Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-608/2023 02.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi vəkil X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(013)-2212/2021 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10484.15 ABŞ dolları əsas borc və 9446.54 ABŞ dolları faiz borcu olmaqla, cəmi 19930.69 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 00-xx-xx-0227772 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh şəxsi məqsədləri üçün illik 23% olmaqla 48 ay müddətinədək 11.424 dollar məbləğində kredit verilmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müəddaları pozularaq, müqavildə göstərilən öhdəlikləri lazımınca icra etməmişdir. xx.xx.2015-ci il tarixli 00-xx-xx-0277772 saylı kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh bu müqavilənin 1 saylı əlavəsindəki cədvələ uyğun olaraq ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməmişdir. Buna görə də iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(013)-2212/2021 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia təmin edilməmişdir. İşdə olan sübutlar: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 00-xx-xx-0227772 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh şəxsi məqsədləri üçün illik 23% olmaqla 48 ay müddətinə qaytarılması şərti ilə 11.424 dollar məbləğində borc pulun verilməsi razıalşdırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli, 9/2212 saylı rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli, 00-xx-xx-0227772 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə olan borcu 10484,15 ABŞ dolları əsas, 6681,46 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 17165,61 ABŞ dolları təşkil etmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri. Ağdam Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(013)-2212/2021 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında onların iştirakı təmin edilmədiyindən çəkişmə prinsipi pozulmuşdur. Həmçinin, məhkəmə əsassız olaraq iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahat verib bildirmişdir ki, birinci instansiya məhkəməsinin müqavilənin əslinin təqdim edilməməsi əsası ilə iddianı rədd etməsi əsassız olmuşdur. Buna görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, cavabdehin borcu 10000 ABŞ dolları məbləğindən çox olduğundan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanının təsirinə düşməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil X5 izahat verib bildirmişdir ki, iddiaçının birinci instansiya məhkəməsinin çəkişmə prinsipini pozması ilə bağlı şikayəti əsassız olmuşdur. Belə ki, iddiaçı məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bundan başqa iddianı təsdiq edən sənədlərin əsli təqdim edilmədiyinən məhkəmə haqlı olaraq həmin sənədləri sübut kimi qəbul etməyərək, iddianı rədd etmişdir. Cavabdeh tərəfindən 10000 manat ətrafında ödəniş edilmişdir ki, həmin məbləğində əksər hissəsi əsassız olaraq faizə silinmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Ağdam Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(013)-2212/2021 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(013)-2212/2021 saylı qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunmasına dair qətnamə çıxarılmalıdır. Belə ki, iddianı rədd edən birinci instansiya məhkəməsi kredit müqaviləsinin və onun 1 saylı Əlavəsinin əslinin məhkəməyə təqdim edilməməsini əsas gətirərək iddianı rədd etməklə, düzgün olmayan nəticəyə gəlmişdir. Hərçəndki, cavabdeh tərəf həmin müqavilənin mövcudluğunu birinci instansiya məhkəməsində mübahisələndirməyərək, yalnız iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təsdiq edən sənədlərin əsli o zaman mühüm əhəmiyyət kəsb edə bilər ki, cavadbeh tərəf həmin sənədlərin mötəbərliyini şübhə altına almış olsun. Hazırkı işin hallarına görə isə cavabdeh birinci instansiya məhkəməsinə təqdim edilmiş müqavilənin və onun əlavəsinin mötəbərliyini mübahisələndirməməklə, həmin müqavilənin mövcudluğunu inkar etməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanılır ki, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsinin yazılı formada bağlanması qanunvericiliyin tələbidir. Bu formaya riayət edilməməsi isə həmin əqdin etibarsızlığına əsas versə də, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbi baxımından əqdin etibarsızlığı halında tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borclu hesab olunur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsinin əsli təqdim edilmədiyi və təqdim edilmiş kredit müqaviləsinin surətini sübut kimi qəbul etmədiyi halda belə cavabdehin etibarsız əqdin nəticəsi qismində cavadbehin iddiaçı qarşısında öhdəliyinin yaranıb-yaranmamsını müəyyən etməli idi. Hərçənd ki, yuxarıda qeyd olunduğu kimi cavabdeh birinci instansiya məhkəməsinə təqdim edilmiş müqavilənin və onun əlavəsinin mötəbərliyini mübahisələndirməməklə, həmin müqavilənin mövcudluğunu inkar etməmiş, iddiaçı isə müqavilənin əslini apellyasiya instansiyasına təqdim etmişdir ki, bununla da tərəflər arasında etibarsız borc müqaviləsinin bağlanması müəyyən edilməmişdir. Buna görə də qeyd olunan əsasla iddianı rədd edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş hesab olunur. Məhkəmə kollegiyasının iclasında isə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 00-xx-xx-0227772 saylı kredit müqaviləsi bağlanaraq Cavabdeh illik 23% olmaqla 48 ay müddətinə qaytarılması şərti ilə 11.424 dollar məbləğində borc pul verilmiş, Cavabdeh müqavilə şərtlərini poazaraq müəyyən edilmiş ödəniş cədvəlinə əsasən əsas borc və faiz məbləğlərini vaxtında ödəməyərək, müqavilə üzrə öhdəliyin icrasının son müddətinə 10484,15 ABŞ dolları əsas, 6681,46 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 17165,61 ABŞ dolları məbləğində iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin icrası üçün müəyyən edilmiş müddətdən sonrakı dövrə görə də, yəni 08 iyun 2021-ci il tarixinədək olan dövrə görə faiz məbləği hesablanmaqla tələb edilmişdir ki, iddiaçının müqavilə üzrə öhdəliyin icrası üçün müəyyən edilmiş müddətdən sonra faiz hesablaması düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli, 9/2212 saylı rəyi ilə isə xx.xx.2015-ci il tarixli, 00-xx-xx-0227772 saylı kredit müqaviləsi üzrə Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət üçün hesablanmış faiz məbləğinin 6681,46 ABŞ dolları məbləğində olması müəyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, faiz məbləği hissəsində iddia tələbi qismən əsaslı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin ödənilmiş pulların əsasən faiz məbləğinə silinməsi ilə bağlı etirazına münasibətdə isə qeyd edir ki, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş ödənişlərə dair cədvəldən və ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən ümumilikdə 6418,74 ABŞ dolları ödəniş edilmişdir ki, həmin məbləğin 939,85 ABŞ dolları əsas borc məbləğinə, 5478,89 ABŞ dolları isə faiz məbləğinə silinmişdir. İş materiallarında əlavə edilmiş ödəniş cədvəlinə əsasən isə cavadbeh hər ay 407,71 ABŞ dolları ödəməli olduğu halda, yalnız müqavilə bağlandıqdan 4 ay ərzində gecikdirmə ilə hər ay üçün 407 ABŞ dolları ödəmiş, sonrakı aylarda isə əsas borc məbləğindən ödəniş etməməklə yanaşı, aylıq faiz məbləğlərini də tam ödəməmiş, 2017-ci ilin sentyabr ayından isə ümumiyyətlə ödəniş etməmişdir. İddiaçı bankın edilmiş ödənişləri ilk öncə hesablanmış faizlərdən silməsi isə Mülki Məcəllənin 432.4-cü maddəsinin tələbinə uyğun olmuşdur. Beləliklə, yuxardıa göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(013)-2212/2020 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(013)- 2212/2020 saylı qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunmasına dair qətnamə çıxarılaraq, Cavabdeh 10484,15 ABŞ dolları əsas, 6681,46 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 17165,61 ABŞ dolları məbləğində borc məbləği ödəniş anınna manata məzənnə ilə manat ekvivalentində və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə isə təmin edilməməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat isə Cavabdeh alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Ağdam Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(013)-2212/2021 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsun. Ağdam Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(013)-2212/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin olunsun. Cavabdeh 10484,15 ABŞ dolları əsas, 6681,46 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 17165,61 ABŞ dolları (on yeddi min yüz altımış beş dollar, 61 sent) məbləğində borc məbləği ödəniş anına manata məzənnə ilə, manat ekvivalentində və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.