Məhkəmə qərarları › İş №2(104)-606/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-606/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-606/2024 05.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Qazax Rayon Məhkəməsinin 2(023)-1377/2023 saylı mülki iş üzrə 01 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 Eytiyat oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə 05 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK Q-106-S/AZN-22 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə qaytarmaq şərtilə, illik 18,5 faiz hesablanmaqla 10000 (on min) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3(zaminlər) arasında xx.xx.2022-ci il tarixli, Q-106-S/AZN-22 saylı zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zaminlər kredit müqaviləsi üzrə borclunun öhdəliklənin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İşdə olan xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki Cavabdeh1 10000(on min) manat məbləğində pulu orderə imza etməklə qəbul etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, cavabdehin həmin tarixə 7861,17 manat əsas, 806,47 manat fai və 1960,84 manat cərimə borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Ağstafa filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK Q-106-S/AZN-22 saylı kredit müqaviləsi üzrə 8461,17 manat əsas, 806,47 manat faiz, 1960,84 manat cərimə, cəmi 10628,48 manat borcun və ödənilmiş 123,69 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı ASC-nin Ağstafa filialı ilə xx.xx.2022-ci il tarixdə bağladığı İK Q-106-S/AZN22 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18,5 faiz olmaqla 36 ay müddətinə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddiaçı ilə Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, Q-106-S/AZN-22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Cavabdehin üzərinə götürdüyü öhdəliyin pozulması nəticəsində banka 7861,17 manat əsas, 806,47 manat faiz, 1960,84 manat cərimə borcu olmaqla, cəmi 10628,48 manat borcu yaranmışdır. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Qazax Rayon Məhkəməsinin 2(023)-1377/2023 saylı mülki iş üzrə 01 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (N.Musayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2022-ci il tarixli, İK Q-106-S/AZN-22 saylı kredit müqaviləsi üzrə 7861,17 manat əsas, 806,47 manat faiz, 160 manat cərimə, cəmi 8827,64 (səkkiz min səkkiz yüz iyirmi yeddi manat altmış dörd qəpik) manat borc və 108,27 (bir yüz səkkiz manat 27 qəpik) manat dövlət rüsumunun birgə qaydada alınaraq, İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 Eytiyat oğlu apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 2(023)- 1377/2023 saylı mülki iş üzrə 01 dekabr 2023-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki işdə qətnamədə adları qeyd edilən cavabdehləri tanımır, həmçinin onun banka qeyd edilən məbləğdə borcu yoxdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsnin iş üzrə gəldiyi nəticə əsaslıdır. Belə ki, işin məhkəmədə müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh1 İddiaçı ASC-nin Ağstafa filialı ilə xx.xx.2022-ci il tarixdə bağladığı İK Q-106-S/AZN22 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18,5 faiz olmaqla 36 ay müddətinə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddiaçı ilə Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, Q-106-S/AZN-22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh tərəf kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, iddiaçı Banka ödənilməli olan borc məbləği vaxtında ödəməmişdir. Cavabdeh1 üzərinə götürdüyü öhdəliyin pozulması nəticəsində onun xx.xx.2023-cü il tarixə banka 7861,17 manat əsas, 806,47 manat faiz, borcu yaranmışdır. Bundan başqa İddiaçı ASC tərəfindən cavabdehlərə 1960,84 manat cərimə üzrə borc hesablanmışdır. İddiaçı ASC- hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Apellyator şikayətində digər cavabdehləri tanımadığını, həmçinin, banka qeyd edilən məbləğdə borcunun olmadığını qeyd etmişdir. Apellyatorun qətnamədə adları qeyd edilən cavabdehləri tanımadığını barədə dəlilinə münasibətdə kollegiya göstərir ki, Qazax Rayon Məhkəməsinin 2(023)-1377/2023 saylı mülki iş üzrə 01 dekabr 2023-cü il tarixli qətnaməsində cavabdehlər kimi, Cavabdeh1 və yanlış olaraq X2 və X5 göstərilmişlər. Buna baxmayaraq Qazax Rayon Məhkəməsinin 2(023)-1377/2023 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə qətnamədə yol verilmiş yanlışlıq düzəldilmiş və qeyd edilən məbləğdə kredit bocunun iddiaya cavab verməli olan cavabdehlər-Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulmalı olduğu barədə qərardad qəbul edilmişdir. Göründüyü kimi apellyatorun bu dəlili qətnamənin ləğvinə və yaxud da ki, dəyişdirilməsinə əsas vermir. Bundan başqa, apellyator şikayətində banka qeyd edilən məbləğdə borcunun olmadığını qeyd etmişdir. Kollegiya şikayətin bu dəlilini də asassız sayir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya əvvəlcə onu qeyd edir ki, apellyator şikayətində borcundan daha çox məbləğdə ödəniş etdiyini iddia etməmiş, bu barədə apellyasiya şikayətinə heç bir sübut əlavə etməmişdir. İşin apellyasiya baxışı zamanı tədqiq edilmiş sübutlarla cavabdehin əsas və faiz borcunun düzgün hesablandığı müəyyən edildiyindən kollegiya cavabdehin əsas və faiz borcunun yenidən hesablanması üşün iş üzrə maliyyə mühasibat ekspertizasının keçirilməsinə zərurət görməmişdir. Ona görə də, kollegiya bu qənatdədir ki, iddiaçı Bank tərəfindən cavabdehin əsas və faiz borcunun düzgün müəyyən edildiyi işin faktiki halları kimi təsdiq olunur. İrəli sürülən iddianın həmin hissədə təmini üçün qanuni əsaslar Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarında nəzərdə tutulmuşdur. Cərimə borcu hissədə isə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanmaqla iddia tələbini cəmi on faiz hissədə təmin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla əsaslı deyildir. Azərbaycan Respublikasının MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 385.2, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 2(023)-1377/2023 saylı mülki iş üzrə 01 dekabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar