Məhkəmə qərarları › İş №2(104)-644/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-644/2023

14.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-644/2023 14.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı “cavabdehlərin mənzilə bitişik tikililərdən çıxarılması, mənzildən istifadə etməyə maneə törədilməsinə son qoyulması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(125)-121/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı “cavabdehlərin mənzilə bitişik tikililərdən çıxarılması, mənzildən istifadə etməyə maneə törədilməsinə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10.000 (on min) manat maddi zərərin alınaraq iddiaçıya verilməsi və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulmaqla müvafiq icra hakimiyyətinin nümayəndələri cəlb olunmaqla iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, ev 56/7, 8 nömrəli mənzildən uzaqlaşdırılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının və onlara məxsus əşyaların ünvan 1, 8 saylı mənzilə bitişik əlavə tikililərdən çıxarılması və onların qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(125)-121/2022 nömrəli qətnaməsi ilə (hakim: T.Qocayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının və onlara məxsus əşyaların ünvan 1 ünvanda yerləşən 8 saylı mənzilə bitişik əlavə tikililərdən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, ev 56/7, 8 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsusdur. Həmin mənzil iddiaçının anası X3 tərəfindən xx.xx.2021-ci il tarixli Gəncə Asan Xidmət Mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən iddiaçıya bağışlanılmışdır. Cavabdehlərdən Cavabdeh1 iddiaçının mərhum qardaşı Elxanın arvadı, digər Cavabdeh2 qızı isə iddiaçının mərhum qardaşının qızıdır. İddiaçının anası X3 qeyd edilən mənzil onun mülkiyyətində olan zaman iddiaçı qismində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı kompensasiya verilməklə istifadə hüquqların xitam verilməklə cavabdehlərə məxsus əşyaların mənzildən çıxarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-3387/2020 saylı qətnaməsi ilə iddiaçı X1 iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının Gəncə şəhəri, Kəpəz rayonu, Abbas Səhhət küçəsi, ev 56/7, 8 saylı mənzildən istifadə hüquqlarına iddiaçı tərəfindən hər cavabdehə 5000 (beş min) manat olmaqla ümumilikdə 10.000 (on min) manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərə məxsus əşyaların həmin mənzildən çıxarılması, qətnamənin kompensasiyanın verilməsi ilə eyni vaxtda icra edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2021-ci il tarixdə tam olaraq icra edilərək iş üzrə icraata xitam verilmişdir və bu barədə icra məmuru tərəfindən akt tərtib edilərək müvafiq qərar qəbul edilmişdir. Mübahisəli ünvanda yerləşən mənzilin sahəsi çıxarışla 55,0 m2-dir və bundan başqa iddiaçıya məxsus mülkdə bitişik əlavə tikililər mövcuddur. Cavabdehlər mübahisəli ünvanda yerləşən qanuni çıxarışla olan mənzili boşaltsalar da mülkə bitişik tikililəri zəbt edərək əşyalarını həmin hissəyə yığmışlar və iddiaçıya mülkiyyətindən istifadə etməyə imkan vermirlər və bununla da iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Bundan başqa cavabdehlər iddiaçının mülkiyyətində olan evə maddi ziyan vururlar. Belə ki, cavabdehlər orada özbaşına əlavə tikintilər aparmaqla, evin giriş-çıxış qapılarını mişar daşı ilə hörməklə, evin dam örtüyünü tam sökərək yeni quruluşda keyfiyyətsiz dam örtüyü ilə əvəz etməklə, pəncərələri dəmir məhəccər ilə bağlamaqla, yardımçı tikililəri (hamam, tualet və s.), həyətə girən qapını qıfıl ilə qıfıllamaqla mülkiyyətçinin evə giriş-çıxışını məhdudlaşdırmaqla və s. üsullarla iddiaçının mülkiyyət hüququnu pozurlar. Bir sözlə qeyd edilən mübahisəli mülk iddiaçının mülkiyyətində olmasına baxmayaraq cavabdehlər mülkiyyətçini əmlakından istifadə etməyə imkan vermirlər. Odur ki, hazırki tələb ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, iş materiallarında olan sübutlardan da görünür ki, mübahisəli tikililər iddiaçıya məxsus deyil və həmin tikililər üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmamışdır. Əgər həmin tikililər həqiqətən də iddiaçıya məxsus olsaydı ən azından həmin tikililərin üzərində mülkiyyət hüququnun qeydə alınması və sənədləşməsi üçün iddiaçı tərəfindən müvafiq orqanlara müraciət etmiş olardı. Əksinə işdə olan, lakin qanunsuz olsa da ləğv edilmiş sərəncam onu göstərir ki, həqiqətən də qeyd olunan tikili cavabdehlərin əri və atası tərəfindən inşa edildiyindən onun sənədləşməsi üçün cavabdehlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına müraciət edilərək sərəncam alınmaqla həmin evə tikililərə dair müvafiq olaraq müstəqil şəkildə mənzil kirayə müqaviləsi bağlanmış və hazırda həmin müqavilə də qüvvədədir. Həmin evlərin təcrid edilməməsinin səbəbi isə cavabdehlərdən Cavabdeh1 mərhum əri Elxan Cəfərov tərəfindən ona ata payından ayrılan bir pay olaraq inşa edilməsi və ailəsinin yaşaması üçün ayrılıqda olan bir tikili olmasıdır. Cavabdehlə iddiaçının anası yəni cavabdehlərin qaynanası ilə razılaşmalarına əsasən Elxan Cəfərov vəfat etdikdən sonra ona başqa yaşayış evinin alınması və yaxud həmin tikilidə yaşamaları üçün olan yaşayış hüquqlarını təmin etmək məqsədi güdmüşdür. Həmçinin məhkəmənin iddiaçıya aid olan subyektiv hüququ ilə bağlı göstərdiyi əsaslandırmasının sonunda heç bir hüquqverici sənəd və məhkəmənin mülkiyyət kimi qiymətləndirdiyi hal mübahisəli tikililərlə bağlı mövcud deyil. Subyektiv hüquqla bağlı AR Konstitusiya Məhkəməsinin mövqeyi hüquq müəyyənlik prinsipi əsasında göstərilmişdir. Qeyd olunan tikililərlə bağlı isə iddiaçının hüquq müəyyənlik prinsipi yoxdur. Həmçinin qeyd olunan tikililərin giriş və çıxış yollarının həlli isə mübahisənin həlli giriş çıxış yolunun ayrılması və yaxud servitut qaydasında həll oluna bilər. Həmçinin kompensasiya verilmiş əmlak isə Abbas Səhhət küçəsi ev 56/7, mənzil 8 ünvanda yerləşən evə aiddir, işdə olan kirayə müqaviləsindən də görünür ki, tikililərin yerləşdiyi ünvan Abbas Səhhət küçəsi ev 56/7, mənzil 9-dur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 27-ci maddəsinin tələbindən çıxış edilsə iddiaçı tərəfindən rəsmiləşdirmə aparılmamış əksinə cavabdehlər tərəfindən rəsmiləşdirmənin aparılması təmin edilmişdir. Qeyd olunan sərəncamın isə məhkəmə tərəfindən ləğvi halı prosedurlara riayət edilməməsi ilə bağlı və əlavə tikililərin rəsmiləşdirilməsində prosedur qaydalara riayət edilməməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilmədiyindən ləğv edilmişdir. Hazırda iddiaçının və uzun müddət ərzində onun anasının müvafiq dövlət orqanlarına müraciət etməməsi iradəvi olaraq həmin tikililərin Elxan Cəfərov tərəfindən inşa edilməsini göstərir və şahid ifadələri də bunu təsdiq edir. Mübahisəli tikililərin iddiaçının mülkiyyət hüququnun olmaması ilə həmin tikililərin cavabdehin mərhum əri Elxan Cəfərov tərəfindən inşa edilməsi və xərcin onun tərəfindən çəkilməklə həmin tikililərin həmçinin cavabdehlər tərəfindən vərəsəliklə bağlı imtinalarının əvəzi kimi şifahi razılaşmanın əsasıdır. Mübahisəli tikililərin iddiaçıya məxsus olmaqla mülkiyyətində olması və onun tərəfindən inşa edilməsi işdə heç bir sübutla təsdiq edilmir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli tikili ayrıca şəkildə mövcud deyil, iddiaçıya məxsus evin tərkib hissəsidir. Həmin tikililər iddiaçının atası tərəfindən 1970-ci illərdə tikilmişdir. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin X4 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəmisinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 20 aprel 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 özünə məxsus olan, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 55 m2 olan mənzili İddiaçı bağışlamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 8 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli, 2(043)- 3387/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının ünvan 2 ünvanda yerləşən 8 saylı mənzildən istifadə hüquqlarına iddiaçı tərəfindən hər cavabdehə 5000 (beş min) manat olmaqla ümumilikdə 10 000 (on min) manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərə məxsus əşyaların həmin mənzildən çıxarılması, qətnamənin kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 04 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən ünvan 2 ünvanda yerləşən 9 saylı mənzil daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 19 aprel 2021-ci il tarixli sərəncamının surətindən görünür ki, ünvan 1 nömrəli binanın ümumi sahəsi 59,5 m2, yaşayış sahəsi 19,1 m2 olan bir otaqlı 9 nömrəli mənzili Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına götürülərək Cavabdeh1 ailəsinin istifadəsinə verilməsi və onunla kirayə müqaviləsi bağlanması qərara alınmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2021-ci il tarixli **********035 nömrəli şəxsi hesabdan çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən mənzilin sahibi olaraq Cavabdeh1, eləcə də ailə üzvü kimi Cavabdeh2 qızı qeyd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022ci il tarixli, 2-1(102)-1414/2022 saylı qərarının surətindən görünür ki, İddiaçı Gəncə şəhər İcra hakimiyyətinə qarşı (üçüncü şəxs Cavabdeh1) “sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 nömrəli binanın ümumi sahəsi 59,5 m2 , yaşayış sahəsi 19,1 m2 olan bir otaqlı 9 nömrəli mənzilinin Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına götürülərək Cavabdeh1 ailəsinin istifadəsinə verilməsi və onunla kirayə müqaviləsi bağlanması barədə Gəncə şəhər İcra Hakimiyyəti başçısının 19 aprel 2021-ci il tarixli sərəncamının ləğv edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-200/2022 saylı 25 yanvar 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan üçüncü şəxs Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-246/2022 saylı, 14 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində Gəncə şəhəri, A.Səhhət küçəsi, ev 56/7, 8 saylı mənzil vardır. İddiaçıya məxsus mənzil texniki pasporta uyğun olaraq dörd otaqdan ibarətdir. Otaqlar yan-yana olmaqla hamısının çıxışı ümumi zala açılır. Zalın qarşısında isə bir otaq və sanitar qovşağı mövcuddur, həmin otaqda üçüncü şəxs yaşayır və özünə məxsus əşyaları və yataq dəsti mövcuddur. Hər iki tərəf bildirmişdir ki, iddiaçıya məxsus otaqların çıxışının açıldığı zal və üçüncü şəxsin əşyaları olan hissə mübahisələndirilən sərəncamla üçüncü şəxsə verilmiş sahədir. İddiaçının hər dörd otaqdan çıxışı üçüncü şəxsə verilmiş zala açıldığından və mübahisələndirilən sərəncamla ümumi istifadəsi nəzərdə tutulmadığından hesab etmək olar ki, iddiaçının özünə məxsus olan otaqlara giriş-çıxışı məhdudlaşmışdır. Bununla yanaşı üçüncü şəxsə mübahisələndirilən sərəncamla verilmiş sahə 59,5 m2-dir, həmin sahənin dam örtüyü iddiaçının mülkiyyətində olan evin və qarşısında yerləşən və mülkiyyətdə olmayan zalın dam örtüyü ilə bitişikdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mənzilin texniki sənədlərindən və mənzilə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan tikililər təcrid yaşayış sahəsi kimi deyil, məhz iddiaçının mülkiyyətində olan mənzilə əlavə kimi inşa edilmişdir və mənzillə birlikdə vahid yaşayış sahəsi kimi istifadə edilmişdir. Cavabdehlərin istinad etdiyi, əlavə tikililərin 9 saylı mənzil kimi onların istifadəsinə verilməsinə dair sərəncam isə ləğv olunmuşdur. Belə olan halda cavabdehlərin həmin tikililərdən istifadə etməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə əlavə tikililərin iddiaçının mülkiyyətində olmaması və beləliklə də iddiaçının cavabdehlərin həmin tikililərdən çıxarılması üçün iddia qaldırmağa subyektiv hüququnun olmaması barədə etirazına da qiymət verərək qeyd etmişdir ki, həmin tikililər mülkiyyətdə olmasa da tərəflərin izahatları və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, kifayət qədər uzun müddətdir ki, mübahisə predmeti olan tikililər iddiaçının mülkiyyətində olan mənzilə bitişik olaraq inşa edilmiş və mənzillə birlikdə istifadə edilmişdir. Cavabdehlər isə həmin mənzili 10 000 manat kompensasiya müqabilində tərk etməklə razılaşmış və kompensasiyanı aldıqdan sonra əlavə tikililərə iddia etmişlər. Hazırkı halda cavabdehlərin mənzilə bitişik tikililərdən istifadə etməsi iddiaçıya öz mənzilindən təyinatına uyğun istifadə etməyə maneə törədir. Digər tərəfdən mənzilə bitişik (faktiki olaraq mənzillə vahid yaşayış sahəsi təşkil edən) tikililərin mənzil sahibinin mülkiyyətində olmaması hər hansı kənar şəxsin, o cümlədən cavabdehlərin həmin tikililərdə yaşaması ilə mənzil sahibini barışmağa məcbur edə bilməz. Hazırkı vəziyyət, yəni mənzilə bitişik olan əlavə tikililərin özbaşına inşa edilməsi və bunun nəticələri Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 27-ci maddəsinə uyğun tənzimlənir və belə halda səlahiyyətli orqan müvafiq əsaslar olduqda yaşayış sahəsinin yenidən qurulmasını rəsmiləşdirə və ya bundan imtina edərək mənzilin əvvəlki vəziyyətini bərpa etməyi tələb edə bilər. Yəni, mənzil mülkiyyətçisinin mənzilin genişləndirilməsinin rəsmiləşdirilməsini tələb etmək hüququ da mövcuddur. Cavabdehin təşəbbüsü ilə şahid qismində dindirilmiş S.Məmmədova eyni binadakı mənzilini genişləndirdiyini və bu dəyişikliyin rəsmiləşdirildiyini bildirmişdir. Hər bir halda məhkəmə qeyd edir ki, mənzillə eyni dam örtüyünə malik olan və vahid yaşayış sahəsi kimi istifadə olunmuş əlavə tikililərin həmin mənzildən təcrid yaşayış sahəsi kimi götürülməsi və mənzildən istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsinə baxmayaraq mənzil mülkiyyətçisinin iradəsinə zidd olaraq cavabdehlərin həmin tikililərdə yaşaması mənzil mülkiyyətçisinin hüquqlarının pozulmasına gətirib çıxarır. Cavabdehlərin həmin tikililərdə olması iddiaçının öz mənzilindən sərbəst istifadə etməsinə mane olduğu üçün məhkəmə iddianı cavabdehlərin həmin tikililərdən çıxarılması hissəsində əsaslı hesab edir. İddianın digər hissəsi isə cavabdehlər tərəfindən mənzildən istifadəyə maneə törədilməsinə son qoyulması tələbidir. İddiaçı bu tələbini cavabdehlər tərəfindən pəncərələrin dəmir məhəccərlə bağlanması, giriş-çıxış qapısının hörülməsi, qıfıllanması və s. halların aradan qaldırılması kimi ifadə etmişdir. Məhkəmə qeyd etmişdir ki, həmin maneələr cavabdehlər əlavə tikililərdə qaldığı halda törədilə bilən maneələrdir. Cavabdehlərin əlavə tikililərdən çıxarılması halında onlar tərəfindən mənzildən istifadəyə qeyd olunan maneələrin törədilməsi mümkün olmadığından həmin hissədə iddia təmin oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin nəticə işin həqiqi hallarına uyğun olmaqla, məhkəmə mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Cavabdehlər apellyasiya şikayətində “onlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müraciət edilərək sərəncam alınmaqla həmin evə tikililərə dair müvafiq olaraq müstəqil şəkildə mənzil kirayə müqaviləsi bağlanmış və hazırda həmin müqavilə də qüvvədədir” qeyd etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə qiymət verərək vurğulayır ki, cavabdehlərin həmin dəlilləri əsaszdır. Ona görə ki, iş materialları ilə müəyyən edilir ki, ünvan 1 nömrəli binanın ümumi sahəsi 59,5 m2, yaşayış sahəsi 19,1 m2 olan bir otaqlı 9 nömrəli mənzilinin Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına götürülərək Cavabdeh1 ailəsinin istifadəsinə verilməsi və onlarla kirayə müqaviləsi bağlanması barədə Gəncə şəhər İcra Hakimiyyəti başçısının 19 aprel 2021-ci il tarixli sərəncamı Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-200/2022 saylı 25 yanvar 2022-ci il tarixli qərarına əsasən ləğv edilmiş və həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(102)-1414/2022 saylı qərarında öz başına tikililərin yerli icra hakimiyyətinin balansına götürülməsi və istifadə üzrə sərəncam verilməsinin nəzərdə nəzərdə tutulmadığı, həmçinin daşınmaz əmlaklara ünvan verilməsinin Əmlak Məsələlkəri Dövlət Xidmətinə aid olduğu halda mübahisələndirilən sərancamla öz başına tikiliyə 9 nömrəli ünvan verildiyi göstərilmişdir. Göründüyü kimi cavabdehlərin şikayətinin dəlillərində istinad etdiyi müqvilə artıq hüquqi qüvvəyə malik deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(125)-121/2022 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(125)-121/2022 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar