Məhkəmə qərarları › İş №2(104)-664/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-664/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-664/2023 15.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Tovuz Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(062)-2048/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10000 manat pulun və ödənilmiş 120 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək göstərmişdir ki, cavabdeh ondan aldığı 1 ədəd 32,8 qramlıq ortası yaşıl sadə qaşlı, kənarları 90 sot brliyant qaşlı 750 əyarlı qızıl qolbağı, 1 ədəd 24,6 qramlıq ortası yaşıl sadə qaşlı, kənarları 90 sot brilyant qaşlı 750 əyarlı qızıl qolbağı, 1 ədəd 4,5 qramlıq 50 sot brilyant qaşlı 585 əyarlı paxlava formalı qızıl üzük olmaqla qızıl-zinət əşyalarının özlərinin, naturada verilməsi mümkün olmadıqda həmin əşyaların dəyəri olan 10000 manat pulun və dövlət rüsumu hesabına onun tərəfindən ödənilmiş 120 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(062)-2048/2022 saylı qətnaməsi ilə (hakim Z.Hünmətov) iddianın təmin edilməsi, 1 ədəd 32,8 qramlıq ortası yaşıl sadə qaşlı, kənarları 90 sot brliyant qaşlı 750 əyarlı qızıl qolbağı, 1 ədəd 24,6 qramlıq ortası yaşıl sadə qaşlı, kənarları 90 sot brliyant qaşlı 750 əyarlı qızıl qolbağı, 1 ədəd 4,5 qramlıq 50 sot brilyant qaşlı 585 əyarlı paxlava formalı qızıl üzük, naturada verilməsi mümkün olmadıqda həmin əşyaların dəyəri olan 10.000 (on min) manat pul və dövlət rüsumu kimi ödənilmiş 120 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş üzrə Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı X4 tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X1 qızıl alıb-satan şəxs kimi tanıyır. 2021-ci ilin sentyabr ayında pula ehtiyacı olmuş və mülkiyyətində olan 10000 manat dəyərində qızıl-zinət əşyalarını satması üçün Cavabdeh vermişdir. Aralarındakı razılaşmaya əsasən Cavabdeh qızıl-zinət əşyalarını 1- 2 ay ərzində satıb pulunu verməyi öhdəsinə götürmüşdür. Həmin tarixdən bu günədək bir ilə yaxın müddət keçməsinə baxmayaraq, Cavabdeh onun pulunu qızıl-zinət əşyalarının özünü qaytarmağı təklif etdikdə isə həmin əşyaları nisyə satdığını bildirmiş və hər dəfə müxtəlif bəhanələr gətirərək ona olan borcunu ödəməkdən yayınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçının iddia etdiyi qızıl-zinət əşyalarını o, götürsə də başqa şəxsə nisyə olaraq vermişdir. Həmin qızıl-zinət əşyalarını verdiyi şəxsdən alaraq iddiaçı X2 qaytaracağına söz verir. İddiaçı ilə aralarında bağlanmış aktda qeyd olunan vaxtı üzürlü səbəbdən ötürsə də, qızıl-zinət əşyalarını nisyə verdiyi şəxsdən alaraq iddiaçıya qaytaracaqdır. Ona görə də hesab edir ki, sözügedən Tovuz Rayon Məhkəməsinin qətnaməsi İəğv edilməlidir. Hesab edir ki, iddiaçı qızılın qiymətini şişirdərək yazmışdır, həmçinin o, qızılın ödənişinin bir qismini ödəmişdir, borcu qalmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdehin əvvəllər qızıl-zinət əşyalarının alğı-satqısı həyata keçirilən obyekti olmuş və iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarını da əvvəllər elə cavabdehin özündən almışdır. Lakin 2021-ci ildə maddi ehtiyac üzündən həmin qızıl-zinət əşyalarını satmaq məcburiyyətində qalmış, ona görə də aparıb cavabdehə göstərmiş, sonuncu həmin qızıl-zinət əşyalarını 10000 (on min) manata qiymətləndirərək ondan götürmüş və 1-2 aya pulunu ödəyəcəyini bildirmişdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq cavabdeh razılaşdıqları 10000 manat pulu ona vermədiyinə görə etdiyi müraciət əsasında cavabdeh satmaq üçün qəbul etdiyi 10000 manat pulu və ya da qızıl-zinət əşyalarının özünü qaytaracağı barədə öhdəlik götürməsi ilə bağlı ərizə vermişdir. Bununla belə o, nə pulunu, nə də ki qızıllarının özlərini qaytarmır. Hüquqi məsələlər: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən iddiaçını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin yenidən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Birinci instansiya məhkəməsi mübahisənin həllində maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərlə bağlı 385.1, 386.1, 442-ci kimi maddələri ilə yanaşı 777.1, 777.2, 777.3 kimi maddələrinə istinad etmiş olsa da, həmin normaların hazırkı iddia ilə əlaqəsini əsaslandırmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olan Cavabdeh satmaq üçün 2021-ci ilin sentyabr ayında 1 ədəd 32,8 qramlıq ortası yaşıl sadə qaşlı, kənarları 90 sot brliyant qaşlı 750 əyarlı qızıl qolbağı, 1 ədəd 24,6 qramlıq ortası yaşıl sadə qaşlı, kənarları 90 sot brilyant qaşlı 750 əyarlı qızıl qolbağı, 1 ədəd 4,5 qramlıq 50 sot brilyant qaşlı 585 əyarlı paxlava formalı qızıl üzüyü vermiş, sonuncu həmin qızıl-zinət əşyalarını 10000 (on min) manata qiymətləndirərək satmaq üçün iddiaçıdan qəbul etmiş və 1-2 ay müddətində satıb pulunu ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin cavabdeh razılaşdıqları müddətdə iddiaçıya çatası pulu ödəmədiyinə görə sonuncunun müraciəti əsasında cavabdeh həmin qızıl-zinət əşyalarını iddiaçıdan satmaq üçün qəbul etdiyini və əvəzində iddiaçıya iki ay müddətində 10000 manat pulu və ya da qızıl-zinət əşyalarının özlərini verməli olduğunu təsdiq edən xx.xx.2022-ci il tarixli qəbzi iddiaçıya vermiş olsa da, vədinə əməl etməmişdir. Apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi cavabdeh iddia ərizəsində göstərilmiş məbləğdə və miqdarda qızıl-zinət əşyalarının iddiaçı tərəfindən ona verildiyini inkar etmir. Lakin həminəşyaları nisyə olaraq satdığı şəxsdən pulunu ala bilmədiyini göstərir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə ümumilikdə razılaşsa da, lakin hesab edir ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi isə yuxarıda qeyd edildiyi kimi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikasы Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-ci maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İstinad olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi müqavilələr şifahi də bağlana bilər və müqavilənin bağlanması ilə tərəflərin öhdəliyi öhdəliyi yaranır və hər bir tərəf götürdüyü öhdəliyi icra etməməsinə görə məsuliyyət daşıyır. İşin faktiki hallarına, apellyasiya şikayətinin dəlillərinə və şərh ounan hüquq normalarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçı ilə əldə etdiyi razılaşmanın şərtlərini pozduğuna görə iddiaçı tərəfindən ona verilmiş qızıl-zinət əşyalarının ödənilməsini və ya ödənilməmiş malların qaytarılmasını təmin etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasы MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasы MPM-in 372-376, 378-382, 384.0.2, 385.1, 392, 393, 402 və 405- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(062)-2048/2022 saylı saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh 1 ədəd 32,8 qramlıq ortası yaşıl sadə qaşlı, kənarları 90 sot brliyant qaşlı 750 əyarlı qızıl qolbağı, 1 ədəd 24,6 qramlıq ortası yaşıl sadə qaşlı, kənarları 90 sot brliyant qaşlı 750 əyarlı qızıl qolbağı, 1 ədəd 4,5 qramlıq 50 sot brilyant qaşlı 585 əyarlı paxlava formalı qızıl üzük naturada, həmin əşyaların naturada verilməsi mümkün olmadıqda onların dəyəri olan 10000 (on min) manat pul və ödənilmiş 120 manat dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar