş 149.60 manat faiz borcuna münasibətdə qeyd edir ki, tərəflər verilmiş kreditə görə faizlərin ödənilməli olduğunu müqavilədə nəzərdə tutmuşlar və cavabdeh müqavilə üzrə öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməsini üzərinə götürmüşdür. Bununla da tərəflər öz hüquq və vəzifələrini müəyyənləşdirmişlər. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq da faiz borcu hesablanmışdır. Faiz borcunun düzgün hesablanmasını şübhə altına alacaq hər hansı əsas yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə yoxlanılan hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, qətnamənin yoxlanılan hissədə ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 372-376, 378-382, 384.0.1, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(013)-2831/2023 nömrəli qətnaməsi yoxlanılan hissədə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar