Məhkəmə qərarları › İş №2(104)-612/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-612/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-612/2023 04.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı Egri Burhaneddin və Cavabdeh2 iştirakı ilə, İddiaçı Egri Burhaneddinin cavabdehlər Cavabdeh2 və Gəncə “ASAN Xidmət” mərkəzinin notariat kontoruna qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(066)-864/2022 nömrəli qətnaməsindən iddiaçı Egri Burhaneddin tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Egri Burhaneddin cavabdehlər Cavabdeh2 və Gəncə “ASAN Xidmət” mərkəzinin notariat kontoruna qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Gəncə “ASAN Xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu X4 tərəfindən digər Cavabdeh2 ilə onun arasında rəsmiləşdirilmiş 02 aprel 2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(066)-864/2022 nömrəli qətnaməsi ilə (hakim: Q.Abbasov) iddiaçı Egri Burhaneddinin Cavabdeh2 və Gəncə “Asan xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu X3 qarşı cavabdehlərlə iddiaçının arasında rəsmiləşdirilmiş 02 aprel 2018-ci il tarixli “kredit müqaviləsi”nin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi; İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Egri Burhaneddin apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Egri Burhaneddin tələbini onunla əsaslandırmışdır ki, o, Türkiyə Respublikasının vətəndaşıdır. Uzun illərdir ki, Azərbaycanda sahibkarlıqla məşğul olur. 2015-ci ildə Cavabdeh2 ilə tanış olmuşdur. Tanışlıqlarının qısa müddətində cavabdeh ona ortaqlıq təklif edərək birlikdə işləmək arzusunda olduğunu bildirmişdir. Razılaşıb onunla 2016-cı ildən başlayaraq birlikdə fəaliyyət göstərmişlər. Hər biri müəyyən məbləğdə pul ayıraraq lazım olan xammalın alınması üçün sərf etmişlər. Fəaliyyətləri heyvan dərisi yığaraq Türkiyə Respublikasına ixrac edib gəlir əldə etməkdən ibarət olmuşdur. Onlar işə başlarkən həmin məhsulların Azərbaycandan çıxarılmasına dövlət rüsumu nəzərdə tutulmadığı halda xammalları əldə edilən müddətdə qanunvericilikdə dəyişiklik edilmiş və onların ixrac edəcəkləri məhsullara dövlət rüsumu tətbiq edilmişdir. 200 ton heyvan dərisi toplamışlar və həmin malın ölkədən kənara çıxarılması üçün hər tonuna 500 manat olmaqla 100000 manat əlavə pul lazım olmuşdur. Vəziyyətin bu yerə gəldiyini görən Cavabdeh2 ortaqlığı pozmaq niyyətini bildirmiş ondan özünün çəkdiyi xərcləri istəmişdir. Bir tərəfdən ziyanlıq, bir tərəfdən də gəlirin olmamasını bildirsə də, cavabdeh ona təzyiqlər etməyə başlamışdır. Onu iş üzrə cavabdeh olan Gəncə "ASAN Xidmət" mərkəzinin notariat kontorunun xüsusi notariusu X1 yanına təhdidlərlə apararaq kredit müqaviləsini imzalatmışdır. Müqaviləyə əsasən guya ki, cavabdeh, ona 136000 (bir yüz otuz altı min) manat məbləğində borc pul vermişdir. Lakin əslində ortaqlıqları üçün onun tərəfindən 50000 (əlli min) manat pul sərf edilmiş və həmin pul əmlaklarda idi. Cavabdehin təsir və təhdidi üzərinə cavabdeh olan Gəncə "ASAN Xidmət" mərkəzinin notariat kontorunun xüsusi notariusu X4 heç bir məbləğdə nəğd şəkildə pul olmadan Cavabdeh2 ilə onun arasında kredit müqaviləsini rəsmiləşdirmişdir. O da zənn etmişdir ki, müqavilə mal satışından əldə edilən puldan cavabdehǝ düşən payının qaytarılması üzərində qurulmuşdur. Lakin sonradan ona məlum olmuşdur ki, Cavabdeh2 digər cavabdeh olan Gəncə "ASAN Xidmət" mərkəzinin notariat kontorunun xüsusi notariusu X4 ilə işbirliyi edərək onu yükləmiş və ondan ağlına belə gəlməyən məbləğdə pul tələb edilməsi ilə bağlı müqavilə imzalatmışdır. O özü bu barədə sonralar icra şöbəsinə dəvət edildikdən sonra məlumatlanmış və haqsız olaraq ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Müqavilə notariat ofisində heç bir məbləğdə nəğd pul olmadan, cavabdehlərin əlbirliyi ilə həyata keçirdiyi əməliyyat nəticəsində baş tutmuşdur. O, Cavabdeh2 dəfələrlə bildirmişdir ki, pul əldə edilmiş xammal üzərindədir və onunla hər hansı bir borc və ya gəlir barədə söhbət gedə bilməz. Hətta xammalın satışından əldə edilmiş pullardan Cavabdeh2 2500 manat, 4000 manat və 1000 manat olmaqla ödənişlər etmişdir. Cavabdeh öz növbəsində onun etibarından sui-istifadə edərək müqavilə vasitəsi ilə onu borclandırmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı Egri Burhaneddin apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh2 ilə 2015-ci ildə tanış olmuş, tanışlığın qısa müddətində cavabdeh ona ortaqlıq təklif edərək birlikdə işləmək arzusunda olduğunu bildirmiş, razılaşaraq 2016-cı ildən başlayaraq birlikdə fəaliyyət göstərmişlər. Hər biri müəyyən məbləğdə pul ayıraraq lazım olan xammalın alınması üçün sərf etmişlər. Fəaliyyətləri heyvan dərisi yığaraq Türkiyə Respublikasına ixrac edib gəlir əldə etməkdən ibarət olmuşdur. Onlar işə başlarkən həmin məhsulların Azərbaycandan çıxarılmasına heç bir dövlət rüsumu nəzərdə tutulmadığı halda xammalları əldə edilən müddətdə qanunvericilikdə dəyişiklik edilmiş və onların ixrac edəcəyi məhsullara dövlət rüsumu tətbiq edilmişdir. 200 ton heyvan dərisi toplamışlar və həmin malın ölkədən kənara çıxarılması üçün hər tonuna 500 manat olmala 10000 manat əlavə pul lazım olmuşdur. Vəziyyətin bu yerə gəldiyini görən cavabdeh ortaqlığı pozmaq niyyətini bildirmiş və ondan özünün çəkdiyi xərcləri istəmişdir. Bir tərəfdən ziyanlıq, bir tərəfdən də gəlirin olmamasını bildirsə də cavabdeh ona təzyiq etməyə başlamışdır. Onu təhdidlərlə iş üzrə cavabdeh olan Gəncə “Asan xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu X2 yanına apararaq kredit müqaviləsi imzalatmışdır. Göründüyü kimi cavabdehlərin niyyəti yalanlarla məhkəməni aldatmaq və haqsız mənfəət əldə etmək olmuşdur. Ümumiyyətlə iş üzrə düzgün maddi hüquq normaları tətbiq edilməmişdir. Bundan başqa məhkəmə digər cavabdeh olan 1 saylı Gəncə Regional “Asan Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu X2 əməllərinə də qiymət verməmişdir. Notarius pulun verilməsini görməmişdir. Lakin yenə də məhkəmə tərəfindən bu hallara qiymət verilməmişdir. Pulun olmaması, bank hesabına köçürülməməsi (köçürülmələrdən yayınma), qanunvericiliyin pozulması ilə təsdiq edilən müqavilənin məsuliyyəti və sair hallara qiymət verilməmişdir. Müqaviləyə əsasən guya ki, cavabdeh ona 136000 manat 80000 ABŞ dolları borc pul vermişdir. Sual olunur ki, dövlət notariusu sən bu məbləğdə pulun verilməsini görmüsənmi? Təbii ki, xeyr və xarici vətəndaş olaraq o deyil notarius öz işini düzgün aparmalı idi və məhkəmə tərəfindən də bu hallara qiymət verilməli idi. Cavabdehin təsir və təhdidi üzərinə cavabdeh olan Gəncə “ASAN Xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu X4 heç bir məbləğdə nağd şəkildə pul olmadan Cavabdeh2 ilə onun arasında kredit müqaviləsi rəsmiləşdirmişdir. O, bunu banka pul köçürülmədiyi kimi ifadəsi ilə də təsdiq edir. Notariusun marağı, müqaviləni təsdiq etməsi üçün səbəb və əsaslar araşdırılmamış, müvafiq hüquqi qiymət verilməmişdir. Notariusun səhvi gizlədilmişdir və onun barəsində tədbir belə görülməmişdir. Pulun bank hesabına köçürülməsi, habelə bank faizləri yoxdur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Egri Burhaneddin apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə və iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra bildirmişdir ki, o, notariat kontorunda aldadılmışdır, əslində Cavabdeh2 işlə bağlı 50000 (əlli min) ABŞ dolları almışdır. Cavabdehə inandığı üçün müqaviləni oxumadan imzalamışdır. Sadəcə 50 min ABŞ dolları alıb deyə imzaladığını bilmişdir. Borcundan 7000-8000 manat ödəmişdir. Kredit müqaviləsi bağlanan zaman ona təzyiq edilmişdir. İddiaçı Egri Burhaneddin sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının ona 80000 ABŞ dolları borcu vardır. Borcunu qaytaracağına söz versə də, lakin indiyədək borcunu qaytarmamışdır. İddiaçının təklifinə əsasən aralarında kredit müqaviləsi bağlanmış, iddiaçı özü həmin müqaviləni oxumaqla könüllü bağlamışdır. Sonra icra qeydi verilmişdir. İddiaçı 5000 manat icra şöbəsinin depozit hesabına keçirtmiş, o, sonradan həmin pulu icra şöbəsindən götürmüşdür. İddiaçının 80000 ABŞ dolları borcu barədə iş materiallarında başqa sübutlar da mövcuddur. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Gəncə “ASAN Xidmət” mərkəzinin notariat kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin maddi-hüquqi əsasları kimi Azərbaycan Respublikası MM-nin 389.1, 390.1, 399.1, 405.1, 406.1, 442, 443.1, 448.1, 448.2, 739.1 və 740-cı istinad etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri əqdin etibarsızlığı ilə bağlı yaranan mübahisədir və mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Borcverən Cavabdeh2 ilə borcalan Egri Burhaneddin arasında bağlanmış 02 aprel 2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borcverən Cavabdeh2 borcalan E.Burhaneddinə həmin günün məzənnə dəyəri ilə 136000 (bir yüz otuz altı min) manat məbləğində (80000 ABŞ dolları) borc pulu vermiş və borc alan krediti 02 avqust 2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Egri Burhaneddin tərəfindən notariat kontoruna ünvanlanmış 02 aprel 2018-ci il tarixli ərizədən görünür ki, Egri Burhaneddin Cavabdeh2 bu günün məzənnə dəyəri ilə 136000 (bir yüz otuz altı min) manat (80000 ABŞ dolları) pulu 02 avqust 2018-ci il tarixədək qaytarmaq şərti ilə borc alır. Həmin məbləği gətirmədiklərinə görə pulu notariusun bankda açılan depozit hesabına qoymadan aralarında bağlanan kredit (borc) müqaviləsinin təsdiq edilməsini xahiş etmişdir. Ərizə onun öz sözləri ilə tərtib edilmiş və ona görə imza etmişdir. Cavabdeh2 tərəfindən notariat kontoruna ünvanlanmış 02 aprel 2018-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 Egri Burhaneddinə bu günün məzənnə dəyəri ilə 136000 (bir yüz otuz altı min) manat (80000 ABŞ dolları) pulu 02 avqust 2018-ci il tarixədək qaytarmaq şərti ilə borc verir. Həmin məbləği gətirmədiklərinə görə pulu notariusun bankda açılan depozit hesabına qoymadan aralarında bağlanan kredit (borc) müqaviləsinin təsdiq edilməsini xahiş etmişdir. Ərizə onun öz sözləri ilə tərtib edilmiş və ona görə imza etmişdir. Egri Burhaneddin tərəfindən Azərbaycan Respublikası və Türkiyə Cumhuriyyətinin aidiyyəti orqanlarına ünvanlanmış 02 aprel 2018-ci il tarixli ərizədən görünür ki, X8 şəhəri Nizami küçəsi 19 saylı evdə qeydiyyatda olan Cavabdeh2 80000 (səksən min) ABŞ dolları borcludur. Həmin məbləği dörd ay müddətinə ödəməyə öhdəlik götürmüşdür. Göstərilən müddətdə həmin məbləği ödəməsə göstərilən məbləğin 20 faizini hər ay ödəməyi öhdəsinə götürür. Egri Burhaneddin tərəfindən Azərbaycan Respublikası və Türkiyə Respublikasının bütün səlahiyyətli orqanlarına ünvanlanmış, notariat kontorunda təsdiq edilmiş ərizədən görünür ki, X8 şəhəri Nizami küçəsi, ev 19 ünvanında qeydiyyatda olan Cavabdeh2 80000 (səksən min) ABŞ dolları məbləğində pul götürmüşdür. Həmin məbləği 4 ay müddətində Cavabdeh2 qaytarmağa söz vermişdir. Bununla bağlı gələcəkdə hər hansı mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Ərizə həqiqi niyyətinə uyğundur, əlavəsi yoxdur və imzası ilə təsdiq etmişdir. 01 oktyabr 2018-ci il tarixli iltizamdan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Türkiyə vətəndaşı Egri Burhaneddin iltizamı ondan ötrü vermişdir ki, Göygöl şəhəri, Nizami küçəsi, 19 saylı evdə yaşayan Cavabdeh2 02 aprel 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, aldığı 80000 ABŞ dolları borcu 3 ay müddətində, yəni 01 oktyabr 2018-ci il tarixdən 01 yanvar 2019-cu il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. Bu müddət ərzində 80000 ABŞ dolları borcu ödəyə bilməsə, Azərbaycan və Türkiyə Cumhuriyyətinin Mülki Qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. Egri Burhaneddin tərəfindən Abşeron Rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 05 oktyabr 2018-ci il tarixli ərizədən görünür ki, Egri Burhaneddinin 02 aprel 2018-ci il tarixli kredit müqaviləsinə əsasən tələbkar Cavabdeh2 80.000 ABŞ dolları məbləğində borcu vardır. O, xx.xx.2018-ci il tarixdə iltizam vermişdir ki, 80000 ABŞ dolları borcu 3 ay müddətində, yəni 01 yanvar 2019-cu il tarixə kimi ödəyəcəkdir. O, 05 oktyabr 2018-ci il tarixdə 80000 ABŞ dolları və ya 136.000 manat borcdan nəğd olaraq 1000 manat Cavabdeh2 ödəmişdir. Onun Cavabdeh2 79411,76 ABŞ dolları və ya 135.000 manat borcu qalmışdır. Söz vermişdir ki, həmin borcu könüllü olaraq hissə-hissə xx.xx.2019-cu il tarixə kimi ödəyəcəkdir. Egri Burhaneddin özü hüquqi şəxs KAEL Elektrik Elektronik MMC-nin rəhbəridir. Türkiyə Cümhuriyyətinə Azərbaycandan 2016-2017-ci illərdə ixrac etdiyi dəri və bağırsaq məhsullarının 1000.000 ABŞ dollarına yaxın dəyərini ala bilmədiyi üçün məhkəməyə vermişdir. Ona görə də Türkiyədəki məhkəmələrə gedib-gəlir. İşlə əlaqədar Gürcüstana, Türkiyəyə gedib gəlir və həmin ölkələrdən alacağı var. Ona görə də həmin pulları alıb gətirib 79411,76 ABŞ dolları və ya 135 min manat borcu 3 ay əzrində hissə-hissə könüllü olaraq tələbkara ödəyəcəkdir. Özü şirkət sahibi və iş adamı olduğu üçün onun ölkədən gedib-gəlməsinə qadağa qoyulmamağı və tələbkar Cavabdeh2 olan 79411,76 ABŞ dolları və ya 135.000 manat borcu ödəmək üçün ona xx.xx.2019-cu il tarixə kimi möhlət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin edilməməlidir. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən 02 aprel 2018-ci il tarixli kredit müqviləsinə əsasən borcverən Cavabdeh2 borcalan E.Burhaneddinə həmin günün məzənnə dəyəri ilə 136000 (bir yüz otuz altı min) manat məbləğində (80000 ABŞ dolları) borc pulu vermiş və borc alan krediti 02 avqust 2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı, iddia etmişdir ki, ona heç bir pul verilmədiyini, kredit müqaviləsinin cavabdehin təsiri təsiri altında, eləcə də aldadılmaqla bağlandığını irəli sürməklə müqvilənin etibarsız sayılmasını xahiş etmişdir Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar, yəni xx.xx.2018-ci il tarixli müqaviləni təsir və məcburiyyət altında, eləcə də aldatma ilə bağlaması ümumiyyətlə sübuta yetirilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya iddiaçının kredit müqaviləsinə əsasən ona pul verilmədiyindən müqavilənin etibarsız olması dəlilinə də qiymət verərək qeyd edir ki, əvvəla həmin müqavilə əsasında 80.000 ABŞ dolları verildiyi həm müqavilə ilə, həm notariat kontorundan verilmiş rəsmi sənədlərlə müəyyən olunur; digər tərəfdən, iddiaçı pul verilmədiyini iddia etsə də, iş materiallarında olan onun müxtəlif dövlət orqanlarına etdiyi müraciət ərizələrində həmin məbləğdə Cavabdeh2 borlu olduğunu etiraf etmişdir. İddiaçının 02 aprel 2018-ci il tarixli müqaviləni təsir və məcburiyyət altında bağlamasının sübuta yetirilmədiyi barədə gəldiyi qənaətə uyğun olaraq kollegiya həmçinin hesab edir ki, bir şəxsin kredit məbləğini almadığı halda külli miqdarda borc öhdəliyi daşımasını nəzərdə tutan müqaviləyə imza atması ağlabatan olmadığı kimi, mötəbər dəlillər təqdim edilmədən həmin müqavilənin etibarsız hesab edilməsi hüquq və azadlıqların məhkəmə təminatına da zərbə vura bilər. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin yuxarıda şərh olunan hallarına əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; beləliklə də hər hansı aldatma və ya təsirdən bəhs etmək mümkün deyildir. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, tam fəaliyyət qabiliyyətli olan iddiaçı cavabdeh ilə 02 aprel 2018-ci il tarixdə notariat qaydasında “kredit müqaviləsi” bağlayarkən özünün sərbəst iradə ifadəsini nümayiş etdirmiş, müqaviləni imzalamışdır. Müqavilənin şərtləri kifayət qədər aydın və səlis şəkildə ifadə olunmuşdur. İddiaçının istinad etdikləri isə iş üzrə tərəflər arasında bağlanmış 02 aprel 2018-ci il tarixli “kredit müqaviləsi”-nin iddiaçının aldadılması və təsir ilə bağlanmasına dəlalət etmir. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır və iddianın təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil. Azərbaycan Respublikası MPM-nin: 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(066)-864/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384, 385, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Egri Burhaneddin tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(066)-864/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Egri Burhaneddinin cavabdehlər Cavabdeh2 və Gəncə “ASAN Xidmət” mərkəzinin notariat kontoruna qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar