Məhkəmə qərarları › İş №2(104)-667/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-667/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-667/2023 04.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, Tovuz Rayon Мəhkəməsinin 2(062)-985/2022 saylı mülki iş üzrə 23 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş aktların və cəmi 980 manat məbləğində cərimələrin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 2 (062)-985/2022 saylı mülki iş üzrə 23 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Z.Hünmətov) iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tovuz rayonu, Alakol kəndində yerləşən fərdi yaşayış evinin bayır hissəsində elektrik enerjisi üçün sayğac quraşdırılmışdır. Onların xəbəri olmadan barələrində elektrik enerjisindən istifadə qaydalarını pozduqlarına görə bir neçə akt tərtib olunmuşdur. Akt tərtib olunarkən ailə üzvlərinin heç biri imza etməmiş və akt onlara təqdim edilməmişdir. Vurulmuş ziyan 980 manat müəyyən edilmişdir. Aktda göstərilmişdir ki, şüşəni onlar sındırmışlar. Əslində isə şüşə sayğacı qoyan cavabdeh təşkilatın işçisi tərəfindən ehtiyatsızlıqdan sındırılmışdır. Bundan başqa akt tərtib olunduğu vaxtda evdə heç kim yaşamamışdır. X1 barəsində tərtib olunmuşdur. Nəzrin isə yetkinlik yaşına çatmamışdır. Sayğacın onlar tərəfindən sındırılması sübut olunmur. Ona görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətdə göstərilənləri müdafə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini və Tovuz Rayon Мəhkəməsinin 2(062)-985/2022 saylı mülki iş üzrə 23 avqust 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, iddiaçını və "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 329732 nömrəli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, istismarda olan sayğac yerində olmamış və yenisi quraşdırılaraq möhürlənmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 004080 nömrəli aktdan görünür ki, evə daxil olan naqillərdən keçən cərəyan ölçülərkən sayğacın qeyd etmədiyi enerji hesablanaraq dəymiş ziyan 302.40 manat müəyyən edilmişldir. Məhkəmə kollegiyası birinci instansiya məkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab etmir. Belə qənaətə gələrkən, мəhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə юz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun юz iddia və etirazlarını əsaslandırmaq üçün soykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü boluşdurə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Аzərbаycаn Rеsпublikаsı Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, akt yetkinlik yaşına çatmayan şəxs barəsində tərtib edilmiş, akta onların ailə üzvləri tərəfindən heç kimsə imza etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib edilmiş akt xx.xx.2004-cü il tarixdə anadan olmuş X3 barəsində tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 24.1-ci maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 24.2.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. 25.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. 28.1. -ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. -ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.3-cü maddəsinə əsasən,. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. 29.1. -ci maddəsinə əsasən, bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. 29.2. -ci maddəsinə əsasən, 7 yaşından 14 yaşınadək olan şəxslərin aşağıdakı əqdləri müstəqil bağlamaq ixtiyarı vardır: 29.2.1. xırda məişət əqdləri; 29.2.2. əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmur; 29.2.3. qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdlər. 29.3. 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər. Artıq yuxarıda qeyd edildiyi kimi, Aktın tərtib edildiyi xx.xx.2016-cı il tarixdə X3 12 yaşında olmuşdur. Akt isə onun hər hansı ailə üzvlərinin tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarda qeyd edilən normalarının tələblərinə əsasən X3 onun barəsində tərtib olunmuş akta əsasən məsuliyyət daşıya bilməzdi. Göründüyü kimi işə baxmış birinci instansiya məhkəməsi irəli sürülən iddiaya iddia müddətini tətbiq etməkdə səhvə yol vermişdir. Həmçinin, iddiaçı tərəfindən elektrik sayğacına müdaxilə edilməsi ilə bağlı cavabdeh tərəf məhkəmə kollegiyasına başqa heç bir mötəbər sübut növü təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı akt əsasında hesablanmış 418 manat məbləğində borc silinməlidir. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, iddiaçının silinməsini tələb etdiyi borcun qalan hissəsi iddiaçının yaşadığı evdə istifadə edilmiş elektrik enerjisinin dəyəridir.Həmin borcun silinməsi üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 384.0.2.-ci maddəsinə əsasən, аpellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Мəhkəməsinin 2(062)-985/2022 saylı mülki iş üzrə 23 avqust 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsini mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən, мülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Haırki işdə də iddianın qiyməti 5000 manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Мəhkəməsinin 2(062)-985/2022 saylı mülki iş üzrə 23 avqust 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı barəsində hesablanmış 418 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar