Məhkəmə qərarları › İş №2(104)-625/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-625/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-625/2023 11.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə, və Cavabdeh və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı 8140 manat pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(021)-2339/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AD seriyalı 911109 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ21074 minik markalı, 90ED097 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi X3r.

2. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN –Vİİİ seriyalı 267060 nömrəli etibarnamənin surətindən görünür ki, X5 VAZ21074 minik markalı, 90ED097 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi üzərində idarə etmək, bağışlamaq, ipoteka qoymaq və s. səlahiyyətləri həyata keçirmək üçün 20 aprel 2022-ci il tarixdə 1 il müddətinə olmaqla, 20 aprel 2023-cü il tarixədək Cavabdeh etibarnamə vermişdir.

3. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı məxsus kartdan 01 oktyabr 2019-cu il tarixdən 30 aprel 2022-ci il tarixədək dövr üzrə 7440 manat mədaxil, eləcədə 7440 manat məxaric olmuşdur.

4. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, X1 məxsus kartdan 01 oktyabr 2019-cu il tarixdən 30 aprel 2021-ci il tarixədək dövr üzrə 3800 manat mədaxil, eləcədə 3800 manat məxaric olmuşdur.

5. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, X4 məxsus kartdan 01 oktyabr 2020-ci il tarixdən 30 noyabr 2021-ci il tarixədək dövr üzrə 4200 manat mədaxil, eləcədə 4200 manat məxaric olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 8140 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh bibisinin həyat yoldaşı olmaqla qohumudur və sonuncunun mülkiyyətində VAZ 2107 markalı minik avtomobil olmuşdur. Cavabdeh 2021-ci ilin əvvəlində avtomobili satdığını ona bildirmiş və aralarında olan razılaşmaya əsasən cavabdeh avtomobili ona verməyi o, isə bunun müqabilində 2 il müddətinə özünə və qaynatası X4 məxsus yemək xərci kartını, eyni zamanda uşağına aid sosial müavinət kartını cavabdehə vermişdir. Həmçinin ilkin ödəniş kimi cavabdehə 400 manat vermiş və avtomobilin alqı-satqısını 6900 manata razılaşmışlar. Kartları cavabdehə verdikdən sonra avtomobilə dair ona etibarnamə verilmişdir. Cavabdeh ona məxsus yemək xərci kartından 3840 manat, qaynatası Yadigara məxsus kartdan 2700 manat, uşağa aid sosial müavinət kartından 1200 manat olmaqla cəmi 7740 manat çıxaratmışdır. Lakin cavabdeh 7740 manatı aldıqdan sonra ona verdiyi etibarnamənin ləğv etdirmiş və ondan xəbrsiz avtomobili aparmışdır. Cavabdehdən pulunu və ya avtomobili tələb etsə də, cavabdeh qaytarmaqdan imtina etmişdir.

8. Bərdə Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(021)-2339/2022 nömrəli qətnaməsi ilə (hakim Q.Əbilov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməsi qət olunmuş.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 385.1, 386,1, 442, 567 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 213, 214, 217.4, 218.3, 216-220, 227, 233.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, şifahi vəsatət verərək, "xxxx" ASC-dən 2020-ci ilin iyun ayından 2022-ci ilin iyun ayınadək olan dövr ərzində cavabdeh tərəfindən ona və ailə üzvlərinə (İddiaçı, Yadigar Zeynalov, Azadə İsgəndərova) məxsus kartlardan pulun çıxarılmasının araşdırlmasını xahiş etsədə, birinci instansiya məhkəməsi nəzərə almamış və iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı zamanı işə cəlb olunmuş şəxs

13. X5 cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmumuna uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Cavabdeh ilə aralarında olan razılaşmaya görə sonuncu VAZ21074 minik markalı, 90ED097 dövlət qeydiyyat nömrə nişanlı avtomobili 6900 manata ona satmış və bu barədə adına 10 il müddətə etibarnamə verilmişdir. Avtomobilin müqabilində cavabdeh ona aid yemək xərci kartından 3840 manat, qaynatası Yadigara məxsus kartdan 2700 manat və uşağa aid sosial müavinət kartından 1200 manat olmaqla, cəmi 7740 manat çıxartmışdır. Yadigara məxsus kart 2021-ci ilin yanvar ayından 9 ay müddətində, Azadəyə məxsus kart 2021-ci ilin yanvar ayından 6 ay müddətinə, özünə məxsus kart isə 2021-ci ilin yanvar ayından olmaqla 1 il 3 ay cavabdehdə olmuşdur. Avtomobili alan zaman cavabdehin oğlu Vüsal onların yanında olub, hətta avtomobil elə sonuncuya məxsus olmuşdur. Buna baxmayaraq sonradan cavabdeh etibarnaməni ləğv etdirmiş və avtomobili geri almışdır. Əvvəllər isə cavabdehdən 1000 manat borc almışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı ev almaq məqsədilə 2019-cu ilin axırlarında ondan 6000 manat borc almış və özünə, arvadına eləcədə qaynatasına məxsus kartları ona vermişdir. Əvvəllər oğlunun mülkiyyətində olmuş VAZ 2107 markalı minik avtomobili iddiaçıya satmamışlar, həmin avtomobili etibarnamə əsasında icarəyə vermişlər. İddiaçı da hər ay ona 200 manat ödəməyi öhdəsinə götürmüşdür. İcarə haqqını vermədiyindən etibarnaməni ləğv etdirmişlər və avtomobili geri almışlar. İddiaçıün özünə və arvadına, eləcədə qaynatası Yadigara məxsus kartlar əvvəllki borca görə ona verilmişdir. Yadigara məxsus kart 5 ay, Azadəyə məxsus kart 4 ay, iddiaçının özünə məxsus kart isə 2021-ci ilin yanvar ayından 2022-ci ilin mart ayınadək onda olsada, həmin kartalardan pul çıxartmamışdır. Beləki, iddiaçı kartaları ona verdikdən bir müddət sonra bağlanmışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 izahatında bildirişdir ki, mülkiyyətində olmuş VAZ 2107 markalı minik avtomobili İddiaçı satmışlar və bu barədə onun adından sonuncuya etibarnamə verilmişdir. Avtomobilin satılması barədə razılaşma atası Firuzla iddiaçı arasında olmuş və hansı qiymətə satılmasından, eləcədə bunun müqabilində atasına kart verilməsindən məlumatı olmamışdır. Hərbi xidmətdən məzuniyyətə gəldiyi vaxt atasının dəməsi ilə etibarnaməni ləğv etdirmiş və öz atasına etibarnamə vermiş və avtomobil hazırda atası Firuzun adına qeydə alınmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

19. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

20. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

21. Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Maddə 567 Alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

28. Maddə 600.1 Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

29. Maddə 600.4 Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

30. Maddə 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

37. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

38. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

39. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

40. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

41. 367 MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(021)-2339/2022 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı 8140 manat pul tələbi qismən təmin olunmalıdır.

45. İşin halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh VAZ 2107 markalı minik avtomobilin dəyərini hissə-hissə ödəmək şərti ilə almış və bunun müqabilində özünə, arvadı və qaynatasına məxsus kartları cavabdehə vermişdir. Avtomobilə dair iddiaçının adına etibarnamə versədə, sonradan həmin etibarnamə ləğv edilmiş və avtomobil geri alınmışdır. Ona görədə İddiaçı hazırki tələblə birinci instansiya məhkəməsinə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.

46. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh oğlinin iddiaçıya borcunun olması sübut olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, İddiaçıla Cavabdeh arasında avtomobilin nisyə alqı-satqısına dair şifahi razılaşma olması apellyasiya icraatı zamanı cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X2 izahatı ilə təsdiq olunur. Yuxarıda da qeyd olunduğu kimi Vüsal İsgəndərov izahatında bildirmişdir ki, adına qeydə alınmış VAZ21074 minik markalı, 90ED097 dövlət qeydiyyat nömrə nişanlı avtomobili atası Cavabdeh 2021-ci ilin əvvəllərində İddiaçı satmış və bu barədə sonuncuya onun tərəfindən etibarnamə verilmişdir.

47. İddiaçı Cavabdeh ona məxsus yemək xərci kartından 3840 manat, qaynatası Yadigara məxsus kartdan 2700 manat, uşağa aid sosial müavinət kartından 1200 manat olmaqla cəmi 7740 pul çıxartmasını, eləcədə avtomobili alarkən ilkin olaraq 400 manat ödəməsini qeyd etsədə, lakin məhkəmə kollegiyasının iclasında onun bu dəllili qısmən sübuta yetirilir.

48. Belə ki, bundan əvvəldə qeyd olunduğu kimi İddiaçı avtomobilin müqabilində özünə, arvadına və qaynatasına məxsus kartaları cavabdehə vermişdir. Cavabdeh da öz növbəsində vermiş olduğu izahatında bildirmişdir ki, iddiaçının qaynatası Yadigara məxsus kart 5 ay, arvadı Azadəyə məxsus kart 4 ay, iddiaçının özünə məxsus kart isə 2021-ci ilin yanvar ayından 2022-ci ilin mart ayınadək onda olmuşdur. Apellyasiya icraatı zamanı "xxxx" ASC-dən alınmış görüntülərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, İddiaçı məxsus kartdan 29 iyun və 28 oktyabr 2021-ci ildə cavabdehin özü, 26 noyabr 2021-ci il tarixdə isə cavabdehin arvadı tərəfindən, iddiaçının qaynatası Yadigara məxsus kartdan 26 fevral 2020-ci il və 29 iyun 2021-ci il tarixlərdə cavabdehin özü tərəfindən pul çıxarılmışdır. Görüntülərdə iddiaçının arvadı Azadəyə məxsus kartdan isə 23 aprel 2020-ci il tarixdə hərbi geyimli şəxsin pul çıxarması əks olunmuşdur.

49. Digər aylar üzrə əmək haqqı kartlarından pulun çıxarılmasını əks etdirən görüntülər məhkəməyə təqdim olunmasada, lakin təqdim olunmuş hesabdan çıxarışlardan müəyyən olunur ki, kartların Cavabdeh olduğu müddətlərdə, yəni 2021-ci ilin yanvar ayından 2022-ci ilin mart ayınadək iddiaçıya məxsus kartdan 2640 manat, arvadı Azadəyə məxsus kartdan 800 manat, qaynatası Yadigara məxsus kartdan isə 1500 manat məxaric olmuşdur. Göründüyü kimi, iddiaçı tərəfin cavabdehə vermiş olduğu kartlardan cavabdeh tərəfindən 2021-ci ilin yanvar ayından sonrakı müddətlərdə ümumilikdə 4940 manat pul məxaric edilmişdir. Tərəflər arasında VAZ21074 minik markalı, 90ED097 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dair nisyə alqı-satqı müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulduğu üçün, yəni qeyd olunan avtomobilə dair iddiaçının adına verilmiş etibarnamə ləğv edildiyinə və avtomobil iddiaçıdan geri alındığı üçün kollegiya hesab edir ki, iddiaçıya və yaxın qohumlarına məxsus kartlardan Cavabdeh çıxarmış olduğu 4940 manat (2640+800+1500=4940) sonuncudan alınıb İddiaçı verilməlidir.

50. Cavabdeh 2019-cu ilin axırlarında ev almaq məqsədilə iddiaçıya 6000 manat borc verməsi və kartlardan çıxarılmış pulun həmin borca görə olması dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, sonuncu belə bir dəlil irəli sürsədə, lakin o, bu barədə məhkəməyə hər hansı bir möhtəbər sübut təqdim etməmişdir. İddiaçı da izahatında Cavabdeh ev almaq məqsədilə 6000 manat borc almasını inkar etmiş və bildirmişdir ki, əvvəllər cavabdehdən 1000 manat borc almışdır.

51. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür.

52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri hazırkı işin hallarına münasibətdə qismən əsaslıdır. Ona görə də Bərdə Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(021)-2339/2022 nömrəli qətnaməsi ləğv edilməli, iddia qismən təmin olunmalı və Cavabdeh 4940 manat alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(021)-2339/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 8140 manat pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 4940 manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar