Məhkəmə qərarları › İş №2(104)-680/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-680/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-680/2023 05.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(066)-1060/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Əlseysan qızı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və iddia həcminin artırılması tələbinə dair ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 30000 (otuz min) manat pulun və 2700 (iki min yeddi yüz) ABŞ dollarının alınıb onlara verilməsini xahiş etmişlər. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-1060/2022 nömrəli qətnaməsi ilə (hakim Qələmdər Abbasov ) iddia təmin edilmiş, Cavabdeh 30000 (otuz min) manat və 2700 (iki min yeddi yüz) ABŞ dollarının alınıb İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-1060/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın müddəti keçdiyindən iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsasızdır. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ondan 30000 manat və 2700 ABŞ dolları alınıb onlara verilməsi barədə məhkəməyə verdikləri iddia ərizələri ilə 3 illik iddia müddətini ötürmüşdürlər. Eyni zamanda iddiaçıların tikintiyə 30000 manat xərc çəkmələri ilə razı deyildir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, iddiaçılardan İddiaçı2 Əlseysan qızı bacısı, İddiaçı1 isə bacısı oğludur.O, atası evində yaşayır. Təxminən 2005-ci ildə o, mülkiyyətində olan hazırkı mübahisə edilən torpaq sahəsini iddiaçılara ev tikmək üçün vermiş və iddiaçılar onun razılığı ilə orada 2008-ci ildə yaşayış evi tikmişlər. O, hazırda iddiaçılara orada tikdikləri evi sənədləşdirməyə icazə vermir, ona görə ki, o da ata evini öz adına sənədləşdirə bilmir. Çünki anası buna razı olmur. Həm də, iddiaçılar 3 illik iddia müddətini ötürmüşdürlər. Eyni zamanda iddiaçıların tikintiyə 30000 manat xərc çəkmələri ilə razı deyildir və ekspertiza rəyini qəbul edir. Ona görə də, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı2 Əlseysan qızı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Cavabdeh Göygöl rayonu, Üçtəpə kəndində fərdi yaşayış evinin tikintisi üçün 0,08 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən ataları Əleysan İsmayılova məxsus ev və evin həyətyanı sahəsinə bitişik olan pay torpaq sahələri cavabdehə verilməsi, bunun müqavilində cavabdehə məxsus 0,08 ha torpaq sahəsinin ona verilməsi barədə razılığa gəlmişlər.O, müqavilədə nəzərdə tutulmuş torpaq sahəsini cavabdehin istifadəsinə vermiş, əlavə olaraq 2700 ABŞ dolları cavabdehin mülkiyyətinə keçirmişdir.Cavabdeh isə mülkiyyətində olna 0,08 ha torpaq sahəsini onların istifadəsinə və sahibliyinə vermişdir. O. sözügedən torpaq sahəsində yaşayış sahəsi inşa edərək ailəsi ilə birlikdə orada yaşayır. Hal-hazırda mövcud torpaq sahəsini və yaşayış evini sənədləşdirmək istəyərkən, cavabdeh buna etiraz etmişdir. Məhz hüquqnun pozulduğu bildiyi həmin vaxtdan məhkəmədə hazırkı iddianı qaldırmışdır. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Göygöl Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2(066)-1060/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, mübahisəli torpaq sahəsi anası İddiaçı2 Əlseysan qızı tərəfindən alınmış və orada anası onun üçün yaşayış evi tikmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Göygöl Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2(066)-1060/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2(066)- 1060/2022 nömrəli qətnaməsi ləğv olunmalı və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 20905 manat və 2700 (iki min yeddi yüz) ABŞ dollarının ödəniş gününə olan Azərbaycan manatı məzənnəsi ilə məbləğində pul alınıb İddiaçı2 Əlseysan qızına verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2022-ci il tarixdə Göygöl rayonu Üçtəpə kəndində X1, X2, X5, CƏfərova Zenfira Rəfi qızı və X3 tərəfindən tərtib edilmiş Aktdan görünür ki, Göygöl rayonu ÜÇtəpə kəndində Cavabdeh adına 0,08 ha torpaq sahəsində inşa edilmiş evi onun bacısı İddiaçı2 tikdiribdir. Aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. ƏMDK yanında DƏDRX-nin dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Göygöl rayonu, Üçtəpə kəndində 0,08 ha torpaq sahəsində ümumi sahəsi 167,9 kvm-dən ibarət fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2023-cü il tarixli, 10/2388 saylı rəyindən görünür ki, Göygöl rayonu Üçtəpə kəndində Cavabdeh xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 167.9 kvm-dən ibarət yarımtikili üzrə yerinə yetirilmiş tikinti işlərinin ümumi dəyəri təqribən 20905 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, İddiaçı2 Əlseysan qızı ilə qardaşı olan Cavabdeh arasında şifahi razılaşmaya uyğun olaraq, sonuncu adına 0,08 ha torpaq sahəsini 2700 ABŞ dolları məbləğinə razılaşaraq, İddiaçı2 sahibliyinə və faktiki istifadəsinə vermiş, sonuncu isə orada 2008-ci ildə yaşayış evi tikmişdir. ƏMDK yanında DƏDRX-nin dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarış ilə Göygöl rayonu, Üçtəpə kəndində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 167,9 kvm-dən ibarət fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İddiaçı həmin ev və torpaq sahəsini adına qeydə alınmasını cavabdehdən xahiş etsə də, cavabdeh bundan imtina edərək, əvəzində ata mülkünün onun adına sənədləşdirilməsini tələb etmişdir. Halbu ki, ata mülkünün cavabdehin adılna sənədləşdirilməsi iddiaçı tərəfdən asılı deyil, həmin evdə onların anası da yaşadığı üçün, hazırda vərəsəliklə bağlı mübahisə yoxdur. Cavabdeh mübahisə edilən evə çəkilmiş xərclərin dəyərini mübahisələndirmiş və bununla bağlı müvafiq ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2023-cü il tarixli, 10/2388 saylı rəyi ilə Göygöl rayonu Üçtəpə kəndində Cavabdeh xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 167.9 kvm-dən ibarət yarımtikili üzrə yerinə yetirilmiş tikinti işlərinin ümumi dəyəri təqribən 20905 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan birimülkiyyətçinin iradəsidir. Bu baxımdan tikilini torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər. Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərkən, mülkiyyətçinin hüquqları ilə yanaşı göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir. Çünki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş binaların sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, binalar sökülmədən şəxs oradan çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin torpaq sahəsinə görə mülkiyyətçiyə verdiyi pulun qaytarılması və mülkiyyətçinin razılığı ilə tikdirdiyi yaşayış evi üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququnda haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində iddiaçıların tikintiyə 30000 manat xərc çəkmələri ilə razı olmadığını göstərməklə, iş üzrə məhkəmə texniki-tikinti ekspertizasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya dəlillərinin araşdırılması və iddiaçılar tərəfindən Göygöl rayonu Üçtəpə kəndində Cavabdeh xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 167.9 kvm-dən ibarət fərdi yaşayış evinin tikintisinə faktiki olaraq sərf edilmiş xərcin real məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-680/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2023-cü il tarixli, 10/2388 saylı rəyi əldə edilmişdir. Həmin rəydən görünür ki, Göygöl rayonu Üçtəpə kəndində Cavabdeh xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 167.9 kvm-dən ibarət yarımtikili üzrə yerinə yetirilmiş tikinti işlərinin ümumi dəyəri təqribən 20905 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.1-cı maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqqında” 24 noyabr 2005-ci il tarixli qərarınını 6.2-ci maddəsinə əsasən, qətnamənin əsaslandırcı hissəsinə xüsusi diqqət verilməli, qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkmənin nəticlərini əsaslandırdığı sübutlar, bu və ya digər sübutlar rədd və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutuğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi nəticəsinə gələrəkən, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, mübahisənin maddi hüquqi əsaslarınlı düzgün müəyyın etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.1-ci maddələrinə əsasən, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2(066)-1060/2022 nömrəli qətnaməsi ləğv olunmalı və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 20905 ( iyirmi min doqquz yüz beş) manat və 2700 (iki min yeddi yüz) ABŞ dolları ödəniş gününə olan Azərbaycan manatı məzənnəsi ilə məbləğində pul alınıb İddiaçı2 Əlseysan qızına verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası cavabdehin hazırkı tələblə bağlı iddia müddətinin keçməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı öz hüququnun məlum olduğu vaxtdan dərhal sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir ki, bununla da iddia müddətini ötürməmişdir. Digər tərəfdən, cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinə ərizə verməmişdir. Məhkəmə kollegiyası İddiaçı1 münasibətdə qeyd edir ki, o, xx.xx.2002-ci il təvəllüdlü olmaqla, o, həmin ərəfədə azyaşlı olduğundan, mübahisəli torpaq sahəsi ilə bağlı razılaşmalarda onun iştirakı və tikilidə əməyi qeyri mümkündür. Ona görə də, iddia tələbi ona münasibətdə rədd olunmalıdır. İşdə olan ekspertiza xərclərinə dair xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 390, 392- 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2(066)-1060/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 20905 ( iyirmi min doqquz yüz beş) manat və 2700 (iki min yeddi yüz) ABŞ dolları ödəniş gününə olan Azərbaycan manatı məzənnəsi ilə alınaraq İddiaçı2 Əlseysan qızına verilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ekspertiza xərci cavabdehə aid edilsin və ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, hesab AZ34 CTRE**********00********) köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar