Məhkəmə qərarları › İş №2(104)-615/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-615/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-615/2024 20.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2(125)-5828/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2019cu il tarixli, ******* nömrəli müqavilə üzrə 1064,98 manat əsas borcun, 164,50 manat cərimənin və ödənilmiş 33 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2(125)-5828/2023 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia təmin edilərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* nömrəli müqavilə üzrə 1064,98 manat əsas, 164,50 manat cərimə olmaqla, cəmi 1229,48 (bir min iki yüz iyirmi doqquz manat 48 qəpik) manat pulun və ödənilmiş 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış ******* saylı alğı-satqı müqaviləsinə əsasən, cavabdeh cəmi 2740 manat dəyərində Orion markalı soyuducu, Orion markalı paltaryuyan və Orion markalı televizor almışdır. Cavabdeh 2740 manat məbləğində pulu hər ay 152,22 manat olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi üzərinə götürmüşdür. Məişət avadanlıqları işlək vəziyyətdə cavabdehə təqdim edilmiş, bu barədə tərəflər arasında akt tərtib edilərək imzalanmışdır. Lakin cavabdeh müqavilə üzrə 1064,98 manat borcunu ödəməyərək öhdəliyin icrasından yayınmışdır. Alğı-satqı müqaviləsinin 11-ci bəndinə uyğun olaraq tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, borclu müxtəlif bəhanələrlə müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınaraq kreditor "xxxx" MMC-yə ciddi ziyan vurmuşdur. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh hissə-hissə ödəmək şərti ilə "xxxx" MMC-dən Orion markalı soyuducu, Orion markalı paltaryuyan və Orion markalı televizor almışdır; Satılmış əşyaların təhvil verilməsi haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, dəyəri 1596 manat olan Orion markalı soyuducu, dəyəri 924 manat olan Orion markalı paltaryuyan maşın və dəyəri 900 manat olan Orion markalı televizor Cavabdeh qüsursuz vəziyyətdə təhvil verilmişdir; xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan əsas borcu 1064,98 manat, cərimə borcu 164,50 manat təşkil edir; xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 14 may 2019-cu il tarixdə cehiz əşyaları kimi Orion markalı soyuducu, Orion markalı paltaryuyan və Orion markalı televizor götürmüşdür. Ona verilmiş malın əvəzinin ödənilməsini qrafik üzrə hər ay dəyişilməz olaraq 152.22 manat olmaqla 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Həmin malları götürərkən satış üzrə mütəxəssis ona hər bir mal üçün, yəni Orion markalı soyuducu, Orion markalı paltaryuyan və Orion markalı televizor üçün ayrı-ayrılıqda 3 il rəsmi zəmanətlərinin olduğunu bildirmişdir. Bu barədə ona zəmanət talonları da verilmişdir və üç il ərzində hər hansı bir problem olduğu təqdirə onlara müraciət etməyi ona izah edilmişdir. Qeyd etdiyi kimi, həmin əşyalar cehiz üçün alındığı üçün istifadə olunmamışdır. Necə almışdısa elə də qablaşdırılmış halda dururdu. Lakin həmin əşyaların ödənişlərini vaxt-vaxtında qrafik üzrə ödəyirmiş. Bir müddət sonra cehiz əşyaları kimi aldığı mallar işlədərkən məlum olmuşdur ki, Orion markalı televizor qüsurludur, ekranında böyük bir xətt var, görüntü demək olar ki, yoxdur. Dərhal vaxt itirmədən həmin Orion markalı televizoru aldığı mağaza ilə əlaqə saxlamış və həmin televizoru onlara satan Zöhrab adlı satıcıya televizorun qüsurlu olduğunu bildirmişdir. Bundan sonra mağaza tərəfindən bizim evə əməkdaşlar göndərildi, həmin mağazanın əməkdaşları yerində televizora baxış keçirtdilər və həqiqətən də televizorda qüsür olduğu bildirildi. Təxminən 1 ay keçməsinə baxmayaraq mağazadan nə onlarla hər hansı bir əlaqə saxlanılmamış, nə də ki, qüsurlu televizoru onlardan götürməmişlər. Həmin vaxtdan 2-3 ay keçməsinə baxmayaraq televizor barədə onlara məlumat verilmədiyindən həmin televizora görə ödəniş etməmişdir. Dəfələrlə Zöhrab adlı satıcı ilə danışmış, bir müddət sonra Zöhrab bildirmişdir ki, servis əlavə olaraq 50 manat pul istəyir. Bu mübahisəyə görə DİN 102 xidmətinə də müraciət etmiş və kobud rəftar, qanunsuzluq barədə məlumat vermişdir. Bununla bağlı polis əməkdaşları tərəfindən Polis İdarəsinə dəvət olunmuş, müvafiq araşdırma aparılmışdır. Araşdırılma Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi X2 iştirakı ilə aparılmış və mağazanın satıcısı Zöhrab adlı şəxs yazılı izahat verərək bildirmişdir ki, həqiqətən də həmin qüsurlu Orion markalı televizoru vaxtında mağazaya təhvil vermiş və həmin televizoru o, məndən qəbul edərək servisə göndəribdir. Həmin izahatın surətinin apellyasiya şikayətinə əlavə edilməsi üçün Gəncə Şəhər Baş Polis İdarəsinin 4cü Polis Bölməsinin polis sahə rəisi X1 istədim, lakin məhkəmənin sorğusu olmasa həmin izahatın verilməyəcəyi bildirildi. Əlavə olaraq qeyd edir ki, xx.xx.2019-cu il tarixli ******* nömrəli müqavilə üzrə iddiaçıdan xx.xx.2019- cu il tarixdə götürdüyü Orion markalı soyuducunun və Orion markalı paltaryuyanın pulu tərəfindən tam şəkildə vaxtında ödənilmişdir. Onların mübahisəsi yalnız nasaz qüsurlu vəziyyətdə olan və tərəfindən Zöhrab adlı satıcıya qaytarılmış Orion markalı televizorla bağlıdır. Prosessual məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 394-1.1-ci maddəsinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə görə apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Göstərilən prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını qanunamüvafiq hesab etmişdir. Həmçinin qeyd olunmalıdır ki, işə yazılı icraat qaydasında baxılmasını istisna edən iş üzrə əlavə araşdırma, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti kimi hallar mövcud deyildir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə ******* saylı alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıdan cəmi 2740 manat dəyərində olan Orion markalı soyuducu, Orion markalı paltaryuyan və Orion markalı televizor almışdır. Cavabdeh 2740 manat məbləğində pulu hər ay 152,22 manat olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi üzərinə götürmüşdür. Məişət avadanlıqları işlək vəziyyətdə cavabdehə təqdim edilmiş, bu barədə tərəflər arasında akt tərtib edilərək imzalanmışdır. Lakin cavabdeh müqavilə üzrə 1064,98 manat borcunu ödəməyərək öhdəliyin icrasından yayınmışdır. Cavabdeh bildirir ki, alqı-satqı müqaviləsi üzrə iddiaçıdan aldığı televizor qüsurlu olduğundan həmin əşyanı "xxxx" MMC-nin servisinə təqdim etmiş, sonra isə əşyanı servisdən götürməmişdir. Ona görə də satıcı "xxxx" MMC-yə borcu yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisə nisyə alqısatqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması ilə bağlı yaranan mübahisədir və qanunvericiliyin həmin münasibətləri hüquqi baxımdan tənzim edən normaları əsasında həll edilməlidir. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin kökündə tələb etmənin əsası xx.xx.2019-cu il tarixli ******* nömrəli nisyə alqısatqı müqaviləsi dayanır. Məhz satıcı iddiaçı həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdeh alıcıdan borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 567-ci maddəsində alğı-satqı müqaviləsinə verilən tərifdə göstərilmişdir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 598.1 və 598.2-ci maddələrinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun Həmin Məcəllənin 601.2-ci maddəsinə görə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər sərbəst iradə ifadə edərək öz aralarında 14 may 2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsini bağlamışlar və həmin müqavilə ilə öz hüquq və vəzifələrini müəyyənləşdirmişlər. Sözügedən alqı-satqı müqaviləsinin 7.1-ci bəndində qeyd edilmişdir ki, satılan əşya üzərində mülkiyyət hüququ, habelə onun təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski bu müqavilə imzalandığı andan alıcıya keçir. Müqavilə imzalandıqdan əşyanın qiyməti tam ödənilən müddətədək əşyanın alıcının təqsiri olub-olmamasından asılı olmayaraq məhv olması və ya zədələnməsi, alıcını əşyanın qiymətini tam məbləğdə ödəməsi vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh qalıq borcunun ödənilmiş olması barədə arqumenti olmamışdır. Sonuncunun arqumenti ondan ibarət olmuşdur ki, satıcı "xxxx" MMC-dən aldığı Orion markalı televizor qüsurlu olduğundan həmin əşyanı satıcının servisinə təqdim etmiş, sonra isə əşyanı servisdən götürməmişdir, buna görə həmin televizorun dəyərini satıcıya ödəməli deyil. Həqiqətən də alıcı Cavabdeh tərəfindən alınmış Orion markalı televizorda zədələnmə və ya qüsur olsa belə, bu hal alıcını əşyanın dəyərini satıcıya ödəmək vəzifəsindən azad etmir. Çünki yuxarıda da göstərildiyi kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 7.1-ci bəndində bu barədə şərt mövcuddur. Bununla yanaşı, məhkəmə kollegiyası mülki qanunvericiliyin «lazımi keyfiyyəti olmayan əşyanın verilməsinin nəticələri»-dən bəhs edən müddəalarına nəzər yetirilməsini zəruri hesab edir. Mülki Məcəllənin 587.1-ci maddəsinə görə, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Göründüyü kimi, mülki qanunvericilik lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıya qarşı öz seçimi ilə hansı tələbləri irəli sürə biləcəyini müəyyən edir. Məhkəmə kollegiyası işin qeyd olunan hallarını nəzərə alaraq iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır. Apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, qətnamə yoxlanılan hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, və 402.1-ci maddələrini rəhbər tutaraq, QƏT Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2(125)-5828/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar