Məhkəmə qərarları › İş №2(104)-691/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-691/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-691/2023 02.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-892/2022 nömrəli qətnaməsindən cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» İB-nin əsassız olaraq ona yazmış olduğu 144 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun qaz sayğacını qaz işçiləri dəyişdirilən zaman plombunu sındırmış, söküb dəyişə bilməmişlər və sonra gəlib dəyişəcəklərini demişlər. Bundan 3-4 ay keçdikdən sonra gəlib dəyişmişlər. O, 2021-ci ilin dekabrınadək bütün borcları ödəmişdir. 2021-ci ilin dekabr ayında nəzarətçi ona sayğacda müdaxilə olunmasını bildirilmiş və xx.xx.2022-ci ildə ona məlum olmuşdur ki, 144 manat borc yazılıbdır. Əslində isə, o, sayğaca müdaxilə etməmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-892/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Z.Rəsulov) iddia təmin edilmiş, “Azəriqaz” İB-nin X1 İstismarı İdarəsi tərəfindən abonent kodu **********00126 olan İddiaçı yazılmış 144 manat borcun silinməsi, «Azəriqaz» İstehsalat Birliyindən iddia üçün ödənilməli olan 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-892/2022 saylı qətnaməsini ləğv edilməsini və İddiaçı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin formal mülahizələrlə qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. xx.xx.2021-ci ildə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 144,00 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Abonentin ünvanında quraşdırılmış, sonradan abonent tərəfindən müdaxilə olunmuş qaz sayğacı əhali qrupuna aid olduğundan ilkin quraşdırılması “Azəriqaz” İB-nin hesabına aparılmışdır. Lakin, sayğacın işlək vəziyyətdə saxlanlması abonent tərəfindən təmin edilməmiş, ona görə də ünvanda sayğaca müdaxilə halı qeydə alınmışdır. Sayğaca müdaxilə tarixi qeyri-müəyyən olduğundan müdaxilə halı aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2021-ci ilin noyabr ayında müəyyən edilmiş məbləğin hamısının silinməsi qət edilmişdir. 2021-ci ilin noyabr ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən sərf edilmiş qaza görə hesablanmışdır və iddiaçı tərəfindən tam ödənilməlidir. Cavabdeh «Azəriqaz» İB-nə işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, səhhəti ilə bağlı məhkəmə kolllegiyasının iclasında iştirak edə bilməyəcəyini və iclasın o olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(015)-892/2022 qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə edilmiş: Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan qaz sayğacı açılaraq Zenner tipli yeni sayğacla əvəz olunmuşdur. Qaz sayğacının yoxlanması barədə xx.xx.2021-ci il tarixli, MSK-29/1710-04854-1 nömrəli aktın surətindən görünür ki, ******* nömrəli sayğaca ümumi baxış keçirilmiş, qazın keçməsi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi aşkar olunmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, İTRİ-nin MSK 29/1710-04854-1 aktına əsasən sayğaca ümumi baxış keçirilmiş və hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi aşkar olunmuşdur. xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı 1440 kub metr itirilmiş qaz sərfiyyatı hesablanmışdır. **********00126 saylı abonentin saldosu sənədindən görünür ki, İddiaçı 2021-ci ilə qalıq borcu akt üzrə 144 manat hesablanmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən cavabdehə məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilərək dəyişdirilmiş və dövlət yoxlamasından keçirilməsi üçün İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir. Həmin İdarənin MSK 29/1710-04854-1 saylı aktına əsasən hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi aşkarlanmışdır. Bundan sonra itirilmiş qazın hesablanması üçün xx.xx.2021-ci il tarixdə Təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* nömrəli akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş təbii qazın dəyərinin hesabatı aparılmış və itirilmiş 1440 m3 qaz sərfinə görə 144 manat dəyərində borc müəyyən edilmişdir. Bu səbəbdən İddiaçı cavabdeh tərəfindən hesablanmış borcun silinməsi ilə bağlı iddia qaldırmış və birinci instansiya məhkəməsi istifadəçinin təbii qazdan istifadə qaydalarını pozması, yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin edilmiş, İddiaçı barəsində tərtib olunmuş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə hesablanmış 144 manat pulun silinməsi nəticəsinə gəlmişdir. Kollegiya həmin nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6-cı maddəsinin 2-ci hissəsinə görə, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 13-cü maddəsinin 8-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 3.1.2-ci bəndinə görə, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçını qazın alğı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməlidir. 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.3-cü bəndinə görə, qaz sayğacları SMPDK tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.1-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qanunvericiliyin tələblərinə görə, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini qaz paylayıcı daşıdığından, həmçinin qaz sayğacının sıradan çıxmasının bilavasitə istehlakçının təsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tətbiq edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi aşkar edilsə də, həmin halın baş verməsində iddiaçının təqsiri müəyyən edilməmişdir. Yəni, iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılmış sayğaca müdaxilə olunmasının məhz sonuncu tərəfindən həyata keçirilməsi və ya qüsurda onun hər hansı bir təqsirinin olması iş materialları ilə müəyyən edilməmişdir. Digər tərəfdən, işə əlavə edilən abonentin saldosundan görünür ki, İddiaçı tərəfindən mütəmmadi olaraq qaz sərfinə görə ödənişlər edilmişdir. Buna baxmayaraq, iddiaçıya əsassız olaraq 1440 m3 qaz sərfinə görə 144 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericliyin qeyd edilən tələblərindən göründüyü kimi, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində və ya mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu - delikt isə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Göründüyü kimi, məhz cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilməsi öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddianı hissədə təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-892/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPMnin 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-892/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar