Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-685/2025 12.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (bacısı) Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)- 1319/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-1319/2024 saylı qətnaməsi ilə (hakim R.Mustafayev) iddianln qismən təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-844/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının artırılaraq, xx.xx.2010-cu il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq, anası İddiaçı xeyrinə verilməsi, artırılmış hissədə alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada məhkəmə tərəfindən zəruri hesab edilən xərclər qismində 50 (əlli) manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-1319/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Göygöl Rayon Məhkəməsinin 2(066)-844/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada hər ay sabit pul məbləğində bir uşaq üçün 80 (səksən) manat sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılaraq, hər ay bir uşaq üçün 250 manat sabit pul məbləğində alimentin tutlaraq onun xeyrinə verilməsinə, eyni zamanda da mediasiya xərci kimi ödədiyi 50 manat pulun cavabdehlərdən tutularaq, onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər onun mərhum həyat yoldaşının valideyinləridir. O, cavabdehlərin oğlu X3 ilə 23 sentyabr 2004-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların rəsmi nikahlarından xx.xx.2006-cı ildə Tofiq və xx.xx.2010-cu ildə Aynişan adlı uşaqları doğulmuşdur. Həyat yoldaşı xx.xx.2010-cu ildə vəfat etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-844/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən birgə qaydada hər bir uşaq üçün 80 manat, cəmi 160 manat alimenin onun xeyrinə tutulması qət edilmişdir. Oğlu Cavabdeh1 yetkinlik yaşına çatmışdır və onun saxlanması üçün müəyyən edilmiş aliment dayandırılmışdır. Yalnız qızı Aynişan Abbasovanın saxlanılması üçün 80 manat aliment alır. Cavabdehlərin maddi imkanları yaxşı olsa da əlavə olaraq heç bir köməklik etmirlər. Hazırki vəziyyətdə bu məbləğdə alimentlə uşağın saxlanılmasında çətinlik çəkir. Gəlir yeri ancaq ailə başçısını itirdiyinə görə dövlət tərəfindən təyin edilmiş müavinətdir. Cavabdehlər pensiya alırlar və təkbaşına yaşayırlar. Himayələrində ehtiyacı olan heç kim yoxdur. Bundan əlavə də qaynatası Gəncə-Göygöl marşrut xəttində sürücü işləyir və kifayət qədər qazancı olur. Bütün bunlara baxmayaraq, cavabdehlər nəvələrinin heç bir maddi ehtiyaclarını ödəmək istəmirlər. Alimentin artırılması barədə mediasiyaya müraciət etsə də cavabdehlər mediasiyaya gəlməmişlər, ona görə də məcbur olub hazırki, iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci insatansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, onlar ahıl yaşındadırlar və hər ikisi pensiya alıb, pensiya ilə dolanırlar. Onalrın pensiyası ancaq məişət xərclərini ödəyir. Onların hər ikisi xəstədirlər və daimi olaraq müayinə və müalicəyə ehtiyacları vardır. Buna baxmayaraq onalara təyin olunan dərmanları ala bilmirlər. O, mərhum oğluna 17 sot fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi vermişdir. Gəlini 17 sot torpaq sahəsini satıb uşaqlara xərclədiyini demişdir. Lakin torpağın pulundan onların müalicəsi üçün heç bir maddi köməklik etmədi. Buna baxmayaraq onlar xəstə olsalar da, dərman almadan, pulunu gəlinə vermişlər. Onalrın yaşı ötmüşdür bu səbəbdən heç yerdə işləmirlər, aylıq pensiyadan başqa gəlirləri yoxdur. Bu səbəbdən ailənin maddi durumu, günün səviyyəsində saxlaya bilmilər. Gəlinləri ünvanlı sosial yardım da alır. ÜSY ancaq ailəyə verilir. 2025-cü il üzrə hər uşaq üçün ehtiyac meyarı 285 manat nəzərdə tutur. Bu, alimentin miqdarından artıqdır. İddiaçı həm dövlətdən maddi yardım alır, eyni vaxtda onlardan aliment tələb edir. Bu hal məhkəmə tərəfindən birbaşa onların mülkiyyət hüququnun pozulmasıdır. Belə bir çətin maddi duruma olduğu halda, məhkəmə heç bir mötəbər subut gətirmədən bir uşaq üçün 150 manat aliment barədə qətnamə qət olunmuşdur. Bu tam həqiqətə uyğun olmayan yanlış bir qətnamədir. Bunun icrası mümkün deyil. O, bu məbləği qazana bilməz. Bu onun üçün fantastik bir rəqəmdir. Onun maddi durumu hansı mənbədən qazancı, ailə vəziyyətinin ağırlaşdırılması kimi hallar barədə qətnamədə araşdırılmadan hüquqi nəticəyə gəlinmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəflərdən iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək özünün 80 yaşı, həyat yoldaşı Cavabdeh2 75 yaşı olmaqla təqaüdçü olduqlarını, yaş hədlərinə görə tez-tez xəstələndiklərini, bu səbəbdən də aldıqları təqaüdün müəyyən hissəsini dərmanlarına xərcləndiyini, iddiaçının özünün isə ərindən miras qalmış 0,17 ha torpaq sahəsini sataraq Gəncə şəhərinə köçdüyünü, hazırda qeyrirəsmi olaraq işlədiyini, məhkəmə iclasına da həmin səbəbdən gəlmədiyini bildirərək apelyasiya şikayətinin təmin edilib qətnamənin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (bacısı) Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci istansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, cavabdehlərin və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş olan AZ-İİ seriyalı, 473897 nömrəli, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 (atası X3, anası İddiaçı) 23 iyul 2010-cu il tarixdə Göygöl rayon Qızılca kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2010-cu ilin 08ci ayının 17-ci günündə 399 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qızılca kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş olan AZ-İ seriyalı, 372625 nömrəli, ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 19 mart 2010-cu il tarixdə Göygöl rayon Qızılca kəndində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2010-cu ilin mart ayının 27-sı günündə 03 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 2(066)-844/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2006-cı il tarixdə doğulmuş Cavabdeh1 Sərxan oğlu və xx.xx.2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada hər ay sabit pul məbləğində hər bir uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikası vətandaşıdır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarında İddiaçı gəliri barədə sübut aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarından görünür ki, Cavabdeh2 xx.xx.1950-ci ildə doğulmuşdur, pensiyaçı olmaqla, yaşa görə 363.87 manat pensiya təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarından görünür ki, Cavabdeh1 xx.xx.1945-ci ildə doğulmuşdur, pensiyaçı olmaqla, yaşa görə 413.24 manat pensiya təyin edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, MŞG/1-01423 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və qəbzdən görünür ki, vətəndaş İddiaçı və vətəndaş Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin artırılması” mübahisə üzrə xx.xx.2024-cü il tarixdə saat 11:00-da mediasiya prosesi həyata keçirilmişdir. Cavabdeh1 və Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş Xanlar rayon Qızılca kənd İHN-i tərəfindən verilmiş AZ-İ seriyalı, 779212 nömrəli, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 Sərxan oğlu (atası X3, anası İddiaçı) 02 iyun 2006-cı il tarixdə Xanlar rayon Qızılca kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2006-cı ilin 07-ci ayının 06-cı günündə 14 nömrə ilə qeyd edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx.xx.2006-cı il tarixdə doğulmuş Cavabdeh1 Sərxan oğlu və xx.xx.2010-cu il tarixdə doğulmuş X1 atası X3 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Atalarının ölümündən sonra Göygöl Rayon Məhkəməsinin 2(066)-844/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il tarixdə doğulmuş Cavabdeh1 Sərxan oğlu və xx.xx.2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada hər ay sabit pul məbləğində hər bir uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmiş, hazırda Cavabdeh1 Sərxan oğlu yetkinlik yaşına çatdığına görə cavabdehlərdən aliment bir uşağa görə tutulur. Cavabdehlər yaşa görə pensiyaçı olmaqla müvafiq şəkildə 80 və 75 yaşlarındadırlar, yaşa görə pensiyadan başqa digər qazanclarının olması iş materialları ilə təsdiq olunmur. Hazırda iddiaçı təyin olunmuş alimentin miqdarının uşağın saxlanması üçün yetərli olmadığını qeyd edərək artırılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən aliment xx.xx.2021-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən 03 ildən artıq müddət keçmiş, yaşayış minimumu, uşaq böyüdükcə onun tələbatı və saxlanma xərcləri, həmçinin aliment ödəyən baba-nənin gəlirləri artmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-844/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2010-cu il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, uşağın anası İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Həmin nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Hazırki iş üzrə iddiaçının tələb hüququ Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89 və 93-cü maddələrinin tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə görə yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Həmin Məcəllənin 93.1-ci maddəsinə əısasən bu Məcəllənin 88-92-ci maddələrində göstərilmiş şəxslərə aliment ödənilməsi qaydası və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını hər bir ayrıca halda aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İşin hallarından göründüyü kimi iddiaçı əmək qabiliyyətli olmaqla heç bir yerdə işləmədiyini vurğulayaraq 80 və 75 yaşda olan, həm də yaşa görə əmək pensiyasından başqa digər gəlirlərinin olması müəyyən olunmayan cavabdehlərdən nəvəsinin saxlanması üçün tutulan hər ay sabit pul məbləğində 80 manat təşkil edən alimentin məbləğinin artırılmasını xahiş edir. Halbuki, iddiaçını özü əmək qabiliyyətlidir, iddiaçının nümayəndəsinin etirafına görə ailə başçısını itirməyə görə pensiya da alır. Kollegiya hesab edir ki, məhkəmənin cavabdehlərin qazancının artmasına dair dəlili əsaslı sayıla bilməz. Onların aldığı pensiyanın cüzi artımı heç də onlarının qazancının artdığını təsdiq etmir. Onların yaş həddinə görə müəyyən tibbi vasitələrdən istifadə etmələri istisna deyildir. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2024-cü il üçün 235 manat müəyyən edilsə də, cavabdehlərin gəlirləri pensiya məbləğindən ibarət olmaqla qalmışdır, digər gəlirləri müəyyən olunmamışdır. Hazırda cavabdehlər pensiyaçı olmaqla ahıl yaşda olduqlarından və onların da qayğıya ehtiyaclar olduğundan onlardan tutulan alimentin miqdarının artırılması kollegiyanın qənaətinə görə məqsədəuyğun deyil. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya şikayəti təmin edilələrək iddia təmin eidlməməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya onu da qeyd edir ki, iddiaçı bir uşaq üçün 250 manat aliment təyin edilməsini xahiş etmişdir. Mübahisələndirilən hissə bir uşağa görə 170 manat olmaqla, il ərzində 2040 manat təşkil edir (170*12=2040). Ona görə də həmin hissədən şikayət verilməsi nəzərdə tutulmamışdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-1319/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Bu qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-685/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-685/2025
12.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver