Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-621/2025 14.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, iddiaçı X1 nümayəndəsi(vəkili) X2 iştirakı ilə, iddiaçı X1 (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 28 sentyabr 2023-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Gəncə şəhəri, Xudat bəy Rəfibəyli küçəsi, 2-ci dalan, 0,02 ha torpaq sahəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 226 kv.m olan 7 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X3 (iddiaçının qardaşı) adına qeydə alınmış və onun adına 13 oktyabr 2011-ci il tarixli çıxarış verilimişdir. 02 oktyabr 2021-ci ildə iddiaçı ilə cavabdeh arasında şifahi podrat müqaviləsi bağlanmış və razılaşmaya görə cavabdeh iddiaçının sifarişi ilə sözügedən yaşayış evində müvafiq təmir işlərini icra etməyi, iddiaçı isə cavabdehə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 9.362 manat, mənəvi ziyana görə 10.000 manat, ödənilmiş dövlət rüsumuna görə 150 manat, 130 manat vəkilə ödənilmiş xidmət haqqı olmaqla, cəmi 19.642 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 02 oktyabr 2021-ci il tarixdə özünə məxsus olan sözügedən evi təmir etmək qərarına gəlmişdir. Bu məqsədlə usta olan cavabdehi evdə təmir işləri aparması üçün dəvət etmiş və görüləsi işlərə dair ikitərəfli razlaşma əsasında cavabdeh evdə təmir işlərinə başlamışdır. O, həmin müddətdə başqa evdə yaşamış və arabir təmir edilən evə gəlib-getmişdir. Bir müddət keçdikdən sonra cavabdehin gördüyü işləri qeyri-peşəkar səviyyədə apardığını görmüş və aralarında narazılıqlar başlamışdır. O, dəfələrlə cavabdehə bildirmişdir ki, öz işində dönüş yaratsın, amma bu heç bir nəticə verməmişdir. Hal-hazırkı vaxtadək cavabdeh evdə işlərini başa çatdırmamış və sonradan onu tapa bilməmişdir. Həmin müddətə onun tərəfindən ayrı-ayrı vaxtlarda cavabdehə hovuzun tikilməsi üçün 1.025 manat, 16 oktyabr 2021-ci ildə 100 manat, 18 oktyabr 2021-ci ildə 200 manat, 24 oktyabr 2021-ci ildə 200 manat, 01 noyabr 2021-ci ildə 200 manat, 13 noyabr 2021-ci ildə 300 manat, 26 noyabr 2021-ci ildə 50 manat, 19 noyabr 2021-ci ildə 300 manat, 11 dekabr 2021-ci ildə 300 manat, 18 dekabr 2021-ci ildə 500 manat, 29 dekabr 2021-ci ildə 500 manat, 11 yanvar 2022-ci ildə 200 manat, 13 yanvar 2022-ci ildə 300 manat, 03 fevral 2022-ci ildə 50 manat olmaqla, cəmi 4.225 manat pul vermişdir. Bundan əlavə o, həmin evə 5.137 manat məbləğində malmateriallar almışdır. Göstərilən mal-materialları ayrı-ayrı vaxtlarda almışdır (qaimələr işə əlavə edilmişdir). Hazırda işi yarımçıq qalmış və onun aldığı materialların hamısı korlanmışdır. Cavabdehi çağıraraq bunun nə üçün belə olduğunu soruşmuş, o da işlərin korlanmasının onun təqsirindən olduğunu qəbul etməmişdir. Onun tələblərinə baxmayaraq cavabdeh dəymiş zərəri ödəməkdən imtina etmişdir. Digər ustaların verdiyi şifahi məlumata görə evdə olan qüsurların aradan qaldırılması üçün 9.500 manat vəsaiti tələb olunur. Cavabdehlə sözügedən evdə hovuzun tikilməsini (su sisteminin də quraşdırılaraq işlək vəziyyətdə təhvil verilməsi üçün), hamamda kafel-metlax, tavan, santexnik işlərinin görülməsini, hovuzun üstündə olan yerə metlaxın vurulmasını, evin həyət hissəsində pəncərələrin və qapıların kənarlarının ağlay daşı ilə çərçivəyə alınması işlərinin görülməsini razılaşdırmışlar. Lakin qeyd olunan bütün işlər cavabdeh tərəfindən qüsurlu şəkildə görülmüş və həmin işləri qəbul edilə bilən səviyyədə almamışdır. Cavabdeh tərəfindən qüsurlu şəkildə görülmüş işlər aşağıdakılardan ibarət olmuşdur: hovuzun tikilməsi (15.7 kub.metr)- (tikinti işləri üçün 1 kubu 75 manat, suvaq işləri üçün 1 kv.m 4 manat) hovuz suyu saxlamamış, hovuzun suyu həyətə axmışdır. Bu barədə 8 nəfərin iştirakı ilə işin qüsurlu olması barədə akt tərtib olunmuşdur. Bundan sonra hovuzun içi başqa usta tərəfindən hörülüb, suvanmış və altına beton qatı tökülmüşdür. Cavabdeh tərəfindən hovuzdan suyun çıxması üçün boru yerləri düzgün qoyulmamışdır. Həmin işləri başqa usta görmüşdür. Bundan başqa, hovuzun həyətə baxan hissəsində suvaq işlərinin görülməsi üçün cavabdeh tərəfindən pul alınsa da, həmin işlər görülməmişdir. Hovuzun üstündəki yerə metlax vurulması - yerə vurulan metlaxın su axıtma (ötürmə) səviyyəsi düzgün qoyulmamışdır. Həmin yerdə su axıdılanda su trapa tərəf deyil, qapının qarşısında yığılaraq gölməçə yaradır. Beləliklə, həmin yerin suyu düzgün şəkildə trapa tökülmür. Hovuzun üstündəki 4.6 m x 3.7 m = 17.02 kv.m sahəyə metlax düzgün vurulmayıb və sökülüb yenidən vurulmalıdır. Hamamda kafel metlax, tavan işlərinin görülməsi- hamamın divarlarına vurulmuş kafellərin birləşmə yerləri biri-biri ilə uyğun gəlməmiş və biribirlərindən hündürlük səviyyəsi baxımından aşağı və yuxarı olmuşdur. Hamamın giriş hissəsində olan otaqda yerdə suyun axması üçün hamam trapı qoyulmamışdır. Hamamın digər otağında yerə vurulan metlaxın su axıtma (ötürmə) səviyyəsi düzgün qoyulmamışdır. Həmin yerdə su axıdılanda su trapa tərəf deyil, hamamın kənarında yığılaraq gölməçə yaradır. Beləliklə həmin yerin suyu düzgün şəkildə trapa tökülmür. Hamamın divarlarına vurulmuş kafellər düzgün istiqamətdə vurulmadığı üçün onların üstündə olan naxışlar birbirlərinə uyğun gəlməmişdir. Hamamın kafellərinin əyriliyini itirmə üçün iki kafel arasında nazik alüminium kantdan istifadə etmişdir. Hamamın tavanında aspirator (havalandırma) yeri açılsa da aspirator taxılmamışdır. Hamamın iki otağının tavanının səviyyəsi biri-biri ilə uyğun götürülməmişdir. Tavan lüzumsuz şəkildə aşağı salınmışdır. Tavana vurulmuş lövhələr birbiriləri ilə, həmçinin beton tavan ilə düzgün birləşdirilməmişdir, nəticədə əl ilə toxunduqda tavanda silkələnmə olmuşdur. Daha sonra, hamamın döşəməsini isti polun səviyyəsindən çox yuxarı qaldırıb, nəticədə daha çox sement işlənib və döşəmənin isinməsi zəifləyib. 3.2 m x 4 m = 12.8 kv.m metlax yuxarıda qeyd edilən şəkildə düzgün vurulmayıb, sökülüb yenidən vurulmalıdır. 3.2 m x 4 m = 12.8 kv.m tavan yuxarıda qeyd edilən şəkildə düzgün vurulmayıb, sökülüb yenidən vurulmalıdır. 26.88 kv.m hamamın iç otağının, 24.48 kv.m. hamamın giriş otağının kafeli yuxarıda qeyd edilən şəkildə düzgün vurulmayıb, sökülüb yenidən vurulmalıdır. Evin həyət hissəsində pəncərələrin və qapıların kənarlarının aqlay daşı ilə çərçivəyə alınması - aqlay daşları divara möhkəm bərkidilməmiş, daşların divarda qalması üçün divara mismar vurularaq daşları məftil ilə həmin mismara bağlamışdır Vurulmuş aqlay daşlarının üstü cilalanmamışdır. Aqlay daşlarının arxası sement beton ilə doldurulmalı olduğu halda iri boşluqlara beton kisələrinin kağızlarını doldurmuşdur. Evin həyət hissəsində olan iki ədəd pəncərənin aqlay çərçivələrinin hündürlüyü eyni səviyyədə olmamışdır. Pəncərələrin aqlaylarının arxası beton ilə doldurulmamışdır. Divara vurulmuş 4 metr hündürlükdə sütun aqlay daşının arxası sement beton ilə doldurulmalı olduğu halda iri boşluqlara beton kisələrinin kağızlarını doldurmuşdur. Bütün aqlay daşları sökülməli və yenidən vurulmalıdır. 7 ədəd pəncərənin və 2 ədəd qapının ümumilikdə 60 metr uzunluğunda çərçivə aqlay daşları qüsurlu şəkildə vurulmuşdur, sökülüb yenidən vurulmalıdır. 4 metr uzunluqda iki tərəfli aqlay sütun daşı qüsurlu şəkildə vurulmuşdur, sökülüb yenidən vurulmalıdır. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, mübahisəli evin həyətində hovuzun tikintisi işini qüsursuz həyata keçirmiş, oraya su doldurmuş, axıntı olmadığını müəyyən etdikdən sonra həmin işi iddiaçıya təhvil vermişdir. Mübahisəli evin hamam otağında və dəhlizində kafel-metlaxın vurulması, tavanında və hamama bitişik balkonda kafel-metlax vurulması, divara suvaq çəkilməsi işlərini iddiaçının qardaşının göstərişlərinə uyğun həyata keçirmişdir, bu göstərişə uyğun həyata keçirəcəyi halda işlərin qüsurlu olacağını bildirsə də, həmin göstərişlər dəyişdirilməmişdir. Mübahisəli evin həyət hissəsindəki qapı-pəncərələrin kənarına çərçivə formasında vurulmuş aqlayların dəmir tellərlə bərkidilməsi və kənarlarına kağızla doldurulması tikinti işlərinin görülməsindən irəli gələn zərurətdir. İddiaçıdan həmin işlərin görülməsinə görə cəmi 2.700 manat xidmət haqqı almışdır və iddiaçının dəftərində 250 manat borcunun olması barədə yazının altından o imzalamışdır. Təxminən 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək mübahisəli evdə işləmişdir. Hazırda iddiaçıya borcu yoxdur və onu aldatdığı üçün dəftərə borcu olduğuna dair imza atmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 iyul 2023-cü il tarixli, 10/1562 saylı ekspert rəyindən görünür ki, mübahisəli evin həyətində olan hovuzun suvanması, həmin evin hamam otağında, həmin hamama bitişik otaqa kafel-metlaxın vurulması, asma-tavanın quraşdırılması, balkonda metlax vurulması, pəncərə və qapının kənarına çərçivə formasında vurulmuş aqlay işləri qüsurlu görülmüşdür. Tədqiq olunan ünvanda aparılmış təmir işləri nəticəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 7.027 manat müəyyən olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – Şəhər Məhkəməsi) 2(125)- 377/2023 nömrəli iş üzrə qəbul etdiyi 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim X.Səfərli) iddia tələbinin qismən təmin olunması, cavabdehdən vurulmuş maddi ziyana görə 7.277 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Şəhər Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə iddiaçı ona məxsus ünvanda görülməsini sifariş etdiyi işlərin qüsurlu həyata keçirilməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir. Həmin yaşayış sahəsində hovuzun suvanması, həmin evin hamam otağında və həmin hamama bitişik otağa kafel-metlaxın vurulması, asma-tavanın quraşdırılması, balkonda metlax vurulması, pəncərə və qapının kənarına çərçivə formasında ağlay vurulması işlərinin qüsurlu görülməsi iş üzrə keçirilmiş ekspertiza nəticəsində verilmiş rəylə təsdiq olunmuşdur. Həmin işlərin podratçı qismində cavabdeh tərəfindən görülməsi mülki işin mübahisəsiz halıdır. Cavabdeh ekspert rəyi ilə razı olmadığını bildirsə də, rəyin əsassız olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh işlərin qüsursuz həyata keçirildiyini bildirsə də, podratın nəticəsi adi istifadə üçün yararlı olmadığından, qüsurlardan azad sayıla bilməz. Cavabdehin işi qüsurlu icrası nəticəsində sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır və ekspert rəyinə əsasən, tədqiq olunan ünvanda aparılmış təmir işləri nəticəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 7.027 manat müəyyən olunmuşdur. Həmin məbləğin hesablanmasına dair hissədə də ekspert rəyinin əsassız olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, cavabdeh eyni zamanda işlərin qüsurlu həyata keçirildiyini bildirir və bu halı iddiaçının qardaşının göstərişlərinə uyğun həyata keçirməsi ilə əsaslandırmışdır. Cavabdeh işlərin həmin göstərişlərə uyğun həyata keçiriləcəyi halda qüsurlu nəticələr əldə ediləcəyinə dair xəbərdarlıq etdiyini bildirsə də, iddiaçı tərəfindən işlərin qardaşının göstərişlərinə uyğun həyata keçirilməsi barədə razılıq verilməsinə və (ya) iddiaçının qardaşının belə göstərişlər verməsinə və (ya) iddiaçıya göstərişlərə dair qüsurlu nəticə barədə xəbərdarlıq edilməsinə və (ya) işlərin qüsurlu nəticəsi ilə iddiaçı tərəfin razılaşmasına və (ya) işlərin görülməsindən imtina etməyə cavabdehə icazə, imkan verilməməsinə və (ya) işləri yerinə yetirməyə cavabdehin məcbur edilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Bununla yanaşı, iddiaçı qardaşının mübahisəli evdə yaşadığını və aparılan tikinti işlərinə nəzarəti ona tapşırmadığını, qardaşının görülən işlərlə bağlı cavabdehə hər hansı göstəriş vermədiyini bildirmişdir. Cavabdeh işlərin qüsurlu görüldüyü halda iddiaçının imtina etmək hüququnun olduğunu, lakin bu hüquqdan istifadə etmədiyini, beləliklə görülən işlərlə razılaşdığını, lakin sonradan narazılıq etdiyini və ondan şikayət etdiyini bildirmişdir. İddiaçı təmir-tikinti işlərinin davam etdiyi evdə muzdu ödəməklə sifariş etdiyi işlərin vicdanlı həyata keçirildiyini güman etmək hüququna malikdir və həmin evin istifadəyə verildiyi zaman mübahisələndirilən işlərin qüsurlu görüldüyü aşkara çıxmışdır. Belə ki, iddiaçının təmir-tikinti sahəsində xüsusi biliyə malik olduğunu təsdiqləyən sübutlar təqdim edilmədiyindən, istifadədən əvvəl işlərin qüsurlu görülməsini müəyyən etmək imkanı istisna edilir. Beləliklə, məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul etməsini təsdiqləyən hər hansı sübut təqdim olunmadığından, iddiaçının məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran hal müəyyən olunmur. Belə ki, mülki qanunvericilikdə binaya aid icranın qüsuru barəsində tələbin işin qəbul edildiyi gündən beş il ərzində irəli sürülə bilməsi imkanı nəzərdə tutulmuşdur və hazırkı iş üzrə icra hissə-hissə qəbul edildiyindən, işin tam qəbul olunduğu gündən başlayan qüsur barəsində tələb üzrə müddətin keçməsi üçün əsas müəyyən olunmur. Çünki hər iki tərəf mübahisələndirilən işlərin 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək görüldüyünü təsdiqləyir. Bununla yanaşı, hərəkətin yaratdığı məsuliyyəti dərk edən tam fəaliyyət qabiliyyətli cavabdehi işlərin vicdanlı yerinə yetirilməsi öhdəliyindən azad edən hal müəyyən olunmur. Cavabdeh vaxtında xəbərdar etməsinə baxmayaraq, iddiaçının işin yerinə yetirilməsi qaydaları haqqında verilən göstərişləri dəyişmədiyini və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmadığını bildirsə də, podratçının mülki qanunvericiliyə əsasən müqavilədən imtina etmək, əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçı tərəfin işlərdən imtinaya icazə və (ya) imkan vermədiyini, işlərin görülməsinə onu məcbur etdiyini bildirsə də, bu halları təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Bununla yanaşı, iddiaçı tərəf bu halı təkzib etmişdir. Belə ki, cavabdehin onu aldadaraq daha sonra qüsurları aradan qaldıracağını, hazırkı vəziyyətdə işin görülməsi qaydasının belə olduğunu bildirməsinə, bir iş icra edildikdən sonra müəyyən müddət keçməli olduğundan, həmin müddət ərzində cavabdeh digər işi icra etdiyindən, eyni zamanda bir neçə iş icra edildiyindən işlərin qüsurlu icra edildiyini bilmədiyinə dair izahat vermişdir. Sifarişçinin icradakı qüsurun aradan qaldırılması məqsədilə əlavə icra tələb etməsi və belə icradan imtina edildiyi üçün hüquq mühafizə orqanına müraciət edilməsi tərəflərin izahatı ilə təsdiqlənmişdir. Mülki qanunvericiliyə əsasən, bu halda sifarişçi xərclərin əvəzini tələb etməyə haqlı, podratçı isə onları ödəməyə borcludur. Ona görə də cavabdehdən 7.027 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Sifariş edilən işlərə görə iddiaçı tərəfindən hissə-hissə cəmi 2.700 manat muzdun ödənildiyi və iddiaçının sübut qismində təqdim etdiyi dəftərdə qeyd edilmiş 250 manat borcun olması barədə yazının altındakı imzanın cavabdeh tərəfindən icra edilməsi mülki işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçıya borcu olmadığını və aldadıldığı üçün borcu olduğuna dair qeydi imzasıyla təsdiqlədiyini bildirsə də, bu halı təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhrum olan iddiaçı əsassız varlanmış cavabdehdən verdiyi 250 manat pulu geri tələb etməkdə haqlıdır, buna görə cavabdehdən 250 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə maddi ziyanın əvəzinin tutulmasına dair iddianın təmin edilməyən hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş və görülən işlərə çəkilən xərcləri təsdiqlədiyi bildirilən qəbzlər üzərindəki qeydlər aydın olmamaqla yanaşı mötəbər sübut hesab edilə bilməz. Məhkəmə mənəvi ziyanın əvəzinin tutulmasına dair iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ona qarşı törədilən hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasına və (ya) onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsinə əsaslanaraq ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququna malik idi. Həmin hərəkət və ya hərəkətsizlik nəticəsində iddiaçının mənəvi sarsıntı və (ya) iztirab keçirməsi, iddiaçının hər hansı başqa hüququnun məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması işin hallarından müəyyən olunmur. Qeyd edilənlərə əsasən, iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində rədd edilməlidir. Şəhər Məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 752.1, 760.2, 762.1, 762.2, 765, 766, 767.2, 768.1, 768.2, 773, 775, 776.1, 776.2, 1092.1, 1092.2, 1092.3, 1093.2, 1096.1 və 1097.1-ci maddələrinə, habelə Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Qərarında qeyd olunan hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh tapşırılan işi həm iddiaçının, həm də həmin evdə yaşayan onun qardaşının nəzarəti altında görmüşdür. Cavabdeh işləri hissə-hissə görüb təhvil vermişdir. Şifarişçi öz narazılığını, işin keyfiyyətsiz görüldüyünü bildirməmişdir. Əgər onun dediyi kimi cavabdehin işində qüsur görürdüsə cavabdehlə olan şifahi razılaşmasını vaxtında pozmalı idi. Belə çıxır ki, iddiaçı cavabdehin işində qüsuru görüb ancaq bilə-bilə onu işlətmişdir. İddiaçı qərəzli olaraq iş başa çatandan sonra cavabdehi ziyana salmaq üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh xeyli vaxt itirmiş, başqa sifarişləri qəbul etməmışdir. Əslində iddiaçı cavabdehə ziyan vurmuşdur. Bir halda ki, iddiaçı hissə-hissə işi qəbul edib, iş qüsursuz hesab edilir. İddiaçı ərizəsində səhv məlumatlar yazmışdır. Belə ki, onun həmin evdə yaşayan qardaşı iddiaçıdan çox cavabdehə nəzarət edib, göstərişlər vermişdir. Cavabdeh bu barədə iddiaçıya dəfələrlə məlumat vermiş, həm də bildirmişdir ki, onun tələblərinin bir qismi işin qüsurla yerinə yetirilməsinə səbəb olaq bilər. Lakin iddiaçı bildirmişdir ki, qardaşı necə deyib, elə də icra etsin. Lakin iş görülüb qurtarandan sonra dediklərini boynuna almır. Birinci instansiya məhkəməsi isə iddiaçının dediklərinə sübut tələb etmir, cavabdehin dediklərini isə yalan sayıb, sübut tələb edir. Bundan başqa iddiaçı yalan olaraq göstərmişdir ki, guya cavabdeh işi qüsurlu gördüyü üçün o, cavabdehi polisə verib. Əslində isə o, evindən nəyinsə itdiyinə görə cavabdehə şər atmışdır. Guya həmin əşyanı cavabdeh götürmüşdür. Onun dedikləri isə sübutunu tapmamışdır. Bundan başqa iddiaçı cavabdehə pul verərkən imza etdirirdi. Cavabdehə 250 manat borc barədə aldadaraq sənədə imza etdirmişdir. Məntiqlə düşünülərsə nəyə görə cavabdeh ona borclu qalmalıydı. Pulu cavabdehə iddiaçı verirdi. Cavabdeh iddiaçıya necə borclu qala bilərdi. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-263/2024 nömrəli iş üzrə 29 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Murdaov və F.Mehtiyev) аpellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(125)-377/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd olunmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən tədqiq olunmuş sübutlara görə iddiaçı sözügedən evin mülkiyyətçisi deyil və həmin evdə yaşamır. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının qardaşı X3 adına qeydə alınmışdır. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 02 oktyabr 2021-ci il tarixdə özünə məxsus olan sözügedən evi təmir etmək qərarına gəlmişdir. Bu məqsədlə usta olan cavabdehi öz evində təmir işlərinin aparılması üçün dəvət etmiş və o, evdə görüləsi işlərə baxmışdır. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən cavabdeh onun evində təmir işlərinə başlamışdır. O, həmin müddətdə başqa evdə yaşamış və arabir təmir edilən evə gəlib-getmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş rəsmi sənədlərə istinadən qeyd etmişdir ki, cavabdeh tərəfindən təmir işləri aparılmış sözügedən ev cavabdehin xüsusi mülkiyyətində olmuşdur. Belə olan halda iddiaçı həmin evi öz əmlakı kimi təqdim etməklə öz adından hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamışdır. Ona görə də iddia rədd olunmalıdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3148/2024 nömrəli iş üzrə 05 dekabr 2024-cü il tarixli qərarı ilə (Ə.Əhmədov – sədrlik edən və məruzəçi, hakimlər İ.Şəfiyev, V.Həsənov) apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 29 fevral 2024-cü il tarixli, 2(104)-263/2024 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, işin mübahisə olunmayan hallarına görə, sözügedən ev iddiaçının qardaşı X3 mülkiyyətində, iddiaçının isə faktiki sahibliyində olub. Tərəflərin izahatlarına görə onlar arasında 02 oktyabr 2021-ci il tarixdə şifahi podrat müqaviləsi bağlanıb və razılaşmaya görə cavabdeh usta kimi iddiaçının sifarişi ilə sözügedən evdə müvafiq təmir işlərini icra etməyi, iddiaçı isə cavabdehə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürüb. Hazırda iddiaçı, cavabdehlə aralarında 2021-ci ilin oktyabr ayında podrat münasibətlərinin yarandığını, 2022-ci ilin mart ayınadək cavabdehin onun sifarişinə əsasən sözügedən evdə təmir işləri apardığını, lakin görülmüş işlərin nəticəsinin şərtləşdirilmiş keyfiyyətə uyğun gəlmədiyini, işlərin qüsurlu görüldüyünü, qüsurların aradan qaldırılması üçün cavabdehdən əlavə icra tələb etsə də, qüsurları aradan qaldırmadığını, cavabdehə ayrı-ayrı vaxtlarda işlərin görülməsi üçün 4.225 manat pul ödədiyini, evdə təmir işlərinin aparılması üçün 5.137 manat dəyərində mal-material aldığını, işlərin yarımçıq qaldığını və nəticədə onun aldığı mal-materialın korlandığını, evdə olan qüsurların aradan qaldırılması üçün hazırda 9.500 manat pul vəsaitinin tələb olunduğunu göstərib, həmin vəsaitin cavabdehdən onun xeyrinə tutulmasını iddia edir. Cavabdeh isə 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək sözügedən evdə razılaşdırılmış təmir işlərini qüsurlardan azad şəkildə icra etdiyini, həmin təmir işlərinin nəticəsinin şərtləşdirilmiş keyfiyyətə uyğun gəldiyini, təmir işlərinin adi istifadə üçün yararlı olmaqla iddiaçı tərəfindən qəbul edildiyini, işlərin görülməsinə görə iddiaçının ona cəmi 2.700 manat xidmət haqqı ödədiyini, iddiaçının dəftərində 250 manat borcunun olmasına dair yazının altından imza etdiyini, hazırda iddiaçıya borcunun qalmadığını və onu aldatdığı üçün dəftərdə borcunun olmasına dair imza atdığını göstərib, iddiaya etiraz etmişdir. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin usta kimi təmir işləri apardığı evin iddiaçının deyil, onun qardaşı X3 mülkiyyətində olduğunu, iddiaçının həmin evdə yaşamadığını, belə olan halda iddiaçının həmin evi öz əmlakı kimi təqdim etməklə öz adından hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadığını və buna görə də iddianın rədd edilməli olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Əvvəla, podrat münasibətləri Mülki Məcəllənin 39-cu fəslində nəzərdə tutulan normalarla tənzimlənir və həmin normalarda podrat müqaviləsində nəzərdə tutulan işin icra olunması üçün əmlakın sifarişçinin mülkiyyətində olması tələb olunmur və podrat müqaviləsi üzrə öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsi üçün sifarişçinin müqavilədə nəzərdə tutulan işi icra etməyi podratçıya tapşırması, həvalə etməsi; sifarişçinin isə podrat müqaviləsində nəzərdə tutulan işi icra etdikdən sonra podratçıya razılaşdırılmış muzdu ödəməyi öhdəsinə götürməsi kifayətdir. Hazırkı halda cavabdehin qüsurlu təmir işləri apardığı ev iddiaçının deyil, qardaşı X3 mülkiyyətində olsa da, podrat hüquq münasibətləri sonuncu ilə cavabeh arasında deyil, cavabdehlə məhz iddiaçı arasında yaranıb. Yəni cavabdehə podrat müqaviləsində nəzərdə tutulan işi icra etməyi bilavasitə iddiaçı sifariş edib və görülmüş işlərin dəyərini, habelə müqavilə üzrə razılaşdırılmış muzdu cavabdehə məhz iddiaçı ödəyib. Bundan başqa, işin mübahisə olunmayan digər hallarına görə, sözügedən ev iddiaçının faktiki sahibliyindədir, həmin evdə təmir işlərinin aparılmasını cavabdehə bilavasitə iddiaçı sifariş edib, təmirlə bağlı mal-materialların dəyərini iddiaçı ödəyib və həmin mal-materialları cavabdehə evdə təmir işləri aparmaq üçün iddiaçı təhvil verib. Həmçinin işdən görünür ki, iddiaçı ilə evin mülkiyyətçisi X4 arasında cavabdehə qarşı yönəlmiş hazırkı iddia tələbi ilə bağlı fikir ayrılığı, başqa mübahisə yoxdur. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar, iddiaçının sifarişçi kimi cavabdehə qarşı hazırkı iddia tələbini irəli sürməyə müvafiq subyektiv hüququnun olmaması nəticəsinə gəlməyə əsas vermir. Əksinə, işin hallarına, habelə Mülki Məcəllənin 765-ci maddəsinin mənasına görə, cavabdehin evdə gördüyü işlərin qüsuru nəticəsində şifahi bağlanmış podrat müqaviləsindən imtina etmək hüququ iddiaçıya məxsus olub, o da bu hüququndan istifadə edərək cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edib. Belə olan halda podratçı kimi cavabdeh sözügedən müqavilə ilə bağlı xərclərin əvəzini məhz sifarişçiyə, yəni iddiaçıya ödəməyə borcludur. Çünki qeyd olunan normanın tələbinə görə, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, məhz sifarişçinin müqavilədən imtina etmək hüququ əmələ gəlmiş olur. İşdən, ekspertin rəyindən görünür ki, sözügedən evin həyətində olan hovuzun suvanması, evin hamam otağında, habelə ona bitişik otaqa kafel-metlaxın vurulması, asma-tavanın quraşdırılması, balkona metlaxın vurulması, pəncərə və qapının kənarlarına çərçivə formasında aqlay daşlarının vurulması, başqa sözlə evdə aparılmış təmir işlərinin qüsurlarının aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq hazırkı dəyəri təqribən 7.027 manat təşkil edir. Nəzərə alınmalıdır ki, iddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olmaqla, qanuni hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının cavabdehə qarşı öz adından hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadığı qənaətinə gələrkən, gəldiyi nəticəni yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından təhlil etməyib, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmayıb və nəticədə maddi və prosessual hüquq normalarının tələblərini pozub. Bu isə MPM-in 418.1 və 418.2-ci maddələrinin tələblərinə görə, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri Məhkəmə qeyd edir ki, Şəhər Məhkəməsi iş üzrə qəbul etdiyi 2(125)-377/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamə ilə iddia tələbini qismən təmin etsə də, iddiaçı, həmin hissədə Şəhər Məhkəməsinin mövqeyi ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh Şəhər Məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan aydın görünür ki, o, qətnaməni iddianın təmin edilməsi hissəsində mübahisələndirmişdir. Odur ki, göstərilənləri, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələblərini nəzərə almış Məhkəmə qətnamənin əsaslılığını yalnız iddianın təmin edilən hissəsində yoxlamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının əvvəlki məhkəmə iclasında iştirak edəncavabdehin nümayəndəsi X7 izahatında iddia tələbinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi(vəkili) X5 iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1093.2. Əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa, qaytarma tələbi istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş üzrə iddiaçı, cavabdehlə aralarında 2021-ci ilin oktyabr ayında podrat münasibətlərinin yarandığını, 2022-ci ilin mart ayınadək cavabdehin onun sifarişinə əsasən sözügedən evdə təmir işləri apardığını, lakin görülmüş işlərin nəticəsinin şərtləşdirilmiş keyfiyyətə uyğun gəlmədiyini, işlərin qüsurlu görüldüyünü, qüsurların aradan qaldırılması üçün cavabdehdən əlavə icra tələb etsə də, onun qüsurları aradan qaldırmadığını, cavabdehə ayrı-ayrı vaxtlarda işlərin görülməsi üçün 4.225 manat pul ödədiyini, evdə təmir işlərinin aparılması üçün 5.137 manat dəyərində mal-material aldığını, işlərin yarımçıq qaldığını və nəticədə onun aldığı mal-materialın korlandığını, evdə olan qüsurların aradan qaldırılması üçün hazırda 9.500 manat pul vəsaitinin tələb olunduğunu göstərib, həmin vəsaitin cavabdehdən onun xeyrinə tutulmasını iddia edir. Cavabdeh isə iddiaya etiraz edərək 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək sözügedən evdə razılaşdırılmış təmir işlərini qüsurlardan azad şəkildə icra etdiyini, həmin təmir işlərinin nəticəsinin şərtləşdirilmiş keyfiyyətə uyğun gəldiyini, təmir işlərinin adi istifadə üçün yararlı olmaqla iddiaçı tərəfindən qəbul edildiyini, işlərin görülməsinə görə iddiaçının ona cəmi 2.700 manat xidmət haqqı ödədiyini, iddiaçının dəftərində 250 manat borcunun olmasına dair yazının altından imza etdiyini, hazırda iddiaçıya borcunun qalmadığını və onu aldatdığı üçün dəftərdə borcunun olmasına dair imza atdığını bildirmişdir. Göründüyü kimi, iş üzrə tərəflər arasında xx.xx.2021-ci il tarixdə şifahi podrat müqaviləsinin bağlayaraq, cavabdehin usta kimi iddiaçının sifarişi ilə sonuncunun sahibliyində olan evdə müvafiq təmir işlərini icra etməyi, iddiaçının isə cavabdehə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmələri işin mübahisə edilməyən hallarıdır. İşin mübahisə olunmayan digər halları isə ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixdə şifahi podrat müqaviləsinə əsasən cavabdeh tərəfindən həmin evin hamam otağında, habelə ona bitişik otağa kafel-metlax vurulmuş, asma-tavan quraşdırılmış, balkona metlax vurulmuş, pəncərə və qapının kənarlarına çərçivə formasında aqlay daşlar vurulmuş, evin həyətində olan hovuz suvanmışdır. Tərəflər arasında mübahisə doğuran hal cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etməməsidir. Belə ki, iddiaçı, evdə aparılmış təmir işlərinin qüsurlu olduğunu, cavabdeh isə həmin işlərdə hər hansı qüsur olmadığını və bu işlərin iddiaçı tərəfindən bəyənilərək qəbul edildiyini bildirir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli şifahi podrat müqaviləsi üzrə cavabdehin yerinə yetirdiyi təmir işlərinin qüsurlu olub-olmamasının müəyyən edilməsi məqsədilə Şəhər Məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetizası Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza tədqiqatının nəticəsi olaraq verdiyi xx.xx.2023-cü il tarixli, 10/1562 nömrəli ekspert rəyində göstərilir ki, ünvan 1 ünvanında yerləşən 7 saylı evin həyətində olan hovuzun suvanması, həmin evin hamam otağında və həmin hamama bitişik otaqa kafel-metlaxın vurulması, asma-tavanın quraşdırılması, balkonda metlax vurulması, pəncərə və qapının kənarına çərçivə formasında vurulmuş aqlay işləri qüsurlu görülmüşdür. Cavabdeh, iddiaçının sifarişinin lazımi qaydada icra edərək, iddiaçının sahibliyində olan evdə təmir işlərinin qüsursuz gördüyünü iddia etsə də, bu halı təsdiq edən mötəbər sübutları məhkəmələrə təqdim etməmişdir. Əksinə cavabdehin bu dəlilləri iş üzrə alınmış Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1562 nömrəli ekspert rəyi ilə təkzib edilir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh iddiaçının sahibliyinlə olan evdə təmir işlərinin qüsursuz apardığını iddia edən cavabdeh, eyni zamanda həmin işləri iddiaçının razılığı ilə onun qardaşının göstərişlərinə uyğun həyata keçirildiyini bildirir. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili də sübuta yetrilmədiyinə görə əsaslı hesab edilə bilməz. Çünki cavabdeh təmir işlərinin iddiaçının qardaşının göstərişlərinə uyğun həyata keçirilməsi barədə razılıq verilməsi, iddiaçının qardaşının belə göstərişlər verməsi, iddiaçıya göstərişlərə dair qüsurlu nəticə barədə xəbərdarlıq edilməsi, işlərin qüsurlu nəticəsi ilə iddiaçı tərəfin razılaşması, işlərin görülməsindən imtina etməyə cavabdehə icazə və imkan verilməməsi, işləri yerinə yetirməyə cavabdehin məcbur edilməsi iş materialları ilə təsdiq olunmur. Cavabdeh özü də iddiaya etirazında bildirdiyi bu dəlilləri təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Bunlardan başqa, Məhkəmə onu da qeyd edir ki, iddiaçı təmir-tikintisi davam edən evdə muzdunu ödəməklə sifariş etdiyi işlərin vicdanlı həyata keçirildiyini güman etmək hüququna malik olmuş və həmin evin istifadə verildiyi zaman mübahisələndirilən işlərin qüsurlu görüldüyü aşkara çıxmışdır. Belə ki, təmir-tikinti sahəsində xüsusi biliyə malik olmayan iddiaçının əvvəlcədən işlərin qüsurlu görülməsini müəyyən etməsi imkanı istisna edilir. Başqa sözlə işlərin qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul etməsini təsdiqləyən hər hansı sübut təqdim olunmadığından, iddiaçının işlərin qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran hal müəyyən olunmur. Belə ki, Mülki Məcəllənin podrat münasibətlərini tənzimləyən normalarında binaya aid icranın qüsuru barəsində tələbin işin qəbul edildiyi gündən beş il ərzində irəli sürülə bilməsi imkanı nəzərdə tutulmuşdur və hazırkı iş üzrə 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək aparılan təmir işlərinin nəticələri hissə-hissə qəbul edildiyindən, işin tam qəbul olunduğu gündən başlayan qüsur barəsində tələb üzrə müddətin keçməsi üçün əsas müəyyən olunmur. Beləliklə də işdə olan sənədlərə və tərəflərin verdikləri məlumatlara əsasən işin halları kimi müəyyən edilir ki, iddiaçı, sahibliyində olan evdə təmir işlərinin aparılmasını cavabdehə bilavasitə sifariş etmiş və təmirlə bağlı mal-materialların dəyərini ödəyərək, həmin malmaterialları evdə təmir işləri aparmaq üçün cavabdehə təhvil vermişdir. İddiaçının sifarişini qəbul edən cavabdeh həmin evdə apardığı təmir işlərini qüsurlu vəziyyətdə hissə-hissə iddiaçıya təhvil vermişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1562 nömrəli rəyinə görə, iddiaçınnı sahibliyinə olan evdə cavabdehin apardığı təmir işləri nəticəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 7.027 manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabdeh, üzərinə götürdüyü müqavilə öhdəliklərini lazımınca icra etməməsi nəticəsində apardığı təmir işlərində buraxdığı qüsurların aradan qaldırılması üçün çəkilməli olan xərcə görə iddiaçı qarşısında məsuliyyət daşıyır. Odur ki, həmin qüsurların aradan qaldırılması üçün tələb ounan 7.027 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İşə baxan Rayon Məhkəməsi iddianı müzakirə olunan hissədə təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin bu hissəyə aid dəlilləri əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Rayon Məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 250 manat məbləğində pulu da tutmaqda haqlı olmuşdur. Belə ki, iddiaçı məhkəməyə sifariş edilən işlərə görə onun tərəfindən hissə-hissə muzdun ödənildiyini təsdiq edən dəftər təqdim etmişdir. Həmin dəftərdə “Eminlə hesablaşdı, 250 manat mənə borcu qaldı” məzmunlu xx.xx.2022-ci il tarixli qeyd aparılmışdır. İddiaçı və cavabdeh həmin qeydin iddiaçı tərəfindən tərtib edildiyini, cavabdeh tərəfindən isə imzalandığını mübahisələndirmirlər. Həmin qeydlə bağlı iddiaçı bildirir ki, cavabdeh ona olan 250 manat borcu(görülməyən işlərə görə yaranan) qaytarmamışdır. İddiaçıya borcunun olmasına etiraz edən cavabdeh isə bildirir ki, iddiaçı onu aldadaraq 250 manat borc barədə qeydə imza etdirmişdir. Məhkəmə müzakirə olunan hissədə də mübahisənin həllinə Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə tələblərindən yanaşaraq, qeyd edir ki, hər bir tərəf öz dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. İddiaçı tərəfindən sübut qismində təqdim olunmuş və sonradan iş materialların əlavə olunmuş dəftərdə “Eminlə hesablaşdı, 250 manat borcu qaldı” məzmunlu yazının altındakı imzanın ona aid olmasını cavabdeh təsdiq edir. Lakin o, iddiaçıya hər hansı məbləğdə, o cümlədən 250 manat məbləğində borcunun olmamasını sübuta yetirə bilmir. Belə olan vəziyyətdə Məhkəmə hesab edir ki, həmin vəsaitin cavabdehdə qalmasına hər hansı hüquqi əsas yoxdur və 250 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunan hissədə iddiaçının tələbi və həmin tələbin təmin edilməsi barədə Şəhər Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Sübuta söykənməyən dəlil (tələb) isə əsaslı hesab edilərək təmin edilə bilməz. Beləliklə də, hazırki apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Şəhər Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Gəncə Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 28 sentyabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-621/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-621/2025
14.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver