Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-627/2023 04.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin e-2(021)-3250/2022 saylı mülki iş üzrə 31 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 avqust 2019-cu il tarixli, 100821-110146/10 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən Cavabdeh illik 1% faizlə 60 ay müddətinə 3376,68 manat məbləğində kredit, eyni tərəflər arasında bağlanmış digər-07 avqust 2019-cu il tarixli, 100821-110146/11 saylı istehlak kredit müqaviləsinə əsasən isə cavabdehə illik 1% faizlə 60 ay müddətinə 1121,19 manat məbləğində kredit verilmişdir.
2. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh borcun ödənilməsi üçün iddiaçı tərəfindən xəbərdarlıq olunmuşdur.
3. İş materiallarında olan 30 avqust 2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 30 avqust 2022-ci il tarixə İddiaçı ASC-yə 07 avqust 2019-cu il tarixli, 100821-110146/10 saylı kredit müqaviləsi üzrə 3376,68 manat əsas borc, 86,53 manat faiz borcu olmaqla, cəmi 1149,04 manat və 07 avqust 2019-cu il tarixli, 100821- 110146/11 saylı kredit müqaviləsi üzrə 1121,19 manat əsas borc, 27,85 manat faiz borcu olmaqla, cəmi 1149,04 manat, ümumilikdə 4612,25 manat kredit borcu yaranmışdır.
4. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 66,53 manat dövlət rüsumu ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 avqust 2019-cu il tarixli, 100821-110146/10 saylı kredit müqaviləsi üzrə 3376,68 manat əsas borc və 86,53 manat faiz borcu olmaqla, cəmi 3463,21 manat məbləğində kredit borcu, 07 avqust 2019-cu il tarixli, 100821-110146/11 saylı kredit müqaviləsi üzrə 1121,19 manat əsas borc və 27,85 manat faiz borcu olmaqla, cəmi 1149,04 manat məbləğində kredit borcu,, ümumilikdə 4612,25 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 66,53 manat pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinn həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına və Maliyyə Bazarlarına Nəzarət Palatasının 02 aprel 2019-cu il tarixli Qərarı ilə qüvvəyə minmiş “Fiziki şəxslərin valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artırmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış dəbbə pulu üzrə tətbiq ediilərək güzəştlərin müəyyən edilməsi Qaydası”na uyğun olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 avqust 2019-cu il tarixli, 100821-110146/10 saylı istehlak kredit müqaviləsinə əsasən cavabdehə illik 1% faizlə 60 ay müddətinə 3376,68 manat, 07 avqust 2019-cu il tarixli, 100821-110146/11 saylı istehlak kredit müqaviləsinə əsasən cavabdehə illik 1% faizlə 60 ay müddətinə 1121,19 manat məbləğində kredit verilmişdir. Krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürmüşdür. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq bu heç bir fayda verməmişdir.
7. Bərdə Rayon Məhkəməsinin e-2(021)-3250/2022 saylı mülki iş üzrə 31 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim: Q.Əbilov) iddia tələbi təmin edilmiş, Cavabdeh 07 avqust 2019-cu il tarixli, 100821-110146/10 saylı kredit müqaviləsi üzrə 3376,68 manat əsas, 86,53 manat faiz , 07 avqust 2019-cu il tarixli, 100821-110146/11 saylı kredit müqaviləsi üzrə 1121,19 manat əsas, 27,85 manat faiz borcu olmaqla, ümumilikdə 4612,25 manat və dövlət rüsumu kimi ödənilmiş 66,53 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1. 405, 425, 442, 443.1. 445.1, 445.2.1, 448.1, 449.1. 462.1 və 739-cu maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin e-2(021)- 3250/2022 saylı mülki iş üzrə 31 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, işə baxılmasının vaxtı və yeri barədə ona rəsmi məlumat verilməmişdir. Lazımi qaydada məlumatlandırılmadığından işə baxan hakim çəkişmə prinsipini pozmuşdur. Xəbəri olmadan Bank tərəfindən iddia qaldırılması və iddia tələbinin təmin edilməsi onun üçün qaranlıqdır. Belə ki, işin baxılmasında iştirak etsə idi məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün vəsatət verərdi. Qeyd etmişdir ki, əsas kredit məbləğinə hesablanmış faiz və cərimə məbləğləri həddindən artıq şişirdilmişdir. Bu səbəbdən də mühasibatlıq ekspertizası keçirilməlidir. Sadalananlara əsasən hesab edir ki, sözügedən qətnamə ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 11 Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
17. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
18. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 135.2 - məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir.
23. Maddə 135.3 - məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
24. Maddə 135.5 - bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 402.1 - mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilməz.
28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
32. Belə ki, Cavabdeh apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, ona məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməmiş, həmçinin kredit borcu düzgün hesablanmamışdır. Bu səbəbdən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməli olduğunu bildirmişdir.
33. Məhkəmə kollegiyası ilk öncə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməməsinə dair dəlillərini araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır.
34. Belə ki, yuxarıda da qeyd olunmuş mülki prosessual qanunvericiliyə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Bu hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
35. Mülki işin materiallarında olan poçt xəbərnaməsindən görünür ki, məhkəmənin yeri və vaxtı barədə Cavabdeh məlumat verilmiş və qeyd edilən xəbərnaməyə atası tərəfindən imza edilməklə məhkəmə bildirişi qəbul edilmişdir.
36. Ona görə də məhkəmə kollegiyası məhkəmənin Cavabdeh iştirakını təmin etmədən işə baxması barədə apellyatorun şikayətinin dəlilini əsassız hesab edir.
37. Apellyatorun borcun düzgün hesablanmaması barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, aparılmış araşdırmalar nəticəsində işin faktiki halları kimi müəyyən olunuur ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinn həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına və Maliyyə Bazarlarına Nəzarət Palatasının 02 aprel 2019-cu il tarixli Qərarı ilə qüvvəyə minmiş “Fizi şəxslərin valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artırmış hissəsinin ödənilməsi mexanizminin hə həmin məbləğə hesablanmış dəbbə pulu üzrə tətbiq ediilərək güzəştlərin müəyyən edilməsi Qaydası”na uyğun olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 avqust 2019-cu il tarixli, 100821-110146/10 saylı istehlak kredit müqaviləsinə əsasən cavabdehə illik 1% faizlə 60 ay müddətinə 3376,68 manat, 07 avqust 2019-cu il tarixli, 100821-110146/11 saylı istehlak kredit müqaviləsinə əsasən cavabdehə illik 1% faizlə 60 ay müddətinə 1121,19 manat məbləğində kredit verilmişdir. İddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermiş, borclu isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddia təmin olunmuşdur.
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş üzrə ekspertiza keçirilməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən borcun müqaviləyə uyğun hesablanmasını şübhə altına ala bilən heç bir sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir. Ona görə də iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət yoxdur.
39. Bundan əlavə, cavabdeh məhkəmə kollegiyasının iclasında Bankın onunla restrukturizasiya müqaviləsi bağlandıqdan sonra borcundan ödənişlər etdiyi barədə hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla, əsaslandırılmamışdır.
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmiş, cavabdeh tərəfin əsas və faiz borcunu düzgün müəyyən etmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin e-2(021)-3250/2022 saylı mülki iş üzrə 31 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddia məbləğ 5000 manatdan az məbləğdir. Ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin e-2(021)-3250/2022 saylı mülki iş üzrə 31 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.