Məhkəmə qərarları › İş №2(104)-662/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-662/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-662/2023 23.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-978/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 6 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 8İ-139 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, qeyd olunan ünvanda yaşayır. Üçüncü şəxs "xxxx" ASC-dən xx.xx.2019-cu il tarixli 19005-S00001/789284 saylı kredit limit müqaviləsinə əsasən ona 120 ay müddətinə 500.000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2019-cu il tarixli 19005-S00001/789284 saylı kredit limiti müqaviləsinə xx.xx.2020-ci il tarixli 2 nömrəli razılaşma imzalanaraq ona xx.xx.2022-ci ilədək, illik 17 % ödəmək şərti ilə 350.000 kredit verilmişdir. Həmin kredit müqabilində ona mülkiyyət hüququ ilə məxsus olan çoxlu sayda əmlakı girov qoyulmuş və ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi ilə bağlı olaraq onun banka çoxlu sayda, iri məbləğlərdə ödəmələri olub. Lakin bank həmin məbləğləri onun banka olan borc hesabından silməmişdir. Cavabdeh Gəncə 6 saylı Notariat Ofisinin xüsusi notariusu isə bankın müraciəti əsasında ipotekaya tutmanın yönəldilməsi barədə 17 yanvar 2022-ci il tarixli icra qeydi vermişdir. Həmin icra qeydi əsasında onun mülkiyyətində olan əmlaklar üçüncü şəxs Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən qiymətləndirməyə və açıq hərracdan satılmaq üçün təqdim olunmuşdur. Bu səbəbdən də o, cavabdeh Gəncə 6 saylı notariat ofisinin xüsusi notariusuna ərizə ilə müraciət edib, 17 yanvar 2022-ci il tarixli 81-139 reyestr saylı icra qeydindən narazı olduğunu, həmin icra qeydinin ləğv olunmasını xahiş etmişdir. Lakin cavabdeh həmin icra qeydinin ləğvindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qeyri-qanunidir. Çünki üçüncü şəxs "xxxx" ASC-ti məqsədli şəkildə onun ödəmiş olduğu kredit məbləğlərini onun borcundan çıxmamış, bununla da onun borcunu məqsədli şəkildə artıq hesablamış, onun hesabına varlanmaq, zəhmətsiz gəlir əldə etmək istəmişdir. Cavabdeh isə qəbul etmiş olduğu icra qeydi barədə ona məlumat verməmiş, icra qeydini məlumat üçün onun ünvanına göndərməmişdir. Hazırda aralarında narazılıq olmasını nəzərə almır və icra qeydini ləğv etməkdən imtina edir. Qanun normasının tələbinə görə icra qeydi mübahisəsiz borclar barəsində verilir. O isə həmin borcu mübahisələndirir. Bu halda cavabdeh onun müraciətin nəzərə alıb, icra qeydini ləğv etməyə borcludur. Lakin cavabdeh bundan imtina edir. O isə cavabdehin imtinasını əsassız hesab edir, bu səbəbdən də, hazırkı iddia ilə məhkəməyə müraciət edir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-978/2022 saylı qətnaməsi ilə (sədrlik edən Xədicə Səfərli) iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-978/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində qeyd etdiyi arqumentlərlə əsaslandırılmışdır. İş üzrə İddiaçı və cavabdeh Gəncə şəhəri 6 saylı Notariat Ofisinə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh Gəncə şəhəri 6 saylı Notariat Ofisinin nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən Bank tərəfindən iddiaçıya 120 ay müddətinə, illik 30 faizdən çox olmamaq şərti ilə 500000 manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun bank qarşısında borcu yaranmışdır. Bank tərəfindən borcluya yaranmış borc öhdəliyini icra etməyəcəyi təqdirdə ipoteka predmetinə tutma yönədiləcəyi barədə bildiriş göndərilmişdir. Lakin, borclu tərəfindən borc öhdəliyi icra edilməmiş və (ya) xx.xx.2021-ciildə bildiriş təhvil alındıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilməmişdir. Bundan sonra "xxxx" ASC iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Gəncə şəhər 6 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə müvafiq icra qeydi verilmiş, ipoteka predmetlərinə tutma yönəldilmişdir.İcra qeydi əsasında ipoteka predmeti hərracda satılmadığı üçün, qanuna müvafiq olaraq "xxxx" ASC-yə təklif edilmiş və Bank tərəfindən əldə edilmişdir. Həmin əmlak hazırda "xxxx" ASCnin mülkiyyətindədir. Qətnaməni qanuni hesab edir.Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-978/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-978/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: "xxxx" ASC (Bank) ilə İddiaçı (borcalan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19005-S00001/789284 nömrəli kredit limiti müqaviləsindən görünür ki, Bank tərəfindən borcalana 120 ay müddətinə, illik 30 faizdən çox olmamaq şərti ilə 500000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi 2 nömrəli razılaşmadan müəyyən olunur ki, İddiaçı 120 ay müddətinə, illik 30 faizdən çox olmamaq şərti ilə 500000 manat məbləğində kredit limiti ilə yanaşı, xx.xx.2018-cu il tarixli, 19005- S00001/789284 saylı kredit limiti müqaviləsi çərçivəsində illik 17 faiz dərəcəsi ilə, xx.xx.2022-ci il tarixədək 10 ay güzəşt olmaqla 350000 manat borc pul vəsaitini borcalanın mülkiyyətinə vermişdir. Borcalan müqavilələr krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC (Bank) ilə İddiaçı (borcalan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqavilələrindən görünür ki, Şəmkir rayonu, Qılıncbəyli kəndi, əmlak kompleksi kimi müəssisə, 0.3155 ha torpaq sahəsi ilə birlikdə, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 1.019 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 1.8535 ha torpaq sahəsi və Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 2.4048 ha torpaq sahəsi; eyni tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli ipoteka müqavilələrindən görünür ki, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 2.106 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 2.9869 ha torpaq sahəsi və Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 4.6267 ha torpaq sahəsi kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı kredit müqaviləsi üzrə cəmi 50930.91 manat ödəniş etmiş, onun bank qarşısında 299069.09 manat əsas borc, 2781.07 manat faiz borcu olmaqla, cəmi 301850.16 manat kredit borcu qalmışdır. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli 7195 nömrəli ipoteka predmetinə tutma yönəldilməsi haqıqnda bildiriş tərtib edilərək, İddiaçı Bank qarşısında yaranmış 299069.09 manat əsas borc, 2781.07 manat faiz borcu olmaqla, cəmi 301850.16 manat kredit borcunu ödəməyəcəyi təqdirdə, öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmetinə tutma yönəldiləcəyi barədə məlumat verilmişdir. Qeyd edilən bildiriş borclunun rəsmi qeydiyat ünvanı olan ünvan 1lmiş, xx.xx.2021-ci il tarixdə borclunun ünvanında poçt xəbərnaməsinə imza edilməklə, rəsmi qaydada qəbul edilmişdir. "xxxx" ASC tərəfindən Gəncə şəhəri 6 saylı notariat ofisinə verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ipoteka saxlayan "xxxx" ASC ilə bağlanmış 19005- S00001/789284 saylı xx.xx.2019-cu il tarixli kredit limit müqaviləsinə bağlanmış xx.xx.2020-ci il tarixli 5TORPQ178928403 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı 120 ay müddətinə kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 350 000 manat məbləğində kredit verilmişdir. Kredit limit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı ilə 5TORPQ178928403 saylı xx.xx.2020-ci il tarixli və 19005-S00001/789284 saylı xx.xx.2019-cu il tarixli ipoteka müqavilələri bağlanılmış və onun mülkiyyətində olan Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 2.1060 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 4.6267 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndi, Əmlak kompleksi kimi müəssisə, 0.3155 ha torpaq sahəsi ilə birlikdə, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 2.9869 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 1.0190 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 1.8535 ha torpaq sahəsi və Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 2.4048 ha torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Belə ki, Kredit limit müqaviləsinə əlavə olan ödəniş cədvəli üzrə dövri olaraq banka ödənilməli olan kredit və faiz borclarının həmin cədvələ uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu İddiaçı “Bank Respublika" ASC-yə xx.xx.2020-ci il tarixə 299069.09 manat əsas borc, 2781.07 manat faiz və cəmi 301850.16 manat borcu mövcuddur. Qeyd olunanları nəzərə alaraq, Sizdən icra qeydi aparmağınızı xahiş edirəm. Məlumat üçün nəzərinizə çatdırıram ki, ipoteka Haqqında Qanunun tələblərinə uyğun olaraq xx.xx.2020ci il tarixdə ipoteka qoyan İddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Bildirişlər göndərilmişdir. Gəncə şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş “İpteka predmetinə tutma yönəldilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 8İ-139 reystr nömrəli icra qeydindən görünür ki, ipoteka müqavilələri üzrə tərəf ipoteka saxlayan Baki Şəhəri, ünvan 2 ünvanlı "xxxx" ASC-nin tələbi ilə ünvan 3nda qeydiyyatda olan ipoteka qoyan-borc alan İddiaçı (AZE ********, xx.xx.2012-Gəncə-Kəpəz RPİ, doğum tarixi: xx.xx.1973, Fin: 3FY255Y) məxsus ipoteka predmetləri olan Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 2.106 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 4.6267 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndi, əmlak kompleksi kimi müəssisə, 0.3155 ha torpaq sahəsi ilə birlikdə, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 2.9869 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 1.019 ha torpaq sahəsi, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 1.8535 ha torpaq sahəsi və Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 2.4048 ha torpaq sahəsi (müqavilələrə əsasən müddət üçün vaxtında ödənilməmiş) 299069.09 manat əsas borc, faiz borc 2781.07 manat, cəmi 301850.16 manat borc üzrə və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün,dövlət rüsumu kimi ödənilmiş 70 manat, xidmət haqqı kimi ödənilmiş 300 manat olmaqla tutma yönəldilsin. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə görə, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır; İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər; Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur; Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur; İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanınyönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 37.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən, bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinə əsasən, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısının İİ. hissəsinin 2-ci bəndinə əsasən, borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim olunur. Göründüyü kimi, qanunvericilikdə icra qeydlərinin yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparıldığı, tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu, bildirişin, onun borcluya çatdırıldığını təsdiq edən sənədin, borclunun cavab məktubunun (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlərin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunduğu birmənalı olaraq təsbit edilmişdir. Odur ki, kollegiya işin faktiki hallarını işdəki materiallarla qarşılıqlı şəkildə təhlil edərək, belə qənaətə gəlir ki, Gəncə şəhəri 6 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli icra qeydi verilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Belə ki, İddiaçı (borcalan) ilə "xxxx" ASC (Bank) xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri 5 saylı notariat kontorunda bağlanmış və təsdiq edilmiş ipoteka müqaviləsinin 9-cu bəndinin 3-cü hissəsində ipotekaya verilmiş əmlak hesabına ipoteka saxlayanın tələblərinin ödənilməsi hüququnun qanunda nəzərdə tutulmuş hallarda notariusun icra qeydi ilə təsdiq etməli olduğu, 4-cü hissəsində isə ipoteka saxlayanın ipotekaya tutma yönəltdiyi halda İpoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına bildirişin göndərilməsi, bildirişin poçt vasitəsilə göndərildiyi halda poçta təhvil verildiyi gündən 5 (beş) təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriçin isə göndərildiyi gündən 3 (üç) təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılması təsbit edilmişdir Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən Bank tərəfindən iddiaçıya 120 ay müddətinə, illik 30 faizdən çox olmamaq şərti ilə 500000 manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun bank qarşısında borcu yaranmışdır. Bank tərəfindən borcluya yaranmış borc öhdəliyini icra etməyəcəyi təqdirdə ipoteka predmetinə tutma yönədiləcəyi barədə bildiriş göndərilmişdir. Lakin, borclu tərəfindən borc öhdəliyi icra edilməmiş və (ya) xx.xx.2021-ciildə bildiriş təhvil alındıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilməmişdir. Bundan sonra "xxxx" ASC iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Gəncə şəhər 6 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə müvafiq icra qeydi verilmiş, ipoteka predmetlərinə tutma yönəldilmişdir. Məhkəmə kollegiyası iddiaçının icra qeydini mübahisələndirməsi ilə bağlı apellyasiya dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində məhkəməyə şikayət vermədiyindən, həmin dəlili əsassız hesab edir.Belə ki, qanunverici ipoteka qoyanın kredit borcunu mübahisələndirə bilməsi üçün müvafiq bildirişi aldıqdan sonra müəyyən müddətdə məhkəməyə müraciət imkanını nəzərdə tutmuşdur. Göründüyü kimi, Gəncə şəhəri 6 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli, 8İ-139 reystr nömrəli icra qeydi Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsində nəzərdə tutulan qaydalara riaət edilməklə verilmişdir ki, bu onun məhkəmə qaydasında ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci istansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-978/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-978/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar