Məhkəmə qərarları › İş №2(104)-668/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-668/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-668/2023 23.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhraman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(062)-1397/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdeh AR Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyinə və X2 İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərtib olunmuş aktın ləğv olunmasını və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən onun adına hesablanmış 432 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Tovuz şəhəri Semzavod qəsəbəsi bina 6, mənzil 37 ünvanında yaşayır. Qaz İdarəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək qaz sayğacının hesablama mexanizməsinin alt hissəsinə maqnit yapışdırıldığı üçün sayğacın qaz sərfiyyatını düzgün qeyd etməməsi ilə bağlı pozuntu aşkar etmişdir. Nəticədə qaz itkisinin yarandığını əsas götürərək cərimə yazılmışdır. Həmin qeyri-qanuni qeyd edilən sayğaca onun tərəfindən heç bir müdaxilə halı olmamışdır. Bir neçə aydan sonra qaz ödənişi etdikdə, ona 432 manat cərimə yazılmasını bilmişdir. O, həmin cərimə ilə razı deyil və hər ay qaz pulunu vaxtı-vaxtında ödəyir. Tovuz Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(062)-1397/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən Zaur Hümbətov) iddia təmin edilməmiş və İddiaçı cavabdeh AR Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə və X2 İstismar İdarəsinə qarşı “tərtib olunmuş aktın ləğv olunması və onun əsasında yazılmış cərimənin silinməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(062)-1397/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda qurlaşdırılmış qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Lakin Qaz İdarəsinin əməkdaşları onun qaz sərfiyyatını azaltmaq niyyəti ilə çöldə quraşdırılmış qaz sayğacının alt hissəsinə maqnit yapışdırıldığını əsas gətirərək ona cərimə yazmışlar.Qaz sayğacı evin giriş qapısının kənarında quraşdırılmış və həmin qapının girəcəyində qapı boyu pərdə asılmışdır. Həmin maqnit isə pərdənin qatlanmaması üçün pərdənin aksesuarı kimi nəzərdə tutulmuşdur. Həmçinin qaz sayğacına kənardan istənilən maqnitin yapışdırılması qaz sərfiyyatını dayandırmır, azaltmır və ümumiyyətlə sərfiyyata heç bir təsiri yoxdur. Bu səbəblərdən qətnamə qanunsuz və əsassızdır. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə işə baxılmanın yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(062)-1397/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilərək, ona yazılmış qanunsuz cərimənin silinməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(062)-1397/2022 nömrəli qətnaməsi iddianın təmin edilməyən yazılmış cərimənin silinməyən hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı apelyasiya şikayətindən görünür ki, o, Tovuz Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(062)-1397/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərində iddianın təmin edilməyən yazılmış cərimənin silinməyən hissəsini mübahisələndirmişdir.İddianın təmin edilməyən digər hissəsi mübahisələndirilməmişdir.Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli “Abonentin saldosu”ndan görünür ki, İddiaçı təbii qazdan istifadəyə görə 432 manat borcu yaranmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ” ******* saylı xx.xx.2022-ci il tarixli aktın sürətindən görünür ki, iddiaçıya məxsus qaz sayğacına baxış keçirilmiş və İddiaçı məxsus qaz sayğacının üzərinə maqnit əlavə olunması aşkar olunmuşdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə görə, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə kollegiyası qeyd edir ki,iddiaçıya məxsus qaz sayğacının üzərinə maqnit əlavə olunması müəyyən edilsə də, qaz sərfiyyatının düzgün qeyd etməməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçının işə əlavə etdiyi Zenner sayğaclı abonentin saldosundan görünür ki mübahisə olunan dövr üçün müvafiq ödənilmələr edilmiş və qaz sərfiyyatının düzgün qeyd etməməsi müəyyən olunmur. Belə olan halda, X2 İstismar İdarəsi iddiaçıya 432 manat cərimə borcu yazmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Birinci instansiya məhkəməsinin bu iş üzrə iddianın təmin edilməyən yazılmış cərimənin silinməyən hissəsində gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir ki, bu hallar da qətnamənin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(062)-1397/2022 nömrəli qətnaməsi iddianın təmin edilməyən yazılmış cərimənin silinməyən hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(062)-1397/2022 nömrəli qətnaməsi iddianın təmin edilməyən yazılmış cərimənin silinməyən hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilsin və İddiaçı hesablanmış 432 ( dörd yüz otuz iki) manat cərimə borcu silinsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar