Məhkəmə qərarları › İş №2(104)-66/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-66/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-66/2023 30.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rəfael oğluna və Cavabdeh3 qızına qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı hüquq varisi X2 vəkili X5 iştirakı ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-341/2020 saylı mülki iş üzrə 16 iyun 2020-ci il tarixli qiyabi qətnaməsindən Cavabdeh1 Mədət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə 30 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan xx.xx.2009-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh1 və İddiaçı müqavilə bağlamışlar. Müqavilədə göstərilir ki, Cavabdeh1 2008-ci ilin iyun ayında İddiaçı aldığı 60.000 ABŞ dollarını qaytara bilmədiyi üçün özünə məxsus, Gəncə şəhəri, H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospektlərinin kəsişməsində 31,5 m2 və ünvan 1 ünvanda yerləşən 30 m2 mağazaları İddiaçı verir. Həmin mağazalar gələcəkdə satılarsa 60.000 ABŞ dolları İddiaçı və ya onun ailə üzvlərinə çatacaq, qalan məbləğ isə Cavabdeh1 və ya onun ailə üzvlərinə çatacaq. Əgər mağazalar icarəyə verilərsə 1.450 ABŞ dolları İddiaçı yaxud onun ailə üzvlərinə çatmalı, qalan hissəsi isə Cavabdeh1 və ya onun ailə üzvlərinə çatmalıdır. 2.Mülki işin materiallarına əlavə olunun ölüm haqqında şəhadətnaməmim təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 26 mart 2022-ci il tarixdə ölmüşdür.

3. Mülki işin materiallarına əlavə olunun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 26 mart 2022-ci il tarixdə ölmüş İddiaçı vərəsəsi kimi qızı X4 müəyyən olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rəfael oğlu və Cavabdeh3 qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən altmış min ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə verərək, iddianın həcmini azaltmış və yalnız Cavabdeh1 altmış min ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 60000 ABŞ dolları barədə borc müqaviləsi bağlamışlar. Müqavilədə göstərilir ki, Cavabdeh1 Mədət oğlu 2008-ci ilin iyun ayında İddiaçı aldığı 60000 ABŞ dollarını qaytara bilmədiyi üçün özünə məxsus olan Gəncə şəhəri, H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində 31.5 kv.m və ünvan 1 ünvanda yerləşən 30 kv.m mağazaları İddiaçı verir. Həmin mağazalar gələcəkdə satılarsa, 60000 ABŞ dolları İddiaçı və ya onun ailə üzvlərinə çatacaq. Əgər mağazalar icarəyə verilərsə, 1450 ABŞ dolları İddiaçı və ya onun ailə üzvlərinə, qalan hissəsi isə Cavabdeh1 və ya onun ailə üzvlərinə çatmalıdır. Bağlanmış müqaviləyə X6 və X7 şahidlik etmişlər. Bundan başqa Cavabdeh1 Samux rayonu, Qarayeri qəsəbəsində iddiaçının evində X8 şahidliyi ilə ona 60000 ABŞ dolları borcunun olmasını və onu hissə-hissə ödəyəcəyini etiraf etmişdir. Həmin gün, yəni 13 may 2009-cu il tarixdə Cavabdeh1 barsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra Cavabdeh1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 179.3.2ci maddələri ilə təqsirli bilinərək, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 13 sentyabr 2019-cu il tarixdə o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə azad edilmişdir. Cavabdeh hazırda borcunu qaytarmaqdan imtina edir.

7. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-341/2020 saylı mülki iş üzrə 16 iyun 2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 60.000 (altmış min) ABŞ dolları pulun ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə alınaraq, İddiaçı ödənilməsi, Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pulun tutularaq, İddiaçı verilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-341/2020 saylı mülki iş üzrə 16 iyun 2020-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla, o, heç vaxt iddiaçıdan 60.000 ABŞ dolları məbləğində borc pul almamışdır. Nə də onunla iddiaçı arasında müqavilə bağlanmamışdır. Lakin, buna baxmayaraq, hesab edir ki, hətta aralarında borc münasibətləri olsa belə, iddiaçı hazırkı iddia tələbi ilə müddət keçdikdən sonra məhkəməyə müraciət etməklə, iddia müddətini buraxdığı üçün də onun tələbi təmin edilə bilməzdi. İddiaçı hazırkı iddia tələbi ilə 2019-cu ilin noyar ayında, təxminən 11 il sonra məhkəməyə müraciət etmişdir. Bundan başqa, işə baxmış birinci instansiya məhkəməsi onun Gəncə şəhərində yerləşən “Günəş” yeməkxanasının 50% payı alıb-almamasını, ümumiyyətlə həmin yeməkxanadakı 50% payın kim tərəfindən alınmasını və hazırkı həmin payın sahibinin kim olmasını müəyyən etməmişdir. Bununla bağlı qeyd edir ki, düzdür, o, X7 ilə birlikdə “Günəş” yeməkxanasının 50% payını almaq istəmişlər, lakin sonradan o, pul əldə edə bilmədiyi üçün öz fikrindən daşınmış və bu barədə Bəxtiyara da bildirmişdir. Bəxtiyar ona 57.400 ABŞ dolları qarşılığında spirtli içkilər və əlavə olaraq 3.000 ABŞ dolları pul verməmiş, nə də o, həmin spirtli içkiləri satdıqdan sonra Ədalətə obyektin pulu olan 60.000 ABŞ dolları ödəməyi öhdəsinə götürməmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1052/2021 saylı mülki iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-341/2020 saylı mülki iş üzrə 16 iyun 2020-ci il tarixli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3787/2021 saylı mülki iş üzrə 22 iyul 2021-ci il tarixli qərarı ilə cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1052/2021 nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 26 mart 2022-ci il tarixdə işin 2-ci apellyasiya baxışı zamanı ölmüşdür. Bundan sonra işin icraatı dayandırılmış və mərhum İddiaçı hüquq varisi kimi qızı X4 işdə iştiraka cəlb olunmuşdur. Məhkəmə kollegiyasının əvvəlki iclasına X2 nümayəndəsi kimi X9 gəlmiş və irəli sürülən iddianı müdafiə etmişdir. Məhkəmənin sonuncu iclasına X4 və nümayəndəsi X9 gəlməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ilə müqavilə bağlamış, hazırda mərhum İddiaçı hüquq varisi X2 vəkili sayılan X12 məhkəmədə iştirak etmiş, apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının əvvəlki iclasına Cavabdeh1 gəlmiş və apellyasiya şikayətini müdafiə etmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq,Cavabdeh1 məhkəmənin sonuncu iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

18. Maddə 373. Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

19. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

20. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də idia müddəti keçir.

21. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydada istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi: qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

28. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

29. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

30. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsassızdır.

34. Belə ki, işə baxan Ali Məhkəmə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə əvvəlki-29 yanvar 2021-ci il tarixli qətnaməsini ləğv edib, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edərkən öz qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi ilkin olaraq dəlillərin yoxlanmasının təmin edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş və lakin, icrası təmin olunmamış ekspertiza təyin olunmasına dair qərardadın icrasının hansı səbəbdən yerinə yetirilməməsini aydınlaşdırmalı və müvafiq dəlillərdən çıxış edərək yenidən ekspetiza təyin olunması məsələsini müzakirə etməli idi. Digər tərəfdən iddiaçı tərəfindən bəyan edilən və cavabdeh tərəfindən qəbul olunmayan işin hallarından aydın olur ki, iddiaçı üçüncü şəxs tərəfindən cavabdehə verilməsini iddia etdiyi pul məbləğinin borc olaraq müqaviləyə daxil edildiyini və bu əsasla borc münasibətərinin yarandığını iddia edir, cavabdehin isə bu öhdəliyə görə yazılı sənəd verdiyini bildirərək həmin məbləği tələb edir. Bu halda məhkəmə adı çəkilən şəxsin işə cəlb edilməsi məsələsini tərəflərlə birlikdə müzakirə edərək belə bir münasibətin olması, onun tərəfindən cavabdehə hər hansı məbləğdə əmlak və ya pul vəsaitinin verilməsini aydınlaşdırmalı olduğu halda bu istiqamətədə heç bir hərəkət etməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, yazılı borc sənədində borc məbləğinin verilməsi deyil, əvvəl alınmış borcun əvəzləşdirilməsinin təsdiq olunması və borc məbləğinin əvəzinə iki ədəd qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən iddiaçıya təqdim olunması göstərilir. Bu baxımdan həmin qeyri-yaşayış sahələrinin hazırda kimin sahibliyində olması və hansı səbəblərdən sənəddə göstərildiyi kimi satılmasının mümkünsüzlüyü aydınlaşdırılmalı olduğu halda apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçının izahatında göstərilənlərə istinad edərək, digər mövcud sübutlar əsasında həmin halların təsdiq olunub-olunmaması yoxlanılmadan əmlakların satılmaması nəticəsinə gəlmişdir. Cavabdeh tərəfin digər dəlilli isə onun tərəfindən təqdim olunmuş iddia müddətinin tətbiq olunmasına dair ərizəsinin təmin edilməməsini maddi hüquq normalarının tələbləri baxımından düzgün hesab etmir. Apellyasiya instansiya məhkəməsi iki əsasla iddia müddətinin tətbiq olunmasına dair ərizənin təmin olunmamasını yolverilən hesab etmişdir. Bunlardan birincisi «öhdəliyin icrası üçün müddətinin başlanması anı mağazaların satılması anı qəbul edilməlidir. Əgər həmin mağazalar satılmış olsa idi, iddiaçının artıq öz hüquqlarının pozulmasını bilməli olduğu qəbul ediləcəkdi. Həmin mağazaların satılması ilə bağlı isə hər hansı sübut təqdim edilməmişdir.» İkincisi isə « … nə obyektiv amil baxımından, nə də subyektiv amil baxımından iddia müddətinin axımının başlanması anı cavabdehin ərizəsində göstərdiyi kimi hüquq münasibətlərinin yarandığı vaxtdan hesablana bilməz. İddia müddətinin axımının başlanması cavabdehin cəzadan azad olunduğu vaxtdan hesablanmalıdır. Məhz bu vaxtdan iddiaçının cavabdehə verdiyi möhlətin başa çatdığı qəbul edilməlidir. Həmin vaxtdan iddia irəli sürülənədək üç ildən çox keçmədiyindən iddia müddətinin tətbiq olunması üçün əsas yoxdur.» Göstərilənlərlə bağlı məhkəmənin gəlmiş olduğu nəticəsi anlaşılan olmamaqla faktiki olaraq hər iki halın cavabdehin hərəkət və hərəkətsizliyi ilə əlaqələndirilməsi yolverilən hesab edilə bilməz. Ona görə ki, subyektiv hüququn sahibi iddiaçıdır və tələb etmək hüququ ona aiddir. Belə olan halda cavabdehin həbsdə olması bu hüququn həyata keçirilməsinə nə kimi mane törətməsi müəyyən deyildir. Qeyd edilməlidir ki, cavabdehin həbsdə olması heç bir halda müvafiq iddia tələbinin irəli sürülməsinə mane yarada bilməz. Bu halda apellyasiya instansiyası məhkəməsi öhdəliyin icrası ilə bağlı möhlətin verilməsini qeyd edir, lakin belə bir möhləti müəyyən edən qarşılıqlı razılaşmanın olub-olmaması aydınlaşdırılmır. İddia müddətinin tətbiqini yolverilməz hesab edən apellyasiya instansiyası məhkəməsinin digər mövqeyi isə cavabdehə məxsus olan qeyri-yaşayış sahələrinin satılmaması ilə bağlıdır. Bu nəticəyə gələrkən isə həmin məhkəmənin hər hansı sübutlara malik olması və məhz həmin sübutlar əsasında bu mövqeyini formalaşdırmasını müəyyən etmək mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi həmin halı iddia müddətinin tətbiq edilməsini mümkün etmədiyi nəticəsinə gəlirdisə mövcud sübutların qiymətləndirilməsini təmin etməli, faktiki olaraq belə öhdəliyin mövcudluğu, qeyri-yaşayış sahələrinin satılmamasının səbəbləri və faktiki istifadə edən şəxsləri müəyyən etməli və bu cür öhdəliyin mövcud olduğu halda cavabdehin bu etdiyi maneələrin nədən ibarət olması aydınlaşdırlımalı idi

35. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında göstərilənləri nəzərə alaraq, ilk növbədə qeyd olunan imzanın Cavabdeh1 məxsus olub-olmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli 4/318 saylı rəyində ekspertizaya təqdim edilmiş mülki işin 65-66-cı vərəqələrində olan 04 aprel 2009-cu il tarixli “Müqavilə”nin 2-ci vərəqində “Mağazaları verən” qrafasında “Cavabdeh1” yazılarının qarşısında olan imzanın Cavabdeh1 tərəfindən icra olunubolunmamadığını müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Alınmış ekspert rəyi ilə 04 aprel 2009-cu il tarixli müqavilədəki imzanın Cavabdeh1 tərəfindən icra olunubolunmaması məsəsləsinə aydınlıq gətirilmədiyindən həmin müqaviləyə istinad edilməklə iddianın təmin edilməli və yaxud müqavilədəki imzanın Cavabdeh1 tərəfindən icra olunmaması səbəbi ilə iddianın rədd edilməli olması barədə güvənli nəticəyə gəlmək olmur. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, işin qanuni həlli üçün iddia müddətinin tətbiqi barədə Cavabdeh1 ərizəsinin əsaslı olub olmaması məsələsi önə çəkilməlidir. 36.Artıq yuxarıda qeyd edildiyi kimi hazırki işdə Ali Məhkəmənin qərarında ifadə etmiş olduğu hüquqi mövqe ondan ibarət olmuşdur ki, işin birinci apellyasiya baxışı zamanı irəli sürülən iddia tələbinə iddia müddətinin tətbiqi barədə Cavabdeh1 ərizəsinin qəbuledilməz olduğu barədə apellyasiya məhkəməsinin qənaətləri doğru olmamışdır. MPM-in 420-ci maddəsinə əsasən,. kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşin hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 arasında bağlandığı iddia edilən müqavilə xx.xx.2009-cu il tarixlidir. Borcun hansı müddətdə qaytarılcağı barədə müqavilədə qeyd şərt yoxdur. İddia ərizəsinin mətnindən müəyyən olunur ki, Cavabdeh1 13 may 2009-cu il tarixdə həbs olunduğu və ona 14 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunduğu həmin vaxt İddiaçı məlum olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, borcun qaytarılmadığı, yəni hüququnun pozulduğu həmin vaxtdan İddiaçı məlum olduğundan, MPM-in 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı da məhz 13 may 2009-cu il tarixdən başlanmış sayılmalıdır. Lakin, iddiaçı tərəfindən məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət olunmuşdur. Hazırki işin faktiki hallarına görə, 13 may 2009-cu il tarixdən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi 21 noyabr 2019-cu il tarixə qədər (10 il 06 ay 8 gün) iddiaçı tərəfindən hətta ümumi iddia müddətinin ötürüldüyü təsdiq olunur və hazırki işdə iddia müddətinin axımının kəsilməsi halları müəyyən edilməmişdir. MPM-in 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

37. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə Cavabdeh1 iddia müddətinin tətbiqi barədə verdiyi ərizəyə əsasən iddiadan imtina barəsində qərar qəbul edilməlidir.

38. Beləliklə, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-341/2020 saylı mülki iş üzrə 16 iyun 2020-ci il tarixli qiyabi qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

39. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olan 17 mart 2023-cü il tarixli ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 124 manat məbləğini təşkil edir.

40. İrəli sürülən iddia təmin edilmədiyindən və cavabdehin apellyasiya şikayəti təmin edildiyindən Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, həmin məhkəmə xərcləri iddiaçının hüqüq varisinə aid edilməli və ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-341/2020 saylı mülki iş üzrə 16 iyun 2020-ci il tarixli qiyabi qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul İddiaçı hüquq varisi X1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar