Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-660/2023 01.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçının nümayəndəsi X1 iştirtakı ilə, Gəncə şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(125)-2373/2022 nömrəli qətnaməsindən iCavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2019-cu il tarixli, 060 nömrəli kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, Cavabdeh ilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı arasında bağlanmış müqaviləyə əsasən 18 (on səkkiz) ay müddətinə, bank borcluya illik 27,6 faiz olmaqla 2000 (iki min) manat məbləğində kredit verilmişdir.
2. 27.09.2022-ci il tarixli, 019/Fİ/22 nömrəli maliyyə arayışından görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 060 nömrəli Restrukturizasiya Kredit müqaviləsi üzrə 27 sentyabr 2022-ci il tarixinə günün əvvəlinə əsas borc üzrə 1196,80 (bir min yüz doxsan altı manat səksən qəpik) manat, faiz borcu üzrə 35,04 (otuz beş manat dörd qəpik) manat olmaqla, ümumilikdə 1231,84 (bir min iki yüz otuz bir manat səksən dörd qəpik) manat kredit borcu vardır
3. 12 yanvar 2021-ci il tarixli, 004/Fİ/21 nömrəli, 05 aprel 2022-ci il tarixli, 004/Fİ/22 nömrəli və 17 may 2022-ci il tarixli 012/Fİ/22 nömrəli iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış bildirişlərdən görünür ki, cavabdehə borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 iyun 2019-cu il tarixli, 060 nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə 27 sentyabr 2022-ci il tarixinə günün əvvəlinə əsas borc 1196,80 (bir min yüz doxsan altı manat səksən qəpik) manat, faiz borcu üzrə 35,04 (otuz beş manat dörd qəpik) manat olmaqla, ümumilikdə 1231,84 (bir min iki yüz otuz bir manat səksən dörd qəpik) manat məbləğində tam kredit borcu və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu tutularaq Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 yanvar 2016-cı il tarixli, 004-Fİ/16 saylı qrup kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə ev təmiri məqsədi ilə 18 ay müddətinə illik 27,6 faiz ödəmək şərti ilə 2000 (iki min) manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında 19 iyun 2019-cu il tarixli, 060 nömrəli Restrukturizasiya müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən 19 iyun 2019-cu il tarixinə olan 1206,74 (bir min iki yüz altı manat yetmiş dörd qəpik) manat məbləğində mövcud kredit borcu illik faiz dərəcəsi ilə 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə restrukturizasiya edilmişdir. Cavabdeh ilə Bank Olmayan Kredit Təşkilatı İddiaçı arasında bağlanılmış 19 iyun 2019-cu il tarixli, 060 nömrəli restrukturizasiya müqaviləsi ilə onun üzərinə düşən öhdəliklərini kobud surətdə pozaraq aylıq kredit ödənişlərini etməmişdir. Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 19 iyun 2019-cu il tarixli, 060 nömrəli kredit (restrukturizasiya) müqaviləsinin 2.2-ci bəndinə, əsasən, Restrukturizasiya müqaviləsi üzrə aylıq kredit ödənişləri “Borclu” ilə razılaşdırılmış ödəniş cədvəli ürə icra olunmadıqda, “Kreditor” bu müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini Borcludan tələb etmək hüququna malikdir. Halhazırda Cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə arasında bağlanılmış 19 iyun 2019-cu il tarixli, 060 nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə 27 sentyabr 2022-ci il tarixinə günün əvvəlinə əsas borc 1196,80 (bir min yüz doxsan altı manat səksən qəpik) manat, faiz borcu üzrə 35,04 (otuz beş manat dörd qəpik) manat olmaqla, ümumilikdə 1231,84 (bir min iki yüz otuz bir manat səksən dörd qəpik) manat məbləğində kredit borcu mövcuddur.
6. Gəncə şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(125)-2373/2022 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) İddia təmin edilsin. Cavabdeh 1196,80 (bir min yüz doxsan altı manat səksən qəpik) manat əsas, 35,04 (otuz beş manat dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1231,84 (bir min iki yüz otuz bir manat səksən dörd qəpik) manat pulun və məhkəmə xərci qismində 33 (otuz üç) manat dövlət rüsumunun tutularaq, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, məhkəmə müqavilənin şərtinə uyğun olaraq əsas və faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 442, 445.2.1, 448.1, 739.1-ci maddələrinəə, və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(125)-2373/2022 nömrəli qətnaməsinin hissəvi ləğv edilməsini xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin etməmişdir. Belə ki, cavabdeh tərəfindən ödənişlər edilsə də borc məbləğindən çıxılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
17. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
18. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
30. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh apellyasiya şikayətinin dəlillərində ödəniş etsə də borc məbləğindən silinmədiyini bildirsə də buna dair əsaslı sübut (etdiyi ödənişlərə dair qəbzlər, ekspertizanın zəruriliyini şərtləndirilən hallar haqqında məlumat və s) təqdim etməmişdir. Bununla belə kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 19 iyun 2019-cu il tarixli, 060 nömrəli Restrukturizasiya müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən 19 iyun 2019-cu il tarixinə olan 1206,74 manat məbləğində mövcud kredit borcu illik faiz dərəcəsi ilə 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə restrukturizasiya edilmişdir. Cavabdeh ilə iddiaçı arasında bağlanılmış restrukturizasiya müqaviləsi ilə onun üzərinə düşən öhdəliklərini kobud surətdə pozaraq aylıq kredit ödənişlərini etməmişdir. Hal-hazırda Cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə arasında bağlanılmış 19 iyun 2019-cu il tarixli, 060 nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə 27 sentyabr 2022-ci il tarixinə günün əvvəlinə əsas borc 1196,80 manat, faiz borcu üzrə 35,04 manat olmaqla, ümumilikdə 1231,84 manat məbləğində kredit borcu mövcuddur.
31. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsassızdır.
32. Hazırki iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 33.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(125)-2373/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .