Məhkəmə qərarları › İş №2(104)-672/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-672/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-672/2025 12.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şəmsəddin qızının Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı Şəmsəddin qızı və Cavabdeh iştirakları ilə, İddiaçı Şəmsəddin qızının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(021)-3211/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 01 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Bərdə rayonu Gərənə kəndində yaşayan İddiaçı Şəmsəddin qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

2. Kapital Bank ASC-nin 19 may 2025-ci il tarixli, № 2025/204/11700 nömrəli məktubundan görünür ki, Cavabdeh 01 yanvar 2023-cü il tarixdən 01 avqust 2024-cü il tarixinədək ay-ayrı vaxtlarda İddiaçı Şəxsəddin qızına ümumilikdə 826 manat pul köçürmüşdür.

3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına təqdim olunmuş mobil tətbiqi vasitəsilə kartdan karta köçürmə əməliyyatların çıxarışlarından görünür ki, Cavabdeh ay-ayrı vaxtlarda İddiaçı Şəxsəddin qızına ümumilikdə 1577 manat pul köçürmüşdür.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Şəmsəddin qızı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6700 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 87 manat alınaraq onuaverilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kirvəsidir. Cavabdeh bu münasibətdən və onun etibarından sui istifadə edərək ondan pul almışdır ki, guya işlədiyi kredit evində kompaniya var, hər banka qoyulan 1000 manat 10 gündən bir faizdən əlavə 100 manat bonus veriləcəkdir. Bu məqsədlədə onu aldadaraq 6700 manat pulunu ələ keçirmişdir.

6. Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(021)-3211/2024 nömrəli qətnaməsi ilə (hakim Z.Abdullayev) iddianın təmin edilməsi; Cavabdeh 6700 (altı min yeddi yüz) manat və ödənilmiş 87 manat dövlət rüsumu İddiaçı Şəmsəddin qızının xeyrinə tutulması qət olunmuşdur.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 739.3, 739.4, 742.1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 216-220, 227, 233, və 357-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, iddiaçı onunla müqavilə münasibətlərində olduğuna dair heç bir dəlil təqdim etməyib. Kredit müqaviləsi, qəbz və ya vəsaitin köçürülməsini təsdiq edən digər sənədlərdə yoxdur. İddiaçı vəsaitin köçürülməsi faktına dair lazımi sübutlar təqdim etməyib. Təqdim olunan sənədlər (polis qərarı) borcun reallığını təsdiq etmir, çünki məhkəmə onun iştirakını təmin etmədiyi üçün polisdə verilmiş izahatını hansı təsir altında verilmiş odluğunu aydınlaşdıracaq imkana sahib deyildi. Belə olan halda məhkəmənin yalnız polis qərarına istinad edərək, onun barəsində iddiaçının xeyrinə qətnamə qəbul etməsi sübutsuz qərar qəbuluna yol verdiyinin göstəricisidir. Həmçinin, onun borcla bağlı ödənişlər etdiyinə dair əsaslı faktları vardır, lakin çəkişmə prinsipinin pozulması onun sübutlar təqdim etməkdən məhrum etdi ki, buda ədalətli məhkəmə araşdırması prinsipinin pozulmasıdır. Əslində iddiaçı mövcud olmayan borcları geri almağa çalışaraq yalan məlumat verir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, ilkin olaraq iddiaçıdan əvvəllər 3000 manat borc almışdır. Sonradan da iddiaçıya 6700 manat borcu yaranmışdır. Həmin borcuda ayrı-ayrı vaxtlarda özünə məxsus Kapitalbank və Unibank kartları vastəsilə Gülərin kart hesabına hissə-hissə ödəmişdir. Belə ki, 6700 manatın qarşılığında Gülərə 11000 manat qaytarmışdır. Buna baxmayaraq iddiaçı ondan əl çəkmir, hətdə iş yerinə də gəlib əsassız yerə ondan pul tələb etmişdir. Ona görədə işdən çıxaraq Bakı şəhərinə getmişdir. Halbu ki, onun iddiaçıya borcu qalmamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Şəmsəddin qızı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdehə ümumilikdə 14000 manat vermiş, sonuncu aldığı pulun bir hissəsini qaytarsada 6700 manat qaytarmamışdır. İddiaçı Şəmsəddin qızı sonda məhkəmə kollegiyasından apellyaisya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

16. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (24 fevral 2023-cü ilədək olan redaksiyada)

18. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (24 fevral 2023-cü ilədək olan redaksiyada)

19. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (24 fevral 2023-cü ilədək olan redaksiyada) 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (24 fevral 2023-cü ilədək olan redaksiyada)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

25. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

27. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

28. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. İşin müəyyən olunmuş faktiki hallarından müəyyən olunur ki, İddiaçı Şəmsəddin qızı Cavabdeh verdiyi borcdan 6700 manat qaytarmamasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.

35. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti vermişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları, tərəflərin izahatları, eləcədə sorğu əsasında alınmış bank hesab çıxarışları ilə əlaqəli şəkildə araşdırararaq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

36. Belə ki, yuxarıda da qeyd olunduğu kimi İddiaçı Cavabdeh 6700 manat tələb edir. Sonuncu İddiaçı 6700 manat almasını apellyasiya icraatı zamanı verdiyi izahatında təsdiq etsədə, lakin həmin məbləği artıqlamasıyla, yəni 6700 manat müqabilində 11000 manat qaytardığını bildirmişdir. İddiaçı isə 6700 manatın qaytarılmadığını bildirir.

37. Apellyasiya icraatı zamanı cavabdeh tərəfin təşəbbüsü ilə Bərdə şəhəri X2 küçəsi 35 nömrəli evdə qeydiyyatda olan Cavabdeh məxsus "xxxx" ASC-də açılmış **********889006 və **********690583 (Birbank) nömrəli, eləcədə "xxxx" KB ASC-də açılmış **********549042 nömrəli hesablardan Bərdə rayonu Gərənə kəndində qeydiyyatda olan İddiaçı Şəmsəddin qızının istifadəsində olan **********595644 nömrəli kart hesabına hansı tarixlərdə və hansı məbləğdə pullar köçürülməsi barədə məlumatlar (hesabdan çıxarışlar) "xxxx" ASC və "xxxx" KB ASC-dən götürülməsi barədə 28 aprel 2025-ci il tarixli 2(104)- 672/2025 nömrəli qərardad qəbul edilmiş və qərardadın icrası "xxxx" ASC və "xxxx" KB ASC-nə həvalə edilmişdir.

38. Qərardadın icrası ilə bağlı "xxxx" ASC-dən məhkəməyə daxil olmuş hesabdan çıxarışlardan müəyyən olunmuşdur ki, Cavabdeh məxsus **********889006 və **********690583 nömrəli kart hesablarından İddiaçı Şəmsəddin qızının istifadəsində olan **********595644 nömrəli kart hesaba müxtəlif vaxtlarda ümumilikdə 826 manat köçürülmüşdür. "xxxx" KB ASC-dən alinmış cavabda isə cavabdeh Fədai Sadqova məxsus **********549042 nömrəli kart hesabından İddiaçı istifadəsində olan **********595644 nömrəli kart hesaba pul köçürülmədiyi aşkar olunmuşdur.

39. Cavabdeh məhkəmə kollegiyasına təqdim etdiyi ödəniş sənədlərindən isə müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı kart hesabına müxtəlif vaxtlarda ümumilikdə 1577 manat ödəniş etmişdir.

40. Apellyasiya icraatı zamanı İddiaçı Cavabdeh tərəfindən onun kart hesabına ümumilikdə 2403 (826+1577=2403) manat ödənildiyini təsdiq etmişdir. Göründüyü kimi, Cavabdeh 6700 manatı tam ödədiyini bildirsə də lakin onun bu dəlili sübut olunmur.

41. Halbu ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan kollegiya hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı kart hesabına 2403 manat ödənildiyindən həmin məbləğ cavabdehin iddiaçıya olan borcundan silinməli, qalıq borc 4297 manat (6700-2403=4297) müəyyən edilməlidir.

43. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli 2(021)-3211/2024 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Şəmsəddin qızının Cavabdeh qarşı 6700 manat pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 4297 manat alınıb İddiaçı Şəmsəddin qızına verilməli, qalan hissədə iddia təmin edilməməlidir. Kollegiya həmçinin qeyd edir ki, ödənlmiş dövlət rüsumunun əvəzi qismində 63 manat cavabdehdən alınıb iddiaçıya verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

44. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli 2(021)-3211/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Şəmsəddin qızının Cavabdeh qarşı 6700 manat pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 4297 manat alınıb İddiaçı Şəmsəddin qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 63 manat Cavabdeh alınaraq İddiaçı Şəmsəddin qızına verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar