Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-677/2024 30.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏTNAMƏSİ (Açar sözlər: borc münasibətlərinin yaranması, maddi hüquq normasının pozulması, sübut etmə yükü) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil oğlunun və Cavabdeh1 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-418/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 30 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaya görə tərəflər arasında borc münasibətləri yaranmışdır. Hazırki iddiadan əvvəl İddiaçı Gəncə şəhəri Kəpəz RPİ-yə şikayət edərək, 2019-cu ilin may ayından iyun ayınadək olan dövrdə Cavabdeh1 ondan 10000 ABŞ dolları və 11400 manat borc pul alaraq qaytarmadığını göstərmişdir. Həmin şikayət əsasında Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinin Təhqiqat bölməsində 15 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə istinad edilməklə cinayət işinin başlanması rədd edilmişdir. Qərara əsasən, Cavabdeh1 polis orqanına verdiyi izahatında göstərmişdir ki, o, 2019-cu ilin may ayında qızı Cavabdeh2 ilə birlikdə İddiaçı yaşadığı evə gedərək alver etməsi üçün ondan 5000 ABŞ dolları borc pul istəmiş, sonuncu da, qonşusu Həbibədən 5000 ABŞ dolları alıb ona vermişdir. O dilindən kağız yazıb borclu olduğunu bildirmişdir. Sonra isə qızları Alidə və Aidə ilə birlikdə Gəncə Asan Xidmət mərkəzində özünə məxsus Gəncə şəhəri Xəqani küçəsində yerləşən evinin sənədini Həbibəyə girov vermişdir. O, hər ay Həbibəyə Zərifənin vasitəsi ilə 5000 ABŞ dolların, yəni 8500 manat pulun sələmini, hər ay 675 manat pul vermişdir. Sonra 2019-cu ilin iyun ayında yenidən Zərifənin yaşadığı evə gedərək, qızı Aidəni süni mayalandırma etdirəcəyini deyib ondan 5000 manat borc pul istəmiş, sonuncu da ona 5000 manat borc pul vermişdir. Zərifə də ona həmin pulları sələm borcu kimi vermişdir. Sonra o, İrana getmişdir. Lakin, İran İslam Respublikasından qayıdan zaman malları İran İslam Respublikasında gömrükdə qalmış və malları ölkəyə gətirə bilməmişdir. Bu barədə o, Zərifəyə məlumat vermişdir. O, borcunu geri qaytarmaqda çətinlik çəkmişdir. Bundan sonra o, 2019-cu ilin iyul ayında yenidən Zərifənin yaşadığı evə qızı Alidə ilə gedərək ondan 2000 manat borc pul istəyərək mal almağa pulunun çatmadığını demişdir. Zərifə də yaşadığı evdə ona 2000 manat borc pul vermişdir. O, Zərifəyə olan borcundan bir neçə aydan sonra 2000 manat geri qaytarmışdır. 2019-cu ilin dekabr ayında o, İrana getmiş, lakin, İran İslam Respublikasında general Qasım Süleymaninin ölümü ilə bağlı yollar bağlı olduğu üçün bir müddət ölkəyə gələ bilməmiş və Azərbaycana mallarını gətirə bilməmişdir. Onun İddiaçı ümumilikdə 5000 manat pul borcu var. Onun Zərifənin qonşusu Həbibəyə isə 5000 ABŞ dolları borcu var. O, Zərifədən 36000 manat borc pul almamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10000 ABŞ dolları və 17400 manat pulun və 193 manat dövlət rüsumunun alınaraq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının qohumudur. Cavabdeh müxtəlif xarici ölkələrdən müxtəlif təyinatlı malları Azərbaycana gətirib onların satışı ilə məşğul olurdu. Cavabdeh1 2019-cu ilin may ayında digər cavabdeh olan Cavabdeh2 ilə birlikdə onun yaşadığı evə gələrək ondan 10000 ABŞ dolları borc pul istəyərək, ona da alver edən zaman əlavə qazanc verəcəyini demişdir. O isə buna inanıb qonşusu Həbibdən 10000 ABŞ dolları alıb cavabdehə vermişdir. Cavabdeh1 qızı ilə birlikdə ünvan 1 ünvanında yerləşən evinin sənədini girov qoymuşdur. 2019-cu ilin iyun ayında Almaz onun evinə gələrək, qızı Aidənin süni mayalanma etdirəcəyini bildirib ondan 6000 manat pul istəmiş, o da həmin pulu vermişdir. Almaz bir müddət sonra malların İran İslam Respublikasının gömrüyündə qalmasını və malların gətirə bilməməsini bildirmişdir. Bundan sonra Cavabdeh1 2019-cu ilin iyul ayında iddiaçının yanına gələrək ondan 5000 manat borc istəyərək, mal almağa pulunun çatmamasını bildirmiş və o, 5000 manatı borc olaraq vermişdir. Təxminən bir necə gün sonra Cavabdeh1 yenə də qızı ilə birlikdə gəlib 5500 manat pul istəmiş, iddiaçı isə 4400 manat vermişdir. Təxminən 5-6 gün sonra Cavabdeh1 yenə gəlib 2000 manat pul istəmiş, o isə həmin pulu vermişdir. Almaz həmin pulları istəyərkən, pulların malı Azərbaycana keçirmək üçün lazım olduğunu bildirmiş, o isə məcbur olub pulları batmasın deyə istədiyi məbləğləri ona vermişdir. Bundan sonra Almaz həmin ilin dekabr ayında İran İslam Respublikasına getmiş və onunla əlaqə saxlayanda generalın ölümü ilə bağlı yolların bağlanmasını bildirib ölkəyə gələ bilmədiyini demişdir. Bundan sonra dəfələrlə pulunu istəsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Beləliklə cavabdehlərin ona 10000 ABŞ dolları və 17400 manat borcu yaranmışıdır. Cavabdeh borcunu Kəpəz rayon Polis Şöbəsində etiraf etmişdir. Həmçinin, iddiaçı əvvəllər də məhkəməyə müraciət etmiş, işə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində baxılan zaman Cavabdeh1 ərizə yazaraq, barışıq əldə edilməsini və borcu olmasını etiraf etmişdir. Lakin, cavabdeh sonradan pulu ödəməkdən boyun qaçırmışdır. Gəncə Şəhər Məhkəməsinin (hakim C.T.Tağıyev) 23 yanvar 2023-ci il tarixli, e2(125)- 418/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9420 manat və 10000 ABŞ dollarının ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pulun və dövlət rüsumunun əvəzi olaraq 169,26 manatın alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehə 10000 ABŞ dolları və 17400 manat borc pul verdiyini iddia etsə də, həmin məbləğdə cavabdehə borc verməsi barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin 10000 ABŞ dolları, 5000 manat və 4420 manat borcu olmasını etiraf etməsi həmin borcun ödənilməsi ilə bağlı iddiaçı razılaşmış və bununla bağlı mülki işin baxılmamış saxlanması xahiş olunmuşdur. İddia tələbinin Cavabdeh2 münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin polis idarəsində verdiyi izahatında pulu qızı Alidə ilə birlikdə aldığını göstərmiş və Cavabdeh2 telefon danışığında iddiaçıya borcu olduğunu etiraf etməsi müəyyən olunmuşdur. İddiaçı polis şöbəsinə yalnız cavabdehlərdən Cavabdeh1 şikayət etməsini onunla izah etmişdir ki, qohum olduqları üçün Alidəni polisə vermək istəməmiş və yalnız Almaza polis vasitəsi ilə təsir etməklə pulunu qaytaracağına güman etmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 448.1, 448.2, 739.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat: Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin 23 yanvar 2023-ci il tarixli, e-2(125)-418/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim Ə.İ.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər R.Ş.Muradovdan və F.Ə.Mehtiyevdən ibarət tərkibdə) 24 may 2023-cü il tarixli, 2(104)-1079/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(125)-418/2023 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin əsaslandırılması ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, tərəflər arasında şifahi qaydada borc müqaviləsinin bağlandığı müəyyən edilmişdir. Mülki qanunvericiliyin müqavilələrlə bağlı ümumi vahid sistemi həm də borc müqaviləsi ilə bağlı Mülki Məcəllənin 37-ci fəslində nəzərdə tutulan xüsusi müddəaları açıq və tərəddüdsüz şəkildə göstərir ki, borc müqaviləsinin bağlanmış hesab olunması, yəni hüquqi nəticə əmələ gətirməsi, digər müqavilələrdə olduğu kimi sırf razılaşma sayəsində olur. Borc verən İddiaçı götürdüyü öhdəlikləri tam icra edərək, ümumilikdə 10000 ABŞ dolları və 9420 manatı borc alanlar Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə vermiş, lakin borc alanlar aldıqları pulu borc verənə qaytarmamışlar və öhdəliklərini icra etməmişlər. Nəticə etibarı ilə Cavabdeh1 borclandırıcı əqdlərinin tələbləri üzrə öhdəliklərini icra etməmişdir. Borclandırıcı əqd demək onu bağlayan şəxs üçün öhdəlik əmələ gətirən əqd deməkdir. Halbuki, tərəflər öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə və öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Belə olan halda iddiaçı haqlı olaraq hazırki tələblə birinci instansiya məhkəməsinə müraciət etmişdir Cavabdeh1 birinci instansiya məhkəməsinin icraatı zamanı, eləcə də apellyasiya şikayətində borcdan ödəniş etdiyini qeyd etsə də, sonuncu buna dair hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, borcun ödənilməsini sübut etmək yükü məhz cavabdeh tərəfin üzərinə düşür. Həmçinin, Cavabdeh1 borcu Həbibə adlı şəxsdən almasını apellyasiya şikayətində qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 özü həm birinci instansiya məhkəməsinin icraatı zamanı, həm də işə əlavə olunmuş materiallarda borcu məhz İddiaçı aldığını bildirmişdir. Eləcə də, apellyasiya şikayətinin dəlili kimi, Cavabdeh2 İddiaçı borc almamasını və ümumiyyətlə onu heç bir öhdəliyi olmamasını qeyd edilmişdir. Buna münasibətdə məhkəmə qeyd etmişdir ki, baxmayaraq ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə borc müştərək qaydada tutulmuşdur, apellyasiya şikayətini yalnız Cavabdeh1 vermişdir. Belə olan halda, nə qədər ki, birinci instansiya məhkəməsinin qətnaməsini digər Cavabdeh2 mübahisələndirməmiş, ona aid hissədə apellyasiya qaydasında yoxlanılması istisna olunur . Kassasiya instansiya məhkəməsində icraat Cavabdeh1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 may 2023-cü il tarixli, 2(104)-1079/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 14.1, 14.2, 234.1, 386.1, 389, 740.2-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.2, 9.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı pulu borc kimi deyil, iddia ərizəsində qeyd etdiyi qazanc götürmək məqsədi ilə vermişdir. İddiaçının pulu cavabdehə verməkdə məqsədi iş qurmaq, qazanc əldə etmək və yaxud faizə pul vermək olmuşdur. Məbləğ yüksək olduğu üçün tərəflər arasında müqavilə olmalıdır. Lakin iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən pulun borc olmasını təsdiq edəcək sübutları məhkəmələrə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə (hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023-cü il tarixli, 2(104)-1079/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmişdir. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə kollegiyaya heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, Zərifədən 5000 manat və 2000 manat, Həbibə adlı şəxsdən isə 5000 ABŞ dolları götürmüş, həmin pulları hissə-hissə qaytarmışdır. Götürdüyü borc pulların qızı Alidəyə heç bir aidiyyatı yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-418/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Sədrlik edən suallarına cavab olaraq bildirdi ki, səhifə 56-da olan ərizəni ona təzyiq altında yazıdırıblar. Belə ki, iddiaçı onun evinə tez-tex basqın etmiş, bu səbəbdən yazmışdır ki, evinə gəlməsin. Polisdə isə, ona təzyiq olmayıbdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil oğlu apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, işin11-ci səhifəsində olan əlyazma Həbibə ilə bağlıdır və həmin qəbzin hazırki iddiaya aidiyyatı yoxdur. İddiaçı özü Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə verdiyi ərizəsində iddiaçıya 10.000 ABŞ dolları 5000 manat və 4.200 manat borcunun olmasını bildirmişdir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-418/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 739.1-ci maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyasına) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1, 385.1.1-cı maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqqında” 24 noyabr 2005-ci il tarixli qərarınını 6.2-ci maddəsinə əsasən, qətnamənin əsaslandırcı hissəsinə xüsusi diqqət verilməli, qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkmənin nəticlərini əsaslandırdığı sübutlar, bu və ya digər sübutlar rədd və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutuğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh1 apellyasiya şikayətində Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-418/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərində iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmişdir. Qətnamə ilə iddianın rədd edilmiş hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-418/2023 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı 2019-cu ilin may ayından başlayaraq, bir neçə dəfəyə Cavabdeh1 ümumilikdə 10000 ABŞ dolları və 17400 manat məbləğində vəsaiti borc verməsini, lakin sonuncunun həmin vəsaiti qaytarmamasını iddia etmişdir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi Cavabdeh1 təhqiqat orqanına verdiyi izahatını, habelə tərəflər arasında eyni predmeti üzrə əvvəllər olmuş mübahisə zamanı cavabdehin etirafını nəzərə almışdır. Bu zaman, məhkəmə iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 739.1- ci maddəsinə istinad etmişlər. Lakin, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 740.2-ci maddəsinin məcburi göstərişinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu halda, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı isə tərəflər arasında yazılı borc müqaviləsinin bağlanıldığını təsdiq edən hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. İş materiallarına (i.v. 11) Cavabdeh1 Zülfüqar qızının əlyazma qəbzinin surəti əlavə olunmuşdur ki, həmin qəbzin hazırki iddiaya aidiyyəti yoxdur. Belə ki, qəbzdə cavabdehin borc kimi aldığı məbləğ 10200 manat göstərilmişdir ki, iddiaçı tələbində belə məbləğdə vəsaiti cavabdehə verməsini iddia etməmişdir. Həmçinin həmin qəbzin yazılma tarixi 12 yanvar 2019-cu il göstərilməklə, tərəflər arasında hazırda mübahisələndirilən hüquq münasibətləri yarandığı tarixdən (2019-cu ilin may ayı) əvvələ təsadüf edir. İşin həmin halı məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil oğlunun verdiyi izahatı ilə də, təsdiq edilir. Belə ki, o, bildirmişdir ki, işin 11-ci səhifəsində olan əlyazma Həbibə ilə bağlıdır və həmin qəbzin hazırki iddiaya aidiyyatı yoxdur. Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçı iddia ərizəsində cavabdehin ondan pul vəsaitlərini müxtəlif məqsədlərlə (qızının müalicəsi, xaricdən satış üçün mal gətirilməsi) aldığını qeyd etmişdir. O cümlədən, iddia ərizəsinə əsasən iddiaçı cavabdehə ilk 10000 ABŞ dollarını verərkən, sonuncunun “alver edib” ona “əlavə qazanc” verəcəyinə inanmışdır. Kollegiya hesab edir ki, hazırkı iddia üzrə mübahisə əsassız varlanma ilə bağlı maddi normalara uyğun həll edilməlidir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlə bağlı Gəncə şəhər Kəpəz rayon Polis şöbəsinə müraciət etmiş və xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı ilə Cavabdeh1 Zülfüqar qızının əməlində cinayət tərkibi olmadığı üçün, cinayət işinin başlanılması rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin araşdırma zamanı izahatı alınmış Cavabdeh1 Zülfüqar qızı göstərmişdir ki, o, 2019-cu ilin may ayında qızı Cavabdeh2 ilə birlikdə İddiaçı yaşadığı evə gedərək alver etməsi üçün ondan 5000 ABŞ dolları borc pul istəmiş, sonuncu da, qonşusu Həbibədən 5000 ABŞ dolları alıb ona vermişdir. O dilindən kağız yazıb borclu olduğunu bildirmişdir. Sonra isə qızları Alidə və Aidə ilə birlikdə Gəncə Asan Xidmət mərkəzində özünə məxsus Gəncə şəhəri Xəqani küçəsində yerləşən evinin sənədini Həbibəyə girov vermişdir. O, hər ay Həbibəyə Zərifənin vasitəsi ilə 5000 ABŞ dolların, yəni 8500 manat pulun sələmini, hər ay 675 manat pul vermişdir. Sonra 2019-cu ilin iyun ayında yenidən Zərifənin yaşadığı evə gedərək, qızı Aidəni süni mayalandırma etdirəcəyini deyib ondan 5000 manat borc pul istəmiş, sonuncu da ona 5000 manat borc pul vermişdir. Zərifə də ona həmin pulları sələm borcu kimi vermişdir. Sonra o, İrana getmişdir. Lakin, İran İslam Respublikasından qayıdan zaman malları İran İslam Respublikasında gömrükdə qalmış və malları ölkəyə gətirə bilməmişdir. Bu barədə o, Zərifəyə məlumat vermişdir. O, borcunu geri qaytarmaqda çətinlik çəkmişdir. Bundan sonra o, 2019-cu ilin iyul ayında yenidən Zərifənin yaşadığı evə qızı Alidə ilə gedərək ondan 2000 manat borc pul istəyərək mal almağa pulunun çatmadığını demişdir. Zərifə də yaşadığı evdə ona 2000 manat borc pul vermişdir. O, Zərifəyə olan borcundan bir neçə aydan sonra 2000 manat geri qaytarmışdır. 2019-cu ilin dekabr ayında o, İrana getmiş, lakin, İran İslam Respublikasında general Qasım Süleymaninin ölümü ilə bağlı yollar bağlı olduğu üçün bir müddət ölkəyə gələ bilməmiş və Azərbaycana mallarını gətirə bilməmişdir. Onun İddiaçı ümumilikdə 5000 manat pul borcu var. Onun Zərifənin qonşusu Həbibəyə isə 5000 ABŞ dolları borcu var. O, Zərifədən 36000 manat borc pul almamışdır. Göründüyü kimi, Cavabdeh1 Zülfüqar qızının iddiaçıdan 5000 ABŞ dolları, 5000 manat və 2000 manat pul alması onun özünün istintaq araşdırması zamanı verdiyi izahatı ilə təsdiq edilir. Bundan başqa, İddiaçı Almaz qızı məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli izahatında ( səh.161) göstərmişdir ki, Almaz ona olan borcundan 2000 manat və əlavə olaraq 2-3 ay hər 300-500 manat olmaqla pul qaytarmışdır. Bu isə onu təsdiq edir ki, 3 ay ərzində 500 manat qaytarması nəzərə alınmaqla, cəmi 3500 manat qaytarması öz təsdiqini tapır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 5000 ABŞ dolları və 3500 manat ( 7000-3500=3500) hissəsində haqlıdır. İddia tələbi digər Cavabdeh2 münasibətdə öz təsdiqini tapmır və iddiaçı ona hər hansı məbləğdə pul verməsi barədə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-418/2023 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 Zülfüqar qızından 5000 (beş min) ABŞ dolları məbləğində pul ödənilən anda manata məzənnəsi ilə və 3500 (üçi min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402- 407 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-418/2023 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 Zülfüqar qızından 5000 (beş min) ABŞ dolları məbləğində pul ödənilən anda manata məzənnəsi ilə və 3500 (üç min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-677/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-677/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver