Məhkəmə qərarları › İş №2(104)-678/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-678/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-678/2023 15.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(021)-3094/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Qəbzdə göstərilmişdir: Mən X1 Almaz Nəbi qızından ehtiyacım olduğu üçün beş min manat borc pul aldım, aldığım bu pulu iki aya qaytaracağıma söz verirəm, əgər qaytarmasam qanun qarşısında məsuliyyət daşıyıram. X5 5.4.2022 ***-***-**-**.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində borcun və iddia qaldırılması üçün ödədiyi 70 manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəllər tanımış, onunla normal münasibətləri olmuşdur. Təxminən 2022-ci ilin mart ayında Cavabdeh ondan 3.000 manat borc pul istəmişdir və o, cavabdehə 3000 manat borc pul vermişdir. Bundan sonra 05 aprel 2022-ci il tarixdə yenidən ona yaxınlaşaraq 2000 manat borc pul istəmişdir. Ümumi 5000 manat borcunu bir aya qaytaracağına söz vermişdir. Cavabdehə həmin məbləği vermişdir. Cavabdeh isə ona 5000 manat borcu olması barədə qəbz yazıb vermişdir. O, cavabdehin ondan pul almasını təsdiq edən öz xətti ilə yazdığı qəbzi iddia ərizəsinə əlavə etmişdir. 2022-ci ilin may ayında pulunu qaytarmasını tələb etsə də, Cavabdeh mobil telefonlarına dəfələrlə zəng vurararaq pulunu geri tələb etsə də heç bir nəticəsi olmamışdır. Bundan sonra, Bərdə Rayon Polis Şöbəsinə şikayət etmiş və orada araşdırmadan sonra ona bildiriblər ki, şikayəti mülki xarakterlidir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir.

4. Bərdə Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(021)-3094/2022 nömrəli qətnaməsi ilə (hakim Elsun Əhmədov) İddianın təmin edilməsi, Cavabdeh 5000 manat (beş min) manat və 70 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilməsi qət edilmişdir.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 448.1, 739.1 və 882-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 191.1 və 218.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(021)-3094/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın 1300 manat məbləğində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almamışdır. Belə ki, o, iddiaçıdan müxtəlif vaxtlarda hissə-hissə 1700 manat borc pul almışdır. Həmin borc pulun 400 manatının əvəzinə qızıl vermişdir. Bundan sonra iddiaçıya cəmi 1300 manat borcu qalmışdır. Yazılı qəbz onun tərəfindən yazılmamışdır. Həmin qəbz iddiaçı tərəfindən tərtib olunmuşdur. İddiaçı ona boş kağıza imza etdirdikdən sonra həmin kağıza guya ona 5000 manat borc pul verdiyini qeyd etmişdir. Həmin qəbz mötəbər sübut kimi qiymətləndirilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, onun iki adı var, ailədə onu Turanə kimi də çağırırlar. O, iddiaçıdan müxtəlif vaxtlarda hissə-hissə 1700 manat borc pul almışdır. Həmin borc pulun 400 manatının əvəzinə qızıl vermişdir. Bundan sonra iddiaçıya cəmi 1300 manat borcu qalmışdır. Təqdim olunmuş qəbz onun tərəfindən yazılmış və imza edilmişdir. Lakin, o, iddiaçıdan 5000 manat borc almamışdır. İddiaçı ona qəbzi belə yazdırmışdır. Cavabdeh sədrlik edənin sualına cavab olaraq iş materiallarında olan qəbzin və Bərdə Rayon Polis Şöbəsinə ünvanlanmış izahatın onun özü tərəfindən yazıldığını və imzaladığını bildirmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin dəyişdirilməsini, iddia tələbinin 1300 manat məbləgində təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, Cavabdeh əvvəllər Tunirə kimi tanımış, onunla normal münasibətləri olmuşdur. Təxminən 2022-ci ilin mart ayında Cavabdeh ondan 3.000 manat borc pul istəmiş, o, cavabdehə 3000 manat borc pul vermişdir. Daha sonra 05 aprel 2022-ci il tarixdə yenidən ona yaxınlaşaraq 2000 manat borc pul istəmişdir. Həmin 5000 manat borcunu bir aya qaytaracağına söz vermişdir. Cavabdehə həmin məbləği vermişdir. Cavabdeh isə ona 5000 manat borcu olması barədə qəbz yazıb vermişdir. O, cavabdehin ondan pul almasını təsdiq edən öz xətti ilə yazdığı qəbzi iddia ərizəsinə əlavə etmişdir. 2022-ci ilin may ayında pulunu qaytarmasını və Cavabdeh mobil telefonlarına dəfələrlə zəng vurararaq pulunu geri tələb etsə də heç bir nəticəsi olmamışdır. Bu barədə Bərdə Rayon Polis Şöbəsinə şikayət etmiş və orada araşdırmadan sonra ona məhkəməyə müraciət edilməsi izah olunmuşdur. O, cavabdehə 1700 manat yox, 2 dəfəyə cəmi 5000 manat pul borc vermiş, cavabdeh borcundan qaytarmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun pisk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2 .Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

13. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.

17. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Belə ki, işin müəyyən olunmuş hallarına görə, İddiaçı Cavabdeh 2 dəfəyə 5000 manat məbləğində pul tələb etmiş və cavabdehə borc pul verməsini təsdiq edən sübut kimi əlyazma qəbzi təqdim etmişdir. Həmin qəbzdən isə onun cavabdehə 5000 manat borc pul verməsi öz təsdiqini tapmışdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçıya qaytarmalı olduğu borcun 1300 manat olduğunu bildirərək iddianın həmin hissədə təmin edilməsini xahiş etmişdir. Cavabdehin dəlili ondan ibarət olmuşdur ki, qətnamədə istinad edilən qəbz onun tərəfindən yazılmamışdır. Cavabdeh buna dair hər hansı sübut təqdim etməmişdir. Lakin məhkəmə kollegiyasının iclasında araşdırma zamanı dindirilmiş Cavabdeh işə əlavə edilmiş əlyazma qəbzin onun tərəfindən yazılıb, imzalandığını, iş materiallarında olan polisdə alınmış izahatın onun özü tərəfindən yazıldığını bildirmişdir. Həmin sənədlərdən isə müəyyən olunur ki, Cavabdeh İddiaçı 5000 manat borc pul almışdır. Apellyasiya şikayətinin dəlilində Cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda hissəhissə 1700 manat borc pul aldığını, həmin borc pulun 400 manatının əvəzinə qızıl verdiyini və iddiaçıya cəmi 1300 manat borcu olduğunu bildirsədə bununla bağlı sübutlarını nə birinci instansiya məhkəməsinə nə də ki, məhkəmə kollegiyasına təqdim etməmişdir.

19. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır və cavabdehin formal mülahizələrindən ibarətdir.

20. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razilaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(021)-3094/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar