Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-686/2023 17.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Tələbkar ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 və borclu Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 iştirakları ilə, Tələbkar ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” 23 avqust 2019cu il tarixli qərarının ləğv edilməsi barədə şikayətinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2(043)-1029/2010 nömrəli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1029/2010 saylı, 23 sentyabr 2010-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən, Cavabdeh direktoru X5 ilə Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı arasında bağlanmış 16 iyul 2008-ci il tarixli KMHŞ ********** nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh direktoru X5 16 iyul 2008-ci il tarixli KHMŞ ********** nömrəli kredit müqaviləsi üzrə 408738 manat əsas borc, 68986 manat faiz borcu - cəmi 477724 (dörd yüz yetmiş yeddi min yeddi yüz iyirmi dörd) manat və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu tutulmalı, tutma verilmiş kredit üzrə öhdəliklərin təmini tədbiri kimi yüklü edilmiş X2 mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu Heydər Əliyev prospektində yerləşən 3,44725 ha torpaq sahəsində yerləşən 1 girişli 3,6 kv.m ümumi və 3,6 kv.m köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasına yönəldilməli və cavabdehin banka olan borcu qeyri-yaşayış binasının açıq hərracda satışından əldə edilən pul vəsaiti hesabına ödənilməlidir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş 23 avqust 2019cu il tarixli qərara əsasən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 sentyabr 2010-cu il tarixli 2(043)-1029/2010 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan tələbkar ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2(043)-1029/2010 nömrəli qərardadı ilə tələbkar ləğv prosesində olan “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilərək, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(043)-1029/2010 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədinin icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan borclu Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bank tərəfindən verilmiş hesabdan çıxarış Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 sentyabr 2010-cu il tarixli 2(043)-1029/2010 nömrəli qətnaməsi əsasında açılmış icra işinə əlavə edilmişdir. Həmin çıxarışda da qeyd olunur ki, Cavabdeh MMC-nin banka borcu qalmamışdır. Bank özü də qəbul edir ki, həmin sənəd onun tərəfindən verilib. Bank onu bildirir ki, həmin hesabdan çıxarışda 26 noyabr 2010-cu il tarixli ödəniş guya həmin tarixə olan qrafada qeyd olunmuş 404681,21 manat məbləğ kreditin yuvarlaqlaşdırılması məqsədilə ora yazılmışdır, bu yazının borca aidiyyəti yoxdur. Ancaq tələbkarın (bank) nümayəndəsi bu yuvarlaqlaşdırmanın nə məqsəd daşıdığını məhkəməyə izah edə bilməmişdir. Ümumiyyətlə, bank tərəfindən həmin ödənişlə bağlı müxtəlif etirazlar bildirilsə də, lakin məhkəməyə sübut təqdim edilməmişdir. Halbuki bankın təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, 404681,21 manat pul banka ödənilmiş və sonuncu da həmin məbləği öz növbəsində əsas, faiz və cərimə borcuna silmişdir. Həmçinin bankın təqdim etdiyi hesabdan çıxarışda xx.xx.2012-ci il tarixə olan qrafasına baxdıqda yekun dövriyyə olaraq DB - 494578,05 və KR - 494.058,42 məbləğləri qeyd edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(043)-1029/2010 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2023-cü il tarixli 2(104)- 686/2023 saylı qərardadına əsasən şikayətə şifahi məhkəmə baxışında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən borclu Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 şikayəti müdafiə etdiyini qeyd edərək, izahatında bildirmişdir ki, icra sənədi üzrə borc tələbkara tam olaraq ödənilib. Belə ki, bank əməliyyatlarına, habelə bank tərəfindən verilmiş sənədlərə müdaxilə və ya düzəlişlər edilməmişdir. İcra məmuruna təqdim edilmiş hesabdan çıxarış bank tərəfindən tərtib edilib. 404681,21 manat məbləğində borc banka nağd şəkildə ödənilib. Uzun müddət keçdiyindən borcun ödənilməsinə dair qəbz onlarda qalmayıb. Banka olan borc ödənildiyi üçün bank da öz növbəsində həmin vəsaiti şirkətin borclarına silmişdir. Cavabdeh tələbkara borcunun tam ödənilməsi tələbkar tərəfin özlərinin məhkəməyə təqdim etdikləri hesabdan çıxarışla və iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə tam sübuta yetirilir. Nümayəndə1 sonda məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş 23 avqust 2019-cu il tarixli qərarın dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 şikayəti qəbul etməyərək izahatında bildirmişdir ki, borclu tərəf borcun ödənilməsini təsdiq edən sübut təqdim etməmişdir. Bank tərəfindən verilmiş hesabdan çıxarışdakı silinmələr ifadəsi texniki səhvdir. İcra sənədi üzrə edilmiş digər ödənişlər qaydasında olub. Həmin hesabdan çıxarışdakı məbləğin kim tərəfindən icra edildiyi və hansı qaydada ödənildiyi məlum deyil. Ona görə ki, həmin hesabdan çıxarışdakı hesab nömrəsi ödəmənin nağd şəkildə olmamasını təsdiq edir, eləcə də, ödəməmənin nağdsız şəkildə bankın hesabına ödənilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapmır. Nümayəndə2 sonda məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh MMC-nin Bank Standard QSC-də olan bank hesabından xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək olan dövrü əhatə edən çıxarışından görünür ki, həmin hesab üzrə qeyd edilən tarixlərdə yekun dövriyyə 431558,42 manat olmuş, dövr ərzində müxtəlif tarixlərdə yuvarlaq hesabla 200, 300, 500, 900, 1000, 1500, manat, eləcə də 404681,21 manat ödəniş edilmiş, sonuncu ödənişdən 48555,45 manat gecikdirilmiş faizlərin silinməsinə, 62701,67 manat cərimə faizlərinin silinməsinə, 293424,09 manat gecikdirilmiş əsas məbləğin silinməsinə yönəldilmişdir. Həmin çıxarışın “X10” qrafasında” DB 0,00 manat göstərilmişdir. Cavabdeh MMC-nin Bank Standard QSC-də olan bank hesabından xx.xx.2013-cü il tarixdən 26 dekabr 2016-cı il tarixədək olan dövrü əhatə edən çıxarışdan görünür ki, həmin hesab üzrə qeyd edilən tarixlərdə yekun dövriyyə 135900 manat olmuş, dövr ərzində müxtəlif tarixlərdə 11400, 5800, 23000, 30000, 10000, 6000, 4000, 3350, 1650, 12000, 3000, 4700, 9000 və 12000 manat ödəniş edilmişdir. Ödənişlərin hamısı nağd şəkildə hesaba mədaxil olunmuş və gecikdirilmiş əsas borcun silinməsinə yönəldilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2022-ci il tarixli 9/1439 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi hazırkı ekspertiza tədqiqatı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(043)-1029/2010 nömrəli qətnaməsi üzrə ləğv prosesində olan "xxxx" QSC tərəfindən verilmiş və mülki iş materiallarının 406-407-a səhifəsində olan hesabdan çıxarış nəzərə alınmaqla Cavabdeh MMC tərəfindən xx.xx.2010-cu il tarixdən (qətnamənin tarixi) sonra, xx.xx.2010-cu il tarixdən 26 dekabr 2016-cı il tarixədək olan müddət ərzində cəmi 567458,42 manat ödəniş edilmişdir. Cavabdeh MMC-nin direktoru X3 16 iyul 2008-ci il tarixli KHMŞ ********** nömrəli kredit müqaviləsi üzrə QSC "xxxx" KB-yə borc məbləği müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə müvafiq olaraq, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə müvafiq olaraq, məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1. maddəsinə əsasən, icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. Həmin Qanunun 20.2. maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.4. maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin Qanunun 20.6. maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1. maddəsinə əsasən, bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Həmin Qanunun 38.1. maddəsinə əsasən, banklar hesablaşmaları və pul köçürmələrini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, maliyyə bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın həmin Məcəlləyə müvafiq olaraq qəbul etdiyi normativ xarakterli aktlara, bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər. Həmin Qanunun 39.1. maddəsinə əsasən, banklar bank əməliyyatları haqqında bağlanmış müqavilələr və icra edilmiş müqavilələr (əqdlər) üzrə müvafiq sənədləri, o cümlədən elektron daşıyıcılarda olan informasiyanı, habelə fəaliyyətləri nəticəsində yaranan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada və müddət ərzində saxlamalıdırlar. Məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1029/2010 saylı, 23 sentyabr 2010cu il tarixli icra sənədi üzrə tələbin tam şəkildə icra edildiyini (bank tərəfindən verilmiş hesabdan çıxarışa əsasən) əsas götürərək, icra sənədi üzrə icraata xitam vermişdir. Həmin qərardan narazı qalan tələbkar ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə şikayət vermiş, işə baxan birinci instansiya məhkəməsi də şikayəti təmin etmiş və icra sənədini icra olunması üçün icra orqanına qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan "xxxx" Kommersiya Bankı tərəfindən verilmiş hesabdan çıxarış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2022-ci il tarixli 9/1439 nömrəli rəyinə əsasən Cavabdeh MMC-nin 16 iyul 2008-ci il tarixli KHMŞ ********** nömrəli kredit müqaviləsi üzrə tələbkar QSC "xxxx" KB-yə borcunun olmaması müəyyən edilir. İşin mübahisə olunan tərəfi (bankın şikayəti üzrə) 26 noyabr 2010-cu il tarixli 404681,21 manat məbləğində ödənişin həqiqətən Cavabdeh MMC tərəfindən QSC "xxxx" KB-nin bank hesabına ödənilib-ödənilməməsinin müəyyən edilməsidir. Çünki tələbkar ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikayətində həmin ödənişin texniki yanlışlıq nəticəsində borclunun bank hesabından çıxarışda əks olunduğunu və belə bir ödənişin edilmədiyini qeyd etmişdir. Kollegiya qeyd edir ki, tələbkar şikayətində 26 noyabr 2010-cu il tarixli 404681,21 manat məbləğində ödənişin texniki yanlışlıq nəticəsində borclunun bank hesabından çıxarışda əks olunduğunu israrla qeyd etsə də, lakin həmin texniki yanlışlığın mövcudluğunu, nədən ibarət olmasını, hansı səbəbdən yaranmasını, habelə aradan qaldırılıb-qaldırılmaması barədə sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin kollegiya şikayətin bu dəlilini ağlabatanlılıq meyarları əsasında təhlil edərək belə nəticəyə gəlir ki, əgər həqiqətən də həmin ödəniş texniki yanlışlıq nəticəsində yaranmış olsaydı, həmin yanlışlıq aradan qaldırıla bilərdi və aradan qaldırıldıqdan sonra bank (tələbkar) məhkəməyə yeni hesabdan çıxarış təqdim edərək borcun mövcudluğunu göstərə bilərdi. Lakin, iş materiallarından tələbkar (bank) tərəfindən bu halların aradan qaldırılması ilə bağlı hər hansı tədbirlərin görülməsi müəyyən edilmir, eləcə də, tələbkar bu barədə hər hansı sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası xüsusi ilə vurğulayır ki, Mülki Məcəllənin 529.1-529.3-cü maddələrinin tələblərinə görə borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Göründüyü kimi, qanunvericilik öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsinin qaydasını və bu zaman kreditorun icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməli olmasını müəyyən etmişdir. Nəzərə alınsa ki, işin müəyyən edilən halına görə kreditor olan tələbkar borcluya öhdəliyin tam icra olunması barədə hesabdan çıxarış vermişdir ki, icra məmurunun tələbin tam şəkildə icra edilməsi əsası ilə icra sənədi üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Bundan əlavə, kollegiyanın qənaətinə görə borclunun kredit hesabında 404681,21 manat məbləğində ödənişin 9 ilə yaxın müddətdə texniki səhv kimi mövcud olması ağlabatan deyildir. Çünki, iş materiallarında olan hesabdan çıxarışa nəzər saldıqda borc məbləği üzrə borclu xx.xx.2010-cu il tarixdən ödənişləri davam etdirmiş və bu əməliyyatlar borclunun kredit hesabında öz əksini tapmış, hər ödənişdən sonra qalıq borcun məbləği dəyişmişdir. Belə olduğu halda 404681,21 manat məbləğində ödənişin texniki səhv olmasının daha əvvəllər, xüsusən də, bankın özünün fəaliyyət göstərdiyi dövrdə (ləğv prosesi başlanana qədər) aşkar edilməməsi inandırıcı deyildir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab veribvermədiyinin yoxlanılması başa düşülür. İşin qeyd olunan hallarını nəzərə alan kollegiya hesab edir ki, tələbkar ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayətinin dəlili əsassızdır, formal mülahizələrdir, işin faktiki halları ilə və ya digər mötəbər sübutlarla təsdiq olunmur. Yuxarıda göstərilənlərə kollegiya məcmu halında qiymət verərək hesab edir ki, iş materiallarında olan hesabdan çıxarışlar və iş üzrə keçirilmiş ekspert rəyi ilə sübut olunur ki, borclu Cavabdeh MMC-nin 16 iyul 2008-ci il tarixli KHMŞ ********** nömrəli kredit müqaviləsi üzrə QSC "xxxx" KB-yə borcu qalmamışdır. Belə olan halda Gəncə şəhəri üzrə İcra İdarəsinin tələbin tam şəkildə icra edilməsi əsası ilə icra sənədi üzrə icraata xitam verilməsi barədə 23 avqust 2019-cu il tarixli qərarı qanuni və əsaslı olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan hallara düzgün hüquqi qiymət vermədən icra orqanının qərarının ləğv edilməsi barədə qərardad qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2(043)-1029/2010 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 12 yanvar 2023-cü il tarixli 2(043)-1029/2010 nömrəli qərardadı isə qismən, yəni "xxxx" hissəsində ləğv edilməli, yeni qərardad qəbul edilməli, tələbkar ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icra sənədi üzrə icraata xitam verilməsi haqqında” 23 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263- 264, 357, 398, 399, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2(043)-1029/2010 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 12 yanvar 2023-cü il tarixli 2(043)-1029/2010 nömrəli qərardadı isə qismən, yəni "xxxx" hissəsində ləğv edilsin. Tələbkar ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” 23 avqust 2019cu il tarixli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-686/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-686/2023
17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver