Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-629/2025 09.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu, Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(076)-3394/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5287.10 (beş min iki yüz səksən yeddi manat on qəpik) manat məbləğində vurulmuş ziyanın, ödənilmiş 60 manat mediasiya xidmət haqqının və 31 manat ödənilmiş dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021–ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı–kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixli 224 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 121x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin - OBA Şəmkir 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 5470 (beş min dörd yüz yetmiş) manat 49 (qırx doqquz) qəpik təşkil etmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 5287,10 (beş min iki yüz səksən yeddi manat on qəpik) manat məbləğində borcu qalmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh vurduğu ziyanı ödəməkdən yayınmışdır. Odur ki, iddianın təmin olunaraq cavabdehdən 5287.10 (beş min iki yüz səksən yeddi manat on qəpik) manat məbləğində borcun, ödənilmiş 60 manat mediasiya xidmət haqqının və 31 manat dövlət rüsumunun alınıb İddiaçı MMC-yə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(076)-3394/2024 saylı qətnaməsi ilə (hakim T.Musayev) iddianın təmin edilməsi, Cavabdeh 5287.10 (beş min iki yüz səksən yeddi manat on qəpik) manat məbləğində pulun alınıb İddiaçı MMC-yə verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, Cavabdeh 31 (otuz bir) manat dövlət rüsumu və 60 (altmış) manat mediasiya xidmət haqqının alınıb İddiaçı MMCyə verilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi (vəkil) Vəkil qətnamənin dəliləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)- 3394/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddianı qəbul etmir. Əvvala ona görə ki, işlədiyi müddətdə heç bir qayda pozuntusuna yol verməmişdir. Doğurdan da iddia ərizəsində də göstərildiyi kimi rəsmi qaydada işə qəbul olunmuş və işlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmişdir. İşlədiyi işin xüsusiyyəti ilə bağlı bildirmişdir ki, mağazaya gələn malları rəsmi qaydada müvafiq akta imza etməklə qəbul edib, həmin qayda ilə də anbara pul ödəmişdir. Lakin sonuncu akt ona təqdim edilməyib, həmin aktda göstərilmiş mallar ona təhvil verilməmişdir. Bu səbəbdən də həmin aktda həmin malların təhvil verilməsi ilə bağlı imzası yoxdur. Mağazada sayım onun iştirakı olmadan aparılıb. Belə olan halda hansı hüquqi və məntiqi əsasla iddiaçı iddia edə bilər ki, o, mağazaya ziyan vurmuşdur. Daha sonra iddiaçı iddia ərizəsində göstərir ki, həmin ziyandan iddiaçı ona güzəşt etmiş və borc ümumilikdə 5287.10 (beş min iki yüz səksən yeddi manat on qəpik) manat məbləğində olmuşdur. Lakin həmin güzəştin səbəbinə, eyni zamanda niyə həmin güzəştin 5287.10 (beş min iki yüz səksən yeddi manat on qəpik) manat olmasına aydınlıq gətirilmir. Hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən həm maddi hüquq normalarının, həm də prosessual hüquq normalarının tələblərini pozmuşdur. Eyni zamanda məhkəmə iddia tələbinə baxarkən onun iştirakını təmin etməmişdir. Halbuki, işdə onun vəkili və nümayəndəsi var idi. Məhkəmə iclas zalında məhkəmə prosesinin xx.xx.2024-cü il olması bildirildi. Sonradan həmin tarix xx.xx.2024-cü ilə təyin olunub. Məhkəmə ən azından onların iştirakını təmin etmək, onları dinləmək üçün məhkəmə iclasını təxir edə bilərdi. Odur ki, məhkəmə qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunmasını istəyir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərdən cavabdeh nümayəndəsi vasitəsilə təmsil olunsa da özü məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, məruzəçi hakimi və tərəflərin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(076)-3394/2024 saylı qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 209 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli 224 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC-də administrator vəzifəsinə keçirilmişdir. İşdə olan xx.xx.2022-cü il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, Cavabdeh maddi məsul şəxs kimi ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməsi barədə işəgötürən qarşısında öhdəlik götürmüşdür. İşdə olan əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 121x saylı əmrlə İddiaçı MMC-də tutduğu administrator vəzifəsindən azad edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 5470.49 manat çatışmazlıq olması müəyyən edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə ziyandan bir hissəsi şirkət tərəfindən güzəşt edilmiş və Cavabdeh borcu 5287.10 (beş min iki yüz səksən yeddi manat on qəpik) manat təşkil edir. İşdə olan cavabdehə ünvanlanmış xəbərdarlıq bildirişindən görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli M,B/20/2024-00326 saylı Bakı 20 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi X1 ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunveruicilikdə əmək mübahisəsi ilə bağlı mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatına müraciət etməli olması imperativ qaydada nəzərdə tutulmasına baxmayaraq iddiaçı hazırkı iddianın aidiyyətı üzrə, yəni Şəmkir şəhərində yerləşən mediasiya təşkilatına müraciət etməli olduöğu halda Bakı 20 saylı Mediasiya təşkilatına müraciət etmiş, beləliklə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələbini, həmçinin Mülki Məcəllənin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydalarını tənzimləyən normalarının tələblərini, həmçinin MPM-in 150.1.7-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, MPM-in 150.1 və 150.1.7-cı maddələrinin tələbinə görə iddiaçı iddia ərizəsinə digər sənədlərlə yanaşı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədi də əlavə etməlidir. İddiaçı isə lazımi qaydada mediasiya təşkilatına müraciət etməməsinə baxmayaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi isə qanunvericiliyin istinad olunan tələblərinə riayət edilib-edilmədəiyini araşdırmadan iddia ərizəsini icraata qəbul edərək mahiyyəti üzrə baxmışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda iddia ərizəsini baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9.1-ci maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(076)-3394/2024 saylı qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiаçıyа iddiаnın bаxılmаmış sаxlаnmаsı üçün səbəb olаn halları аrаdаn qаldırdıqdаn sonrа ümumi qаydаdа ərizə ilə məhkəməyə yenidən mürаciət etmə hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.3, 384.0.5, 404- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(076)-3394/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, onun ümumi əsaslarla iddia vermək hüququ vardır. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-629/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-629/2025
09.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver