Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-626/2023 15.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və İsgəndərova Aygül Vülqar qızından ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(021)-1302/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ümumi qiyməti 1230 manat dəyərində olan azercell nömrələrini hissə-hissə ödəmək şərti ilə satılmışdır. Müqaviləyə əsasən alıcı əmlakın dəyəri olan məbləğini 230 nağd qaydada ödəmişdir.
2. Cavabdeh xx.xx.2022-ci il tarixli İzahatından görünür ki, 1000 ədəd sim nömrənin pulunu, 1000 manatı 31 marta qədər ödəyəcəyini qeyd etmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2022-ci il tarixli 4/1133 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 1-ci vərəqinin aşağı sağ hissəsindəki və 2-ci vərəqinin aşağısındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekpsert tədqiqatının dəyəri 127 manat təşkil etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2230 manat borcun və ödənilmiş 42 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsinin onunla əsaslandırmışdır ki, 2002-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Zərdab rayonu Azərbaycan küçəsində yerləşən “Aydan Telekom” mağazasında mobil nömrə satışını həyata keçirir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1230 manat məbləğində 1100 ədəd sim nömrəni ona vermişdir. Cavabdeh malın dəyərini 3 ay ərzində ödəməli idi. Lakin ödəniş cədvəli üzrə 230 manat ödəniş etmiş, qalan 2230 manatı bugünə qədər ödəməmişdir.
6. Bərdə Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(021)-1302/2022 nömrəli qətnaməsi ilə (hakim Qamət Əbilov) iddianın qismən təmin olunması, Cavabdeh 2000 manat məbləğində pul və ödənilmiş 42 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza xərci 127 manatın Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1, 386.1, 390.1, 425.1, 567, 600.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(021)-1302/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
9. Cavabedh Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun imzasının saxtalaşdırılması ilə onun adından bağlanmış müqaviləyə istinad etmişdir. O, sözügedən alqı-satqı müqaviləsinə imza etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X1 apellyasiya şikayətini müdafiə edərək məzmununa uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Cavabdeh sədrlik edən sualına cavab olaraq dəlilinə dair heç bir sübutu olmadığını, birinci instansiya məhkəməsində əldə edilmiş ekspert rəyi ilə tanış olduğunu bildirmişdir.
12. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq o məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
14. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124.3. İddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
15. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bərdə Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(021)- 1302/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. İşin halları ondan ibarətdir ki, ddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli, Alqı-Satqı müqaviləsi bağlanmış, Cavabdeh ümumi qiyməti 1230 manat dəyərində olan 1000 ədəd sim nömrələr hissə-hissə ödəmək şərtilə satılmışdır. Həmin pulun 230 manatı nağd şəkildə ödənilmişdir. Müqavilə şərtinə əsasən verilən nömrələrin hər birini aktivasiya üçün Aydan Telekom sisteminə göndərmək, əks halda satıcıya hər bir nömrənin dəyərinin 2 qatını ödəmək vəzifəsi alıcıya vəzifə olaraq müəyyən edilmişdir. Lakin Cavabdeh öhdəliklərini yerinə yetirməyərək borcunu ödəməmiş və müqavilə şərtinə əsasən verilən nömrələrin hər birini aktivasiya üçün Aydan Telekom sisteminə göndərməmişdir. Cavabdeh borcunu ödəmədiyi üçün iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Cavabdeh, Cavabdeh alqı-satqı müqaviləsindəki imzanın ona məxsus olmadığını bildirmiş, məhkəmə bununla bağlı məhkəmə- xətşünaslıq ekspertizası təyin etmiş və ekspert rəyində göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 1-ci vərəqinin aşağı sağ hissəsindəki və 2-ci vərəqinin aşağısındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur.
20. Apellyasiya şikayətinin dəlillərində cavabdeh müqavilənin onun tərəfindən imzalanmadığını bildirsə də buna dair sübut təqdim etməmiş, eyni zamanda birinci instansiya məhkəməsində iş üzrə keçirilmiş ekspertiza ilə müqavilədəki imzaların onun tərəfindən icra olunduğu öz təsdiqini tapmışdır.
21. Məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməsinı, ekspertiza xərcinin də cavabdehdən tutulmasını qət etməkdə haqlı olmuşdur.
22. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil.
23. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırki iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(021)-1302/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldıgı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz .