Məhkəmə qərarları › İş №2(104)-684/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-684/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-684/2023 07.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1154/2022 saylı mülki iş üzrə 14 dekabr 2022-ci il tarixli qərardadından İddiaçı ASC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 6243,24 manat əsas, 909,74 manat faiz, cəmi 7152,98 manat borcun və ödənilmiş 91,53 manat dövlət rüsumunun tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(040)-1154/2022 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-cimaddəsinə əsasən geri qaytarılması qərara alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Elsevər Əkbərov qeyd olunan qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(040)-1154/2022 saylı qərardadından narazıdır. Belə ki, məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, ərizədə cavabdehin faktiki yaşayış yerinin ünvanı natamam göstərilmişdir. Cavabdehin valideyni ilə əlaqə saxlanılmış, cavabdehin valideyni Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, MD-23-də yaşadığını bildirmişdir. Həmçinin, cavabdeh özü də kredit müqaviləsi bağlayan zaman daimi yaşayış ünvanının Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 olduğunu bildirmişdir. Ona görə də Kəlbəcər Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(040)-1154/2022 saylı qərardadının ləğv edilməsini, əks təqdirdə şikayətin 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1154/2022 saylı mülki iş üzrə 09 yanvar 2023-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, eləcə də şikayətin dəlillərini müzakirə edərək, hesab edir ki, şikayət təmin edilməli və Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1154/2022 saylı mülki iş üzrə 14 dekabr 2022-ci il tarixli qərardadı tam, onunla bağlı 09 yanvar 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən qeyd etmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 149.2-ci maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilmədən tərtib edilmiş, ərizədə cavabdehin faktiki yaşayış yerinin ünvanı natamam göstərilmişdir. Ərizədə cavabdehin faktiki yaşayış ünvanı “Abşeron şəhəri, MD 23” qeyd edilmiş, lakin hansı evdə və ya mənzildə yaşaması qeyd edilmədiyindən, cavabdehin faktiki hansı ünvanda yaşamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin, qeyd olunmalıdır ki, məhkəməyə müraciət etmək hüququ hər bir kəsin konstision hüququ olsa da, şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2 və 149.2.3-cü maddələrinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Kollegiya hesab edir ki, iddiaçı düzgün olaraq həmin iddia ərizəsi ilə cavabdehin qeydiyyatda olduğu yer üzrə Kəlbəcər Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır. Belə ki, mülki işin materiallarında olan kredit müqaviləsindən, bundan əlavə, Cavabdeh barəsində olan məlumatlardan müəyyən edilir ki, Cəfərov X1 şəhərində qeydiyyata olmaqla, faktiki yaşayış ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, MD-23-dür. Bundan əlavə, işə apellyasiya instansiyasında baxılarkən hazırki iş üzrə cavabdeh olan Cavabdeh ilə telefon vasitəsilə əlaqə saxlanılmış və sonuncu iddia ərizəsində göstərilən ünvanda, yəni Abşeron şəhəri, Xırdalan şəhəri, MD 23 ünvanda yaşadığını bildirmişdir. Ona görə də, kollegiya hesab edir ki, cavabdehin faktiki yaşayış yerinin ünvanının natamam göstərildiyi barədə birinci instansiya məhkəməsinin qənaətləri doğru olmamışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1154/2022 saylı mülki iş üzrə 14 dekabr 2022-ci il tarixli qərardadı tam, onunla bağlı 09 yanvar 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1154/2022 saylı mülki iş üzrə 14 dekabr 2022-ci il tarixli qərardadı tam, onunla bağlı 09 yanvar 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş Kəlbəcər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar