Məhkəmə qərarları › İş №2(104)-616/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-616/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-616/2024 05.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 2(125)-6406/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, mərhum X3 vərəsəsi Cavabdeh 5583.14 manat əsas borcun, ödənilmiş 75.84 manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik xidmət haqqının tutulması etmişdir. Gəncə Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 2(125)-6406/2023 nömrəli qətnaməsi ilə (hakim Mustafa Mustafayev) iddia qismən təmin edilərək, cavabdeh X3 vərəsəsi Cavabdeh 1636.26 (bir min altı yüz otuz altı manat,iyirmi altı qəpik) manat əsas borc, 22.24 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASCyə verilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, X4 "xxxx" ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli BPM**********40 nömrəli kredit müqaviləsinə əsasən 6500 manat məbləğində kredit götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 1 saylı X7 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş məktubdan görünür ki, 1 saylı X7 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən X3 miras əmlakına dair ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh miras payı əldə etməsi barədə xx.xx.2022-ci il tarixli, 2V-867 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X3 banka 5583.14 manat borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam yerinə yetirməmişdir. İş materiallarında olan: İddiaçı bankla cavabdeh X4 arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli BPM**********40 nömrəli kredit müqaviləsindən görünür ki, Bank cavabdehə illik 22 faiz olmaqla 48 ay müddətinə 6500 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin kredit və faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X3 iddiaçı Banka 5583.14 manat borcu qalmışdır; Ölüm haqqında şəhadətnamədən görünür ki, cavabdeh X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir; 1 saylı X7 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-867 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 190470 nömrəli məktuba əsasən miras qoyan- X3 adına qalan 1636.26 AZN (bir min altı yüz otuz altı manat,iyirmi altı qəpik) pul vəsaitindən ibarətdir; İddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı bank cavabdehə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1307-ci maddəsini nəzərə almamışdır. Həmin maddənin tələbinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Göründüyü kimi, Cavabdeh 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etmiş və həmin ərizə əsasında vərəsəlik işi açılaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da Cavabdeh mirası qəbul etmişdir. Lakin vərəsəlik haqqında şəhadətnamə mirasın notarius tərəfindən siyahıya alınması demək deyil. Ona görə də vərəsə vərəsəlik haqqında şəhadətnamədə göstərilən miras əmlakdan başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıyır. Cavabdeh tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Vərəsə miras qoyanın borclarını kreditor qarşısında miras aktivi həddində ödəməyə borcludur. Həmçinin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi vərəsələrin üzərinə qoyulmuşdur. Apellyasiya şikayətinə dair tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmaması hissədə ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamış, iddia tələbinin hansı səbəbdən tam təmin olunmaması aydın şəkildə göstərilməmişdir. Halbuki, MPM-in 220-ci maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası iddia tələbini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5583,14 manat borc tutularaq iddiaçı "xxxx" ASC-yə verilməsi müəyyən edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan X4 arasında 29 sentyabr 2021-ci il tarixli BPM**********40 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya 6500 manat kredit verilmişdir. X1 18 dekabr 2021-ci il tarixdə ölmüşdür. Bundan sonra 1 saylı X7 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən X1nun miras əmlakına dair ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh miras payı əldə etməsi barədə 22 avqust 2022-ci il tarixli, 2V-867 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 190470 nömrəli məktuba əsasən miras qoyan X3 adına qalan 1636.26 manat pul vəsaitindən ibarətdir. Bununla yanaşı müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən mərhum X1nun banka 5583.14 manat borcu qalmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisəyə qanunvericiliyin aşağıdakı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmçinin həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh mərhum (borclu) X3 vərəsəsi hesab edilərək miras əmlakdan tam hissədə irs almışdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 190470 nömrəli məktuba əsasən miras qoyan X3 adına qalan 1636.26 manat pul vəsaitindən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Cavabdeh (vərəsə) Cavabdeh miras aktivini qəbul etdiyinə görə bilavasitə miras passivini də qəbul etmiş olur və beləliklə miras qoyanın kreditorunun mənafelərini ödəməyə borcludur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Qeyd olunan Qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mərhum X1nun iddiaçı "xxxx" ASC-yə olan borcu 5583,14 manat, ondan Cavabdeh keçən miras əmlak isə 1636.26 manatdır. Mülki Məcəllənin 1307-ci maddəsində göstərilir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə kollegiyası istinad olunan normanın dispozisiya şərtlərini hazırkı işin faktiki halları ilə sistemli şəkildə tədqiq edərək qeyd edir ki, cavabdeh (vərəsə) Cavabdeh mərhum borclu Xaqani Musayevin borcunun sonuncudan miras qalmış əmlakdan çox olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki yuxarıda qeyd edilən normanın məzmunundan göründüyü kimi qanunvericilik miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsini vərəsənin üzərinə qoymuşdur. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 76,24 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tələb qiymətləndirilən iddia olmaqla iddianın qiyməti 5583,14 manatdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək, cavabdehdən 1636,26 manat tutulmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnaməni mübahisələndirmədiyindən hazırkı apellyasiya baxışının predmetini iddiaçının apellyasiya şikayəti üzrə iddia tələbinin təmin olunmamış hissəsi, yəni (5583,14-1636,26) 3946,88 manat hissə təşkil etmişdir. Ona görə də, mübahisələndirilən hissə də, iddianın qiyməti 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 2(125)-6406/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 5583,14 manat borc, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 76,24 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən kassasiya şikayət verilə bilməz. Qətnamə qəbul olunduğu andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar