Məhkəmə qərarları › İş №2(104)-683/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-683/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-683/2023 08.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Kəlbəcər Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(040)-875/2022 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 16500 (on altı min beş yüz) manat pulun və 139,5 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı və vəkil X1 onun səhhətinə vurduqları zərərə görə 20000 (iyirmi min) manat maddi təzminatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(040)-875/2022 saylı qərardadı ilə (hakim Həsən Qəniyev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası və Cavabdeh İddiaçı qarşı böhtana və səhhətinə vurulan zərərə görə maddi təzminat tələbinə dair qarşılıqlı iddiası üzrə Kəlbəcər Rayon Məhkəməsinin icraatında olan 2(040)- 875/2022 saylı mülki iş üzrə icraatın, Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(100)-60/2022 saylı cinayət işi üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək, dayandırılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Kənan İsmayılov qeyd olunan şikayət verərək, Kəlbəcər Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(040)-875/2022 saylı qərardadının ləğv edilərək iş üzrə icraatın təzələnməsini, əks halda şikayətin baxılması üçün aidiyyəti üzrə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barışıq üçün cavabdehə 15000 (on beş min) manat pul ödənilmişdir. 03 mart 2021-ci il tarixli qəbzlə də Cavabdeh 15000 (on beş min) manat məbləğində pulu aldığını öz imzası ilə təsdiq etmişdir. Buna baxmayaraq bu məbləği aldıqlarını inkar edirlər. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-875/2022 nömrəli 09 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadları ləğv edilməli və mülki iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Mübahisələndirilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılması qənaətinə gələrkən Azərbaycan Respublikasının MPM-in 254.1 və 254.1.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(100)-60/2022 nömrəli cinayət işi üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək işə baxılması mümkün olmadığından iş üzrə icraat dayandırılmalıdır. Qeyd edilən maddəyə görə məhkəmə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraatı dayandırmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq əvvəla qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Qeyd edilən qanunvericilik normasının mahiyyətinə əsasən, “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” dedikdə, məhkəmə mülki iş üçün preyudisial əhəmiyyəti olan hər hansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülməlidir. Belə ki, preyudisial əhəmiyyəti olan həmin faktlar Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki və cinayət məhkəmə icraatı qaydasında və inzibati qaydada baxılan işlər üzrə araşdırma predmeti ola və bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş (konstitusiya işi, mülki iş, cinayət işi, inzibati xətalara dair iş) məhkəmədə baxılan mülki işin həllini özündən asılı edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqda ona görə haqlı olmamışdır ki, istinad edilən maddədə nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisənin həlli cinayət işi üzrə baxılan həmin işdən asılı deyildir və cinayət işinə baxılmadan da hazırkı mülki işə baxılması mümkündür. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikasının MPM-in 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 397, 398, 399, 400 və 402-ci maddələrini rəhbər tutub Qəraraaldi: Şikayət təmin edilsin. İş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(040)-875/2022 nömrəli qərardadı və onun əsasında verilmiş 09 yanvar 2023-cü il tarixli 2(040)-875/2022 nömrəli qərardadı ləğv edilsin. Mülki iş baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar