Məhkəmə qərarları › İş №2(104)-604/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-604/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-604/2023 04.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Ağstafa Rayon Məhkəməsinin 2(015)-1077/2022 saylı mülki iş üzrə 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə, açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 474.39 manat əsas borc, 360.41 manat faiz borcu, 2635.79 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 71.61 manat faiz borcu olmaqla, cəmi 3542.20 manat borc və 55.43 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-1077/2022 saylı mülki iş üzrə 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim: Z.Rəsulov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 474.39 manat əsas borc, 360.41 manat faiz borcu, 1 manat cərimə borcu olmaqla, cəmi 835.80 manat borc və 55.43 manat ödənilmiş dövlət rüsumunun iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)-1077/2022 saylı mülki iş üzrə 27 oktyabr 2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, cavabdehdən tutulmalı olan 2635.79 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 71.61 manat faiz borcu hissələrdə iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya çikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi illik beş faiz olmaqla hesablanmış 71.61 manat məbləğində zərərin təmin edilməməsi hissəsində qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb edə bilər. Bundan başqa cərimə borcunun azaldılması ilə bağlı da qətnaməni əsassız hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanmaqla cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır. Məhkəmə kollegiyası apelyasiya şikаyətinin dəlillərini iş üzrə toplаnmış sübutlаrlа əlаqəli şəkildə tədqiq edib, аşаğıdа qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın təmin edilməmiş kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 71.61 manat faiz borcu tələbi hissəsində, 2635.79 manat cərimə borcunun qismən təmin edilmiş 1 manat cərimə borcunun tutulması hissəsində və cəmi borcun 835.80 manat müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, iddia tələbi kredit müqaviləsinin müddəti bitdikdən sonra ödənilməli olan 71.61 manat faiz borcunun tutulması hissəsində tam və 2635.79 manat cərimə borcunun tiutulması hissədə qismən təmin edilməli və cəmi borcun məbləği də yenidən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda iaфadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, KM018T03170057S01 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən borcluya 24 ay müddətinə 4500 manat məbləğində kredit verilmişdir. İşdə olan maliyyə arayışdan görünür ki, CavabdehLPO İddiaçı ASC-yə 474.39 manat əsas borc, 360.41 manat faiz borcu, 2635.79 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 71.61 manat faiz borcu olmaqla, cəmi 3542.20 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən eilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onların arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə, həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı hazırki tələbi irəli sürmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası göstərir ki, kreditor kredit müqaviləsinin icra müddəti bitdikdən sonra ödənilməmiş məbləğin illik beş faizini tələb edə bilər və borclu Mülki Məcəllənin 445.7-ci maddəsinə görə həmin məbləği ödəməyə borcludur. Qeyd edilən qanun normasının bu şərti imperativ xarakterlidir. İş materiallarında müəyyən olunur ki, müqavilənin müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə cavabdehin 474.39 manat məbləğində əsas kredit borcu ödənilməmiş qalmışdır. Müqavilənin müddətinin bitdiyi gündən sonrakı ötən müddət üçün iddia edilən 71.61 manat faiz məbləği də həmin faizlərə uyğun olaraq hesablanmış məbləğdir. Ona görə də мəhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri bu hissədə əsaslıdır. Bundan başqa məhkəmə kollegiyası cərimə borcu hissəsində qətnamənin qismən ləğv edilib, iddianın həmin hissədə tam təmin edilməsi barədə şikayətin dəlillərini qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. . Məhkəmə kollegiyası hesab edir ki, iddia edilən dəbbə pulu əsas kredit borcunun məbləğinə mütənasib, ağlabatan və məqsədəmüvafiq olmalıdır. Bu baxımdan kollegiya cavabdehin dəbbə pulu borcunu onun əsas borcu olan 474.39 manat məbləğinin 10 faizi qədər, yəni 47 manat məbləğində müəyyən edilməsini ağlabatan və məqsədəmüvafiq hesab edir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 71.61 manat faiz borcu tələbi hissəsində, 2635.79 manat cərimə borcunun qismən təmin edilmiş 1 manat cərimə borcunun tutulması hissəsində və cəmi borcun 835.80 manat müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, iddia tələbi kredit müqaviləsinin müddəti bitdikdən sonra ödənilməli olan 71.61 manat faiz borcunun tutulması hissəsində təmin edilməli, dəbbə pulu tələbi hissədə iddia qismən-47 manat məbləğində təmin edilməli, cəmi borcun məbliəği isə 474.39 manat əsas borc, 360.41 manat faiz borcu, 71.61 manat müqavilənin müddətinin bitdiyi gündən sonrakı ötən müddət üçün hesablanmış faiz borcu və 47 manat məbləğində dəbbə pulu olmaqla 953,41 manat məbləğində müəyyən edilməli, dəbbə pulu tələbinin qalan hissəsində iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2.-ci maddəsinə əsasən, аpellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsini mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən, мülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Haırki işdə də iddianın qiyməti 5000 manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 387, 392-393, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-1077/2022 saylı mülki iş üzrə 27 oktyabr 2022-ci il tarixli qətnaməsi iddianın təmin edilməmiş kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 71.61 manat faiz borcu tələbi hissəsində, 2635.79 manat cərimə borcunun qismən təmin edilmiş 1 manat cərimə borcunun tutulması hissəsində və cəmi borcun 835.80 manat müəyyən edilməsi hissəsində ləğv edilsin həmin hissələrdə yeni qətnamə qəbul edilərək, iddia tələbi müqavilənin müddətinin bitdiyi gündən sonrakı ötən müddət üçün 71.61 manat məbləğində pul tələbi hissədə təmin edilsin. Dəbbə pulu tələbi hissədə iddia qismən-47 manat məbləğində təmin edilsin. 474.39 manat məbləğində əsas kredit borcu, 360.41 manat məbləğində faiz borcu, 71.61 manat məbləğində müqavilənin müddətinin bitdiyi gündən sonrakı ötən müddət üçün hesablamnış faiz borcu və 47 manat məbləğində dəbbə pulu olmaqla cəmi 953,41(doqquz yüz əlli üç) manat 41 qəpik məbləğində pul Cavabdeh alınaraq X4 İddiaçı ASC-nin hesabına ödənilsin. Dəbbə pulu tələbinin qalan hissəsində iddia təmin olunmasın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar