Məhkəmə qərarları › İş №2(104)-661/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-661/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-661/2023 25.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X6 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1889/2022 saylı mülki iş üzrə 05 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən verilmiş arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, ev 7 A, mənzil 19 üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. İş materiallarında olan Gəncə şəhər 3 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə verilmiş 7E-2197 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünə məxsus olan bütün daşınar və daşınmaz əmlaka dair sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, ipoteka (girovdan) azad etmək, özəlləşdirmək, icarəyə və kirayəyə vermək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqqı-hesab aparmağı, zəruri sənədləri təhvil verməyi, rüsumları, kommunal və digər xərcləri ödəməyi, vərəsəlik işini rəsmiləşdirməyi, mirası qəbul etməyi və ondan imtina etməyi, vərəsəlik hüququ haqqında şəhadətnaməni almağı və.s hərəkətləri onun adından etməyi etibar etmişdir.

3. İş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli doqquz mart iki min iyirmi ikinci il tarixli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanını İddiaçı əvəzinə X2 35000 (otuz beş min) manata satmışdır.

4. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 962/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh, arvadı X7 və uşaqları xx.xx.2009-cu il təvəllüdlü X17, xx.xx.2011-ci il təvəllüdlü X15 və xx.xx.2016-cı il təvəllüdlü X11 ilə birlikdə mülkiyyətində olan Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 9 nömrəli evin 27 nömrəli mənzilinə köçürülmələri qət edilmişdir.

5. İş materiallarında olan X8 xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, qeydiyyatda olduğu atası İddiaçı məxsus olan Gəncə şəhəri Kəpəz rayonu Dədə Qorqud küçəsi 7 A saylı binanın 19 saylı mənzilinin satılmasına etiraz etməmiş, müqavilədə nəzərdə tutulmuş müddətdə həmin mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.

6. İş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, qeydiyyatda olduğu İddiaçı məxsus olan Gəncə şəhəri Kəpəz rayonu Dədə Qorqud küçəsi 7 A saylı binanın 19 saylı mənzilinin satılmasına etiraz etməmiş, müqavilədə nəzərdə tutulmuş müddətdə həmin mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.

7. İş materiallarında olan X3 xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, qeydiyyatda olduğu birgə nikah dövründə əldə edilmiş, əri İddiaçı məxsus olan Gəncə şəhəri Kəpəz rayonu Dədə Qorqud küçəsi 7 A saylı binanın 19 saylı mənzilinin satılmasına etiraz etməmiş, eyni zamanda bəyan etmişdir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi olmamışdır. Həmçinin müqavilədə nəzərdə tutulmuş müddətdə həmin mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh evin satılmasından əldə etdiyi 35000 (otuz beş min) manat pul, ona hesablanmış 875 (səkkiz yüz yetmiş beş) manat faiz borcu olmaqla, cəmi 35875 (otuz beş min səkkiz yüz yetmiş beş) manat məbləğində pulun və iddia ərizəsi üçün ödənilmiş 192,62 (yüz doxsan iki manat altmış iki qəpik) manat dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) manat bank xidməti haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh onun oğludur. O, Gəncə şəhərindən 2 mənzil almaqla birini-Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, ev 9, 27 nömrəli mənzili cavabdeh olan oğlu Cavabdeh adına, digəri-Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 7A saylı evin 19 saylı mənzilini öz adına almışdır. Onun adına olan ünvan 1 daha geniş olduğundan oğlu Elşənə ailəsi ilə birlikdə oradan yaşamasını icazə vermiş, özü isə oğlunun adına aldığı Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, ev 9, 27 nömrəli mənzildə yaşamağa başlamışdır. Eyni zamanda Şəmkir rayonunda yanlız yay aylarında təsərrüfatla əlaqədar qaldığı tam şəraitsiz evi vardır. Yay aylarında o, Şəmkirdə olanda, eyni zamanda hər dəfə ona məxsus cavabdehin ailəsi ilə birgə yaşadığı evin hər hansı problemi ilə əlaqədar onu çağırmamaları üçün oğluna Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 7A, 19 nömrəli mənzilin idarə edilməsi ilə əlaqədar etibarnamə vermişdir. Həmin etibarnamədən istifadə edən cavabdeh oğlu Cavabdeh onun xəbəri olmadan, onun heç bir tapşırığı olmadan ona məxsus evi 35000 manata X4 adlı tanımadığı bir şəxsə satmışdır. Həmin alqı-satqıdan, evin neçəyə satılmasından sonralar xəbər tutmuşdur. Belə ki, cavabdeh oğlu Cavabdeh evi ondan xəbərsiz satdıqdan sonra onun adına aldığı və hazırda ailəsi ilə birlikdə yaşadığı Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, ev 9, 27 nömrəli mənzildən onun çıxarılması ilə bağlı iddia qaldırmış, həmin işə məhkəmədə baxılan zaman ona məxsus evi satdığını öyrənmişdir. Ona məxsus evin satılmasından bankdan onun əvəzindən götürdüyü pulu dəfələrlə istəsə də, cavabdeh evin satqısından əldə etdiyi 35000 manatı ona vermir. Cavabdeh həmin evi 09 mart 2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satmışdır. Həmin tarixdən bu vaxta qədər 35000 manat məbləği ona verməyi gecikdirdiyindən cavabdeh ona hesablanmış faizi də ödəməlidir. Ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.

10. Məhkəmədə İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

11. Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi (vəkil) X5 iştirak etmiş və iddianı qəbul etməyək izahatında bildirmişdir ki, cavabdeh iddiaçının doğma oğludur. Onlar arasında hazırda münasibət pisdir. Belə ki, Cavabdeh atasına qarşı məhkəmədə evə köçürülmə barədə iddia qaldırdığına görə iddiaçı cavabdehə qarşı mövcud tələblə məhkəmədə çıxış edir. Qeyd edir ki, Cavabdeh atasına məxsus evi sonuncunun vermiş olduğu etibarnamə əsasında üçüncü şəxsə satan zaman İddiaçı da onunla birlikdə notariat kontorunda olmuş və orada pulu oğlundan almışdır. Bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

12. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1889/2022 saylı mülki iş üzrə 05 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim: Z.İmanov) iddia təmin olunmuş, Cavabdeh mənzil satışına görə əldə olunan 35000 (otuz beş min) manat və həmin məbləğin vaxtında iddiaçıya ödənilməməsinə görə ona hesablanmış 875 (səkkiz yüz yetmiş beş) manat faiz borcu olmaqla, cəmi 35875 (otuz beş min səkkiz yüz yetmiş beş) manat məbləğində pulun və məhkəmə xərci qismində ödənilmiş 192,62 (bir yüz doxsan iki manat altmış iki qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidməti haqqının alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1889/2022 saylı mülki iş üzrə 05 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan etibarnamədən və apellyasiya şikayətinə əlavə edilmiş evin satılmasına dair razılıq ərizələrindən göründüyü kimi qeyd olunan və iddiaçının mübahisəsini etdiyi evi ona əsl həqiqətdə satılmasına razılıq verməklə evin satılmasından əldə edilmiş pulu bağışlamışdır. Belə ki, iddiaçı qarşısında evi satdıqdan sonra həmin evin dəyərinin ona verilməsi barədə heç bir öhdəlik götürməmişdir. Əksinə iddiaçı tərəfindən həmin ev satılaraq evin dəyərini və evi ona faktiki bağışlamaqla özü ona hüquq vermişdir. Sadəcə olaraq oğul və ata arasında münasibətin etibarlı olması ilə iddiaçı ilə onun arasında olan münasibət müqavilənin təsviri baxımından təhlil edilməlidir. Bildirmişdir ki, qeyd olunan ev hələ iddiaçı atası tərəfindən etibarnamə verilməmişdən əvvəl ona bağışlanmışdır. Həmin müddətdə o, qeyd olunan evi idarə etmiş və evin satılmasını ona şahidlərin yanında bildirmişdir və o, şahidlərin yanında həmin evi ona bağışladığını bildirərək necə istəyirsə elə də etmək hüququ verdiyini və ona etibarnamə verdiyini bildirmişdir. Belə ki, onun yaşayış yeri olmadığından özünə məxsus torpaq sahəsində ev inşa etdiyindən həmin evin inşası üçün pul lazım olduğunu bildirdikdən sonra evi sataraq həmin evin inşasına xərcləməyinə heç bir etiraz etmədən evi və onun pulunu ona bağışladığını bildirmişdir. Belə olan halda məhkəmə tərəfindən işdə olan sübutlar və şikayətinə əlavə etdiyi sübutlar qarşılıqlı olaraq təhlil edilməlidir. Çünki, əslində iddiaçının iradə ifadəsi evi və onun dəyərini bir ata olaraq ona bağışlamaq olmuş, aralarında olan razılıq arasında əqdi icra etmək üçün ona etibarnamə vermişdir. Onun qeyd olunan evin satılmasından sonra həmin evin dəyərinin iddiaçıya ödəməsi ilə bağlı hər hansı öhdəliyinin olması və ya evin satılmasından sonra evin dəyərinin iddiaçıya qaytarılmalı olması sübut olunmur. Həmin müddətdə ona pul lazım olduğundan həmin evə dair aralarında bağışlama müqaviləsi bağlamışlar. Lakin, məhkəmə iş materiallarında olan sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə tərəfindən onun iştirakı təmin edilmədiyindən əsl həqiqətin müəyyən edilməsi üçün şahidlər dindirilməmiş və onların izahatları təhlil edilməmişdir. Həmçinin evin satılması ilə bağlı razılıq vermiş şəxslərin ərizələri tədqiq edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, mübahisəli ev atasının adına olmuş, ailə qurduqdan sonra evdən payını istəmiş, atası isə həmin evi ona bağışlamışdır. Notariat kontorunda ona etibarnamə verərkən də atası həmin evi ona bağışladığını bir daha bəyan etmişdır. Lakin, atası ilə aralarında rəsmi qaydada bağışlama müqaviləsi bağlanmamış, evə dair etibarnamə verilmişdir. Daha sonra həmin evi 3 saylı Notariat ofisində satmış, qardaşı və anası notarial qaydada ərizə verərək evin satılmasına razı olduqlarını bildirmişlər. Sonda apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X12 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və qeyd etmişdir ki, İddiaçı Cavabdeh etibarnamə verərəkən onun həqiqi iradə ifadəsi mülkiyyətində olan Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 7A saylı evin 19 saylı mənzilini oğlu Cavabdeh bağışlamaq olmuşdur. Cavabdeh da atasının iradə ifadəsinə uyğun hərərkət etmişdir. Sonda vəkil şikayətin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, evin idarə olunması üçün oğlu Cavabdeh etibarnamə vermiş, 4 aydan sonra ona məlum olmuşdur ki, cavabdeh olan oğlu onun icazəsi olmadan evi başqa şəxsə satmışdır. Bu səbəbdən oğluna verdiyi etibarnaməni ləğv etdirmişdir. Sonda apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

20. Maddə: 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

21. Maddə: 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

22. Maddə: 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

23. Maddə: 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

24. Maddə: 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

25. Maddə 359.3.Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

25. Maddə: 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

26. Maddə: 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

27. Maddə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə: 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

29. Maddə: 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

30. Maddə: 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

31. Maddə: 668.1.1 Bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır:

32. Maddə: 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

33. Maddə: 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

34. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

35. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

36. Maddə: 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

41. Maddə 385.0.2 Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

45. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh atasıdır. İddiaçı özünə məxsus Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 7A, 19 nömrəli mənzilin idarə edilməsi ilə əlaqədar Cavabdeh etibarnamə vermişdir. Həmin etibarnaməyə əsasən Cavabdeh iddiaçının mülkiyyətində olan mənzili sonuncunun adından notariat kontorunda üçüncü şəxsə 35000 (otuz beş min) manata satmış, yəni mənzili özgəninkiləşdirmişdir. Bundan sonra mənzil satışından əldə olunan pulu cavabdeh əldə etsə də onu iddiaçıya qaytarmamışdır. İddiaçı ona məxsus evin satılmasından cavabdehin götürdüyü pulu dəfələrlə istəsə də, Cavabdeh evin satqısından əldə etdiyi 35000 manatı verməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında cavabdehin sözügedən mənzilin satışından əldə etdiyi pulu iddiaçıya qaytarıldığını bildirsə də, istinad etdiyi halı sübut edə bilməmişdir. Tərəflər arasında olan mövcud münasibəti qiymətləndirərək məhkəmə hesab etmişdir ki, İddiaçı özünə məxsus Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 7A, 19 nömrəli mənzilin özgəninkiləşdirilməsi, idarə edilməsi və.s ilə əlaqədar Cavabdeh etibarnamə vermiş, bununla da tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh ona verilmiş etibarnamə əsasında iddiaçının adından sonuncuya məxsus Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 7A, 19 nömrəli mənzili satmış və satışından əldə etdiyi 35000 manatı iddiaçıya verməmişdir. Bu səbəbdən də məhkəmə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. 46.Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərək, iddiaçı ilə aralarında əslində bağışlama müqaviləsinin bağlandığını, mübahisə edilən evin atası tərəfindən ona bağışlandırğını bildirmiş, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

47. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri müzakirə edərək, kollegiya hesab edir ki, həmin dəlillər məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas sayıla bilməz.

48. Belə ki, məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər.

49. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı özünə məxsus Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 7A, 19 nömrəli mənzilin idarə edilməsi ilə əlaqədar Cavabdeh etibarnamə vermiş, cavabdeh həmin etibarnamədən istifadə edərək iddiaçıya məxsus evi X1, lakin alqı-satqı müqaviləsindən əldə etdiyi pulu iddiaçıya qaytarmamışdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında, eləcə də apellyasiya şikayətində əslində iddiaçının həmin evi ona bağışladığını qeyd etsə də, həmin halı təsdiq edə biləcək, yəni tərəflər arasında bağışlama müqaviləsinin mövcudluğunu təsdiq edən mötəbər sübut növünü nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsi zamanı məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Halbuki, yuxarıda da qeyd olunduğu kimi daşınmaz əmlakın bağışlanması barədə müqavilə notarial qaydada təsdiqləndiyi halda etibarlı hesab edilir. Digər tərəfdən, Mülki Məcəllənin yuxarıda qeyd edilən 359.3-cu maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Cavabdeh isə atasına məxsus olan əmlakın alğı satqısı barədə əqd bağlasa da, əmlakın satışından əldə edilənləri əmlakın mülkiyyətçisinə (təmsil edilənə) verməli olduğu halda bunu etməmiş, əmlakın ona bağışlandığını bu səbəbdən də əmlakın satışından əldə edilənlərin onda qalmalı olduğunu iddia etmişdir.

50. Halbuki, əmlakın cavabdehə bağışlanması təsdiq olunmur və Mülki Məcəllənin vəkalət alanın tapşırıqla bağlı məsuliyyətlərindən bəhs edən, yuxarıda qeyd edilən normalarının tələblərinə görə, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 51.Qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, irəli sürülən iddia qanuni əsaslıdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

52. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1889/2022 saylı mülki iş üzrə 05 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar