Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-62/2024 12.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4, həmçinin etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli 2(076)- 1304/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 19380 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddianın həcminin artırılması barədə ərizə verərək, Cavabdeh 24080 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddianın həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh 19080 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli 2(076)-1304/2021 nömrəli qətnaməsi ilə (hakim Taleh Musayev) iddia təmin edilərək, Cavabdeh “X9 7” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi zərərə görə 19080 (on doqquz min səksən) manat məbləğində pulun alınıb İddiaçı QSC-yə verilməsi; Ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı QSC-yə verilməsi; Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2022-ci il tarixli 2(104)- 722/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Şəmkir Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli 2(076)-1304/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2022-ci il tarixli 2(102)- 4516/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2022-ci il tarixli 2(104)-722/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İşin faktiki halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 02 avqust 2020-ci il tarixdə saat 15:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21074” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonundan Gədəbəy rayonu istiqamətində hərəkətdə olarkən Şəmkir rayonu Çənlibel kəndinin ərazisində qarşı hərəkət zolağına çıxaraq ötmə əməliyyatı etmiş, bu zaman qarşıdan gələn “X9 7” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilin sahibinə, yəni İddiaçı QSC-yə maddi zərər, öz idarə etdiyi avtomaşında sərnişin olan X1 yüngül zərər yetirmişdir. Şəmkir Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 3(076)-218/2021 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmiş və 400 manat məbləğində inzibati cərimə edilmişdir. Hadisə nəticəsində “VAZ 21074” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortası İddiaçı QSC-yə 5.000 manat məbləğində vəsait ödəmiş, 19080 manat maddi ziyan isə ödənilməmiş qalmışdır. Dəfələrlə cavabdehdən dəymiş maddi ziyanın ödənilməsi tələb edilsə də, müsbət nəticə olmamışdır. İş materiallarında olan: AD seriyalı 779796 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2019-cu il buraxılışlı, “X9 7” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur; “X10 Azerbaijan” Texniki Xidmət Mərkəzinin 01 fevral 2021-ci il tarixli ilkin qiymətləndirmə aktında qeyd edilmişdir ki, 2019-cu il buraxılışlı, “X9 7” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ümumilikdə 24380 manat məbləğində olan 43 adda ehtiyat hissələri dəyişdirilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2021-ci il tarixli, 9/3925 nömrəli ekspert rəyindən görünür ki, “X10 Azerbaijan” Texniki Xidmət Mərkəzinin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “X9 7” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 24080 manat müəyyən edilir; "xxxx" QSC tərəfindən verilmiş əməliyyatın təfərrüatı adlı sənəddən görünür ki, PGU- 202396 saylı sığorta aktına əsasən icbari zərər ödənişi olaraq "xxxx" ASC tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin bank hesabına 5000 manat nağdsız mədaxil edilmişdir; 09 fevral 2022-ci il tarixli avtomobilin təmir aktında qeyd edilmişdir ki, dəyişilmiş ehtiyat hissələrinin və xidmət haqqının dəyəri ümumilikdə 24380 manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2021-ci il tarixli 9/3925 nömrəli ekspert rəyindən görünür ki, “X10 Azerbaijan” Texniki Xidmət Mərkəzinin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “X9 7” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 24080 manat müəyyən edilir; Hazırkı apellyasiya baxışı zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2024-cü il tarixli 8/3638-9/9230 nömrəli rəyində qeyd edilmişdir ki, “X10 Azerbaijan” tərəfindən tərtib edilmiş 12 fevral 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “X9 7” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avto ehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 22543 manat müəyyən edilir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki,“X9 7” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği çox hesablanmışdır. Ekspertizanın rəyi ilə maddi ziyan düzgün hesablanmamışdır. Həmçinin, ekspertizanın keçirilməsi barədə ona məlumat verilməmişdir. Ona görə də iş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməli, ekspertizanın keçirilməsi başqa ekspertə həvalə edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş maddi ziyan məbləği avtomobilə dəymiş real ziyan məbləği deyil. İddiaçı tərəfə təklif edilmişdir ki, avtomobil cavabdeh tərəfindən təmir olunaraq onlara təhvil verilsin, lakin iddiaçı tərəf bu təkliflə razılaşmamışdır. İddiaçı ziyan aktına əsasən dəymiş ziyan tələb edir. Halbuki iş materiallarına əlavə edilmiş avtomobilin qəzadan sonrakı fotoşəkillərinə nəzər yetirdikdə açıq aydın müəyyən olunur ki, avtomobilin aktda yarasız kimi göstərilmiş ehtiyyat hissələrinin çox hissəsi zədələnməmişdir. Bundan başqa sığorta şirkəti tərəfindən iddiaçıya dəymiş ziyanın əvəzi olaraq 5000 manat vəsait ödənilmişdir. Hesab edirlər ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş ziyan tam olaraq ödənilmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 da vəkil (nümayəndə) Nümayəndə2 ilə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, “X9 7” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi baş verən zaman cəmi iki-üç ayın avtomobili olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsindən sonra avtomobil təmir edilmişdir. Lakin uzun müddət keçdiyinə görə avtomobilin təmir-bərpa işlərinə çəkilmiş xərclər barədə sənədləri məhkəməyə təqdim edə bilmirlər. Sözügedən avtomobil iki il əvvəl satılmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasın xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Sonuncu məhkəmə iclasında nümayəndələri vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh “X9 7” markalı **- PJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi zərərə görə 19080 (on doqquz min səksən) manat məbləğində pulun alınıb İddiaçı QSC-yə verilməsi” hissədə dəyişdirilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsus “X9 7” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi 10585 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Cavabdeh 02 avqust 2020-ci il tarixdə saat 15 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21074” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonundan Gədəbəy rayonu istiqamətində hərəkətdə olarkən Şəmkir rayonu Çənlibel kəndinin ərazisində qarşı hərəkət zolağına çıxaraq ötmə əməliyyatı etmiş, bu zaman qarşıdan gələn “X9 7” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilin sahibinə, yəni "xxxx" QSC-yə maddi zərər, öz idarə etdiyi avtomobildə sərnişin olan X1 yüngül zərər yetirmişdir. Şəmkir Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 3(076)-218/2021 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmiş və 400 manat məbləğində inzibati cərimə edilmişdir. Hadisə nəticəsində dəymiş zərərə görə “VAZ 21074” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortası tərəfindən İddiaçı QSC-yə 5000 manat məbləğində icbari sığorta ödənişi edilmişdir. İddiaçı QSC mülkiyyətində olan “X9 7” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın tam olaraq ödənilmədiyini və qalıq ziyan məbləğinin ödənilməsinin cavabdehə təklif edilməsinə baxmayaraq sonuncunun bundan imtina etdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisəyə qanunvericiliyin aşağıdakı normaları əsasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə yüksək təhlükə mənbəyi olan “VAZ 21074” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı nişanlı avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini həmin avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirilən Cavabdeh üzərinə qoyulmalıdır. Bundan başqa cavabdeh tərəf kollegiyanın iclasında verdikləri izahatlarında və apellyasiya şikayətində Cavabdeh təqsirli olması ilə bağlı məsələni deyil, əsasən vurulmuş maddi zərərin məbləği ilə bağlı məsələni mübahisələndirmişdir. Göründüyü kimi baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən iddiaçı "xxxx" QSC-yə maddi ziyan vurulması işin mübahisəsiz halıdır. İşin mübahisə doğuran tərəfi dəymiş ziyanın hansı məbləğdə olmasının müəyyən edilməsindən ibarətdir. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası nəticəsində Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli ekspertiza rəyi ilə yalnız işdə olan və iddiaçı tərəfindən təqdim edilmiş 01 fevral 2021-ci il tarixli qüsur aktına əsaslanmaqla zərərin həcmi müəyyən edilmiş və ekspertiza rəyi mötəbər sübut kimi qəbul edilmişdir. Ekspertiza tədqiqatı zamanı nə avtomobilin mövcud vəziyyətinə, nə də qəzadan sonrakı fotoşəkillərinə baxış keçirilməmişdir. Belə olan halda avtomobilə vizual baxış keçirilmədən verilmiş ekspert rəyinin əsaslılığı şübhə altına alınır. Cavabdehin təkrar ekspertiza keçirilməsinə dair vəsatəti isə avtomobilin artıq təmir edilməsi əsası ilə təmin edilməmişdir. Həmçinin kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçı apellyasiya baxışı zamanı avtomobilin təmir edildiyinə dair akt təqdim etsə də, bu aktın mötəbərliyi məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, əvvəla, X5 tərəfindən verilmiş 09 fevral 2022-ci il tarixli aktda avtomobilin təmir edilmiş hissələrinə çəkilmiş xərclərin məbləğləri eynilə iddiaçının iddia ərizəsi ilə birlikdə təqdim etdiyi 01 fevral 2021-ci il tarixli qüsur aktında qeyd edilən məbləğlərlə eyni olmuşdur. Bu hal isə həm 1 il ərzində avtomobil ehtiyat hissələri və təmir xərclərinin bazar dəyərlərinin dəyişməsi, həm də avtomobil aşınma dərəcəsinin xüsusiyyətləri nəzərə alındıqda ağlabatan hesab edilə bilməz. İkincisi, iş materiallarında iddiaçının avtomobilin təmiri zamanı bu xidmətləri aldığına dair, yəni 24380 manat məbləğində pulun təmir edən şəxsə ödənilməsinə dair hər hansı təsdiqedici sübut müəyyən edilməmişdir. Hazırkı apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq iş üzrə məhkəmə avtotexnik və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2024-cü il tarixli 8/3638-9/9230 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, “X9 7” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsindən sonra təmir olunmuşdur. Yol nəqliyyat hadisələri eksperti tərəfindən təmir olunmuş avtomobilə vizual baxış keçirilməklə hadisə zamanı zədələnmiş avto ehtiyat hissələri müəyyən etmək mümkün deyil. Avtomobilin tam şəkildə hansı hissələrinin zədələnməsini avtomobilin qəzalı vaxtında ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin foto görüntülər avtomobilin xarici səthində bəzi hissələr üzərində əzilmənin formasını, xarakterini dəqiq təyin etməyə imkan vermədiyindən, həmin hissələrin dəyişilməli və yaxud təmirə ehtiyac olması haqqında ekspert tərəfindən konkret nəticəyə gəlmək mümkün olmur. Belə ki, avtomobilin foto görüntülərindən kənarda olan sahələrində də zədələrola bilər. Foto görüntülərdən kənarda olan sahələrdə, yəni avtomobilin salonunda, mühərrik bölməsində, transmissiyasında, gediş hissəsində, aqreqat və mexanizmilərində, həmçinin görünməsi digər hissələrdə məhdudlaşan yerlərdə zədələrin olub-olmamasını isə ümumiyyətlə aşkar etmək mümkün deyildir. Odur ki, qeyd olunan suallar üzrə yol-nəqliyyat hissələri ekspertizaları aparılmır. Nəzəri hesablama yolu ilə iddiaçı “X10 Azerbaijan” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı, “X9 7” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməli olan avto ehtiyat hissələrinin ümumi dəyəri 20880 manat, təmir bərpa işlərinin dəyəri isə 3300 manat olmaqla avtomobilə dəymiş ziyan məbləği cəmi 24180 manat müəyyən edilmişdir. Ekspert tərəfindən avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə dəymiş ziyan məbləği 22543 manat müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, hazırkı apellyasiya baxışı zamanı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi vermiş olduğu izahatında “X9 7” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin artıq təmir olunduğunu və satıldığını bildirmişdir. Bu səbəbdən də İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsus “X9 7” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin real vəziyyətinə vizual baxış keçirilməklə avtomobilin zədələnmiş ehtiyat hissələrini müəyyən etmək mümkün olmamışdır. İşin yuxarıda sadalanan hallarını nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsus “X9 7” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş hissələrinin müəyyən olunması üçün 29 iyul 2021-ci il tarixli 9/3925 nömrəli ekspert rəyi sözügedən avtomobilin qəzadan sonrakı fotoşəkilləri ilə birlikdə müqayisəli şəkildə araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2021-ci il tarixli 9/3925 nömrəli ekspert rəyində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsus 2019-cu il buraxılışlı, “X9 7” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməli olan avto ehtiyat hissələri və onların dəyəri ayrı-ayrılıqda göstərilməklə ümumi dəymiş ziyan 24080 manat məbləğində müəyyən edilmişdir. Diqqət yetirilməli haldır ki, ekspert “X10 Azerbaijan” tərəfindən tərtib edilmiş qüsur aktına əsasən həmin avto ehtiyat hissələrinin zədə alması və dəyişdirilməli olduğunu öz rəyində göstərmişdir. Lakin ekspertin həmin nəticəyə gələrkən nə avtomobilin real vəziyyətinə vizual baxış keçirtməsi, nə də ki, avtomobilin qəzadan sonrakı foto şəkillərini tədqiq etməsi 29 iyul 2021-ci il tarixli 9/3925 nömrəli rəydən müəyyən olunmur. Azərbaycan Respublikasının MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndində göstərilmişdir ki, digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə kollegiyası 29 iyul 2021-ci il tarixli 9/3925 nömrəli ekspert rəyi ilə qismən razılaşaraq, avtomobilin qəzadan sonrakı fotoşəkilləri ilə ekspert rəyini əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, iş üzrə verilmiş ekspert rəyində qəza nəticəsində avtomobilin 690 manat dəyərində üst dam örtüyü, 125 manat dəyərində kabinanın polunun sol iç hissəsi, 5620 manat dəyərində raması, 330 manat dəyərində ön podpressi, 265 manat dəyərində sol ayaqaltısı, 985 manat dəyərinə ön sağ oturacağı, 375 manat dəyərində damın obivkası, 105 manat dəyərində sol təhlükəsizlik kəməri dəyişdirilməli olduğu göstərilsə də, lakin kollegiyanın iclasında araşdırma zamanı qəza nəticəsində sözügedən avtomobilin sol yan hissədən zədə aldığı müəyyən olunmaqla, qeyd olunan avto ehtiyat hissələrinin qəza nəticəsində zədələnməsi və yaxud yararsız vəziyyətə düşməsi iş materiallarına əlavə edilmiş avtomobilin qəzadan sonrakı fotoşəkilləri ilə müəyyən olunmamışdır. Məhkəmə kollegiyası yuxarıda sadalanlara əsasən qeyd edir ki, “baş vermiş qəza nəticəsində X9 7” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ekspert rəyində qeyd olunan zədələnməsi gözlə görünən ehtiyat hissələri istisna olunmaqla, həmin avtomobilin 690 manat dəyərində üst dam örtüyü, 125 manat dəyərində kabinanın polunun sol iç hissəsi, 5620 manat dəyərində raması, 330 manat dəyərində ön podpressi, 265 manat dəyərində sol ayaqaltısı, 985 manat dəyərinə ön sağ oturacağı, 375 manat dəyərində damın obivkası, 105 manat dəyərində sol təhlükəsizlik kəməri adlı avto ehtiyat hissələrinin zədə alması və yaxud yararsız vəziyyətə düşməsi inandırıcı və ağlabatan deyil. Ona görə də, qeyd olunan ehtiyyat hissələri qəza nəticəsində zədələnmiş və yaxud yararsız vəziyyətə düşmüş ehtiyat hissələri kimi qəbul edilməməlidir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, sübutun təqdim edilməsinə dair məhkəmə kollegiyası tərəfindən işə baxılması təxirə salınaraq müvafiq şərait yaradılsa da, lakin iddiaçı tərəfindən məhkəməyə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qüsur aktında qeyd olunmuş ehtiyyat hissələrinin dəyişdirilməsini və avtomobilin təmir bərpasına sərf olunmuş xərcləri təsdiq edəcək hər hansı sübut təqdim edilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Lakin, iddiaçı tərəf bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və göstərilən halı sübuta yetirə bilməmişdir. Beləliklə məhkəmə kollegiyası ekspert rəyində göstərilmiş 690 manat dəyərində üst dam örtüyü, 125 manat dəyərində kabinanın polunun sol iç hissəsi, 5620 manat dəyərində raması, 330 manat dəyərində ön podpressi, 265 manat dəyərində sol ayaqaltısı, 985 manat dəyərinə ön sağ oturacağı, 375 manat dəyərində damın obivkası, 105 manat dəyərində sol təhlükəsizlik kəməri adlı avto ehtiyyat hissələrinin qəza nəticəsində zədələnmiş və ya yaxud yarasız hesab edilmiş avto ehtiyat hissələri kimi qəbul edilməməsini nəzərə alaraq qeyd edir ki, sadalanan avtomobil hissələrinin ümumi dəyəri 8495 manat ekspert rəyi ilə müəyyən edilmiş dəymiş ziyan məbləğindən çıxılmalı (24080- 8495=15585) və iddiaçıya məxsus “X9 7” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği 15585 manat müəyyən edilməlidir. Bununla yanaşı nəzərə almaq lazımdır ki, Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortası tərəfindən İddiaçı QSC-yə dəymiş maddi ziyana görə 5000 manat icbari sığorta ödənişi edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin ödəniş dəymiş ziyan məbləğindən çıxılmalı və cavabdeh tərəfindən iddiaçıya ödənilməli qalıq ziyan məbləği (15585-5000=10585) 10585 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh “X9 7” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi zərərə görə 19080 (on doqquz min səksən) manat məbləğində pulun alınıb İddiaçı QSC-yə verilməsi” hissədə dəyişdirilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsus “X9 7” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi 10585 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. İşdən müəyyən olunur ki, hazırkı apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli 2(076)-1304/2021 nömrəli qətnaməsi “Cavabdeh “X9 7” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi zərərə görə 19080 (on doqquz min səksən) manat məbləğində pulun alınıb İddiaçı QSC-yə verilməsi” hissədə dəyişdirilsin. Cavabdeh “X9 7” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 10585 (on min beş yüz səksən beş) manat məbləğində pul alınıb iddiaçı At-Geotech” QSC-yə verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyasında icraat zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-62/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-62/2024
12.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver