Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-646/2023 07.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin ləğvi, kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(021)-2793/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bərdə Rayon Məhkəməsinin (hakim F.Babaşov) 15 sentyabr 2022-ci il tarixli, 2(021)- 2793/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin olunması, "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 0406-0599-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2220 manat əsas, 1452 manat faiz, 4 manat cərimə, cəmi 3676 (üç min altı yüz yetmiş altı) manat kredit borcu və ödənilmiş 56,76 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumundan 9,24 manat hissəsinin isə iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(021)-2793/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşin halları İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin ləğvi, kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 0406-0599-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 öz xeyrinə 2220 manat əsas, 1452 manat faiz, 904 manat cərimə, cəmi 4576 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 66 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 iyun 2020-ci il tarixdə Cavabdeh1 ərizə ilə müraciət edərək kredit verilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 0406-0599-01 saylı kredit müqaviləsinə əsasən ona 32 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 manat istehlak üçün kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həmin kredit məbləğini kreditora hissə-hissə ödəməli, həm kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin 28 iyul 2022-ci il tarixinə kredit müqaviləsi üzrə iddiaçıya 2220 manat əsas, 1452 manat faiz, 904 manat cərimə, cəmi 4576 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə elmək qərarına gəlmişdir İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Hesab edir ki, məhkəmənin gəldiyi həmin nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar tam aydınlaşdırılmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və nəticədə maddi hüquq normaları pozulmaqla qətnamə çıxarılmışdır. Belə ki, işə onun iştirakı olmadan baxılmışdır. Onun banka ödədiyi pul məbləği cərimə və faiz borcuna hesablanmışdır. Bundan sonra bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Götürdüyü krediti vaxtında ödəmişdir. Sonradan maddi vəziyyətinin pisləşməsi ilə bağlı krediti ödəməkdə çətinlik çəkmiş, bank onunla razılığa gəlməmiş, əksinə ödədiyi borcu faiz və cərimələrə hesablamışdır. Odur ki, Bərdə Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(021)-2793/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(021)-2793/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, borc məbləğinin ödənilməsindən boyun qaçırmır, kredit təşkilatı tərəfindən ona müəyyən vaxt veriləcəyi təqdirdə borcun hissəvi şəkildə ödənilməsini təmin edəcəkdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Bərdə Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(021)-2793/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda iaadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 0406-0599-01 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 24 ay müddətinə, illik 32% ödəmək şərtilə 4000 məbləğində krediti “Borcalan”ın mülkiyyətinə vermişdir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Cəmiyyətə qaytarmağı öhdəsinə götürür. 18 iyun 2020-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh1 4000 manat pul verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 0406-0599-01 nömrəli “Zaminlik” müqaviləsinə əsasən Zaminlər borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısına cavabdehlik daşımağı öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmədə iddia qaldırmaq üçün 66 manat məbləğində dövlət rüsumu ödəmişdir. 0406-0599-01 nömrəli “kredit” müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, Cavabdeh1 kredit və ona hesablanmış faizləri ödəniş cədvəli üzrə (hər ay 273,00) ödəmələdir. xx.xx.2020-ci il tarixli, 0406-0599-01 nömrəli kredit müqaviləsi üzrə hesabdan çıxarışdan və 06 fevral 2023-cü il tarixli, 09 nömrəli maliyyə arayışından görünür ki, gecikdirilmiş kredit məbləğinə görə 1674,00 manat cərimə hesablanmışdır. Cavabdeh1 kredit müqaviləsi müddətində cəmi 3650,00 manat ödəniş etmişdir ki, həmin məbləğin 770,00 manat cərimə məbləğindən, 1100,00 faiz məbləğindən, 1780,00 manat əsas borcundan çıxılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikаyətinin dəlillərini iş üzrə toplаnmış sübutlаrlа əlаqəli şəkildə tədqiq edib аşаğıdа qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instаnsiyа məhkəməsinin qətnaməsi apellyatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmələr tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 0406-0599-01 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, xx.xx.2020-ci il tarixədək, illik 32% faiz ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixli, 0406-0599- 01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında yaranan öhdəlik münasibətləri üzrə iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə öhdəliklərini vaxtında icra etməmişlər. Məhkəmə kollegiyası işdə olan sənədləri araşdıraraq hesab edir ki, cavabdehlər kredit müqaviləsinə əsasən verilmiş kredit borcunu vaxtında icra etmədiyindən, onların banka borcu yaranmış, cavabdehlər borcu ödəməsi üçün xəbərdarlıq edilsələr də, borcun ödənilməsi təmin edilməmişlər. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.3-cü maddəsinə görə, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Həmin Məcəllənin 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmış və bununla da onların arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə, həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdehlər həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, mülki işin materiallarında olan ödəniş qrafiki, maliyyə arayışı, şəxsi hesabdan çıxarışla müəyyən edilir ki, əsas və faizlər üzrə borc məbləği birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən görünür ki, kredit müqaviləsi üzrə ödənişlər ilk olaraq cərimə və faiz borcuna, daha sonra isə əsas borc hesabına silinmə ardıcıllığı ilə aparılır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyin lazımi qaydada icra etməmişdir. İş materiallarından görünür ki, cavabdeh ödənişlərin ödənilməsi qaydasını pozmuş, qrafikə uyğun ödənişləri aparmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş ödəniş qrafikindən görünür ki, Cavabdeh1 4000 manat əsas, 2552 manat faiz borcu olmaqla, cəmi 6552,00 manat kredit borcunu 24 ay müddətinə ödəməyə dair öhdəlik götürmüşdür. 06 fevral 2023-cü il tarixli, 09 saylı maliyyə arayışı və hesabdan çıxarış ilə müəyyən edilir ki, cavabdeh 4000 manat əsas borcundan 1780 manat ödəmiş, nəticədə 2220 manat əsas borcu, 2552 manat faiz borcundan isə 1100 manat ödəmiş və nəticədə 1452 manat faiz borcu ödənilməmiş qalmışdır. Göründüyü kimi, iş materiallarının təhlili və sadə riyazi hesablama ilə müəyyən edilir ki, cavabdehin banka olan ödənilməmiş əsas və faiz borcu tələb edilən miqdardadır. Odur ki, iş üzrə əlavə ekspert tədqiqatının aparılmasına zərurət yoxdur. Cərimə məbləği isə birinci instansiya məhkəməsi tərəfindən minimum həddə qədər azaldılmışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi mülki mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(021)-2793/2022 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Azər Bayramov Hakimlər: Rəşad Mamedov Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2(104)-646/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-646/2023
07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver