Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-622/2023 04.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, üçüncü şəxslər Cavabdeh2nə və Cavabdeh3na qarşı mülki iş üzrə Açar sözlər: vurulmuş zərərin ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, üçüncü şəxslər Cavabdeh2nə və Cavabdeh3na qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair Bərdə Rayon Məhkəməsinin 2(021)-2237/2022 saylı mülki iş üzrə 17 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 04 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2610 saylı, 10 may 2022-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında yaşayır.
2. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 1(1**)-25/2021 saylı hökmünün surətindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən müəyyən olunur ki, İddiaçı 05 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 mart 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 1(1**)-25/2021 saylı hökmü ilə həbsdən azad edilmişdir.
3. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli, 1(104)-460/2021 saylı qərarının surətindən müəyyən olunur ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 1(1**)-25/2021 saylı hökmü dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
4. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 aprel 2022ci il tarixli, 1(102)-458/2022 saylı qərarının surətindən müəyyən olunur ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli, 1(104)-460/2021 saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. İş materiallarında olan 23 avqust 2021-ci il tarixli İddiaçı döş qəfəsinin telerentgenoskopiyasından müəyyən olunur ki, kökətrafı sahədə bronx şəkli güclənib, perifrus sahələrdə pnevmaniya kölgəliyi yoxdur.
6. İş materiallarında olan ALFA MED Klinkası tərəfindən İddiaçı verilmiş 25 avqust 2021-ci il tarixli ilkin müayinə barədə arayışdan müəyyən olunur ki, qaraciyərdə diffuz struktur dəyişiklik, mülti kalsinozlar, öd kisəsində exopozitiv kölgəliyi olmayan konkromentlər polip, böyrəklərdə parenximatoz arakəsmə, daş kr duz aşkar olunmuşdur.
7. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi tərəfindən verilmiş İddiaçı iddiasına qarşı etiraz ərizəsində İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fndu publik hüquqi şəxsinin X4 tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli **********9 saylı arayışından müəyyən olunur ki, 05 mart 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək ölkə üzrə minimum əmək haqqı 250,** (iki yüz əlli) manat, yaşayış minimumu 196,** (yüz doxsan altı) manat, minimum işsizlik mqavinəti 250,** (iki yüz əlli) manat olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı məhkəmədə iddia qaldıraraq, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi zərərə görə 1**.**0 manat, mənəvi zərərə görə 2**.**0 manat məbləğində pulun Azərbaycan Respublikasının Dövlət Büdcəsinin hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə ona ödənilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 05 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 mart 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdən Bərdə Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs İddiaçı qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törətməsində ifadə olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 1(1**)-25/2021 saylı hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmiş, ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-isitifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququnun olması, cinayət işi üzrə cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərindən mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilməsi hökm edilmişdir. Bundan sonra Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 1(1**)-25/2021 saylı hökmündən dövlət ittihamçısı apellyasiya protesti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli 1(104)- 460/2021 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 1(1**)- 25/2021 saylı hökmü dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2021-i il tarixli 1(104)-460/2021 saylı qərarından dövlət ittihamçısı kasassiya protesti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli 1(102)-458/2022 saylı qərarına əsasən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli qərarı dövlət ittihamçının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələrin çıxardıqları hökm və qərarlar tam əsaslı və qanuni olmuşdur. Göründüyü kimi ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir. Cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində onun hüquqları pozulmuş, əsassız yerə cinayət təqibinə və həbs qətimkan tədbirinə məruz qalmışdır. Həmçinin təcridxanada olduğu müddətdə rütubətdən, havasızlıqdan öd kisəsi, qara ciyəri və böyrəkləri zədələnmişdir. Buna dair Bərdə rayon mərkəzi xəstəxanasının və X7 müayinəsindən keçdiyi zaman ona verilmiş diqanozda da xəstəliyi öz əksini tapmışdır. Bütün bu göstərilən cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində o, birinci olaraq əsas gəlir mənbəyindən məhrum olmuşdur. Belə ki, həbs edilməmişdən əvvəl o, qardaşı X5 ilə sonuncuya məxsus Ford Tranzit markalı **-BN-*** qeydiyyat nişanlı avtomaşınla pərakəndə meyvə-tərəvəz alveri etmiş, həmin avtomaşınla meyvə-tərəvəzi rayonlardan alıb digər rayonlardakı bazarlarda sataraq gəlir əldə etmişlər. Hər ay meyvə-tərəvəz alverindən 4**0-5**0 arası gəlir əldə edirdi. Həbsdə saxlanıldığı 02 mart 2020-ci il tarixdən məhkəmənin 07 iyul 2021-ci il tarixli bəraət hökmü çıxarılan tarixədək o, ticarət fəailyyəti ilə məşğul olsaydı ən aşağı 65**0 manat pul qazanmış olardı. Çünki həbsə atılmazdan əvvəl aylıq ticarət dövriyəsi 17**0- 2**** manat, aylıq gəliri isə 4**0-5**0 manat olurdu. Göründüyü kimi ona xeyli miqdada ziyan dəymişdir. Bunun nəticəsində mənəvi sarsıntı keçirtmişdir, xəstəlik tapmışdır, işgüzar nüfüzuna xələl gəlmişdir. İbtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində təcridxanada qanunsuz cəza çəkdiyi üçün səhhətinə də ciddi ziyanlar dəymiş və buna görə də o, iş fəaliyyətini itirmişdir. Bundan əlavə təcridxanada olduğu müddətdə gəlirindən mərhum olmuşdur və hər hansı bir işlə məşğul olmaq üçün əlində hər hansı bir vəsait qalmamışdır. Bundan əlavə keçirdiyi mənəvi sarsıntılar ucbatından hal-hazırda öz işini qura bilmir. Xüsusi qeyd etmək istəyir ki, həbsdə olduğu müddətdə mənəvi sarsıntı keçirmişdir, depressiyaya düşmüşdür. O, hazırda anası və ailəsi ilə birlikdə yaşayır. Anası isə Bərdə rayonunda Yaşıllaşdırma idarəsində süpürgəçi işləyərək aylıq 280 manat gəlir əldə edir. Himayəsində azyaşlı uşağı da vardır. Yoldaşı heç bir yerdə işləmir. O, tutulduğu müddətdə ailəsi çox çətin şəraitdə maddi ehtiyac içərisində yaşamağa məcbur olmuşdur. Hər bir insanın öz övladı ilə qovuşmaq hüququ olsa da, o, bu hüquqdan istifadə edə bilməyib. Belə ki, həbsxanada olduğu müddətdə 04 avqust 2020-ci il tarixdə Hira adlı qız övladı anadan olmuşdur. O, öz övladını görmək onu bağrına basmaq sevincindən mərhum olmuşdur. Bəraət hökmünün olmasına baxmayaraq dost, tanış qohumlar və alver etdiyi insanlar ondan uzaqlaşıblar. Eyni zamanda həbsdə olmağı onu tanıyanların münasibətini dəyişdirmiş və ona qarşı mənfi rəy formalaşdırmışdır. Yaxın ətrafındakı şəxslərin ona olan inancı və etibarı şübhə altına düşmüşdür. Belə ki, hər birinin təsəvvüründə o, narkotik alverçisi kimi canlanır. Son nəticədə təqsirziliyini sübut edərək bəraət alsa da, uzun müddət ərzində yaddaşından heç vaxt silinməyəcək əsassız bir həbs həyatı yaşayıb. Bütün bunlar onun xəstəlik, ağır mənəvi, sıxıntı və sarsıntılar keçirməyinə səbəb olmuşdur. Halbuki bir insanın azadlığı və sağlamlığı heç vaxt dəyərlə ölçülə bilməz.
11. Bərdə Rayon Məhkəməsinin 2(021)-2237/2022 saylı mülki iş üzrə 03 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır.
12. İddiaçı həmin qərardaddan verdiyi şikayət Bərdə Rayon Məhkəməsinin 2(021)- 2237/2022 saylı mülki iş üzrə 17 iyun 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2166/2022 saylı mülki iş üzrə 25 iyul 2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-2237/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı tam, onunla bağlı 17 iyun 2022-ci il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (üçüncü şəxslər: Cavabdeh2, Cavabdeh3) qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilmişdir.
14. Bərdə Rayon Məhkəməsinin 2(021)-2237/2022 saylı mülki iş üzrə 10 avqust 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.
15. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, narkotik vasitələrdən özü də istifadə etmiş, narkotik vasitələrinin satışı ilə məşğul olmamışdır. Bəraət almışdır, bəraət aldığına görə də iddiasını əsaslı hesab edir. Həmçinin həbsdə olduğu müddətdə külli miqdarda gəlirlərindən məhrum olmuşdur. Rəsmi qazancı olmamış, vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır.
16. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Cavabdeh2 nümayəndəsi X2 iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Cavabdeh3 nümayəndəsi X3 iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
19. Bərdə Rayon Məhkəməsinin 2(021)-2237/2022 saylı mülki iş üzrə 17 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim: E.əhmədov) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 3136 manat (üç min yüz otuz altı) manat maddi və 25** (iki min beş yüz) manat mənəvi ziyan olmaqla, cəmi 5636 (beş min altı yüz otuz altı) manatın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qətnamənin iddianın təmin edilmiş hissəsindən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-2237/2022 saylı mülki iş üzrə 17 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qanunvericiliyə əsasən qanunsuz həbsə alma, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Bununla bağlı olaraq iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosesinə cəlb olunmalı idi. Bundan başqa məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 25** manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda hesab edilir ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalı idi. Belə ki, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Bu baxımdan məhkəmənin mənəzi zərərə görə 25** manat məbləğində kompensasiya hesablaması tamamilə əsassızdır. Həmçinin iddiaçı tərəfindən məhkəməyə ona maddi ziyanın dəyməsi ilə bağlı hər hansı təsdiq edici sənəd (aylıq gəlir və qazancı) təqdim edilməmişdir. Bu faktın məhkəmə qətnaməsində də qeyd olunmasına baxmayaraq məhkəmə tərəfindən iddiaçıya maddi ziyana görə 3136 manat məbləğində kompensasiya hesablanması anlaşılan deyildir. Belə ki, həmin məbləğin necə hesablanması qətnamədə qeyd olunmamışdır. İddiaçı cinayət məsuliyyətinə cəlb edilməmişdən qabaq işləmədiyi halda (bununla bağlı hər hansı təsdiq edici sənəd təqdim edilməmişdir) ona maddi zərər görə kompensasiya ödənilməsi məntiqli deyildir. Həmçinin qeyd edilmişdir ki, Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, bu növ işlərə baxılması zamanı xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar. Göründüyü kimi məhkəmə işə mahiyyəti üzrə baxarkən məsələni tam, obyektiv və hərtərəfli araşdırmamış, kifayət qədər əsaslar olmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
22. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikası Qanununu:
23. Maddə 1.Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunverijilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir;
24. Maddə 5 - bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir;
25. Maddə 6 - bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir;
26. Maddə 7 - ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir;
27. Maddə 12 - bu Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Maddə 1101. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 30.Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 32 Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 82.4 - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən-iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
40. Belə ki, iş üzrə cavabdeh olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinin əsas dəlilləri iddiaçının cinayət məsuliyyətinə cəlb edilməmişdən əvvəl onun gəlirləri barədə sənədlərin olmadığı, həmçinin iddiaçıya ödənilməli olan maddi və mənəvi zərərin məbləğlərinin düzgün hesablanmadığı barədədir. İddianın təmin edilməmiş hissəsindən iddiaçı apellyasiya şikayəti verməmişdir.
41. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab etmir. Belə ki, işə baxmış birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki işdən görünür ki, iddiaçının uzun müddət həbsdə qalması ona mənəvi zərərin vurulmasına mötəbər dəlildir. Ümumiyyətlə iddiaçı iddia etdiyi hadisənin onun şüuruna təsir göstərməklə hansı mənfi psixoloji reaksiyaya səbəb olması, ona hansı formada mənəvi və fiziki iztirablar yaşatması barədə də məhkəmədə gətirdiyi dəlillər inandırcı və təkzibolunmaz faktlardır. Bundan əlavə, birinci instansiya məhkəməsi məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş bəzi sübutlarla qismən təsdiq edilmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, yuxarıda da qeyd olunmuş qanunvericlik normalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir və vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya məruz qaldığı mənəvi zərərə görə ödənilməli olan məbləği 25** manat məbləğində müəyyən etməklə də iş üzrə düzgün nəticəyə gəlmişdir.
44. Belə ki, şəxsin barəsində olan cinayət işinin araşdırılması zamanı iddiaçının hərəkətlərinə hüquqi qiymət verilmiş və onun barəsində bəraət hökmü çıxarılmışdır. Bu hal isə iddiaçının təqsirsiz olmasını, onun qanunsuz olaraq cinayət təqibinə məruz qalmasını göstərir. İddiaçının cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində onu tanıyan şəxslər arasında nüfuzdan düşməsi, sonradan onun barəsində bəraət hökmünün çıxarılması və ona maddi zərərə görə kompensasiya verilməsi yolu ilə pozulmuş hüquqlarının bərba olunması mümkündür. İddiaçının fiziki əzab çəkməsi ilə əlaqədar olaraq məruz qaldığı mənəvi zərər isə cavabdehin 25** manat məbləğində təzminat ödəməsi yolu ilə aradan qaldırıla bilər.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2**2-ci il tarixli Qərarında da qeyd edilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
46. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2**8ci il tarixli, 7 saylı Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
47. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanun normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin qeyd olunan qərarlarında ifadə edilmiş hüquqi mövqeyə istinadən hesab edir ki, iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzinin məbləği ilə bağlı da birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni əsaslı olmuşdur. Kollegiya iddiaçıya vurulmuş maddi ziyanın əvəzinin 3136 manat məbləğində müəyyən edilməsi hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni əsaslı olmuşdur. Belə, iş materiallarına əsasən, İddiaçı 05 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 mart 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 1(1**)-25/2021 saylı hökmü ilə həbsdən azad edilmişdir. Göründüyü kimi iddiaçı 1 il 4 ay 2 gün həbsdə qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fndu publik hüquqi şəxsinin X4 tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli **********9 saylı arayışından müəyyən olunur ki, 05 mart 2020-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək ölkə üzrə minimum əmək haqqı 250,** (iki yüz əlli) manat, yaşayış minimumu 196,** (yüz doxsan altı) manat, minimum işsizlik mqavinəti 250,** (iki yüz əlli) manat olmuşdur. Adi riyazi hesablamadan müəyyən olunur ki, iddaçı həbsdə qaldığı müddət ərzində ən azı (16ay x 250 manat)= 4**0 (dörd min) manat məbləgində gəlir əldə etmək imkanından məhrum olmuşdur. Göründüyü kimi bu məbləğ məhkəmənin müəyyən etdiyi 3136 manat məbləğindən daha çoxdur. İddiaçının özü isə həmin məbləği mübahisələndirməmişdir.
48. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPMin 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-2237/2022 saylı mülki iş üzrə 17 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.