Məhkəmə qərarları › İş №2(104)-681/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-681/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-681/2025 26.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-7388/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qərardadından İddiaçı tərəfdən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-7388/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qərardadı ilə (X.Səfərli) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-7388/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında əsassız olaraq Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1.3-cü maddəsinə istinad edir. Halbuki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 36.2-ci maddəsində göstərilir ki, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Belə olduğu halda məhkəmənin iddianı geri qaytarmasının heç bir hüquqi əsası yoxdur. Hesab edir ki, məhkəmə qanunun tələbini pozaraq səhv nəticəyə gəlməklə işi icraata qəbul etməmişdir. Ərizəsində Cavabdeh1 5000 manat, Cavabdeh2 58400 manat verdiyini qeyd etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-7388/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-7388/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qərardadından İddiaçı tərəfdən verilmiş şikayətin təmin edilməməsi, şikayətin material ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 qeydiyyat ünvanı Daşkəsən rayonu ərazisində yerləşdiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Daşkəsən Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə digər Cavabdeh1 qeydiyyat ünvanının Gəncə şəhəri ərazisində yerləşməsinə münasibətdə qeyd etmişdir ki, iddia ərizəsində göstərilən faktiki əsaslara uyğun olaraq iddiaçının Cavabdeh2 borc olaraq verdiyini bildirdiyi pulun bir hissəsini sonuncu, Cavabdeh1 vermişdir. Belə olan halda, əvvəla Cavabdeh2 borcun verilib-verilmədiyi, daha sonra Cavabdeh1 pulun tutulmalı olub-olmadığı müəyyən edilməli olduğundan və Cavabdeh2 tələbə münasibət bildirməsinə imkan yaratmaq məqsədilə ərazi aidiyyətinə uyğun olaraq hazırkı iddiaya Gəncə Şəhər Məhkəməsində baxıla bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: “Yaşayış yeri və olduğu yer haqqında” Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Göründüyü kimi cavabdeh Yusifova X1 rayonu, İ.Qayıbov küçəsi, ev 24A, mənzil 13 ünvanında qeydiyyatda olsa da, digər Cavabdeh1 Gəncə şəhəri, Əbül-Üla Gəncəvi küçəsi, ev 160, mənzil 6-da qeydiyyatdadır. Bu da iddiaçıya onun seçməsinə görə məhkəmə aidiyyətini müəyyənlişdirməyə imkan verir. Həm də nəzərə alınmalıdır ki, iddiaçının tələbi hər iki cavabdehə qarşı yönəlmişdir və MPM-in 149.2.3-cü maddəsinə uyğun olaraq iddiaçı cavabdehlərin hər birinə qarşı yönələn tələbi ayrı-ayrılıqda göstərmişdir. O ki qaldı Cavabdeh2 borcun verilib-verilmədiyi, daha sonra Cavabdeh1 pulun tutulmalı olub-olmadığının müəyyən edilməli olmasına, həmin hallar məhkəmə iclasında araşdırmalı hallardır. Göründüyü kimi iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun verildiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qaytarmaqda səhvə yol vermişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, Gəncə Şəhər Məhkəməsinin 2(125)-7388/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qərardadı ləğv edilməli və iş materialları həmin iddia ərizəsinə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası MPM-in 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-7388/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair mülki iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar