Məhkəmə qərarları › İş №2(104)-632/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-632/2024

13.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-632/2024 13.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh1 qarşı mülki iş üzrə Açar söz: alimentin artırılması tələbinə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-2657/2023 saylı mülki iş üzrə 05 sentyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 13 fevral` 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İşdə olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli arayışdan görünür ki, 23 yanvar 2010-cu ildə doğulmuş X4 adlı uşağın atası Cavabdeh1, anası İddiaçı1dır. İşdə olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli arayışdan görünür ki, 17 avqust 2015-ci ildə doğulmuş X6 adlı uşağın atası Cavabdeh1, anası X7r. İşdə olan Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli 2(021)-4080/2017 saylı qətnaməsindən görünür ki, iddiа qismən təmin edilmiş, iddiaçı X9 ilə Cavabdeh1 arasında Bərdə Rayon Qeydiyyat Şöbəsində 08 iyun 2012-ci il tarixdə 273 nömrə qeydi ilə bağlanmış nikahın pozulması, 23 yanvar 2010- cu il tarixdə anadan olmuş X2 və 17 avqust 2015-ci il tarixdə anadan olmuş X3 iddiaçı X5 himayəsində saxlanılması, 10 iyul 2017-ci il tarixdən etibarən Cavabdeh1 hər ay hər uşağa görə 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 xeyrinə verilməsi, Cavabdeh1 50 manat məbləğində rüsum alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İşdə olan Bərdə Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 ilə X9 arasında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra qadına İsgəndərova soyadı verilmişdir. İşdə olan Qax Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 may 2023-cü il tarixli AZ-İİ 510776 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı1 11 may 2023-cü il tarixdə Qax rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Benaşvili soyadı verilmişdir. İşdə olan 16 iyun 2023-cü il tarixli ********** nömrəli pensiya haqqında arayışdan görünür ki, Cavabdeh1 əlilliyə görə 327,21 manat pensiya alır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 qızları xx.xx.2010cu ildə anadan olan X2 və xx.xx.2015-ci ildə anadan olan X1 üçün alınan alimentin məbləğinin artırılması, yəni ayda hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İsa oğlu ilə 2009-cu ildə ailə qurmuş, lakin nikahlarını xx.xx.2012-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2010-cu ildə Nərgiz adlı qızları və xx.xx.2015-ci ildə isə Pərviz adlı oğlanları anadan olmuşdur. Cavabdeh1 İsa oğlu ilə aralarında bağlanmış nikahları Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar onun himayəsində qalmış, onların saxlanılması üçün Cavabdeh1 İsa oğlundan hər bir uşaq üçün ayda 60 manat, cəmi 120 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. Hazırda uşaqlar böyüyür, Cavabdeh1 alınan 120 manat uşaqların tələbatlarını ödəmir. Qax rayon sakini Qiorqi Benaşvili ilə yeni ailə həyatı qurmuş, uşaqlar onun himayəsindədir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2657/2023 saylı mülki iş üzrə 05 sentyabr 2023cü il tarixli qətnaməsi ilə (sədrlik edən G.Abbasov) iddia tələbi təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli 2(021)-4080/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəyə mindikdən sonra 23 yanvar 2010-cu ildə anadan olmuş X2 və 17 avqust 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh1 hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat miqdarında alimentin sabit pul məbləğində tutularaq, İddiaçı1 ödənilməsi, mediasiya xidmətinə müraciət üçün ödənilmiş 50 (əlli) manat, dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat, cəmi 100 (bir yüz) manat məbləğində rüsumun Cavabdeh1 alınaraq, İddiaçı1 verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)- 2657/2023 saylı mülki iş üzrə 05 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən işin hallarını tam araşdırmamış, sübutlara düzgün qiymət verməmişdir. Belə ki, o, ikinci qrup əlildir, heç bir yerdə işləmir, kirayədə yaşayır. Bundan başqa iddiaçı ayrı şəxslə yenidən ailə qurmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətində göstərilənləri müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmaan baxılıb, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanun: Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarının 8.2 bəndində məhkəmə qərara almışdır ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 2-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. İşdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi nəzərdə tutulmuşdur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsində təqdim edilir. Maddə 112.1.3. Aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-2657/2023 saylı mülki iş üzrə 05 sentyabr 2023-cü il tarixli qətnaməsi iddia tələbinin təmin edilmiş, 23 yanvar 2010-cu ildə anadan olmuş X2 və 17 avqust 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh1 hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat miqdarında alimentin sabit pul məbləğində tutularaq, İddiaçı1 ödənilməsi hissəsində dəyişdirilməli, Cavabdeh1 hər ay hər uşağa görə tutulmalı olan aylıq alimentin miqdarı 110 manat sabit pul məbləğində müəyyən edilməli, dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində rüsumun Cavabdeh1 alınaraq, İddiaçı1 verilməsi hissədə qətnamə ləğv edilməlidir. Мəhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, işə baxmış birinci instansiya məhkəməsi cavabdehin ikinci qrup əlil olmaqla işləməməsini, onun maddi vəziyyətinin aşağı olmasını nəzərə almadan, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin aylıq məbləğini artıraraq, hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment müəyyən etmiş və bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Valideyn uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Lakin, aliment təyin olunarkən uşaqların mənafelərinə üstünlük verilməklə tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar nəzərə alınmalıdır. Artıq yuxarıda qeyd edildiyi kimi, “Uşaq Hüquqları haqqında” Konvensiyanın 2-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müəyyən olunan alimentin miqdarı onun maddi vəziyyəti və ikinci qrup əlil olması nəzərə alındıqda qanunauyğun və əsaslı hesab olunmur. İşin qeyd edilən hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bərdə Rayon Məhkəməsinin 2(021)-2657/2023 saylı mülki iş üzrə 05 sentyabr 2023-cü il tarixli qətnaməsi “23 yanvar 2010- cu il tarixdə anadan olmuş X2 və 17 avqust 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh1 hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat miqdarında alimentin sabit pul məbləğində tutularaq, İddiaçı1 ödənilməsi” hissəsində dəyişdirilməli, Cavabdeh1 23 yanvar 2010-cu il tarixdə anadan olmuş X2 və 17 avqust 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan alimentin miqdarı dəyişdirilərək hər uşaq üçün 110 manat, cəmi 220 (iki yüz iyirmi) manat məbləğdə müəyyən edilməlidir. Bundan başqa kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi 50 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 alınaraq, İddiaçı1 verilməsi hissəsində də iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödənilməsindən azaddırlar. Yəni, iddiaçı hazırki iddianı qaldırarkən dövlət rüsumu ödənilməsindən azad idi və belə olan halda onun tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması MPM-in tələbləri baxımından yolverilməzdir. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsinin mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən, iddianın qiyməti 5000 manatdan aşağı olan mülki işlər üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 112.1.3-cu maddəsinə əsasən, aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir. Məhkəmənin artırmış olduğu (220 manat hazırki-120 manat əvvəlki)=100 manat aylıq alimentin bir illik məcmusu (100 manat x 12ay)=1200 manat məbləğini təşkil edir. Göründüyü kimi, həmin məbləğ 5000 manatdan aşağı məbləğdir, ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, və 402.1-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-2657/2023 saylı mülki iş üzrə 05 sentyabr 2023cü il tarixli qətnaməsi “23 yanvar 2010-cu il tarixdə anadan olmuş X2 və 17 avqust 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh1 hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (.üç yüz) manat miqdarında alimentin sabit pul məbləğində tutularaq, İddiaçı1 ödənilməsi” hissəsində dəyişdirilsin. İddiaçı1 ilə Cavabdeh1 birgə nikahından 23 yanvar 2010-cu il tarixdə anadan olmuş X2 və 17 avqust 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay tutulan alimentin miqdarı hər uşaq üçün 110 manat, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin və həmin məbləğdə aliment hər ay Cavabdeh1 tutularaq İsgəndərova (Benaşvili) Aygün İsa qızına ödənilsin. Qətnamə Cavabdeh1 50 manat məbləğində rüsumun alınaraq, İddiaçı1 verilməsi hissəsində ləğv edilsin., həmin hissədə iddia tələbi rədd edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar