Məhkəmə qərarları › İş №2(104)-67/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-67/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-67/2024 23.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülki iş üzrə Açar sözlər: dəymiş maddi ziyanın ödənilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və digər Cavabdeh1 nümayəndəsi Vəkil iştirakları ilə, Qazax Rayon Məhkəməsinin 2(023)-79/2022 saylı mülki iş üzrə 27 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə 23 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi JN-266 kod 50112028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Qazax rayonunun Kommuna kənd sakini X8 və X2 mülkiyyətinə X11 Komissiyasının 30 may 1996-cı il tarixli 08 saylı qərarı ilə 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi JN-267 kod 50112028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Qazax rayonunun Kommuna kənd sakini X4 mülkiyyətinə X11 Komissiyasının 30 may 1996-cı il tarixli 08 saylı qərarı ilə 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi JN-268 kod 50112028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Qazax rayonunun Kommuna kənd sakini Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə X11 Komissiyasının 30 may 1996-cı il tarixli 08 saylı qərarı ilə 1,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Həsənov Piri, Həsənov Ballı, Cavabdeh1, Cavabdeh2, Həsənova Bahar və İddiaçı iştirakı ilə tərtib olunmuş bələdiyyənin möhürü ilə təsdiq olunmuş 26 fevral 2004-cü il tarixli aktın surətindən görünür ki, qarşılıqlı razılaşmaya əsasən özlərinin və ailə üzvlərinin adına üzüm sahəsindən verilmiş 0,67 ha torpaq sahəsini ömürlük istifadə etmək üçün bağışlamışlar. Gələcəkdə heç bir məhsul və torpaq iddiasında olmayacaqlarına söz vermişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 84540 (səksən dörd min beş yüz qırx) manat maddi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2002-ci ildə cavabdehlərin Qazax Çaylı kəndində yerləşən 0,67 ha torpaq sahəsini qarşılıqlı razılıq əsasında almış, bu barədə bələdiyyənin vasitəsi ilə akt tərtib olunmuş və qarşı tərəfə 3.350.000 manat pul verilmişdir. Həmin torpaq sahəsində 500 qədər ağac əkmiş, torpağı yararlı hala gətirmişdir. Torpaq sahəsi hal-hazırda cavabdehlərin istifadəsindədir. Verdiyi pulu və ona dəymiş ziyanı ödədiyi halda torpaq sahəsini qaytarmağa heç bir etirazının olmadığını bildirmişdir. Qazax Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli 2(023)-1245/2018 saylı qətnaməsinə əsasən İddiaçı Bayram oğlunun torpağın zəbtdən azad olması və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Alqı-satqıda verilmiş 3500.000 manat pulun hazırkı dövrə olan məzənnəsi ilə 670 manat pulun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 alınaraq ona verilməsi verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən onun apellyasiya şikayəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli 2(023)-1245/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan torpaq sahəsini 2004-cü il tarixdən istifadə etmiş və torpaq sahəsində bağ salmışdır. Torpaq sahəsini yararlı vəziyyətə gətirmiş və 500 ədəd müxtəlif növ meyvə ağacları əkmişdir. Sözügedən torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qaytarıldığından, torpaq sahəsinə çəkilmiş xərcin cavabdehlərdən alınıb ona verilməsini istəyir. Qazax Rayon Məhkəməsinin 2(023)-79/2022 saylı mülki iş üzrə 27 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Musayev) iddia tələbi qismən təmin edilmiş, Qazax rayonunun Bala Çaylı kəndində yerləşən 0.76 ha torpaq sahəsinin 0.15 hektarında 2004-cü ildə əkilmiş 63 ədəd fındıq, 14 ədəd alma, 9 ədəd gilənar, 4 ədəd nar, 5 ədəd qoz, 1 ədəd gilas və 1 ədəd gilənar ağaclarına (ümumilikdə 101 ədəd) hazırkı vaxta qədər çəkilmiş xərc-7254 (yeddi min iki yüz əlli dörd) manat, bir ildə əldə ediləcək gəlir 1422 manat pul Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı 100 manat ekspertiza tədqiqatının dəyərinin alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissədə ləğv olunması və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə tam əsassızdır. Belə ki, İddiaçı verilmiş torpaq sahəsinin 0.40 ha olan hissəsi Cavabdeh1 və onun ailə üzvlərinə, 0.16 ha olan hissəsi mərhum atası X5 və anası X6, 0.08 ha olan hissəsi isə bacısı X7 məxsusdur. Həmin vaxt evinə yaxın olduğu üçün İddiaçı qohumlarından eyni qaydada müvafiq torpaq sahəsi almışdır. Lakin, sonradan 2018-ci ildə İddiaçı qohumları ondan satdıqları torpaq sahəsini geri almışlar, o da İddiaçı torpağını geri tələb etmişdir. Ancaq o, torpağı qaytarmadığından ona qarşı zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi barədə məhkəmədə iddia qaldırmış, iddiası təmin edilmiş, sözügedən qətnamə apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış və icra məmurlarının iştirakı ilə torpaq sahəsi zəbtdən azad edilərək ona təhvil verilmişdir. Sonradan İddiaçı ona və ailə üzvlərinə qarşı maddi ziyan tələbi ilə məhkəməyə müraciət etmiş və iddiası qismən təmin edilmişdir. Məhkəmə qətnamə qəbul edən zaman 0.15 ha ərazidə əkilmiş ağacların məhz kimə məxsus torpaq sahəsində əkildiyini müəyyən etməmişdir. Belə ki, İddiaçı verilmiş 0.72 ha torpaq sahəsi təkcə ona və ailə üzvlərinə deyil, həm də onun valideynlərinə və bacısına məxsusdur. Atası vəfat etmişdir, miras əmlakı anası qəbul etmişdir ki, o, ayrıca təsərrüfatdır. Ağaclar valideynlərinə məxsus 0.16 ha torpaq sahəsində əkilmişdir. Məhkəmə bu faktı aydınlaşdırmamışdır. Bundan əlavə qanunvericiliyə əsasən tələb olunan ziyan əmlakın dəyərindən çox olmamalıdır. İddiaçının 0.15 ha torpaq üçün çəkdiyi xərc həmin torpağın dəyərindən 4 dəfə çoxdur. Qeyd olunan ərazidə 0.01 ha torpaq sahəsinin dəyəri 100-150 manat həddindədir. Məhkəmə çəkilmiş xərcin müəyyən edilməsi üçün ekspertiza təyin etməmiş, ancaq mütəxəssis rəyi əsasında qətnamə qəbul etmişdir ki,həmin rəydə isə yanlış olaraq ağaclara çəkilmiş cəmi xərcin məbləğini 7254 manat, bir ildə əldə ediləcək gəlirin isə 1422 manat olduğunu qeyd etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi Vəkil iştirak etdi və apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (Maddə 21.2.) Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. (Maddə 21.3.) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən-iddianın təmin edilən hissəsində gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, işə apellyasiya instansiyasında baxılarkən mübahisəli torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazitliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin mətəxəssisi cəlb edilməklə tərəflərin iştirakı ilə yerində baxış keçirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazitliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli 3-21- 3-37/2-8811/2023 saylı mütəxəssis rəyindan müəyyən edilmişdir ki, İddiaçı istifadəsi kimi təqdim edilən mübahisəli torpaq sahəsinin 266 C nömrəli Dövlət Aktına əsasən torpaq sahəsində 61 ağac, 267 C nömrəli Dövlət Aktına əsasən torpaq sahəsində 40 ağac əkildiyi müəyyən edilmişdir. İş materiallarında olan JN 266 KOD 50112023 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, həmin Dövlət Aktı ilə 0,65 ha torpaq sahəsi X3 və X2 ümumi birgə mülkiyyətinə, JN 267 KOD 50112023 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, həmin Dövlət Aktı ilə 0,34 ha torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. İşdə cavabdeh olan Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə X11 Komissiyasının 30 may 1996-cı il tarixli 08 saylı qərarı ilə verilən 1,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi JN- 268 kod 50112028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə qeydə alınmışdır və Azərbaycan Respublikası İqtisadiyyat Nazitliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli 3-21-3-37/2- 8811/2023 saylı mütəxəssis rəyindan müəyyən edilir ki, həmin torpaq sahəsi üzərində İddiaçı tərəfindən əkilmiş ağac aşkarlanmamışdır. Kollegiya qeyd edir ki, həmin mütəxəssis rəyinin verilməsindən əvvəl məhkəmə kollegiyasi tərəflərin və rəy vermiş mütəxəssisin iştirakı ilə İddiaçı tərəfindən əkilmiş ağacların əkildiyi torpaq sahəsinə baxış keçirilmişdir. Ona görə də kollegiya hesab edir ki, həmin mütəxəssis rəyinin işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə olan halda kollegiya hesab edir ki, hazırki iş üzrə cavabdehlər qismində göstərilmiş Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaya cavab verməli olmayan şəxslər olduğundan onlara qarşı irəli sürülən iddia rədd edilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qazax Rayon Məhkəməsinin 2(023)-79/2022 saylı mülki iş üzrə 27 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən-iddia tələbinin təmin edilmiş, Qazax rayonunun Bala Çaylı kəndində yerləşən 0.76 ha torpaq sahəsinin 0.15 hektarında 2004-cü ildə əkilmiş 63 ədəd fındıq, 14 ədəd alma, 9 ədəd gilənar, 4 ədəd nar, 5 ədəd qoz, 1 ədəd gilas və 1 ədəd gilənar ağaclarına (ümumilikdə 101 ədəd) hazırkı vaxta qədər çəkilmiş xərc-7254 (yeddi min iki yüz əlli dörd) manat, bir ildə əldə ediləcək gəlir 1422 manat pul Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385.1.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Qazax Rayon Məhkəməsinin 2(023)-79/2022 saylı mülki iş üzrə 27 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən-iddia tələbinin təmin edilmiş, Qazax rayonunun Bala Çaylı kəndində yerləşən 0.76 ha torpaq sahəsinin 0.15 hektarında 2004-cü ildə əkilmiş 63 ədəd fındıq, 14 ədəd alma, 9 ədəd gilənar, 4 ədəd nar, 5 ədəd qoz, 1 ədəd gilas və 1 ədəd gilənar ağaclarına (ümumilikdə 101 ədəd) hazırkı vaxta qədər çəkilmiş xərc-7254 (yeddi min iki yüz əlli dörd) manat, bir ildə əldə ediləcək gəlir 1422 manat pul Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar