Məhkəmə qərarları › İş №2(104)-648/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-648/2025

11.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-648/2025 11.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı gömrük rüsumunun ödənilməsi, maddi ziyanın əvəzinin ödənilməsi və avtomobilin sənədlərinin qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2(125)-4528/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 50 58 seriyalı, 989117 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21043” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobil X3 məxsusdur;

2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi mal və nəqliyyat vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxslərin xəbərdar edilməsinə dair bildirişin surətindən görünür ki, kodu: **********00269, keçmə məqsədi: ölkəyə giriş, markası: VAZ 21043, dövlət nömrə nişanlı: T756AE150, çəkisi: 1055 kg, bann nömrəsi: XTK**********9999, mənsub olduğu ölkə: Rusiya, buraxılış ili: 2006, nəzarət müddəti: 365 gün, son çıxış tarixi: xx.xx.2020. Qoyulan depozit haqqında məlumat - Gömrük orqanı: Qırmızı körpü gömrük postu, tarix: xx.xx.2019, 10:54:00, depozit məbləği: 800 ABŞ dolları. Yol vergisi cəmi – 40 ABŞ dolları, ölkədə qalma müddətinə görə - 40 ABŞ dolları, qət edəcəyi məsafə - 0 km, ağır yüklə qət edəcəyi məsafəyə görə - 0 ABŞ dolları, təhlükəli yüklə ölkədə qalma müddətinə görə - 0 ABŞ dolları;

3. 21 aprel 2024-cü il tarixli, EQ20682591 nömrəli protokoldan görünür ki, Hüseynli X2 Xətalar Məcəlləsinin 346.1-ci maddəsi – durma qaydalarının pozulmasına görə T756AE150 qeydiyyat nişanlı avtomobil 20 manat məbləğində cərimə edilmişdir;

4. xx.xx.2020-ci il tarixli, EQ3246092 nömrəli protokol əsasında VAZ 2104 markalı, T756AE150 qeydiyyat nişanlı avtomobil 36 manat, xx.xx.2020-ci il tarixli, EQ4293819 nömrəli protokol əsasında 36 manat, xx.xx.2020-ci il tarixli, EQ5064005 nömrəli protokol əsasında 36 manat, xx.xx.2021-ci il tarixli, EQ6033643 nömrəli protokol əsasında 40 manat, xx.xx.2021-ci il tarixli, EQ7164847 nömrəli protokol əsasında 66.6 manat, xx.xx.2021-ci il tarixli, EQ7811253 nömrəli protokol əsasında 42.4 manat, xx.xx.2023-cü il tarixli, EQ18245291 nömrəli protokol əsasında 18 manat və xx.xx.2024-cü il tarixli, EQ20682591 nömrəli protokol əsasında isə 21.2 manat cərimə edilmişdir;

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl Rayon Polis Şöbəsinin 08 aprel 2024-cü il tarixli, 3-13-77/2-H-5270/24 nömrəli məktubunda Nümayəndə bildirilmişdir ki, Göygöl RPŞ-nə ünvanladığı müraciətlə bağlı Göygöl RPŞ-nin DYBP-nin əməkdaşları təlimatlandırılmışdır. Qeyd etdiyi avtomaşın Göygöl rayon inzibati ərazisində sənədsiz idarə olunarsa əməkdaşlar tərəfindən mühafizə olunan duracağa yerləşdiriləcəkdir. Məlumatla bağlı hər hansı nəticə əldə olunarsa məlumat veriləcəkdir;

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin 06 may 2024-cü il tarixli, 313-57-5/2-H-13134/11/24 nömrəli məktubunda Nümayəndə bildirilmişdir ki, qanunsuz idarə olunan “VAZ 2104” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobilin saxlanılması barədə şöbənin şəxsi heyəti təlimatlandırılmış, onun xətdə saxlanılmasını təmin etmək məqsədi ilə, Gəncə Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinə məktub göndərilmiş, lakin, həmin avtomobili xətdə müəyyən etmək mümkün olmamışdır;

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin 20 may 2024-cü il tarixli, 313-57-5/2-H-11713/11/24 nömrəli məktubunda X1 bildirilmişdir ki, qanunsuz idarə olunan “VAZ 2104” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobilin saxlanılması barədə şöbənin şəxsi heyəti təlimatlandırılmış, onun xətdə saxlanılmasını təmin etmək məqsədi ilə, Gəncə Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinə məktub göndərilmiş, qeyd olunan “VAZ 2104” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobili istismara yararsız vəziyyətdə Cavabdeh2 və Cavabdeh1 tərəfindən Gəncə şəhər DYPŞnin mühafizə olunan duracağına təmin edilmiş, duracağa təmin edilən zaman avtomobilin qeydiyyat nişanları üzərində olmamışdır. Qeyd olunan avtomobilin texniki pasportu isə Cavabdeh2 və Cavabdeh1 təqdim etməmişlər;

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin 28 may 2024-cü il tarixli, 313-57-5/2-H-16790/11/24 nömrəli məktubunda X1 bildirilmişdir ki, qanunsuz idarə olunan VAZ 2104 markalı, T756AE150 qeydiyyat nişanlı avtomobilin saxlanılması barədə şöbənin şəxsi heyəti təlimatlandırılmış, onun xətdə saxlanılmasını təmin etmək məqsədi ilə, Gəncə Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinə məktub göndərilmiş, qeyd olunan “VAZ 2104” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobili istismara yararsız vəziyyətdə Cavabdeh2 və Cavabdeh1 tərəfindən Gəncə şəhər DYPŞ-nin mühafizə olunan duracağına təmin edilmiş, duracağa təmin edilən zaman avtomobilin qeydiyyat nişanları üzərində olmamışdır. Qeyd olunan avtomobilin texniki pasportu isə Cavabdeh2 və Cavabdeh1 təqdim etməmişlər. Avtomobilin sökülən yerləri barədə və avtomobilin qeydiyyat şəhadətnaməsini, nömrə nişanlarını qeyd olunan şəxslərdən geri almaq üçün aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etməsi məqsədə müvafiq hesab edilir;

9. Cavabdeh1 Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X12 verdiyi izahatdan görünür ki, “VAZ 2104” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobili 2019-cu ilin oktyabr ayında Nümayəndə heç bir rəsmi sənədləşmə olmadan 1400 manat verib almışdır. 800 dollar isə gömrük xərcləri üçün vermişdir. 2023-cü ilin avqust ayında avtomobili sənədsiz olaraq satmışdır. Halhazırda gömrük sərhədləri açılmadığı üçün avtomobili sərhəddən keçirmək mümkün olmamışdır. xx.xx.2024-cü il tarixdə qeyd edilən avtomobili dövlət yol polisinin mühafizə olunan duracağına təmin edir. Cavabdeh2 Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X12 verdiyi izahatdan görünür ki, “VAZ 2104” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobili 2023-cü ilin avqust ayında Cavabdeh1 heç bir sənədləşmə, etibarnamə verilə bilmədiyi üçün öz aralarında 1450 manat pul müqabilində almışdır. Avtomobili alarkən ümumi problemlər var idi. Avtomobili almazdan öncə etibarnamə əsasında sahibi Nümayəndə yanında getmiş və ona avtomaşını almaq istədiyini bildirmişdir. Tahir ona Rusiya Federativ Respublikasının qeydiyyatı olduğu üçün etibarnamə verə bilmədiyini, amma idarə etməyə razı olduğunu demişdir. Quru sərhədləri bağlı olduğu üçün avtomobili sərhəddən keçirdə bilməmiş və xx.xx.2024-cü il tarixdə avtomobili aldığı kimi Gəncə şəhər şöbəsinin mühafizə olunan duracağına təmin etmişdir.

10. Moskva vilayətinin Stupino şəhər notariat kontoru tərəfindən təsdiq edilmiş 27 avqust 2018-ci il tarixli ** AB ***6695 nömrəli etibarnamə ilə Rusiya Federasiyasının Lipetsk vilayətində qeydiyyatda olan və Moskva vilayətinin Stupino şəhərində yaşayan X7 tərəfindən VAZ 21043” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobili 50 58 seriyalı, 989117 nömrəli nəqliyyat vasitəsinə dair sahiblik, istifadə vərəsəncam hüquqları 10 il müddətinə İddiaçı verilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyasında qeydiyyatda olan “VAZ (LADA) 21043” minik markalı, T 7** AE *** dövlət qeydiyyat nömrəli X3 məxsus etibarnamə ilə idarə etdiyi avtomobilin üzərində mülkiyyət, istifadə, sahiblik və sərəncamverici hüquqları olmayan Cavabdeh1 və Cavabdeh2 sözügedən avtomobilin qeyri-qanuni istismar etmələri və sözügedən avtomobilin Azərbaycan Respublikasında qalması səbəbindən yığılmış 1311 manat 85 qəpik (min üç yüz on bir manat səksən beş qəpik) gömrük rüsumunun ödənilməsi, nəqliyyat vasitəsinin üzərindən sökülmüş dövlət qeydiyyat nişanlarının çıxarılmış və ya digər şəkildə 2644 manat 50 qəpik (iki min altı yüz qırx dörd manat əlli qəpik) dəyərində özününkiləşdirilən tərkib (ehtiyat) hissələri ilə vurmuş olduqları zərərinziyanın dəyərinin ödənilməsi habelə 5058 nömrəli 989117 nömrəli qeydiyyat şəhadətnaməsinin və texniki sənədlərin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək qeyd etmişdir ki, avtomobilə mühərrik ustasının məsləhətinə əsasən mühərrikin nömrəsinin yerləşmə yerini öyrəndikdən sonra baxış keçirən zaman məlum olmuşdur ki, Rusiya Federasiyasında qeydiyyatda olan “VAZ (LADA) 21043” minik markalı T 7** AE *** dövlət qeydiyyat nömrəli X3 məxsus etibarnamə ilə idarə etdiyi avtomobilin üzərində mülkiyyət, istifadə, sahiblik və sərəncamverici hüquqları olmayan Cavabdeh1 və Cavabdeh2 sözügedən avtomobilin qeyri-qanuni istifadə də vurmuş olduqları zərərin – talanın dəy ərinin əsaslı və az olduğunu əsaslandıraraq əlavə olaraq məlum edir ki, “VAZ (LADA) 21043” minik markalı, T 7** AE *** dövlət qeydiyyat nömrəli avtomobilin üzərindəki texniki pasportunda qeyd olunan 2***-******* nömrəli mühərrik qeyri-qanuni olaraq heç bir yerdə qeydiyyata alınmadan 2***-******* nömrəli mühərriklə əvəz edilmişdir. Nə qədər yəni nə vaxta qədər işləyəcəyi naməlum olaraq qalır və heç bir rəsmi qeydiyyatı yoxdur. Mühərrikin dəyişdirilməsi barədə sübutun ilkin təqdim edilməməsinin səbəbi avtomobil haqqında məlumatın az olması səbəbindən olmuşdur. “VAZ (LADA) 21043” minik markalı, T 7** AE *** dövlət qeydiyyat nömrəli avtomobilin üzərindən sökülən ehtiyat hissələri çox ehtimal ki, Cavabdeh2 hal-hazırda Şəmkir rayonu, Qracəmilli kənd sakini X6 məxsus olan Moskviç markalı minik maşınına aid olan **-BG-*** dövlət qeydiyyat nişanlı saxta nömrə ilə idarə etdiyi göy rəngli 21043 minik markalı avtomobilə quraşdırmışdır. Beləliklə, işlənmiş mühərrikin orta dəyəri – 450 manat, sənədləşməsi – 100 manat, quraşdırması – 100 manat, iş üzrə təqdim etdiyi inzibati protokolların ümumi dəyəri - 296 manat, artan Gömrük rüsumu – 156 manat 40 qəpik cəmi 1102 manat 40 qəpik. Faktiki dəyən zərərin, yəni, hesablanan zərərin üzərinə gəlinməli olduğu məlumdur.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Rusiya Federasiyasında qeydiyyatda olan “VAZ (LADA) 21043” minik markalı T 7** AE *** dövlət qeydiyyat nişanlı X3 məxsus olan etibarnamə ilə onlara vermiş olduğu avtomobil “Qırmızı Körpü” Gömrük buraxılış məntəqəsindən xx.xx.2019-cu il tarixdə Respublika ərazisinə daxil olmuşdur. Avtomobili etibarnamə ilə sürücü kimi o, idarə etmişdir. Avtomobil xx.xx.2020-ci il tarixdən Respublikadan çıxmalı olduğu halda bugünə qədər çıxmamışdır. xx.xx.2020-ci ildən yanvar 2021-ci ilə qədər “Vətən Müharibəsində” iştirak etmişdir. 2019-cu ilin oktyabr ayında sözügedən avtomobili Ramin Rüstəmova vermişdir. Ramin Rüstəmovla qiyabi tanışlıqları olmuşdur və həmin tanışlığa əsasən sözügedən nəqliyyat vasitəsi ona müvəqqəti istifadə üçün 3 ay 15 günə və ya ən çoxu 5 aya Azərbaycan Respublikasından avtomobili çıxartmaq şərtilə şifahi əqd əsasında yaşadıqları ərazidə Göygöl rayon Qızılqaya qəsəbəsində Ramin Rüstəmova vermişdir. Pandemiya (COVİD 19) düşdüyünə görə Ramin Rüstəmov avtonəqliyyatla deyil, Rusiya Federasiyasına təyyarə ilə getmiş və getməzdən əvvəl həmin nəqliyyat vasitəsini onun iradəsinə zidd olaraq Cavabdeh1 vermişdir. Cavabdeh1 əvvəlcədən tanımamış, lakin bu məsələ ortaya çıxdıqdan sonra bir neçə dəfə həmin şəxsi görmüşdür. Cavabdeh1 “VAZ (LADA)” 21043 minik markalı, T 7** AE *** Dövlət Qeydiyyat nişanlı avtomobili həmin nəqliyyat vasitəsi üzərində mülkiyyət, istifadə, sahiblik və sərəncamverici hüquqları olmadan Cavabdeh2 satmışdır. Hər iki əhəmiyyətsiz şifahi alqı-satqı müqavilələri bağlanan zaman nəqliyyat vasitəsinin hansı məbləğə satıldığı barədə məlumatı olmamışdır. Ramin Rüstəmov və Cavabdeh1 hətta bu işi birlikdə gördüklərinə dair mülahizələrin olması də mövcuddur. Yol Nəqliyyat cərimələrini ödəmədiklərinə görə və gömrük rüsumu yığıldığına görə xx.xx.2024-cü il tarixində Göygöl RPŞ-nin rəhbərliyinə ərizə ilə müraciət edərək qanunsuz olaraq istismar edilən “VAZ (LADA) 21043” minik markalı, T 7** AE *** dövlət qeydiyyat nişanlı avtomobilin müəyyən edilərək saxlanılması və mühafizə olunan duracağa təmin edilməsinə göstəriş verilməsini xahiş etmiş və xx.xx.2024-cü il tarixdə həmin müraciətinə cavab olaraq şəxsi heyətin təlimatlandırıldığı sözügedən nəqliyyat vasitəsinin müəyyən edilməsi üçün axtanş tədbirlərinin keçirildiyi barədə məktub almışdır. Həmçinin qeyd edir ki, xx.xx.2024-cü il tarixli cavab məktubunu almağı gözləmədən eyni zamanda, xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri BPİ-nin DYPŞ-nin rəhbərliyinə də eyni məzmunlu müraciət etmişdir. Həmçinin təkrarən eyni qaydada xx.xx.2024-cü il tarixdə müraciətini yeniləmiş və axtarış işinin açılmasını tələb etmişdir. xx.xx.2024-cü il tarixdə isə xx.xx.2024 və xx.xx.2024-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, axtarış açılmış və bütün şəxsi heyət təlimatlandırılmaqla “Təhlükəsiz şəhər” xidmətinə aidiyyatı üzrə göstəriş verilmişdir. xx.xx.2024-cü il tarixində “VAZ (LADA) 21043” minik markalı, T 7** AE *** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilərək mühafizə olunan duracağa təmin edilmiş və onlar da həmin günü Gəncə BPİ-nin DYPŞ-ə çağırılmışlar. Nəqliyyat vasitəsinə baxan zaman sözügedən avtomobilin xarici konstruksiyasının dəyişdirildiyini, əsas tərkib (ehtiyat) hissələrinin söküldüyünü çıxarıldığını və ya digər şəkildə dəyişdirildiyini özününkiləşdirildiyi, dövlət qeydiyyat nişanlarının söküldüyü habelə, texniki sənədlərin isə mövcud olmadığını, yəni başqaları tərəfindən götürüldüyünü aşkar etmişlər. Başqaları dedikdə isə nəzərdə tutduğu şəxslər ünvan 2 ünvanında yaşayan Cavabdeh1 və ünvan 3 küçəsi, 2-ci döngə, ev 6-da qeydiyyatda olmaqla Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan Cavabdeh2 olmuşdur. Bu barədə dəfələrlə Gəncə şəhər BPİ-nin DYPŞ-nə və Gəncə şəhər BPİ-nə müraciət etmişdir. Sözügedən avtomobil xx.xx.2024-cü ilədək Gəncə şəhər BPİ-nin DYPŞ-nin mühafizə olunan duracağında olmuşdur. Belə ki, bildirmişdir ki, sözügedən avtomobili Cavabdeh2 xx.xx.2024-cü il tarixdə idarə edən zaman xx.xx.2024cü il tarixdə “VAZ (LADA) 21043” minik markalı, T 7** AE *** dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri, Nizami küçəsi, döngədə 1.3 durma qaydalarını pozmağa görə İXM-nin 346.1 maddəsi üzrə protokol yazılan zaman sözügedən nəqliyyat vasitəsi tam saz vəziyyətdə olmaqla istismara yararlı olsa da xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixinədək sözügedən avtomobilin xarici konstruksiyası dəyişdirilmiş, əsas tərkib (ehtiyat) hissələri sökülmüş, çıxarılmış və ya digər şəkildə dəyişdirilmiş özününkiəşdirmişdir. Habelə, Cavabdeh1 və Cavabdeh2 tərəfindən avtomobilin dövlət qeydiyyat nişanları sökülmüş və avtomobilin texniki sənədləri götürülmüşdür. Bu barədə Gəncə şəhəri BPİ-nin DYPŞ-nə və Gəncə şəhəri BPİ-nə müraciət etmişdir. Qarşılığında məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. “VAZ (LADA) 21043” minik markalı, T 7** AE *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 və Cavabdeh2 tərəfindən sözügedən avtomobilin sökülən tərkib (ehtiyat) hissələri çıxarılan digər şəkildə özününkiləşdirilən tərkib (ehtiyat) hissələri aşağıdakılardır: İstismara orta dərəcədə yararlı, orta işlənmiş ehtiyat hissələrin qiyməti ilə: 1 .üst yük baqajı-100 manat, 2. akkumlyator - 85 manat, 3. maqnitofon pioner 7150 - 100 manat, 4. Siqnallar - 20 manat, 5. ehtiyat təkər və disk 30+10=40 manat, 6. Domkrat - 10 manat, 7. təkər açarı - 5 manat, 8. benzin bakın qapağı (krişqast) - 5 manat cəmi: 365 (üç yüz altmış beş) manat Sözügedən avtomobilin yararsız ehtiyat hissələri ilə əvəz olunan tərkib (ehtiyat) hissələri aşağıdakılardır: Orta işlənmiş ehtiyat hissələrin qiyməti ilə: 1. karbirator - 50 manat (İsa və Samirdən alınıb), 2. starter - 50 manat (Füzuli), 3. dinamo - 50 manat + quraşdırma 10 manat = 60 manat, 4. tramyor - 10 manat (Samir), 5. babin - 5 manat (Samir), 6. pompa təzə - 15 manat (Razin N.Nərimanov küçəsi), 7. remen təzə - 5 manat (Razin N.Nərimanov küçəsi), 8. yağ fiitr - 15 manat + 5 manat = 20 manat + 3 manat mühərrik yuma dərmanı cəmi 23 manat (Razin N.Nərimanov küçəsi), 9. quraşdırma və avtomobili işə salma - 60 manat (usta Taleh N.Nərimanov küçəsinin yanı), 10. rulovoy kafonka - 40 manat (X14), 11. rulovoy üçün yağ - 7 manat (X14), 12. karobka (surət qutusu) yığmağa - 120 manat (usta Elşən Nizami küçəsi), 13. üçbarmaq təzə - 22 manat (X15), 14. altıbarmaq təzə - 11 manat (X15), 15. karobka yağı - 7 manat (X15), 16. rulovoy quraşdırma - 20 manat (usta Elşən Nizami küçəsi), 17. salnix karobka mühərrikə birləşən yerə təzə - 3 manat 50 qəpik (X15), 18. təkər 4 ədəd - 100 manat (İsa və Samir), 19. mühərrik nizamlama və yumağa görə - 20 manat (usta Nazim), 20. baqaj kapot - 110 manat (Sumqayıt - Rusiya Federasiyasının ehtiyat hissələrini satan), 21. zbor most - 300 manat (X9 -Kariyer), 22. bufer arxa - 15 manat (İsa Savxoz -Kariyer), 23. purjun 2 ədəd arxa - 20 manat (İsa Savxoz -Kariyer), 24. zbor mosdun (rediktor) quraşdırılması - 50 manat (usta Aslan), 25. kardan - 20 manat ( X9-Kariyer), 26. kardanın ehtiyat hissələri təzə - 20 manat (quraşdıran usta Aslan), 27. vurulan sol qanad (krilo təzə) - 42 manat (X15), 28. vurulan sağ arxa stopun yanı təzə - 8 manat (X15), 29. avtomobilin vurulan yerinin düzəlməsi üçün söküntüyə - 45 manat (usta Aslan), 30. dəmirçiyə avtomobilin vurulan yerlərini düzəltməyə görə - 200 manat (usta Eldar), 31. mühərrikin yağ nasosunun yuyulub quraşdırılmasma görə - 20 manat (usta Nazim usta Aslan), 32. rəngləmə üçün rənglərə və rəngləməyə görə - 450 manat, 33. tormoz (əyləc) sistemini quraşdırmağa görə - 10 manat, 34. tormoz üçün jidkist - 7 manat, 35. qapı və baqaj açarı təzə - 14 manat + quraşdırma - 5 manat = 19 manat, ön aynası (labavoy) qəza zamanı qırılıb yerinə çat aşağı keyfiyyətli ayna ilə əvəz olunub - 100 manat, 37. cırıq-cırıq edilən sdeniyalar (oturacaqlar) üçün - 150 manat, 38. duracaqdan (DYPŞ-dən) evə evakuatorla - 20 manat, evdən motaristə - 15 manat, evdən karobka ustasına aparmaq - qaytarmaq evakuatora - 30 manat. Cəmi evakuatora = 65 manat. Avtomobilin xarici konstruksiyası dəyişdirməklə, əsas tərkib (ehtiyat) hissələri sökülməklə, çıxarılıb digər şəkildə özününkiləşdirməklə istismara yararsız ehtiyat hissələri əvəzləməklə digər şəkildə özününkiləşdirməklə 2644 manat, 50 qəpik (iki min altı yüz qırx dörd manat əlli qəpik) maddi ziyan - zərər vurmuşlar. Ramin Rüstəmovun Azərbaycana gəlmədiyini bildirərək Cavabdeh1 vəziyyətdən yararlanaraq avtomobili təhvil verməkdən və sərhəddən keçirməkdən imtina edərək sözügedən avtomobil üzərində heç bir mülkiyyət, istifadə, sahiblik və sərəncamverici hüquqları olmadan Cavabdeh2 satmaqla avtomobili söküb hissələrini dəyişdirməklə ikisi birlikdə 2644 manat 50 qəpik (iki min altı yüz qırx dörd manat əlli qəpik) miqdarında ziyanzərər vurmuşlar.

14. Gəncə Şəhər Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2(125)-4528/2024 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “gömrük rüsumunun ödənilməsi, zərərin əvəzinin ödənilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və texniki sənədlərinin qaytarılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.1 və 157.2-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Rusiya Federasiyasının Lipetsk vilayətində qeydiyyatda olan və Moskva vilayətinin Stupino şəhərində yaşayan X7 tərəfindən VAZ 21043 markalı, T756AE150 qeydiyyat nişanlı avtomobil 50 58 seriyalı, 989117 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə Moskva vilayətinin Stupino şəhər notariat kontorunun 27 avqust 2018-ci il tarixli ** AB ***6695 nömrəli etibarnamədə nəqliyyat vasitəsinə aid bütün səlahiyyət hüquqlarını həmçinin, məhkəmədə nümayəndə olmaq hüququnu onlara vermişdir. Bundan başqa, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur Məkəmədə iddia qaldırmaqla cavabdehllər tərəfindən dəymiş ziyanı tələb etmək hüququ vardır. Cavabdehlər 5000 manat dəyərində avtomobilin ehtiyat hissələrini mənimsəməklə, talan etməklə və avtomobilin mühərrikini qanunsuz dəyişdirməklə, avtomobilin qeydiyyat şəhadətnaməsini götürməklə və dövlət qeydiyyat nişanının nömrəsini qəsdən çıxarmaqla onların əməllərində cinayətin əlamətləri aşkar olunsa da, CM-nin 179.1-ci və 179.2.1-ci maddəsi məhkəmə vermiş olduğu əlavə sübutlarda qeyd etmişdir ki, VAZ-21043 minik markalı T756 AE150 d.q,n-lı avtomobilin üzərindən sökülən ehtiyat hissələri çox ehtimal ki, X4 tərəfindən hal-hazırda Şəmkir rayon Qaracəmirli kənd sakini X5 Moskviç markalı minik avtomobilin aid olan 57BG998 dövlət qeydiyyat nişanlı saxta nömrə ilə idarə etdiyi göy rəngli VAZ-21043 minik avtomobilə quraşdırılması barədə rəsmi məlumat versə dəişə baxan hakim Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə istinad edərək bu barədə xüsusi qərardad çıxarmaqla prokurora məlumat verməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, məhkəmə öz qətnaməsində qüsur aktının olmadığını qeyd etsə də, həmin aktı məhkəməyə təqdim etmişdir. Avtomobil sənədləri ilə birlikdə cavabdehlərə yox, 3 aylıq müddətinə mühərriki sıradan çıxmaması üçün Ramin adlı şəxsə verilmişdir. Ramin avtomobili Cavabdeh1 vermiş, sonuncu isə avtomobili Cavabdeh2 satmışdır. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, avtomobilin mülkiyyətçisi kürəkəni olsa da, avtomobilə dair oğlunun adına etibarnamə vermişdir. Avtomobilin detallarına görə 2500 manata yaxın pul sərf etmişdir. Cavabdehlər isə maşını yararsız vəziyyətə salmışlar. Avtomobili təhvil verdiyi Ramin adlı şəxs Rusiya Federasiyasına gedib, həmin şəxsi tapa bilmir. Hazırda avtomobil cavabdehlərdə olduğu üçün onları cavabdeh qismində göstərmişlər. Avtomobilə yazılmış 296 manat cəriməni ödəmiş və 80 ABŞ dolları gömrük rüsumunu ödəmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

34. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

39. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, “VAZ 21043” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobil Rusiya Federasiyasında qeydiyyatda olmaqla, X7 adlı şəxsə məxsusdur. Mülkiyyətçi tərəfindən avtomobilə dair sahiblik, istifadə və sərəncam hüquqları 10 il müddətinə İddiaçı verilmişdir. İddiaçı həmin avtomobili müvəqqəti istifadə üçün Ramin Rüstəmov adlı şəxsə vermiş, Ramin Rüstəmov isə avtomobili cavabdehlərdən Cavabdeh1 vermişdir. Cavabdeh1 isə sözügedən avtomobili faktiki olaraq digər Cavabdeh2 satmışdır. İddiaçı etibarnamə əsasında ona məxsus avtomobilin cavabdehlər tərəfindən yararsız hala salınması, habelə, yol hərəkəti qaydalarının pozulmasına görə yığılmış cərimə və gömrük rüsumlarının olmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

40. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı “VAZ 21043” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi deyildir. Eyni zamanda iddiaçı iddia ərizəsində sözügedən avtomobilin Famil Quliyevə məxsus olmasını bildirməklə yanaşı, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında da bu faktı təsdiq etmiş və mübahisə predmeti olan avtomobilin iddiaçının mülkiyyətində olması barədə hər hansı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Bu isə öz növbəsində məhkəmə üçün belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı cavabdehlərə qarşı mövcud iddianı qaldırmaqda subyektiv hüquqa malik olmamışdır. Həmçinin, iddiaçı “VAZ 21043” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobilin cavabdehlər tərəfindən yararsız vəziyyətə salınması, “VAZ 21043” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobilə tələb etdiyi məbləğdə zərər dəyməsi, inzibati xətaların cavabdehlər tərəfindən törədilməsi o cümlədən yığılmış gömrük ödənişlərinə görə borcun olması, həmin borcun onun tərəfindən ödənilməsi (öhdəliyin üçüncü şəxs tərəfindən icra olunması) barədə hər hansı mötəbər sübut təqdim etməməklə yanaşı, iddiaçı gömrük ödənişləri üzrə yaranmış gömrük borcunu tələb etmək və gömrük ödənişləri üzrə yaranmış gömrük borcu ilə bağlı iddia qaldırmaq hüququna da malik deyildir.

41. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”.

42. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

43. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.

44. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.

45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə iddiaçının cavabdehlərə qarşı mövcud iddianı qaldırmaqda subyektiv hüquqa malik olmadığı qənaətinə gəlmişdir. Halbuki, işin hallarından müəyyən edilir ki, Moskva vilayətinin Stupino şəhər notariat kontoru tərəfindən təsdiq edilmiş 27 avqust 2018-ci il tarixli ** AB ***6695 nömrəli etibarnamə ilə VAZ 21043” markalı T756AE150 qeydiyyat nişanlı avtomobilə dair sahiblik, istifadə və sərəncam hüquqları əmlakın mülkiyyətçisi tərəfindən 10 il müddətinə İddiaçı verilmişdir.

46. Mülki Məcəllənin 157.8-ci maddəsində deyilir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Mülki Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Bu baxımdan kollegiya hesab edir ki, İddiaçı mübahisəsi gedən avtomobilə qanuni əsaslarla sahiblik etdiyindən, o, hazırkı tələb üzrə subyektiv hüquqa malik şəxsdir. Birinci instansiya məhkəməsi isə iddiaçının cavabdehlərə qarşı mövcud iddianı qaldırmaqda subyektiv hüquqa malik olmadığı qənaətinə gəlməklə mübahisənin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan qətnamə qəbul etmişdir.

47. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

48. Mülki qanunvericiliyin deliktlə bağlı müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

49. İşin müəyyən edilmiş və faktiki hallarından aydın olur ki, etibarnamə əsasında İddiaçı məxsus “VAZ 21043” markalı T756AE150 qeydiyyat nişanlı avtomobil müvəqqəti istifadə üçün iddiaçı tərəfindən Ramin Rüstəmov adlı şəxsə vermiş, sonuncu isə avtomobili cavabdehlərdən Cavabdeh1 vermişdir. Cavabdeh1 isə avtomobili faktiki olaraq digər Cavabdeh2 satmışdır.

50. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddia etmişdir ki, cavabdehlər tərəfindən mübahisəsi gedən avtomobilin xarici konstruksiyası dəyişdirilmiş, əsas ehtiyat hissələri və dövlət qeydiyyat nişanları sökülmüş, habelə avtomobilin texniki sənədləri götürülmüşdür.

51. Məhkəmə kollegiyası qeyd edir ki, işə əlavə edilmiş foto şəkillərlə iddiaçıya məxsus “VAZ 21043” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobilin maddi ziyana məruz qalması müəyyən edilsə belə, lakin həmin ziyanın cavabdehlərin qanunazidd hərəkət və va hərəkətizliyi səbəbindən yaranması işin faktiki halları ilə öz təsdiqini tapmamışdır. Habelə, “VAZ 21043” markalı, T756AE150 qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı törədilmiş inzibati xətaların məhz cavabdehlər tərəfindən yol verilməsi sübuta yetirilməmişdir. Bundan başqa, iddiaçı sözügedən avtomobilə dair gömrük ödənişlərinə görə cavabdehlərdən borc məbləği tələb etsə də, lakin həmin borcun onun tərəfindən ödənilməsi barədə də məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

52. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

53. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

54. Eyni zamanda, iddiaçı mübahisəsi gedən avtomobilə dair sənədləri cavabdehlərdən tələb etsə də, lakin həmin sənədlərin cavabdehlərin sahibliyində olması işin faktiki halları ilə öz təsdiqini tapmamış, habelə iddiaçı tərəfindən də bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əksinə, iddiaçının etibarnamə üzrə nümayəndəsi (atası) apellyasiya baxışı zamanı verdiyi izahatında «Avtomobil sənədləri ilə birlikdə cavabdehlərə yox, 3 aylıq müddətinə mühərriki sıradan çıxmaması üçün Ramin adlı şəxsə verilmişdir» deyə bildirmişdir (bax qətnamənin 19-cu bəndi).

55. Göründüyü kimi, avtomobilə dair sənədlərin qaytarılması tələbi bu tələbə cavab verməli olmayan şəxsə qarşı yönəlmişdir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər; Hazırkı iş üzrə cavabdehlər isə avtomobilə dair sənədlərin qaytarılması tələbinə cavab verməli olan subyekt deyildirlər.

56. Qeyd olunanlara əsasən kollegiyasının qənaəti bundan ibarətdir ki, avtomobilə dair sənədlərin qaytarılması barədə irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan subyektlərə qarşı yönəldilmədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər.

57. İşin şərh olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbində əsaslandırılmış hallar öz təsdiqini tapmadığından iddianın təmin edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. Odur ki, iddia təmin edilməməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2(125)-4528/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar