Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-683/2025 07.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Abuzərov Heydər Saleh oğlunun iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinə xitam verilməsi və pul tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli 2(042)-1202/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinə xitam verilməsi və pul tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 01 dekabr 2017-ci il tarixli icarə müqaviləsinin ləğv olunması və cavabdehdən 3570 (200+644,30+2400+450+176=3570,30) manat və ödənilmiş 57 manat dövlət rüsumu alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək, cavabdehdən 1800 manat və ödənilmiş 146 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli 2(042)-1202/2024 nömrəli (hakim F.Mirzəquliyev) qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi; İddiaçı və Cavabdeh arasında 01 dekabr 2017-ci il tarixdə bağlanılmış İcarə müqaviləsinin ləğv edilməsi; İlkin iddia tələbnin qalan hissədə təmin edilməməsi; Qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və ilkin iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qarşılıqlı iddia tələbinin təmin olunmaması hissədə qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, sahibkar kimi vergidə qeydə alınmış və ona bu barədə vergi orqanı tərəfindən VÖEN verilmişdir. İlkin iddia üzrə Cavabdeh icarəyə götürdüyü və ona məxsus obyektdə avtomobillərin ehtiyyat hissələrinin satışı, eləcədə dəmir metalların qəbulu ilə məşğul olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Abuzərov Heydər Saleh oğlu da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Sonuncu ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 01 dekabr 2017-ci il tarixli icarə müqaviləsi bağlanmış və İddiaçı mülkiyyətində olan Gədəbəy şəhəri, S.Vurğun küçəsində yerləşən 12 kv.metrdən ibarət qeyri-yaşayış (ticarət obyekti) sahəsini kommersiya məqsədi ilə Cavabdeh icarəyə verilmişdir. Cavabdeh icarəyə götürdüyü qeyri yaşayış sahəsində avtomolbil ehtiyat hissələrinin satışı, eləcədə dəmir metalların qəbulu ilə məşğul olmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış “Vergi məlumatları”na dair məlumatlardan müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh sahibkar kimi vergi orqanında qeydə alınmışdır. 20 iyul 2024-cü il tarixdə İddiaçı ********** nömrəli VÖEN, Cavabdeh isə17 sentyabr 2004-cü il tarixdə ********** saylı VÖEN verilmiş və sonuncu avtomobil ehtiyat hissələrinin parakəndə satışı ilə məşğul olmuş, lakin vergi ödəyicisi kimi fəaliyyətini müvəqqəti dayandırmışdır. Göründüyü kimi, icarə müqaviləsi bağlanan zaman hər iki tərəf fərdi sahibkar kimi fəaliyyət göstərmiş və daşınmaz əmlak da məhz kommersiya məqsədləri üçün icarəyə götürülmüşdür. Belə olan halda tərəflər arasında yaranmış mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan bu halını nəzərə almamış və işi icraata götürərək mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 30 maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır Həmin Məcəllənin 31-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 32.3. maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi üzv dövlətlərin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.4. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 387.2.9 maddəsinə görə, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Həmin Məcəllənin 402.2.5. maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24, 26, 263-264, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli 2(042)-1202/2024 nömrəli qətnaməsi ləğv edilsin. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinə xitam verilməsi və pul tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-683/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-683/2025
07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver