Məhkəmə qərarları › İş №2(104)-685/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-685/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-685/2023 23.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhraman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-842/2022 nömrəli qətnaməsindən cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi və iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, barəsində qanunsuz hesablanmış 518 manat məbləğində cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-842/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Qələmdar Abbasov) iddia təmin edilmiş, cavabdeh «Azəriqaz» X1 X2 İdarəsi tərəfindən İddiaçı qanunsuz hesablanmış 518.40 (beş yüz on səkkiz manat 40 qəpik) manat məbləğində cərimənin silinməsi qət edilmişdir. Cavabdeh «Azəriqaz» İB həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-842/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli aktla sayğaca baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun deşik olduğu müəyyən edilmiş və dəymiş ziyanın hesablanması, ödənilməsi müəyyən edilmişdir, iddiaçıya 518 manat cərimə məbləği hesablanmışdır.Məhkəmənin gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Tərtib olunmuş ******* saylı akt əsasında hesablamanın qanunvericiliyin tələblərinə uyğun olmadığına görə 518.00 manat borcun silinməli olduğunu hesab etmişdir. Qeyd edilən 2022-ci ilin yanvar ayında hesablanmış borc məbləği sırf qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfində tam ödənilməlidir.Tələbin ikinci hissəsi ilə bağlı qeyd etmək istəyirlər ki, 2022-ci ilin yanvar ayında qaz sayğacının işləmədiyi 90 gün ərzində faktiki olaraq istifadə edilmiş qazın dəyəri “Qazdan istifadə Qaydaları,,nın 5.4-cü bədinə əsasən orta günlük qaz sərfinə uyğun hesablanmışdır və iddiaçı tərəfində tam olaraq ödənilməlidir. “Azəriqaz” İB hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edilməsi hissəsində gəldiyi nəticə səhvdir bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Cavabdeh «Azəriqaz» İB-nə işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, Kəlbəcər rayonu Qılınclı kəndindən olmaqla Göygöl rayonu Üçtəpə kəndində müvəqqəti məskunlaşmışdır. Göygöl Qaz İdarəsinin işçisi Atakişiyev Dağbəyi yaşadığı ünvana gələrək köhnə sayğacının əvəzlənməli olduğunu bildirmiş və özü də əvəzləmə üçün ona şərait yaratmışdır. Lakin sayğacın boğazı açılmadığı üçün sayğaca fiziki güc göstərərək boğazını qırmış və ona bildirmişdir ki, narahatçılıq yoxdur və yerində akt tərtib edəcəkdir ki, cərimə yazlmasın. Lakin üzərindən bir müddət keçəndən sonra ərazi çilingəri gəlib ona bildirmişdir ki, həmin sayğac labaratoriyada müayinə edilmişdir və müdaxilə edilmə faktı müəyyən olunmuşdur.Onun tərəfindən isə qaz sayğacına hər hansı bir müdaxilə olunmamışdır. Məhkəmənin qətnaməsinin qanunu hesab edir. Özü dəfələrlə Gəncə RQİİ-nə müraciət etmiş, yazılan məktub onlara çatıb, lakin cərimənin silinməyəcəyini ona bildirmişlər. Onun tərəfindən qaz sayğacına hər hansı müdaxilə olunmadığını bildirmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-842/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-842/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli “Abonentin saldosu”ndan görünür ki, İddiaçı təbii qazdan istifadəyə görə 518,40 (beş yüz on səkkiz) manat, 40 qəpik borcu yaranmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı Göygöl rayonu Üçtəpə ünvanında quraşdırılmış G4 markalı İtron tipli 1402AZ**********30 nömrəli qaz sayğacı çıxarılmış dövlət yoxlamasına göndərilmişdir. 08 dekabr 2021-ci il tarixli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, “Azəriqaz” İB ilə Kəlbəcər rayonu Qılınclı kənd sakini İddiaçı arasında qazın alqı-satqısına dair qarşılıqlı razılıq əsasında müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli, qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-05452-1 nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan, G-4 markalı sayğacın çıxış yivli birləşməsi deformasiyaya uğramış, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və sayğacın çıxış plastmas borusu deşilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında,, ******* nömrəli 25 fevral 2022-ci il tarixli aktın surətindən görünür ki, ARDNŞ-i Azəriqaz İB-i Qazsayğaclarının yoxlanılması barədə AKT MSK-29/1710-05452-1 nömrəli rəyinə əsasən qaz sayğacına baxış keçirilmiş, sayğacın çıxış yivli birləşməsi deformasiyaya uğramış, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və sayğacın çıxış plastmas borusu deşilmişdir. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı 4320 kub metr itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İddiaçı ünvanlanmış müraciətə baxılması barədə xx.xx.2022-ci il tarixli, TŞ-01/xxxx-1097 nömrəli məktubdan görünür ki, iddiaçının ünvan 2 ünvanında qaz hesab kodunda yaranmış borc barədə H-674 saylı xx.xx.2022-ci il tarixli müraciətinə Gəncə X2 İdarəsinə daxil olmuşdur. Müraciətlə əlaqədar bildirilmişdir ki, mütəxəssislər tərəfindən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözü gedən AGİS bazasında kod: **********00096 olmaqla qeydiyyata alınmışdır. Onun ünvanında quraşdırılmış G-4 markalı İtron tipli 1402AZ**********30 zavod nömrəli qaz sayğacı çıxarılmış dövlət yoxlanılmasına göndərilmişdir. Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli MSK-29/1710- 05452-1 saylı rəyinə əsasən sayğacın çıxış plastmas borusu deşilib. Bu səbəbdən ona 4320 m3 həcmində 518.40 manat qaz sərfi olaraq dəymiş ziyan hesablanmışdır. Qeyd edilmişdir ki, borcun abonentin hesabından silinməsi Gəncə RQİİ-nin səlahiyyətləri xaricindədir. İş Materiallarından görünür ki, iddiaçının ünvan 3 ünvanında qaz sayğacı çxarılmış və dövlət yoxlamasına göndərilmişdir. Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli MSK-29/1710-05452-1 saylı rəyinə əsasən müəyyən edilmişdir ki sayğacın çıxış plastmas borusu deşilib.Bu səbəbdən ona 4320 m3 həcmində 518.40 manat qaz sərfi olaraq dəymiş ziyan hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə görə, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus qaz sayğacında çıxış plastmas borusunda deşilmə müəyyən edilmiş, deşilmənin sərfiyyatı qeydə almaması aşkar edilsə də, həmin halın baş verməsində iddiaçının təqsiri müəyyən edilməmişdir. Yəni, iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılmış sayğacda aşkar edilən qüsurun iddiaçı tərəfindən həyata keçirilməsi öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, iddiaçıya əsassız olaraq qaz sərfinə görə 518,40 manat məbləğində borc hesablanmışdır. Digər tərəfdən iddiaçının işə əlavə etdiyi Smart sayğaclı abonentin saldosundan görünür ki, mübahisə olunan dövr üçün də müvafiq ödənilmələr edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin tələblərinə görə, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini qaz paylayıcı daşıdığından, həmçinin qaz sayğacının sıradan çıxmasının bilavasitə istehlakçının təsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tətbiq edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-842/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-842/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar