Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-615/2023 04.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Ağstafa Rayon Məhkəməsinin 2(015)-826/2022 saylı mülki iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3500nkSTB2/21 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh 60 ay müddətinə, illik 18 faiz ödənilməsi şərtilə 7665 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Həmin kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh aldığı 7665 manat məbləğində kreditə görə 4252.8 manat məbləğində faiz ödəməyi öz öhdəsinə götürmüşdür.
2. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 3500nkSTB2/21 saylı kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" KB ASC-yə xx.xx.2022ci il tarixə 7665 manat əsas borc, 917.18 manat faiz borcu, 1.51 manat cərimə borcu olmaqla, cəmi 8583.69 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7665 manat əsas, 917.18 manat faiz, 1.51 manat cərimə borcu olmaqla, cəmi 8583.69 manat borcun, 0.40 manat xidmət haqqının və 105.84 manat dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün xx.xx.2026-cı il tarixədək illik 18 % ödəmək şərti ilə 7665 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit nüqaviləsi üzrə 07 iyun 2022-ci il tarixinə iddiaçı banka 7665 manat əsas, 917.18 manat faiz, 1.51 manat cərimə borcu olmaqla, cəmi 8583.69 manat borcu yaranmışdır.
5. Ağstafa Rayon Məhkəməsinin 2(015)-826/2022 saylı mülki iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə ( hakim: N.Abbasov) iddia təmin edilmiş, Cavabdeh 7665 manat əsas, 917.18 manat faiz, 1.51 manat cərimə borcu olmaqla, cəmi 8583.69 manat borcun, 0.40 manat xidmət haqının və 105.84 manat dövlət rüsumunun "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 449.1. 462.1 və 739-cu maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)- 826/2022 saylı mülki iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını ümumiyyətlə araşdırmamış, məhkəmə ancaq birtərəfli qaydada öz fikirləri ilə kifayətlənmişdir. Qeyd etmişdir ki, birinci instansiya məhkəməsində ondan tələb edilən məbləğlə razılaşmamış və məhkəməyə vəsatət verərək borcunun düzgün hesablanmadığını, bu səbəbdən də iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsini xahiş etməsinə baxmayaraq, məhkəmə tərəfindən onun hüquqları kobud şəkildə pozulmuşdur. Həmin vəsatət müzakirə belə edilmədən birtərəfli məhkəmə aktı qəbul edilmiş, bununla da prosessual hüquq normaları pozulmuşdur. Ona görə də hesab edir ki, ədalətli araşdırma aparılması üçün Ağstafa Rayon Məhkəməsinin sözügedən qətnaməsi bütovlükdə ləğv edilməli və borcun yenidən hesablanması üçün ekspertizaya göndərilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi və Cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh nümayəndəsi (atası) X1 məhkəməyə teleqram göndərərək işin məhkəmə baxışının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Lakin, hansı səbəbdən Cavabdeh özünün və onun məhkəməyə gələ bilmədikləri barədə heç bir məlumat verməmişdir Məhkəmə kollegiyası işin məhkəmə baxışının başqa vaxta təxirə salınmasına lüzum görməmiş və Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
14. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
15. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə.185.6.İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
22. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
25. Belə ki, Cavabdeh apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, kredit borcu artıq hesablanmışdır. Bu səbəbdən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməli olduğunu bildirmişdir.
26. Məhkəmə kollegiyası iş materiallarına əsasən hesab edir ki, cavabdehin kredit borcunun müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət yoxdur.
27. Belə ki, artıq yuxarıda da qeyd edildiyi kimi, mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli, 3500nkSTB2/21 saylı kredit müqaviləsinə əsasən, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 18 faiz olmaq şərtilə 7665 manat məbləğində kredit verilmişdir..Həmin kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh aldığı 7665 manat məbləğində kreditə görə, cəmi 4252.8 manat məbləğində faiz ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəf kreditin verilməsi məsələsini mübahisələndirməmişdir İş materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, krediti aldıqdan sonra, cavabdeh kredit borcundan heç bir məbləğdə ödəniş etməmişdir. Eləcə də, cavabdeh apellyasiya şikayətində borcun düzgün hesablanmadığını bildirsə də, həmin borcdan hər hansı bir məbəğdə ödəniş etməsi barədə ödəniş qəbzlərini apellyasiya şikayətinə əlavə etməmiş, həmçinin məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatı olmasına baxmayaraq heç bir əsas göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş və borcdan hər hansı bir məbəğdə ödəniş etməsi barədə heç bir sübut təqdim etməmişdir. Ona görə də kollegiya hesab edir ki, iş üzrə kredit borcunun düzgün müəyyən edilib-edilməməsi ilə bağlı məhkəmə müşasibatlıq ekspertizasının keçirilməsinə heç bir zərurət yoxdur. Cavabdehin əsas və faiz borcu düzgün hesablanmışdır.
28. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına MPM-in 77.1-ci maddəsinin tələblərinə əsasən hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla, əsaslandırılmamışdır.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmiş, cavabdeh tərəfin əsas və faiz borcunu düzgün müəyyən etmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin 2(015)-826/2022 saylı mülki iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 30.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-826/2022 saylı mülki iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.