Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-674/2025 19.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit, kredit faizinin və cərimənin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(021)-2602/2024 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(021)-2602/2024 saylı qətnaməsi ilə (hakim Z.Abdullayev) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 5658micBRD/23 saylı kredit müqaviləsinə əsasən 21 295 manat əsas, 3143,7 manat faiz, 329.8 cərimə borcu olmaqla, cəmi 24 768,5 (iyirmi dörd min yeddi yüz altmış səkkiz manat 50 qəpik) manat və 164,71 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh3 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-2602/2024 nömrəli qətnaməsi tam ləğv edilərək hazırkı işin kommersiya xarakterli olması nəzərə alınaraq baxılması üçün aidiyyətı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi və hazırkı apellyasiya şikayətinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 83 manatın iddiaçı "xxxx" KB ASC-dən alınaraq ona ödənilməli olması barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 21 295 manat əsas, 3143,7 manat faiz, 329.8 cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 24 768,50 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 164.71 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əsas kredit müqaviləsi üzrə 300 000 manat 120 ay müddətinə kredit xətti ayrılmış və xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 60 ay müddətinə illik 18% ödəmək şərtilə 21 295 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyə və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 05 iyun 2024-cü il tarixinə "xxxx" ASC-yə 21 295 manat əsas, 3143,7 manat faiz, 329.8 cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 24 768,5 manat borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmə aidiyyətının, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş əsassız və qanunsuz qətnamədir. Belə ki, o fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektidir, fiziki şəxs kimi sahibkarlıq uçotu haqqında şəhadətnamə 11 saylı Ərazi Vergilər Departamentində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış və hal-hazıradək də qüvvədədir, həmişə aktiv olmuşdur. Qeydiyyat (VÖEN) nömrəsi **********-dir. Sahibkar kimi mobil telefon və aksesuarlarının satışı fəaliyyətini həyata keçirir. "xxxx" Kommersiya Bankı ASC ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli 5658 mic BRD\23-EM nömrəli “Əsas Kredit və X1”nə əsasən həmin bank ona 300000 (üç yüz min) manat məbləğində, illik maksimum 32 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə, yəni xx.xx.2033-cü il tarixinədək müddət ərzində, bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verməyi və ona bank hesabı açmağı öhdəsinə götürür, o, isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən edilmiş vaxtlarda onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra isə "xxxx" Kommersiya Bankı ASC ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli 565 mic BRD/23 nömrəli “Əlavə Kredit Müqaviləsi”nə əsasən həmin bank 60 ay müddətinə, xx.xx.2028-ci il tarixinədək illik 18 faiz ödəmək şərti ilə 21295 manat məbləğində krediti onun mülkiyyətinə vermiş, o, isə sözügedən müqavilə ilə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Sözügedən Əlavə Kredit Müqaviləsi üzrə 21295 manat krediti götürməyindən cəmi bir neçə gün sonra Azərbaycan Respublikasına mobil telefonların gətirilməsi və onların qeydiyyata götürülməsi qaydalarında ciddi dəyişikliklər edildi, xüsusən də xaricdən gətirilən mobil telefonların qeydiyyata alınması və qeydiyyat xərclərinin mobil telefonu ölkəyə gətirən sahibkarların üzərinə qoyulması səbəbindən gözlənilməyən əlavə xərclərə məruz qalmış, yəni ziyana düşmüşdür. Odur ki, 21295 manat kreditin müəyyən edilmiş ödəniş cədvəli üzrə tərəfindən ödənilməsində ciddi problemlər yarandı. Bank isə onun arqumentləri ilə razılaşmaq istəmədi və müqaviləyə dəyişiklik etməkdən imtina etdi. Daha sonra isə "xxxx" Kommersiya Bankı ASC ona qarşı “Kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmiş və iddiası təmin edilmişdir. O, sözügedən qətnamədən narazıdır və onu qəbul etmir. Hesab edir ki, həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən ləğv edilməli və işin yenidən baxılması üçün aidiyyətı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi barədə məhkəmə aktı qəbul edilməlidir Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərfələr məhkəmə iclasına gəlməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının əvvəlki iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə uyğun izhat veərək şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə faiz, cərimə və ümumi borc hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarının 11-ci vərəqəsində olan Cavabdeh3 tərəfindən verilmiş “bank hesabının açılması və kredit sifarişi üçün” xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, istehlak məqsədləri üçün 60 ay müddətinə 21 295 manat məbləğində kredit verilməsini "xxxx" ASC-dən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 5658micBRD/23 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə görə bank müştəri Cavabdeh3 60 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 21 295 manat məbləğində kredit verir, kreditin istifadəsi ilə bağlı müvafiq hesablar açır. Müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 5658micBRD/23 nömrəli zaminlik müqaviləsindən görünür ki, bir tərəfdən borcverən "xxxx" ASC, digər tərəfdən zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və borcalan Cavabdeh3 müqavilə bağlamışlar. Zaminlər kreditor qarşısında borclunun xx.xx.2023-cü il tarixli 5658mcrBRD/23 saylı Əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. İş materiallarında olan 05 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli 5658micBRD/23 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə "xxxx" ASC-nə 21 295 manat əsas, 3 143.7 manat faiz, 329.8 manat cərimə olmaqla, cəmi 24768,5 manat borcu yaranmışdır. İş materiallarında olan 26 dekabr 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh3 kredir müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə 21295 manat əsas borc, 1449,06 manat faiz borcu, 58,64 manat cərimə cəmi 22802,70 manat borcunun oduğu və xəbərdarlığı aldıqdan sonra 3 təqvim günü ərzində bank qarşısında olan öhdəliyini dərhal yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun tam ödənilməsi məqsədilə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 164.31 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əsas kredit müqaviləsi üzrə 300 000 manat 120 ay müddətinə kredit xətti açılmış və xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 60 ay müddətinə illik 18% ödəmək şərtilə 21 295 manat məbləğində istehlak məqsədi üçün kredit verilmiş, kreditin qaytarılmasının təminatı olaraq bankla zaminlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliyini yerinə yetirib razılaşdırılmış məbləğdə krediti Cavabdeh3 vermiş olsa da, cavabdehlər edilmiş xəbərdarlığa baxmayaraq müqavilə öhdəliyini icra etməmişlər. İddiaçı xx.xx.2024-cü il tarixə olan 21 295 manat əsas, 3 143.7 manat faiz, 329.8 manat cərimə olmaqla, cəmi 24768,5 manat borcun xeyrinə tutulmasını xahiş etmiş olsa da, cavabdehlərə bildirişin verildiyi tarixə müqavilə üzrə borcunun 21295 manat əsas borc, 1449,06 manat faiz borcu, 58,64 manat cərimə olmaqla cəmi 22802,70 manat oduğu müəyyən olunur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Beləliklə, məhkəmənin qənaətinə görə, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi əsas və faiz borcuna münasibətdə qanuni və əsaslı olduğundan iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsnin mövqeyi ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasənborc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun ) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qaydada nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Kredit müqaviləsinin müddəaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Ona görə də iddiaçının əsas borca münasibətdə tələbi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehlərdən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasını tələb etməkdə haqlıdır, cavabdeh isə həmin müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə, habelə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməyə görə kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Faiz borcu ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.
3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İşin hallarından göründüyü kimi iddiaçı "xxxx" KB ASC xx.xx.2023-cü il tarixdə Cavabdeh3 xx.xx.2023-cü il tarixə 21295 manat əsas borc, 1449,06 manat faiz borcu, 58,64 manat cərimə cəmi 22802,70 manat borcunun olması barədə xəbərdarlıq göndərmiş, bununla da tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 5658micBRD/23 saylı kredit müqaviləsinə xitam verilmiş sayılmış və bundan sonra iddiaçı yalnız gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Buna baxmayaraq iddiaçı iddia ərizəsində faizi borcunu maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixə faiz borcunun 3143,70 manat, cərimə borcunu 329,8 təşkil etdiyini göstərmiş, iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi isə həmin xüsusatı nəzərə almamışdır. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh qətnamənn qanunsuz olduğunu vurğulasa da, qanunsuzluğu işin ümumu məhkəmədə baxılması ilə əlaqələndirir. Lakin cavabdeh borcun məbləğini ümumiyyətlə mübahisələndirmir və krediti aldlqdan sonra ziyana düşdüyünü, ona görə də krediti qaytara bilmədiyini göstərir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla VÖEN-inin olduğunu, ona görə də məhkəmə tərəfindən işə aidiyyət qaydalarının pozulması ilə baxıldığı bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 fərdi sahibkar olmuş olsa da, hazırkı krediti sahibkarlıq fəaliyyəti ilə bağlı yox, banka verdiyi ərizəsindən də göründüyü kimi o, ərizə ilə banka (iddiaçıya) müraciət edərək ona istehlak məqsədi üçün 21 295 manat məbləğində kredit verilməsini xahiş etmişdir. Bununla da müəyən olunur ki, Cavabdeh3 krediti sahibkarlıq fəaliyyəti ilə bağlı götürməmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)- 2602/2024 nömrəli qətnaməsi faiz, cərimə və ümumi borc hissəsində dəyişdirilməli, cavabdehlərdən iddiaçının xeyrinə tutulan faiz borcunun məbləği 1449,006 manat, cərimə borcunun məbləği 58,64 manat, cəmi 22802,70 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.3, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(021)-2602/2024 saylı qətnaməsi qismən – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 5658micBRD/23 saylı kredit müqaviləsinə əsasən 3143,7 manat faiz, 329.8 cərimə borcu olmaqla, cəmi 24 768,5 (iyirmi dörd min yeddi yüz altmış səkkiz manat 50 qəpik) manat borcun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx.xx.2023-cü il tarixli 5658micBRD/23 saylı kredit müqaviləsinə əsasən 1449,06 manat faiz, 58,64 cərimə borcu olmaqla, cəmi 22802,70 (iyirmi iki min səkkiz yüz iki manat 70 qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.