Məhkəmə qərarları › İş №2(104)-674/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-674/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-674/2023 02.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (atası) X5, Cavabdeh1 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2614/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1600 manat məbləğində pulun və ödənilmiş 37 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X8 iddia tələbini belə əsaslandırmışdır ki, 2019-cu ildə Tünzalə adlı qızı həyat yoldaşından boşanmışdır. İş üzrə qəbul edilən qətnamə qüvvəyə mindikdən sonra qızına məxsus cehiz-məişət əşyalarını cavabdehlərin yaşadığı Hacıbəyli kəndindəki evlərindən götürərkən, cehizləri evlərinə aparmaqdansa, mebelləri aldıqları şəxsin özünə təklif etmək qərara gəlmişdirlər. Bununla əlaqədar sözügedən mebelləri aldıqları Cavabdeh1 və Cavabdeh2 adlı şəxslə danışmış və onlar bildirmişlər ki, cehiz-məişət əşyalarını onun mağazasına aparmaq üçün özü avtomaşın və usta təşkil edəcək və mebelləri özünə məxsus mağazada qısa müddətdə satıb pulunu onlara verəcək. Onunla razılaşmışlar ki, mebellərə görə ona 1.600 manat pul verəcəkdir. Baxmayaraq ki, mebelləri onlardan alarkən baha qiymətə almışdırlar. Ancaq əşyalar işləndiyindən və qızına xoşbəxtlik gətirmədiyindən onunla razılaşmışlar. Bundan sonra, mebelləri Bərdə rayonu Hacıbəyli kəndindən Cavabdeh1 və Cavabdeh2 gətirdiyi usta və fəhlələr, onun gətirdiyi maşına yığaraq Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən mağazasına aparmışdırlar. Bir müddət keçdikdən sonra mebellərin satılıb-satılmaması barədə maraqlandıqda ona məlum olmuşdur ki, cavabdehlər mağazanı bağlayıb və xeyli şəxslərin malını və pulunu mənimsəyib yoxa çıxıb. Bu barədə atası və sürücü ilə əlaqə saxlasa da, onların hər ikisi ona bildirmişlər ki, Cavabdeh1 və Cavabdeh2 hamını aldadıb, Bakı şəhərinə köçüb. Cavabdeh1 və Cavabdeh2 mebellərini öz satış salonuna aparmasını mebelləri yığan usta və həmin vaxt orada olan bir neçə şahid məhkəmədə təsdiq edə bilərlər. Bu barədə Bərdə rayon Polis Şöbəsinə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)2614/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə iddiaçı X8 əsl İddiaçı ilə əvəz edilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)2614/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh2 üçüncü şəxs kimi cəlb olunmuşdur. Həmçinin İddiaçı nümayəndəsi X8 iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, pulu yalnız Cavabdeh1 tələb etdiyini bildirmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)2614/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Qamət Əbilov) İddiaçı Cavabdeh1 və üçüncü şəxs Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh X3 1600 (bir min altı yüz) manat alınaraq İddiaçı verilməsi, iş üzrə ödənilmiş 36 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)2614/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən qətnamə qəbul edilərkən işə onun iştirakı olmadan baxılmış və Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən çağrıldığı zaman hazırkı qətnamənin mövcudluğundan məlumatı olmuşdur. İddiaçının atası X6 təxminən 7-8 il bundan öncə tanımışdır. Belə ki, iddiaçı 7-8 il bundan qabaq ailə həyatı qurduğu üçün onun mebel mağazasından cehiz əşyası olaraq mebel götürmüşdür. Həmin vaxt o, Bərdə şəhərində yerləşən Gülüstan şadlıq sarayının yaxınlığında mebel mağazasını işlədirdi. Abbas Zeynalov mebeli onun mağazasından götürərək getmişdir. Bundan sonra o, iddiaçını və ya atası Abbas Zeynalovu görməmiş və onunla heç bir zaman telefon danışığı olmamışdır. X1 Orucova iddia edir ki, 2019-cu il tarixdə boşanıb gəldiyi üçün cehiz əşyalarını atası Abbas satmağa qərar vermişdir və Abbasın onunla danışığı olmuşdur ki, mebeli onun mağazasına qoyaraq satmağa və ona 1600 manat pul verəcəyinə boyun olmuşdur. Halbuki onların danışığı olmamış və heç bir zaman görüşməmişlər. Abbas Zeynalovun onun adı ilə kimlə danışmasından heç bir məlumatı yoxdur. Hal-hazırda mülki iş üzə məhkəmə iclaslarında üçüncü şəxs kimi və şahid kimi dindirilmiş Cavabdeh2 yanlış ifadə verdiyi üçün məhkəmə heç bir sübutları toplamadan 1600 manat pulu təmin etmişdir. Üçüncü şəxs Cavabdeh2 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlilləri ilə eyni məzmunlu izahat verdi. Sədrlik edənin sualına cavab olaraq isə bildirdi ki, Rafil onun işçisi olmuş, işdə yol verdiyi nöqsanlara görə 2019-cu il mart ayında onu işdən çıxartmışdır. Belə ki, Rafil satılan mebel əşyaların dəyəri kimi 4500 manatını mənimsəmiş və onunla bağlı pul tələbinə dair məhkəmə qətnaməsi də vardır ki, həmin qətnaməni təqdim edir. Ona görə də, Rafil ona qarşı qərəzli ifadə verməkdə maraqlı olmuşdur. Onun mağazasına iddiaçı tərəfindən mebel yığılmayıb. İddiaçı ilə onların danışığı olmamış və heç bir zaman görüşməmişlər. Abbas Zeynalovun onun adı ilə kimlə danışmasından heç bir məlumatı yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını və Bərdə Rayon Məhkəməsinin 2(021)2614/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi (atası) X8 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin məhkəmə kollegiyasına Abbas Zeynalov və Cavabdeh2 ilə aralarında olan telefon danışıqlarına dair disk təqim edərək,ona qulaq asılmasını xahiş etdi və apellyasiya şikayətinin təmin edilməməsini, Bərdə Rayon Məhkəməsinin 2(021)2614/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı nümayəndəsi X8 tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş 1 ədəd diskdə olan səs yazısı məhkəmə iclasında dinlənilmişdir. Həmin səs yazıları əsasən Cavabdeh2 ilə olan telefon danışığıdır. İddiaçı nümayəndəsi X8 ilə arasında olan telefon danışığında Abbas Zeynalov tərəfindən həmin mebel əşyalarının onun mebel mağazasına gətirilməsi və satılması üçün razılaşmanın olduğu müəyyən edilmir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)2614/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: xx.xx.2019-cu il tarixli Aktdan görünür ki, İddiaçı ilə X7 arasında bağlanmış nikah pozulduğundan aşağıdakı əşya və mebellər: şifoner, kravat setkası –(evlərinə gedəcək), qorka servant, yataq dəsti, divan və kreslo, stol və 6 ədə stul qız evinə təhvil verilmişdir Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X5 Bərdə RPŞ-nə müraciətinə əsasən araşdırma aparılmış, müraciəti mülki xarakteri olduğundan məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş 1 ədəd diskdə olan səs yazısı məhkəmə iclasında dinlənilmişdir. Həmin səs yazıları əsasən Cavabdeh2 ilə olan telefon danışığıdır. İddiaçı nümayəndəsi X8 ilə arasında olan telefon danışığında Abbas Zeynalov tərəfindən həmin mebel əşyalarının onun mebel mağazasına gətirilməsi və satılması üçün razılaşmanın olduğu müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli Qərarında təsbit edilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. İddianı təmin edən birinci instansiya məhkəməsi heç bir əsaslandırma aparmadan onu qeyd etmişdir ki, İddiaçı məsus1600 manat dəyərində mebel əşyaları Cavabdeh1 satılması üçün verilmiş, lakin cavabdeh bu günə qədər pulunu verməmişdir. Həmin hal Cavabdeh1 mağazasında satıcı işləmiş Cavabdeh2 təsdiq etmişdir. Göründüyü kimi, məhkəmə öz qətnaməsini hazırkı iş üzrə üçüncü şəxs olan Cavabdeh2 izahatı ilə əsaslandırmışdır. Halbuki, Cavabdeh1 mağazasında satıcı işləmiş Cavabdeh2 həmin izahatı digər sübutlarla yanaşı yoxlanılmamış və qiymətləndirilməmişdir. Belə ki, məhkəmə kollegiyasına təqdim edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021) 145/20 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 həmin iş üzrə Cavabdeh2 qarşı onun mebel sexində işləyərkən ümumilikdə mebel əşyalarının dəyəri olan 4500 manatı mənimsədiyini göstərərək, həmin məbləği tələb etmiş və iddiası qismən təmin edilərək, cavabdehdən 1270 manat pul tutulmuşdur. Həmin hal onu deməyə əsas verir ki, hazırkı iş üzrə Cavabdeh2 iddiaçıya qarşı qərəzli olduğundan, onun izahatı mötəbər ola bilməz. Bundan başqa, iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş 1 ədəd diskdə olan səs yazısı məhkəmə iclasında dinlənilərkən, Abbas Zeynalov tərəfindən həmin mebel əşyalarının onun mebel mağazasına gətirilməsi və satılması üçün razılaşmanın olduğu müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəsini əsaslandırdığı sübutlar olmadığından, Bərdə Rayon Məhkəməsinin 2(021)2614/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh1 1600 (min altı yüz) manat dəyərində mebel əşyalarını verdiyini göstərsə də, həmin halı təsdiq edən sübut növlərini təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh1 qarşı 1600 (min altı yüz) manat pul tələbində haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydılaşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)- 2614/2022 nömrəli qətnaməsi qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün, qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2614/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 qarşı 1600 manat pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar