Məhkəmə qərarları › İş №2(104)-662/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-662/2025

11.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-662/2025 11.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomaşının qaytarılması və ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-1031/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. BD seriyalı 415018 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** KL *** qeydiyyat nişanlı X6 markalı avto nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir.

2. ƏN-İX seriyalı 200052 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh , ** KL *** qeydiyyat nişanlı “Volkswagen Jetta” markalı Minik avto nəqliyyat vasitəsini İddiaçı etibar etmişdir.

3. AZ Avtovaz texniki xidməti Sənayə Ticarət Birliyi Tərtər Texniki xidmət sahəsinin 12 yanvar 2024-cü il tarixli 664 nömrəli arayışdan görünür ki, İddiaçı məxsus olan “Volkswagen Jetta” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomaşın Tərtər TXS-yə gətirilmişdir. Avtomaşına baxış keçirilib. Baxış zamanı müəyyən edilmişdir ki, avtomaşının mühərrikin blok silindirində çat olduğu üçün həmin hissədə qaynaq işi aparılmışdır. Qaynaq işi aparılmağına baxmayaraq həmin blok silindir istifadəyə yararsızdır.

4. AR Ədliyyə Nazirliyi Bərdə Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin 29 mart 2024-cü il tarixli 731/2024 nömrəli məktubdan görünür ki, “Volkswagen Jetta” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində sərəncam verilməsinə dair İddiaçı, Cavabdeh tərəfindən vermiş olduğu xx.xx.2024-cü il tarixli , 7E-679 reyestr nömrəli etibarnamə təqdim etdiyi 17 yanvar 2024-cü il tarixli ərizəsinə əsasən ləğv edilmişdir.

5. ƏN-İX seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı, ** BX *** qeydiyyat nişanlı “Vaz 21061” markalı Minik avtonəqliyyatı Cavabdeh etibar etmişdir.

6. Elektron Notariat Avtomatlaşdırılmış X1 görünür ki, ** BX *** qeydiyyat nişanlı “Vaz 21061” markalı Minik avtonəqliyyatına dair verilmiş etibarnaməyə xx.xx.2024-ci il tarixdə xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Vaz 2106 Minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1986-cı il olan avtomobilin, etibarnaməni almaq üçün ödədiyi 100 manat, Tərtər rayonundan Bərdə rayonuna gəlmək üçün xərclədiyi 300 manatın və dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun, cəmi 500 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Tərtər rayon sakinidir. Hazırki iş üzrə cavabdeh Bərdə rayon Kətəlparaq kənd sakini Cavabdeh tanımır və kim olduğundan heç bir məlumatı yoxdur. Cavabdeh sadəcə 12 yanvar 2024-cü il tarixdə ona məxsus olan VAZ 2106 MİNİK markalı , **-BX-*** dövlət qeydiyyat nişanlı , buraxılış ili 1986-cı il olan avtomobilini Bərdə rayon Maşın bazarında satmaq üçün apardığı zaman orada tanımışdır. Belə ki, ona məxsus olan VAZ 2106 MİNİK markalı maşını satmaq qərarına gəlmişdir. Tərtər rayonundan Bərdə rayonu maşın bazarına gəldiyi zaman ilkin olaraq qarşısına Bərdə rayon Kətəlparaq kənd sakini Cavabdeh çıxmışdır. Ona yaxınlaşdığı zaman maşın alverçisi olduğunu bildirmişdir. Avtomobilinə baxdığı zaman almaq istədiyini, pul müqabilində isə onun da, avtomobil almaq istədiyini bildiyi anda onunla maşınları dəyişdirməyi məsləhət görmüşdür. Cavabdeh dəyişdirmək üçün ona özünə məxsus olan X6 markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2001-ci il, BAN nömrəsi 3VWSE69M12M040930 olan avtomobili göstərmiş və bildirmişdir ki, heç bir problemi yoxdur. O, maşından elə də, yaxşı anlamadığı üçün maşına gözucu baxmış və elə bilmişdir heç bir problemi yoxdur. Cavabdeh demiş olduğu sözlərə inanmış və onunla razılaşmışdır. Həmin zaman Bərdə regional ASAN xidmət mərkəzinin Notariat ofisinə yaxınlaşaraq və orada bir-birlərinə etibarnamə vermişlər. O, etibarnamə verən zaman X6 markalı avtomobilin adına 200 manat cərimə olduğunu bilmişdir. Cavabdehə cəriməni ödəməsini və ödədikdən sonra etibarnamə verəcəyini bildirmişdir. Cavabdeh isə əmisi oğlunun səhlənkar hərəkəti nəticəsində cərimə yazıldığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, etibarnaməni versin və tez bir zamanda cəriməni ödəyəcəkdir. O, onun sözlərinə inanmış və etibarnaməni vermişdir. Etibarnaməni aldıqdan sonra hər biri maşınına minmiş və evə yola düşmüşdür. Lakin maşını sürmək üçün işlətməyə başladığı zaman görmüşdür ki, maşında problemlər vardır. Yol getdiyi anda məlum olmuşdur ki, maşın xarab vəziyyətdə, blokdan su gəlir və matordan tüstü çıxır. Bərdə rayonundan Tərtər rayonuna olan 15 km yolu o, 40 dəqiqə ərzində getməli olduğu halda yolu, 3 saat ərzində su tökə-tökə gəlmişdir. Evə gəlib çatdıqdan sonra cavabdehə məxsus olan telefon nömrəsi ilə əlaqə saxlamış və maşında problemlər olduğunu bildirmişdir. Cavabdeh Bərdə şəhərində tanış bir usta dostu olduğunu, maşını onun yanına aparmağını məsləhət görmüşdür. Lakin cavabdehin sözlərinə əhəmiyyət verməmiş və başqa ustaya aparmışdır. Həmin zaman usta ona maşında çoxlu problemlər olduğunu, hətta blokun qaynaq olunduğunu bildirmişdir. Dəfələrlə cavabdehə maşını geri vermək istədiyini və ona vermiş olduğu avtomobilimi ona geri verməsini istəmişdir. Lakin cavabdeh “ölən ölünün geri qayıtmadığını” və xoşa gəlməz sözlər deyərək telefonu üzünə bağlamışdır. Cavabdehin etmiş olduğu səhlənkar hərəkətə görə o, ziyana düşmüşdür. Bunun üçün də, Cavabdeh VAZ 2106 MİNİK markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün vermiş odluğu etibarnaməni 16 yanvar 2024-cü il tarixdə ləğv etmişdir. 17 yanvar 2024-cü il tarixdə isə DİN-102 xidmətinə və Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin oradan məhkəməyə müraciət etməyini məsləhət görmüşlər. Dəfələrlə cavabdehdən maşınını geri verməsini tələb etməsinə baxmayaraq, verməkdən imtina etmiş və telefon zənglərini açmamamışdır. O, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin cavabdeh ona maşından əlavə maddi ziyan vurmuşdur. Belə ki , avtomobilin sürülməsini etibarnaməni vermək üçün banka 100 manat ödəniş etmiş, Tərtər rayonundan Bərdə rayonuna gəlmək üçün 300 manat pul xərcləmişdir. Hazırda özünə məxsus olan maşınından əlavə həmin pulların da, verilməsini tələb edir.

9. Bərdə Rayon Məhkəməsinin 2(021)-1031/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ziya Abdullayev) iddianın qismən təmin edilməsi, Cavabdeh Vaz 2106 Minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1986-cı il olan avtomobil alınaraq İddiaçı verilməsi, Cavabdeh 100 (bir yüz) manat alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi pulun iddia etdiyi məbləğdə cavabdehə verilməsinin sübut edilməsidir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh Vaz 2106 Minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1986-cı il olan avtomobil və 100 (bir yüz) manat pul tutularaq İddiaçı verilməlidir.

11. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 386 və 1096-1097-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

12. Bərdə Rayon Məhkəməsinin 2(021)-1031/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan hakim heç bir sübutunu nəzərə almadan iddianı sadəcə iddiaçının maraqları üçün təmin etmişdir. Məhkəmə işə ədalətlə, faktlara və qanuna əsasən baxmamaqla maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə həqiqəti araşdırmadığına görə hüquq və azadlıqların məhkəmədə müdafiəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi onun sübutlarını araşdırmadan sübutlara əsaslanmayaraq, həmin maddi hüquq normasını pozmuşdur. Əgər məhkəmə qətnamə qəbul edərkən sübutlara əsaslanmış olsa idi, maddi hüquq normasına uyğun qətnamə qəbul edərdi. Lakin məlumatları məhkəmə Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etməmişdir. İşin düzgün həlli üçün işdə iştirak edən şəxslərin izahatlarına düzgün qiymət verilməmişdir. Bununla da, prosessual hüquq norması pozulmuşdur. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə qətnamədə heç bir izahata qiymət verməmiş, izahatları şərh etməmişdir. Məhkəmə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Məhkəmə isə təqdim edilən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və həmin sübutlar əsasında hüquq normalarına müvafiq qiymət verməyərək prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Bərdə rayon Məhkəməsinin 2(021)-1031/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qanuna zidd olaraq qəbul edilmişdir. Çünki qəbul edilmiş qətnamə ilə onun qanunla qorunan hüquqları pozulmuşdur. Belə ki, iddiaçı X2 ona məxsus olan X6 markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2001-ci il, BAN nömrəsi 3VWSE69M12M040930 olan avtomobili öz avtomobili qarşılığında ondan almışdır. O, avtomobilini Yaşar Bayramova işlək vəziyyətdə satmışdır. Yaşar Bayramov maşını ondan alarkən maşının saz vəziyyətdə olduğunu yoxlamışdır. Hazırda isə iddiaçı hansı səbəblə ondan avtomobilini geri istəməsini bilmir. O, maşını satarkən və iddiaçıya məxsus olan maşını alarkən iddiaçı ilə heç bir mübahisələri olmamışdır. İddiaçı maşını yoxlayarkən maşının işlək vəziyyətdə olduğunu bildirmiş və heç bir problem olmadığını bildirərək ondan maşını almış və ona da, öz maşınını vermişdir. İddiaçı özünə məxsus hissədə hakimə yalan məlumatlar verərək iddianın özünün xeyrinə təmin olunmasına şərait yaratmışdır. Mülki işə baxan hakimdə iddianı yalan məlumatlara əsasən qanunsuz olaraq təmin etmişdir. O, iddiaçının tələbi ilə qətiyyən razılaşmır. İddiaçı onu şantaj edib ondan əlavə pul almaq üçün bu cür saxta yollara əl atmışdır.

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, avtomobilləri iddiaçı ilə dəyişdirmişlər. Bir neçə gün sonra görüşəndə iddiaçı bildirmişdir ki, avtomobildə nasazlıq vardır. Ancaq iddiaçı avtomobili yoxlayıb almışdı. O, avtomobili iddiaçıya yaxşı vəziyyətdə vermişdi. Məkhəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, dəyişmə müqaviləsi bağlamamışlar. O, iddiaçıya ümumi etibarnamə vermişdir. Onun da, maşını iddiaçıdadır. O da, onu qaytarmalıdır.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, avtomobil sürülməmişdir. Avtomobilin suyu axıdır. Ustaya cavabdehlər aparmamışdır. Çünki cavabdehə zəng çatmamışdır. Xahişi cavabdehin avtomobili qaytarması və ona dəymiş ziyanın ödənilməsi olmuşdur.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 662.1. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür.

18. Maddə 662.2. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

19. Maddə 581.1. Alğı-satqı müqaviləsində satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

20. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.

21. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

22. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

25. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

26. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

27. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

28. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

29. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Hazırkı apellyasiya şikayətində qətnamə ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı mübahisələndirilən tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-1031/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər Bərdə rayon Kətəlparaq kənd sakinləridir. Bərdə rayonu maşın bazarında tanış olmuşlar. Cavabdeh iddiaçının avtomobilinə baxdığı zaman almaq istədiyini, pul müqabilində isə onun da, avtomobil almaq istədiyini bildiyi anda onunla maşınları dəyişdirməyi məsləhət görmüşdür. Cavabdeh dəyişdirmək üçün ona özünə məxsus olan X6 markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2001-ci il, BAN nömrəsi 3VWSE69M12M040930 olan avtomobili göstərmişdir. Tərəflər razılaşmış bir-birinə etibarnaməni vermişlər. Etibarnaməni aldıqdan sonra hər biri maşınına minmiş və evə yola düşmüşdür. Lakin iddiçı maşını sürmək üçün işlətməyə başladığı zaman görmüşdür ki, maşında problemlər vardır. İddiaçı evə gəlib çatdıqdan sonra dərhal cavabdehə məxsus olan telefon nömrəsi ilə əlaqə saxlamış və maşında problemlər olduğunu bildirmişdir. Cavabdeh isə verdiyi izahatlarda və apellyasiya şikayətində iddiaçıya verdiyi avtomobilin saz vəziyyətdə olduğunu iddia etmişdir.

43. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin avtomobili iddiaçıya saz vəziyyətdə verməsi və iddiaçının avtomobili yoxlaması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər özlərinə məxsus avtomobilləri dəyişdirsələr də, qanunvericiliklə dövlət reyestri tələb olunan daşınar əşya kimi avtomobillərə sərəncam verilməsilə bağlı müqavilənin fomasına riayət etməmişlər. Bu isə öz növbəsində tərəflər arasında bağlanmış əqdin etibarsızlığını ehtiva edir. Etibarsız əqd hüquqi nəticələrə səbəb olmur və tərəflər əqd üzrə aldıqlarını qaytarmağa borcludurlar. Bu baxımdan apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəmə iddia tələbini qismən təmin etməklə bağlı düzgün nəticəyə gəlmişdir.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğundur. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Bərdə Rayon Məhkəməsinin 2(021)-1031/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-1031/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar