Məhkəmə qərarları › İş №2(104)-663/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-663/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-663/2023 14.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2459/2022 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Azəriqaz” İB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 1036,8 manat məbləğdə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2459/2022 saylı qətnaməsi ilə (hakim F.Əliyev) iddia tələbi təmin edilmiş, X1 İstismarı İdarəsinin əməkdaşları tərəfindən İddiaçı akt əsasında yazılmış 1036,8 manat məbləğində borcun silinməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və İddiaçı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz rayonu, Bayramlı kəndində yaşayır. Kənddə yerləşən evlərində qaz sayğacı vardır. Evin tikintisi yeni başa çatmış və ailə üzvləri ilə birlikdə evə kökdükdən bir neçə gün sonra, yəni xx.xx.2022-ci il tarixdə «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən onun evinə quraşdırılmış qaz sayğacı sökülərək yenisi ilə əvəz edilmişdir. Sayğac götürülərkən müdaxilə faktı barədə heç bir məlumat verilməmiş, sonradan ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə akt tərtib olunaraq, guya sayğaca müdaxilə faktının aşkarlanması qeyd edilmiş və ona 1036,8 manat miqdarında dəymiş ziyan (cərimə) hesablanmışdır. Halbuki, onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməmiş, işlətdikləri qazın dəyərini ödəmişlər. Borcun yazılmasından sonradan məlumatlı olmuş və müvafiq aktı əldə etmişdir. Mülki iş materiallarında olan: «Azəriqaz» İB-nin X1 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evinə quraşdırılmış sayğaca baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması, qazın sayğacdan keçməsi, lakin hesablama mexanizminin açıq vəziyyətdə olması, qazın qeydə alınmaması, giriş yivli birləşmədən isə ştuserin açılmaması qeyd edilmişdir. İddiaçı məxsus abonentdin saldosundan görünür ki, ona 2022-ci ilin iyun ayında akt əsasında 1036,8 manat məbləğdə borc hesablanmışdır. Məhkəmə kollegiyasına təqdim edilmiş Azərişıq ASC-nin **********00564 abunə kodlu Vusal Sadıqovun adına rəsmiləşdirilmiş saldoda görünür ki, 2022-ci illər üzrə işıqdan istifadə olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı İddiaçı ünvanına quraşdırılmış qaz sayğacına müdaxilə edilməsi faktı təqdim olunmuş subutlarla təsdiqini tapsa da səthi məhkəmə araşdırması nəticəsində buna qiymət verilməmişdir. Göründüyü kimi, iddiaçıya 2022-ci ilin fevral ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının abonent hesabına işlənmişdir. İddiaçı iddia tələbinin əsaslandırılması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Belə ki, İnformasiya Texnologiyaları və rabitə idarəsinin nümayəndələrinin rəyini nəzərə almadan iddia tələbini təmin etmişdir. Məhkəmə iddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2022-ci il tarixdə qazdan istifadə qaydalarının pozulması hagqinda ******* saylı akt əsasında 1035,80 manat itirilmiş qazın bərpası üçün dəymiş hesablanmışdır. Abonentin ünvanına quraşdırılmiş, sonradan abonent tərəfindən müdaxilə olunmuş qaz sayğacı əhali qrupuna aid olduğundan ilkin quraşdırılması “Azəriqaz” İB-nin hesabına aparılmışdır. Lakin, sayğacın işlək vəziyyətdə saxlanılması abonent tərəfindən təmin edilməmiş, ona görə də ünvanda sayğaca müdaxilə halı qeydə alınmışdır. Sayğaca müdaxilə tarixi qeyri-müayyən olduğundan müdaxilə halı așkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2022-ci ilin iyun ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. İşdə iştirak edən şəxsin apelyasiya məhkəməsində verdiyi izahatı İddiаçı İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyək, izahatında bildirmişdir ki, sayğac quraşdırılan evdə yaşayış olmadığından qazın sərfiyyatı olmamışdır. Sayğac cavbdeh təşkilatın əməkdaşları tərəfindən çıxarlanda artıq 2 gün olardı həmin evdə yaşamağa başlamışdır. Onun tərəfindən sayğaca heç bir müdaxilə etməmiş, qeyd etdiyi kimi evdə yaşayış olmadığından və qazdan istifadə olunmadığından sayğacın göstəricisi olmamışdır. Ona apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, MSK-29/1710-02518-1 nömrəli sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən istismar müddəti bitmiş sayğac yoxlamadan keçirilmiş və sayğacın hesablama mexanizminin qoruyucu qapağın gövdədən tamamilə aralanıb qaz keçərək hesablama mexanizması açıq vəziyyətdə olmağı müəyyən edilmişdir ki, bununla da cavabdeh təşkilat qaz itkisinə məruz qaldığını iddia etmişdir. Lakin, iddiaçı izahatında bildirmişdir ki, sayğacın quraşdırıldığı evdə yaşayış olmadığından qazın sərfiyyatı da olmamışdır. İddiaçı dəlilini təsdiq edən müvafiq saldonu məhkəmə kollegiyasına təqdim etmiş və Azərişıq ASC-yə aid abonentin saldosuna baxış keçirilmiş və **********00564 abunə kodlu Vusal Sadıqovun adına rəsmiləşdirilmiş saldoda iddiaçının iddia etdiyi kimi 2022-ci illər üzrə işıqdan istifadə olunmasıda müəyyən edilməmişdir. Bu hal ağlabatan mühakimə əsasında iddiaçının səmimi olduğu və həqiqəti bəyan etdiyi qənaətinə gəlməyə əsas verir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2022-ci il tarixdə qaz sayğacı əvəzlənməsi üçün çıxarıldığı zaman sayğacda hər-hansı bir müdaxilənin olması müəyyən edilməmiş və bu barədə akta hər hansı bir qeyd aparılmamışdır ki, qaz sayğacı çıxarıldıqdan sonra yoxlamaya göndərildiyi müddət ərzində ehtiyyatsızlıqdan və ya hər hansı məqsədə nail olmaq üçün qərəzli olaraq sayğaca müdaxilə edilməsi də istisna olunmayan haldır. Digər tərəfdən cavabdeh təşkilat sayğacın gövdədən aralanması nəticəsində qaz itkisinə səbəb olmasını da əsaslandırmamışdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayğacına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməsi sübut olunmuşdur ki, bununla da iddiaçının cavabdeh qaz təchizatı müəssisəsinə ziyan vurması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384 və 404-cü maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2459/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar