Məhkəmə qərarları › İş №2(104)-648/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-648/2024

25.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-648/2024 25.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və X2 ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili X1, və Cavabdeh4 iştirakları ilə, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-928/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, ona vurulmuş ziyana və əldən çıxmış faydaya görə 30000 (otuz min) manat məbləğində pulun və ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-928/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim H.Qəniyev) iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-928/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)-433/2018 saylı qətnaməsi ilə onun mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin zəbtindən azad edilməsi, həmin torpaq sahəsinin onun faktiki sahibliyinə qaytarılması qət edilmişdir. Buna baxmayaraq cavabdehlər əvvəlki kimi torpaq sahəsindən istifadə edib, onu ora buraxmırlar. O, torpaq sahəsindən təyinatına uyğun istifadə edib, məhsul götürə bilmir.Torpaq sahəsində yonca əkmək istəyir, bununla da qazancını itirərək, zərərə düşür. Onun mülkiyyətinə verilmiş torpaq sahəsindən cavabdehlər istifadə edərək mənfəət götürürlər. O, əldən çıxmış faydanı təxmini hesablayaraq vurulan zərəri 30000 manat qiymətləndirərək, məhkəmədə iddia qaldırmışdır. Əslində isə cavabdehlər uzun müddətdir ki, ona məxsus torpaqdan istifadə edirlər. Onların ona vurduqları ziyan barədə "xxxx" MMC-dən verilən 10 yanvar 2024-cü il tarixli rəydə ziyan 445 350.75 manat qiymətləndirilmişdir. Lakin məhkəmənin 20 iyul 2018ci il tarixli qətnaməsi icra olunmamışdır. O, dəfələrlə İcra və probasiya şöbəsinə və yuxarı təşkilatlara müraciət edəndən sonra 25 avqust 2021-ci il tarixdə icra məmurları icra sənədinin icrasına dair Akt tərtib edib ona imza etdirmişlər. Dedilər ki, bundan sonra özün torpaqdan istifadə edərsən. Lakin cavabdehlər akta imza etməkdən imtina etmişlər. Bu barədə icra məmuru aktda qeydiyyat aparmışdır. Onlar ona söz vermişdirlər ki, cavabdehlərlə danışıb onları başa salacaqlar. O, bir müddət gözləmiş, daha sonra İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi barədə məhkəməyə müraciət etmışdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadı ilə həmin qərarın ləğv edilməsi, icra sənədinin yenidən icraya yönəldilməklə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi əsassız olaraq qətnamədə göstərmişdir ki, məhkəmə araşdırması nəticəsində cavabdehlər tərəfindən hazırkı mübahisə ilə iddiaçıya hər hansı məbləğdə zərər yetirildiyi sübutlarla təsdiq edilməmişdir. İşdə iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 işə baxılmanın vaxtı və yeri haqqında xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlilləri ilə eyni məzmunlu izahat verdi. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-928/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, cavabdehlər Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 0,1547 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxmışlar və həmin torpaqla bağlı tələbi yoxdur. İddiaçının vəkili X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlilləri ilə eyni məzmunlu izahat verdi. Apellyasiya şikayətinin təmin edilməsini və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-928/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, o və digər cavabdehlər Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Şəmkir rayonunun Kür qəsəbəsində X7 Stansiyasının yataqxanasında müvəqqəti məskunlaşmışlar. Cavabdehlərdən Cavabdeh1 onun qardaşı, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə onun qohumlarıdır. O və digər cavabdehlər məcburi köçkün olaraq həssas əhali qrupuna aid olduqlarından, hər zaman dövlət orqanlarının qayğısı altında olmuşlar, eyni zamanda özləri də həmişə zəhmətləri hesabına yaşamağa çalışmış, yerli dövlət orqanlarının şifahi razılıqları ilə boş torpaq sahələrindən də özlərinin azsaylı ev heyvanlarının yemlənməsi üçün istifadə etmişlər. İddiaçı ona və digər cavabdehlərə qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ona məxsus torpaq sahəsindən çəxarılmalarını tələb etmiş, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018ci il tarixli 2(076)-433/2018 saylı qətnaməsi ilə iddiaçının mülkiyyətində (əslində isə icarəsində) olan torpaq sahəsinin onun və digər cavabdehlərin qanunsuz zəbtindən azad edilməsi və iddiaçının faktiki sahibliyinə qaytarılması qət edilmişdir. Qətnamədə göstərilən 0,1547 ha torpaq sahəsi artıq iddiaçının sahibliyindədir. O və qardaşı artıq 2 aydır ki, mübahisə edilən torpaq sahəsindən çıxmışlar. Məhkəmənin qətnaməsini qanuni hesab edir.Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-928/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-928/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş RX № ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən 19,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə icarə hüququ 169 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əsas öhdəliyin mahiyyəti və icra müddəti DTXK-nin Şəmkir rayon şöbəsi, 12 may 2004-cü il tarixli JN-4802 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, 26 iyul 2017-ci il tarixli 2V-178 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Gəncə şəhər 5 saylı DNK; yüklülüyün müddəti xx.xx.2017-xx.xx.2054; 37 (otuz yeddi) il qeyd edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)- 433/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, X5, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası təmin edilmiş, Seriya RX № ******* saylı 01 avqust 2017-ci il tarixli ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” əsasında İddiaçı mülkiyyətinə (əslində istifadəsinə) verilmiş və Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 19,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Seriya RX ******* saylı 10 avqust 2017-ci il tarixli ********** qeydiyyat nömrəli, **********37 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” əsasında İddiaçı mülkiyyətinə verilmiş və Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 0,1547 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, X5, Cavabdeh2 və Cavabdeh3 zəbtindən azad edilməsi, həmin torpaq sahələrinin iddiaçının faktiki sahibliyinə qaytarılması qət edilmişdir. 25 avqust 2021-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları və digər şəxslərin, o cümlədən borcluların iştirakları ilə tərtib edilmiş icra sənədinin icrasına dair Aktın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)-433/2018 saylı qətnaməsi tamamilə icra edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(076)-406/2023 saylı qərardadının surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)-433/2018 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin 25 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)-433/2018 saylı icra sənədinin yenidən icraya yönəldilməklə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. İddianı rədd edən birinci insatansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, dəymiş zərərin hazırki iş üzrə cavabdehlərin hüquqazidd davranışı və həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə, həmçinin cavabdehlərin təqsirliliyi iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir. Məhkəmə kollegiyası birinci insatansiya məhkəməsinin həmin nəticəsi ilə qismən razılaşmır. Belə ki, iş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)- 433/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, X5, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası təmin edilmiş, Seriya RX № ******* saylı 01 avqust 2017-ci il tarixli ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” əsasında İddiaçı mülkiyyətinə (əslində istifadəsinə) verilmiş və Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 19,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Seriya RX ******* saylı 10 avqust 2017-ci il tarixli ********** qeydiyyat nömrəli, **********37 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” əsasında İddiaçı mülkiyyətinə verilmiş və Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 0,1547 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, X5, Cavabdeh2 və Cavabdeh3 zəbtindən azad edilməsi, həmin torpaq sahələrinin iddiaçının faktiki sahibliyinə qaytarılması qət edilmişdir. 25 avqust 2021-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları və digər şəxslərin, o cümlədən borcluların iştirakları ilə tərtib edilmiş icra sənədinin icrasına dair Aktın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)-433/2018 saylı qətnaməsi tamamilə icra edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(076)-406/2023 saylı qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)-433/2018 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin 25 avqust 2021-ci il tarixli qərarının ləğv edilmiş, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)-433/2018 saylı icra sənədinin yenidən icraya yönəldilməklə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Göründüyü kimi, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(076)- 433/2018 saylı qətnaməsi ilə cavabdehlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş RX № ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətinə (əslində istifadəsinə) verilmiş və Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 19,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalarına baxmayaraq, hələ də, həmin qətnamə icra edilməmiş və həmin torpaq sahəsi əsassız zəbtdən azad edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya cəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən cıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehlər tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehlərin iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Yuxarıda şərh edilən normaların məzmunundan görünür ki, mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və yalnız bu əsasla da ondan vurulmuş maddi zərərin əvəzi tutula bilər. İddiaçı öz iddiasında həmin torpaq sahəsini əkib-becərməsi mümkün olmaması ilə gəlirdən məhrum edilməsi əsası ilə 30.000 manat məbləğində ziyan və əldən çıxmış fayda tələb etsə də, məhkəmə kollegiyası qeyd edir ki, heç şübhəsiz həmin gəliri əldə etmək üçün, müəyyən işlək hərəkətlər tələb olunur, yəni şumlama, əkin-becərmə işlər, nazərət etmə və s. Digər tərəfdən, tərəflərin də izahatları ilə təsdiq edilir ki, cavabdehlər həmin topraq sahəsində otlaq sahəsi kimi istifadə etmişlər. Ona görə də, məhkəmə kollegiyası tərəfindən Şəmkir rayon Qaracəmirli Bələdiyyəsinin ərazisində 2018-2023-cü illər üçün (hər ili ayrıca göstərməklə) 1 ha əkin torpaq sahəsinin icarə haqqının dəyərinin müəyyən edilməsi barədə Şəmkir rayon Qaracəmirli Bələdiyyəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq Şəmkir Rayon Qaracəmirli bələdiyyəsinin 19 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Şəmkir rayonu Qaracəmirli bələdiyyəsinin ərazisində 2018-2022ci illərdə icarə müqaviləsi bağlanmamışdır. Əkin sahəsinə dair icarə müqaviləsi 2023-cü ildə bir hektara 225 (iki yüz iyirmi beş) manat dəyərində bağlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin arayış nəzərə alınmaqla, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsi qəbul edildiyi tarixdən iddiaçının hazırki tələb üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixədək ( 02 avqust 2023-cü il) olan 5 il ərzində (2018-2022-ci illər) iddiaçıya dəymiş maddi ziyannın hesablanması daha ədalətli və mütanasib olar. Ona görə də, məhkəmə kollegiyaya hesab edir ki, təqdim edilmiş Şəmkir Rayon Qaracəmirli bələdiyyəsinin 19 aprel 2024-cü il tarixli məktubunu nəzərə alınmaqla, dəymiş ziyan hesabına 19,50 ha x225=4387,50x5 il =21937,5 manat məbləğində pul cavabdehlərdən mü.tərək qaydada tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.2 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına qismən uyğun olmamış, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydılaşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına qismən uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayət qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-928/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 21937,50 manat məbləğində pul tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməldir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-386, 392-393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-928/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 21937,50 manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar